Qlobal qadın gücünün konsolidasiyası qadın əməkdaşlığının yeni dövrə qədəm qoyması
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Lu Mey
Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Bu il oktyabrın 13-14-də Çinin paytaxtında qadınların IV Ümumdünya Pekin Konfransının 30-cu ildönümü münasibətilə Qadınların Qlobal Sammiti keçirilib. Sammit “Ortaq gələcək: qadınların hərtərəfli inkişafının yeni mərhələsinin təşviqi” mövzusuna həsr olunub. Çin Sədri Si Cinpin açılış mərasimində iştirak edib və “Qadınların Ümumdünya Pekin Konfransının ruhunu davam etdirmək: Qadınların hərtərəfli inkişafının sürətləndirilməsi” adlı nitqlə çıxış edib.
Si Cinpin çıxışında qadınların yaradıcı qüvvə, hərəkətverici faktor və bəşər sivilizasiyasının dəyərlərinin qoruyucusu olduğunu qeyd edib. Qadın gündəliyini təşviq etmək beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir. Son 30 il ərzində Pekin Konfransının ruhuna uyğun olaraq qlobal qadın gündəliyi beynəlxalq birliyin hamılıqla qəbul edilmiş prinsipi kimi dinamik şəkildə inkişaf edib, gender bərabərliyi qadınların hüquq və imkanlarının nəzərəçarpacaq dərəcədə genişlənməsi ilə müşayiət olunub.
Qlobal qadın hərəkatına və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına dəstək olaraq Sədr Si Cinpin dörd təklif irəli sürüb:
Birincisi, qadınların inkişafı üçün əlverişli mühit yaratmaq üçün səyləri birləşdirmək.
Ümumi, hərtərəfli, birgə və davamlı təhlükəsizlik konsepsiyasına riayət etmək və bütün dünyada sülhü qorumaq zəruridir. Müharibə və münaqişə zonalarında, yoxsulluq və təbii fəlakətlərdə qadınların və uşaqların müdafiəsinin gücləndirilməsi, zorakılıqla mübarizə mexanizmlərinin möhkəmləndirilməsi və təkmilləşdirilməsi, qadınlara yönəlik bütün formalarda zorakılıq aktlarına qarşı qətiyyətlə mübarizə aparılması vacibdir.
İkincisi, qadın gündəminin yüksək keyfiyyətli inkişafı üçün güclü bir impuls üçün səylərin birləşdirilməsi.
Bütün dünyada qadınların balanssız və natamam inkişafı ilə bağlı problemlərin aktiv şəkildə həll edilməsi, onların özünü tam reallaşdırmaları üçün iqtisadi qloballaşmanın nailiyyətlərinə geniş çıxışını təmin etmək lazımdır. Sürətli qlobal modernləşmə şəraitində hər bir qadının öz arzularını həyata keçirə bilməsi, qadın gündəminin yüksək keyfiyyətli inkişafı üçün elmi və texnoloji innovasiyalardan istifadə etmək vacibdir.
Üçüncüsü, qadınların hüquq və mənafelərinin müdafiəsi üçün idarəetmə sisteminin formalaşdırılması istiqamətində səylərin birləşdirilməsi.
İnstitutları və qanunvericilik bazasını təkmilləşdirmək, bütün qadınları yüksək keyfiyyətli tibbi və təhsil resursları ilə təmin etmək, hər bir qadına maksimum dərəcədə hərtərəfli və bərabər hüquqlar təmin etmək zəruridir. İnklüziv və harmonik sosial mühitin yaradılması, qadınların siyasi həyatda, dövlət və ictimai idarəetmə prosesində iştirakının genişləndirilməsi və dəstəklənməsi vacibdir. Gender bərabərliyi bütün cəmiyyət üçün ümumi mənəvi konsensus və davranış normasına çevrilməlidir.
Dördüncüsü, qadınların inkişafı üçün beynəlxalq əməkdaşlığın yeni səhifəsinin açılması ilə qüvvələrin birləşdirilməsi.
Biz qadınların dövrümüzün məsuliyyətlərini öz üzərinə götürmələrini və onların ümumi mənfəət naminə qlobal idarəçilikdə iştirakını dəstəkləməliyik. BMT-nin əsas rolunu dəstəkləmək, inkişaf etməkdə olan ölkələrdə qadınların ehtiyaclarına daha çox diqqət yetirmək, müxtəlif ölkələrin qadınları arasında qarşılıqlı əlaqə üçün yeni geniş platformalar yaratmaq, ümumi rifah naminə mübadilələri və qarşılıqlı zənginləşməni daim gücləndirmək lazımdır.
Sədr Si Cinpin Çinin qadınlara dəstək sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək üçün konkret addımlarını da açıqlayıb:
Növbəti 5 il ərzində Çin “BMT-Qadınlar” strukturuna ianə olaraq əlavə 10 milyon ABŞ dolları ayıracaq; qadınların və qızların inkişafına yönəlmiş beynəlxalq təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün Qlobal İnkişaf və Cənub-Cənub Əməkdaşlıq Fondundan 100 milyon ABŞ dolları ayrılacaq; ictimai rifahın yüksəldilməsi sahəsində 1000 kiçik, lakin sosial əhəmiyyətli layihəyə start veriləcək; 50 min qadını Çində mübadilə və kurslarda iştiraka dəvət edəcək; qadın istedadlarını inkişaf etdirmək üçün “Qlobal Qadın Potensial İnkişaf Mərkəzi” yaradılacaq.
Sədr Si Cinpin həmişə qadın hərəkatının inkişafına böyük əhəmiyyət verib. 2015-ci ildə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında Qlobal Qadınlar Sammitinə sədrlik edərkən o, dörd əsas tezis irəli sürdü:
“qadınların və iqtisadiyyatın sinxron inkişafını təşviq etmək”, “qadınların hüquqlarını fəal şəkildə müdafiə etmək”, “ahəngdar və inklüziv sosial mədəniyyət yaratmaq” və “qadınların inkişafı üçün əlverişli beynəlxalq mühitin yaradılması”.
O, həmçinin inkişaf etməkdə olan ölkələrdə qadın və uşaqları dəstəkləmək üçün bir sıra əməkdaşlıq proqramları elan etdi və bu, beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi.
2020-ci ildə BMT Baş Assambleyasının Pekin Konfransının 25-ci ildönümünə həsr olunmuş yüksək səviyyəli iclasında Si Cinpin yenidən mühüm təşəbbüslər irəli sürdü – qadınlara pandemiyanın nəticələrini aradan qaldırmağa kömək edilməsi, gender bərabərliyinin təşviqi, qlobal əməkdaşlığı gücləndirmək. Bunlar ümumdünya qadın hərəkatının inkişafına yeni enerji verdi. Çin Pekin Konfransının ruhunu fəal şəkildə həyata keçirib və qadın hüquqlarının inkişafında tarixi nailiyyətlər əldə edib.
Təxminən 690 milyon qadın eyni vaxtda orta rifah səviyyəsinə nail olub. Ali təhsil müəssisələrində tələbələrin yarıdan çoxunu qadınlar təşkil edir; qadınların orta ömür uzunluğu 80 yaşı ötüb. Qadın siyasəti uğurla həyata keçirilir. Çində qadınlar ölkənin sosial-iqtisadi inkişafında həqiqətən böyük potensiala malikdirlər. Çinin modernləşdirilməsində mühüm hərəkətverici qüvvəyə çevriliblər.
Bu nailiyyətlər institusional təminatlar və dövlət dəstəyi sayəsində mümkün olub. Kişilər və qadınlar arasında bərabərlik prinsipi əsas dövlət siyasəti kimi təsbit olunub və yoxsulluqla mübarizə, təhsilə çıxış imkanlarının genişləndirilməsi, ana və uşaq sağlamlığının qorunması, məşğulluğun təşviqi proqramları qadınların bərabər inkişafı üçün möhkəm zəmin təmin edir. Çin öz inkişafı ilə qadınların qlobal tərəqqisi üçün fəal imkanlar və təminatlar yaradır.
Çin davamlı olaraq BMT-nin mərkəzi rolunu və “BMT-Qadınlar” işini dəstəkləyir, UNESCO ilə birgə Qızlar və Qadınların Təhsili Mükafatını təsis edib. Biz, həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü və ŞƏT çərçivəsində qadınlar arasında beynəlxalq mübadiləni və əməkdaşlığı fəal şəkildə təşviq edirik. Hazırda qadınların hərtərəfli inkişafı üçün mövcud olan bir sıra çağırışlar qalmaqdadır.
Beynəlxalq ictimaiyyət bu sammitə yeni başlanğıc nöqtəsi kimi baxmalı, Pekin Konfransının ruhunu irəli aparmalı, BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsini təşviq etməli və qlobal qadın işində irəliləyişi təşviq etməklə bəşəriyyət üçün daha yaxşı gələcək yaratmalıdır.
Mən, xanım səfir kimi məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycanda qadınların ölkənin inkişafında və quruculuğunda mühüm rolu var. Azərbaycan hökuməti qadın hərəkatına böyük önəm verir, qadınların hüquqlarının müdafiəsi üçün qanunvericiliyi təkmilləşdirir, onların siyasi və ictimai həyatda iştirakını fəal şəkildə dəstəkləyir. Çin və Azərbaycan qadınların inkişafı sahəsində unikal təcrübə toplayıb və qadınlar arasında əməkdaşlıq çox böyük potensiala malikdir. Çin Azərbaycanla birgə sammitin nəticələrini fəal şəkildə həyata keçirməyə, təcrübə mübadiləsini gücləndirməyə, qadın əməkdaşlığını inkişaf etdirmək və ikitərəfli münasibətlərə qadınların iştirakı ilə xüsusi töhfə verməyə, qlobal qadın əməkdaşlığında yeni bir səhifənin açılmasına kömək etməyə hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 25 Oktyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















