Qohumluq əsasında qurulan biznes uğur, yoxsa xəyanət...
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məşhur bir ifadə var: "Heç vaxt ailə və dostlarla iş görməyin". Reallıqda ailə biznesləri dünyanın ən geniş yayılmış və ən uğurlu təşkilat formalarından biri hesab olunur. Kiçik yerli mağazalardan tutmuş "Valmart" və "Nike" kimi qlobal şirkətlərə qədər bir çox nüfuzlu təşkilat məhz ailə biznesi modeli ilə formalaşıb və inkişaf edib. Lakin heç də həmişə belə olmur. Bir çox ailə biznesi məhz ailə üzvləri arasındakı anlaşılmazlıqlar, şəxsi münasibətlərin iş həyatına təsiri və peşəkar qərarların emosional səbəblərlə bulanması səbəbindən dağılmağa məruz qalır.
Ailə və biznes
Ailə biznesi mülkiyyəti və ya idarəetməsi tamamilə və ya əsasən bir ailəyə məxsus olan şirkət və ya sahibkarlıq fəaliyyətidir. Bu tip bizneslərdə adətən bir və ya bir neçə ailə üzvü işləyir və qərarların qəbulu da ailə daxilində həyata keçirilir. Ailə biznesində mülkiyyət ailənin bir və ya bir neçə üzvünə aiddir. İdarəetmədə ailə üzvləri birbaşa iştirak edir. Nəsildən-nəslə keçmə meyli yüksəkdir – biznesin uzunmüddətli davamlılığı əsas məqsədlərdəndir. Ailə dəyərləri və mədəniyyəti şirkətin daxili siyasətinə təsir edir.
Ən geniş yayılmış ailə biznesi kiçik mağazalar, restoranlar, sexlər, fermalar şəklində yaradılır.
Ailə biznesləri Asiya, Avropa, Amerika, bir sözlə, dünyanın hər yerində mövcuddur və bəzi ölkələrdə iqtisadiyyatın əsas dayaqlarından hesab olunur. ABŞ-da ailə biznesləri ümumi daxili məhsulun 50 faizdən çoxunu formalaşdırır. Asiya ölkələrində isə şirkətlərin 75-80 faizi ailə biznesidir.
Ailə bizneslərinin üstünlükləri çoxdur. Onlar iqtisadi dalğalanmalara, qlobal böhranlara qarşı dayanıqlı olurlar. Uzunmüddətli yanaşma, məsuliyyətli idarəetmə və gəlirin ağıllı şəkildə idarə olunması bu bizneslərin davamlılığını təmin edən əsas amillərdəndir. Harvard Business Review jurnalında dərc olunan “Ailə biznesindən nə öyrənmək olar” adlı məqalədə qeyd olunur ki, ailə biznesləri yaxşı dövrlərdə artıq mənfəəti ehtiyat fondu kimi saxlayaraq çətin zamanlarda ayaqda qalma ehtimallarını artırırlar.
Ailə biznesində mülkiyyət və idarəetmə funksiyalarının aydın şəkildə bölüşdürülməsi çox vacibdir. Ən çox rast gəlinən səhvlərdən biri bərabərhüquqlu tərəfdaşlığın yaradılmasıdır. Bu çox zaman peşəkar yanaşmanın ikinci plana keçməsinə və biznesin zərər görməsinə səbəb olur. Bütün ailə üzvləri sahibkarlıq sahəsində eyni bilik və bacarıqlara sahib olmaya bilər. Uğurlu ailə biznesləri sübut edir ki, idarəetməyə daxil olmaq istəyən hər bir ailə üzvü əvvəlcə öz bacarıqlarını sübut etməlidir.
Ailə adətən bir və ya bir neçə ailə üzvü tərəfindən qurulur və idarə olunur. Ailə üzvləri arasında olan təbii güvən biznesin idarə edilməsini asanlaşdıra bilər. Ailə biznesləri nəsildən-nəsilə ötürülə bilər, bu isə uzunmüddətli planlaşdırma imkanı yaradır.
Ailə biznesinin bir nəsildən digərinə ötürülməsi ən çətin mərhələlərdən biridir. Qurucudan ikinci nəsilə keçid zamanı yaranan münaqişələr və strateji çatışmazlıqlar çox zaman uğurlu şirkətlərin belə dağılmasına səbəb olur. Amerikalı sənayeçi Endryu Karneqi deyirdi: "Bir nəsildə əldə edilən sərvət, üçüncü nəsildə itiriləcək." Statistika göstərir ki, ailə bizneslərinin yalnız üçdə biri ikinci nəsilə qədər davam edə bilir və cəmi 10 faizi üçüncü nəsilə çatır. Bunun qarşısını almaq üçün erkən mərhələdə varislik planının və inkişaf strategiyasının hazırlanması həyati əhəmiyyət daşıyır.
Ailə və biznes münasibətlərinin bir-birinə qarışması çox zaman şəxsi və peşəkar münasibətlərin zədələnməsinə səbəb olur. Ümumi gəlir mənbəyi və varislik məsələləri, xüsusilə böyük ailələrdə, ciddi gərginliklər yarada bilər. Bəzi hallarda bu qarşıdurmalar biznesin parçalanması ilə nəticələnir. Bu səbəbdən ailə bizneslərində iş və ailə münasibətlərini dəqiq ayırmaq, ehtiyac yarandıqda xarici peşəkarları idarəetməyə cəlb etmək tövsiyə olunur. Məsələn, İtaliyanın məşhur Merloni ailəsi Indesit şirkətini ailədaxili mübahisələr səbəbindən Whirlpoola satmaq məcburiyyətində qalmışdı.

Uğursuzluğun əsas səbəbləri
Ailə üzvlərinin hamısı biznes idarəçiliyində təcrübəyə malik olmaya bilər. Bu isə qeyri-peşəkar və düşünülməmiş qərarların verilməsinə səbəb olur.
Ailə münasibətlərinin iş mühitinə daşınması şəxsi hisslərin rasional qərarların qarşısını almasına səbəb olur. Keçmişdəki incikliklər və emosional gərginliklər də işin stabilliyini poza bilər.
Vəzifələrin və məsuliyyətlərin aydın şəkildə bölüşdürülməməsi ailə üzvləri arasında narazılıqlar və qarşıdurmalar yarada bilər. Bəziləri özlərini qiymətləndirilməmiş və ya proseslərdən kənarda hiss edə bilər.
Yeni nəsil ailə üzvləri biznesi davam etdirmək istəmədikdə və ya fərqli baxışlara sahib olduqda bu şirkətin dağılmasına səbəb olur. Gənclər müasir yanaşmalar təklif etdikdə yaşlı nəsil bunu bəzən təhdid kimi qəbul edir.
Ailə bizneslərində büdcə planlaması və maliyyə nəzarəti çox vaxt qeyri-rəsmi şəkildə aparılır. Bu maliyyə problemlərinə, borclanmalara və davamlılıq risklərinə səbəb ola bilər.
Gəlirlərin necə və kimlər arasında bölüşdürülməsi ilə bağlı şəffaf olmayan qərarlar ailə üzvləri arasında etimadsızlığa və narazılığa yol aça bilər.
Bəzi hallarda isə varislik məsələləri və ailə üzvləri arasında mülkiyyət paylaşımı məsələləri ciddi münaqişələrə səbəb ola bilər. Bu cür qarşıdurmalar iş mühitində gərginliyə və şirkətin daxili strukturunun çökməsinə gətirib çıxara bilir.
Mübahisələrin biznesə təsiri
Ailə bizneslərində yaranan mübahisələr yalnız ailə daxilindəki münasibətləri deyil, ümumilikdə şirkətin fəaliyyətini ciddi şəkildə zədələyə bilər. Belə hallarda ilk zərbə adətən iş mühitinə dəyir. Ailə üzvləri arasındakı gərginlik və narazılıq ümumi atmosferi pozur, əməkdaşlar arasında narahatlıq və qeyri-müəyyənlik hissi yaradır. Nəticədə, işçilər daha əvvəl rahatlıqla işlədikləri mühitdə özlərini təhlükəsiz hiss etmir, motivasiya və inam itir, ümumi məhsuldarlıq isə nəzərəçarpacaq dərəcədə azalır.
Daxili narazılıq uzun sürərsə, bu, işçi heyətində qruplaşmalara gətirib çıxara bilər. Müəyyən işçilər bir ailə üzvünün tərəfində yer alır, digərləri isə əks mövqe tutur. Belə vəziyyətlərdə həm əməkdaşlıq zəifləyir, həm də komanda işi iflic olur. İşçilər artıq şirkətin uğuru üçün deyil, "öz tərəflərinin qalib gəlməsi" üçün çalışan kimi davranmağa başlayırlar. Bu isə sonda daxili düşmənçiliyə, intriqalara və ümumi işin keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Ən ciddi təsirlərdən biri isə qərarvermə prosesinə aiddir. Ailə üzvləri arasında fikir ayrılığı yarandıqda, vacib qərarların qəbulunda gecikmələr baş verir. Hətta bəzən mühüm məsələlər tamamilə açıq qalır, çünki tərəflər arasında konsensus əldə olunmur. Şirkətin inkişafı üçün zəruri olan strateji addımlar təxirə salınır və bu, rəqiblərin sürətlə irəliləməsinə şərait yaradır. Qərarların gecikməsi şirkətin çevikliyini və bazardakı mövqeyini zəiflədərək ciddi itkilərə səbəb olur.
Daxili münaqişə daha da dərinləşdikcə, ailə üzvlərinin bir hissəsi işi tərk etməyi və ya payını tələb etməyi düşünə bilər. Belə addımlar şirkətin maliyyə strukturu və davamlılığı üçün böyük təhlükə yaradır. Əgər bu ayrılma prosesləri emosional şəkildə baş verərsə tərəflər arasında etimadsızlıq daha da dərinləşər, bu isə biznesin ya tamamilə zəifləməsinə, ya da dağılmasına gətirib çıxara bilər.

Yarı yolda qalan biznes
Statistik məlumatlara görə, dünyada ailə bizneslərinin 70 faizi ikinci nəslə, 90 faizi isə üçüncü nəslə keçid edə bilmir. Mütəxəssislər bunun əsas səbəbi kimi irs planlamasının olmamasını, idarəetmədə qeyri-peşəkarlığı və ailədaxili konfliktləri göstərirlər.
Amerikada ailə bizneslərinin yalnız 30 faiz ikinci nəslə ötürülə bilir. Üçüncü nəslə qədər yaşaya bilən biznes cəmi 12 faizdir.
Çində ailə bizneslərinin cəmi 21 faiz rəsmi irs planına malikdir. Əhalinin uzun müddət "bir uşaq siyasəti" ilə yaşaması bu problemi daha da dərinləşdirir. İkinci nəsil üzvlərinin yalnız 35%-i ailə biznesinə aktiv şəkildə qoşulur.
Texnologiyada öncül olan Yaponiyada belə ailə şirkətlərinin 50 faizi irs planı olmadan fəaliyyət göstərir.
Latın Amerikasında ailə bizneslərinin yalnız 10 faizi yazılı irs planına sahibdir. Ailədaxili idarəçilikdə qeyri-rəsmi münasibətlər bu strukturların ömrünü qısaldır.
İspaniyada ailə bizneslərinin yalnız 28 faizi irs planı ilə fəaliyyət göstərir. İrlandiyada isə ailə şirkətlərinin 75 faizi, qurucusunun vəfatından sonra 5 il ərzində fəaliyyətini dayandırır.
Ərəb ölkələrində ailə bizneslərinin əksəriyyətində rəsmi irs planı yoxdur. PricewaterhouseCoopersin araşdırmasına görə Yaxın Şərqdə ailə bizneslərinin yalnız 33 faizi güclü və sənədləşdirilmiş irs planına malikdir. Ənənəvi olaraq ailə biznesləri yaşlı nəsil tərəfindən idarə olunur və irs adətən ən böyük oğula verilir.
Dağılan tifaqlar
2009-cu ildə Səudiyyə Ərəbistanında Qosaibi ailəsinin rəhbərlik etdiyi AHAB (Ahmad Hamad Al Gosaibi & Brothers) şirkəti beynəlxalq bankçılıq əməliyyatlarında kütləvi fırıldaqçılıq və saxta kreditlər səbəbindən iflas etdi. Ailə üzvləri arasında maliyyə fırıldaqları, kreditlərin gizlədilməsi və şəffaflığın olmaması səbəb oldu.
2018-ci ildə Böyük Britaniyanın ən böyük inşaat şirkətlərindən biri olan Carillion 7 milyard funt sterlinq borc ilə iflas etdi. Şirkət dövlət layihələrində iştirak edirdi və 43 min işçisi vardı. Ailə dəyərləri üzərində qurulan sistem peşəkar olmağı üçün yüksək borclar və zəif maliyyə nəzarəti ilə çökməyə başladı.
Carroll Group 1920-ci illərdə qurulmuş və 1980-ci illərdə sürətlə böyümüş bir ailə biznesi idi. Gerald Carroll tərəfindən idarə olunan bu şirkət yüksək borclar və fırıldaqçılıq ittihamları səbəbindən 1990-cı illərdə iflas etdi. Bu hadisə ailə bizneslərinin borc idarəçiliyi və şəffaflıq məsələlərini gündəmə gətirdi.
1844-cü ildə qurulan Lehman Brothers ilkin olaraq ailə tərəfindən idarə olunan bir şirkət idi. 2008-ci ildə ipoteka böhranı nəticəsində 639 milyard dollar aktiv və 613 milyard dollar borcla iflas etdi. Qeyri-məsuliyyətli risklər və idarəetmə səhvləri şrkətin sonunu gətirdi. Bu hadisə qlobal maliyyə böhranının başlanğıcı olaraq qəbul edilir.
Hindistanda fəaliyyət göstərən Durga and Company ailə biznesində atanın ölümündən sonra nəsil dəyişməsi ilə bağlı ciddi mübahisələr yarandı. Atanın vəsiyyətinin olmaması və biznesin idarəetmə strukturlarının qeyri-müəyyənliyi nəticəsində dörd qardaş arasında mülkiyyət və idarəetmə məsələlərində fikir ayrılıqları baş verdi. Ailə üzvləri arasında qarşılıqlı etimadsızlıq biznesin dağılmasına gətirib çıxardı.
ABŞ-da fəaliyyət göstərən Pritzker ailəsinin biznes imperiyası patriarx Jay Pritzkerin ölümündən sonra daxili mübahisələr səbəbindən dağılmışdır. Ailə üzvləri arasında varislik və maliyyə məsələlərində yaranan anlaşılmazlıqlar nəticədə 6 milyard dollarlıq məhkəmə iddiasına və ailə biznesinin parçalanmasına səbəb olmuşdur.
Böyük Britaniyada Bhullar Bros Ltd ailə biznesində iki qardaş arasında mülkiyyət və idarəetmə məsələlərində ciddi mübahisələr yarandı. Bir qardaşın şirkətə qarşı etibarsız davranışları və şəxsi maraqlarını önə çəkməsi ailə üzvləri arasında qarşılıqlı etimadsızlıq və biznesin idarə edilməsində çətinliklərə səbəb oldu.
Uğur qazananlar
Özünü doğrultmuş ailə bizneslərinin bir neçə nümunəsi var. Valmart Sam Valton tərəfindən 1962-ci ildə qurulub və hələ də Valton ailəsinin rəhbərliyi altındadır. Ailə biznesi peşəkar idarəetmə və strateji planlaşdırma ilə böyük pərakəndə ticarət şəbəkəsi olaraq dünyada liderdir.
Ford Motor Company Henry Ford tərəfindən 1903-cü ildə qurulub və avtomobil istehsalında inqilab yaradıb. Şirkət hələ də Ford ailəsinin nəzarətindədir, uzunmüddətli strateji yanaşma ilə müvəffəqiyyət əldə edib.
Samsunq Lee Byunq-çul tərəfindən 1938-ci ildə qurulub və Cənubi Koreyanın ən böyük texnologiya şirkətlərindən biridir. Lee ailəsi peşəkar idarəetmə və innovasiyalara əsaslanaraq şirkətin qlobal bazarda uğur qazanmasını təmin edib.
L'Oreal Ejen Şuller tərəfindən 1909-cu ildə qurulub və kosmetika sahəsində dünya lideridir. Ailə düzgün idarəetmə və bazar dəyişikliklərinə uyğunlaşma ilə şirkətin böyüməsini təmin edib.

