Icma.az
close
up
RU
Qoy toylar azalmasın!

Qoy toylar azalmasın!

Ailələr isə möhkəm və çoxuşaqlı olsun

Azərbaycanda demoqrafik dəyişikliklər baş verir. Hər il doğulanların sayı azalır. Doğuş səviyyəsinin aşağı düşməsi isə sonradan əmək qabiliyyətli əhalinin sayının azalmasına gətirib çıxarır ki, bu da öz növbəsində yaşlıların sayını artırır, iqtisadi məhsuldarlığa təsir edir, sosial dəstək sistemlərinin yükünü artırır.

Təqaüdçülərin əmək qabiliyyətli işçilərə nisbətən artması isə pensiya və səhiyyə xərclərinin çoxalmasına səbəb olur və dövlət maliyyəsinə təzyiq göstərir. Demoqrafiya üzrə mütəxəssis, coğrafiya elmlər doktoru, professor Zakir Eminovla söhbətimiz məhz bu barədədir. Sözünün əvvəlində professor dedi:

– Ölkəmizdə təbii artım azalır. Buna doğulan uşaqların sayının aşağı düşməsi, ölənlərin sayının isə artması təsir edir. Statistik məllumatlardan məlum olur ki, 2022-ci ildə Azərbaycanda 122 min 846 doğum, 60 min 810 ölüm halı qeydə alınıb. Təbii artım 62 min 36 nəfər təşkil edib. 2023-cü ildə 112 min 620 körpə doğulub, 60 min 150 ölüm halı qeydə alınıb, təbii artım 52 min 470 nəfər olub. Bir ildə təbii artımda 7 min 680 nəfər azalma var. Son 25 ildə bu sahədə ən aşağı göstərici 2021-ci ildə qeydə alınıb. Bu rəqəm 35 min 406 nəfər olub.

– Nikaha daxilolmanın orta yaş həddi artır. Bu, demoqrafik göstəricilərin dəyişməsində əhəmiyyətli rol oynayır. Səbəb nədir?

– Əhalinin sayı daim dəyişdiyinə görə onun iqtisadi, mədəni, sosial tələbatı, demoqrafik göstəriciləri, məskunlaşma səviyyəsi də dəyişikliyə məruz qalır. Bu gün informasiya çoxluğu, çoxsahəli, uzunmüddətli təhsil sisteminin mövcud olması və ali təhsilin vacibliyi, onun geniş əhali təbəqəsi arasında yayılması nikaha daxilolma yaşının yuxarı qalxmasına səbəb olur. Çox vaxt ali təhsil 22–25 yaşlarında başa çatır. Oğlan və qızlar təhsil aldıqları müddətdə valieynlərinin himayəsində yaşayırlar.

Belə bir şəraitdə işi-gücü, evi olmayan gənclərin ailə qurması da çətinləşir. Onlar ali məktəbi bitirdikdən sonra işə düzəlmək, evlənmək üçün lazım olan şəraiti yaratmaq istəyirlər. Əsasən də oğlan uşaqları bu sahədə daha mühafizəkar olurlar. Ev almaq, yaşamaq üçün normal maaşlı işlə təmin olunmaq kimi məqamları düşünürlər. Beləliklə, oğlan və qızlar maddi cəhətdən müstəqil olduqdan sonra ailə qurmağa üstünlük verirlər. Başa düşürlər ki, müəyyən stabil işi, evi olmadan ailə qurmaq sonradan onlar üçün problem yarada bilər. Nəticədə evlilik yaşı artır.

– Gənclər arasında karyera qurmaq arzusunda olanlar az deyil. Onlar bu səbəbdən gec evlənməyə üstünlük verirlər. Şübhəsiz, bu ciddi demoqrafik problemdir. Aydındır ki, digər səbəblər də var. Bu barədə nə deyərdiniz?

– İşləyən gənclər iqtisadi, sosial-mədəni cəhətdən daha müstəqil olurlar. Onlar sərbəst qərarlar qəbul edir, evlənməkdənsə karyera qurmaq, daha yaxşı yaşamaq istəyirlər. Düşünürlər ki, ali təhsil alıb, yaxşı iş yerlərində çalışdıqları üçün mütləq ayrı evləri olmalıdır. Böyük ailələrdə yaşamaq istəmirlər. Bunu sanki bir dəyər kimi qəbul edirlər. Bu halda əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi nikaha daxilolmaya mənfi təsir göstərən amil kimi çıxış edir. Ən yaxşı halda bu evlilik 25–30 yaş aralığında baş tutur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə qeydə alınmış 61 min 939 nikahdan bəyin yaş qrupuna əsasən 41 min 502-si 25–34 yaş aralığında ailə quranlardır. Qadınlarda isə bu göstərici 23–27 yaş arasındadır.

Nikaha daxilolma yaşına təsir edən digər amillər də var. Məsələn, kişilərin evlənmək istəməmələrinin əsas səbəblərindən biri qadın və ailə üçün məsuliyyət daşımaq istəməmələridir. Vətəndaş nikahında bu məsuliyyət daha aşağıdır. Bu halda kişi psixoloji və hüquqi cəhətdən qadın üçün daha az məsuliyyət daşıyır. Məsələn, vətəndaş nikahında kişi ayrıldığı təqdirdə əldə etdiyi əmlakı bölüşmək məcburiyyətində qalmır. Evlilik isə həm də kişinin maddi yükünü artırır. Bu səbəbdən də onlar nikaha girməkdənsə, vətəndaş nikahına üstünlük verirlər. Kişinin birlikdə yaşadığı qadınla evlənəndə isə yaşı çox olur.

Gənclərin gec ailə qurmalarının səbəbləri arasında psixoloji amillərin də rolu var. Bu gün sosial şəbəkələrdə ailədaxili şiddət, zorakılıq halları barədə kifayət qədər məlumatlar var. Buraya boşanma, alimentlər, evliliklərdəki neqativ nümunələr, maddi sıxıntılar, işsizlik, dolanışığın baha olmasını da daxil etsək, mənzərə tam aydın olar. Gənclər tanıdıqları ailələri xoşbəxt görə bilmirsə, o zaman onlar ailə qurmaqdan qorxurlar. Vaxt isə gedir.

Beləliklə, statistika onu göstərir ki, təkcə ölkəmizdə deyil, qloballaşan bütün dünyada gənclər evliliyi gecikdirməyə, uşaq sahibi olmamağa (ən yaxşı halda 1-2 uşaq) və tək yaşamağa üstünlük verirlər. Əksər gənclər ailə qurmaq əvəzinə şəhərlərə köç edib, karyeralarına diqqət yetirib, sevdiyi qadın ilə eyni evdə nikahsız yaşamağa üstünlük verirlər.

Qeyd edək ki, ümumi nikaha daxil olan kişilərdə və qadınlarda orta yaşın ən yüksək həddi 2020-ci ildə qeydə alınıb və müvafiq olaraq 30 və 25,2 yaş olub. 2022-ci illərdə nikaha daxil olan kişilərin orta yaşı müvafiq olaraq 27,4 və 29,8, qadınların isə 24,3 və 24,9 təşkil edib. Hazırda bu rəqəmin son həddi kişilərdə 30-a, qadınlarda isə 26 yaşa yaxınlaşıb.

– Boşanma cəmiyyətdə gedən mənfi və arzuolunmaz proseslərdən biridir. Lakin cəmiyyətin sosial-iqtisadi inkişafı, əhalinin iqtisadi fəallığının artması, qadınların rolunun genişlənməsi boşanma hallarını çoxaldır.

– Qadınların məşğulluğu müəyyən biliklər sisteminin əldə edilməsinə, davranış normalarına yiyələnməsinə səbəb olur. Digər tərəfdən qadınların təsərrüfat sahələrində məşğulluğu maddi müstəqilliyini təmin edir. İqtisadi müstəqillik qadınların digər sahələrdə də müstəqil olmasına şərait yaradır. Məşğulluq prosesində onların maraqları genişlənir, mədəni səviyyəsi yüksəlir, siyasi fəallığı, ictimai əxlaqı dəyişir, tanışlıq dairəsi genişlənr. Bu, onlara ətrafda və kollektivdə olan insanların həyatını müqayisə etməyə imkan verir.

İqtisadi cəhətdən təmin olunmuş qadınlar arasında sərbəst yaşamaq istəyənlərin sayı artır. Onlar boşanmağa üstünlük verirlər. Belə ki, qadın öz maddi ehtiyaclarını ödəyə bilirsə və evliliklə bağlı tələbatları təmin edilmirsə, boşanmaq qərarını maliyyə baxımdan həyat yoldaşından asılı olan qadınlardan daha tez verir.

Məişət problemləri də boşanmada rol oynayır. Qadınlar işdən sonra məişət işləri ilə də məşğul olurlar. Ev işlərinə daha çox vaxt sərf edirlər. Asudə vaxtları çox az qalır. Həyatın, ailə münasibətlərinin, təsərrüfatda məşğulluğun bütün sahələrində özlərini kişilərlə eyni hüquqda hiss edən qadınlar belə vəziyyəti qəbul etmək istəmirlər. Bundan sonra problemlər bulaq kimi qaynayır. Kimsə bir-birinə güzəştə getmək istəmir. Bütün bunlardan sonra ailədə etibar, inam, güvən qalmır və ailə olmaqdan çıxırlar. Bu halda boşanmaqdan başqa çarə qalmır.

Erkən və gecikmiş evliliklər də ailələrin dağılmasında əsas rol oynayır. Belə ki, erkən yaşda ailə quran şəxslər uşaqlıq dövründən birbaşa ailə münasibətlərinə daxil olduqda bu məsuliyyəti çox vaxt daşıya bilmirlər. Eyni zamanda, 30 yaşdan yuxarı evliliklərdə də boşanma ehtimalı olduqca yüksəkdir. Belə ki, insanlar həmin yaş dövrünə qədər adət etdikləri həyat tərzini bir anda dəyişməli olurlar. Bu isə olduqca çətin olduğundan, ailə münasibətlərinə öz neqativ təsirini göstərir.

Ailədaxili zorakılıq boşanmanın başqa bir səbəbidir. Yuxarıda qeyd olunan səbəblər nəticəsində boşanmaların da sayı artır. Əgər 2022-ci ildə 61 min 939 nikah, 15 min 983 boşanma qeydə alınmışdırsa, 2023-cü ildə 54 min 200 nikah, 21 min 688 boşanma qeydə alınıb. Rəqəmlərdən göründüyü kimi bir ildə nikahda azalma 7 min 739 olub. Boşanmalar isə əksinə, artıb. Bu rəqəm 5 min 705 olub. 2024-cü ilin yanvar–sentyabr ayları ərzində 36 min 651 nikah və 15 min 964 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Göründüyü kimi, insanlar mədəni-psixoloji dəyişiklər nəticəsində ailə institutuna əvvəlki kimi yanaşmırlar. Bu da ailələrdə uşaqların sayının kəskin azalması ilə özünü göstərir.

– Demoqrafik böhranın iqtisadiyyat, sosial sahə və bütövlükdə cəmiyyət üçün ciddi nəticələri var. Bu barədə nə deyərdiniz?

– Birincisi, demoqrafik problem iqtisadi artıma təsir edir. Doğuş səviyyəsinin aşağı, ölüm səviyyəsinin yüksək olması əmək qabiliyyətli əhalinin sayının azalmasına səbəb olur. Bu, əmək məhsuldarlığının və iqtisadi artımın azalmasına səbəb olur. Daha az işçi qüvvəsi ölkə iqtisadiyyatına töhfə verə biləcək daha az insan deməkdir.

İkincisi, yaşlı əhalinin sayı artır. Doğuşun azalması və ömür uzunluğunun artması əhalinin qocalmasına səbəb olur. Bu o deməkdir ki, yaşlı əhalinin ümumi əhali üzrə xüsusi çəkisi artır. Məsələn, 2019-cu ildə 60-65 yaş qrupu əhalinin ümumi sayında 4,7 faiz təşkil edirdisə, 2024-cü ildə bu göstərici 5, 8 faizə yüksəlib. 65-69 yaş qrupunda bu göstərici 2,8 və 4,2, 70 yaşdan yuxarı isə 4 və 4,9 faiz təşkil edib. Yaşlı insanlar isə daha çox sağlamlıq və sosial dəstəyə ehtiyac duyurlar ki, bu da dövlət üçün əlavə maliyyə və sosial yük yarada bilər.

Üçüncüsü, əmək qabiliyyətli əhalinin sayının azalması pensiya sistemində problemlər yaradır. Daha az adamın işləməsi pensiya fonduna daha az töhfə deməkdir ki, bu da pensiyaların ödənilməsi üçün vəsait çatışmazlığına səbəb olur. Bu, pensiya sisteminin davamlılığına təhlükə yaratmaqla yanaşı, onun təşkili və maliyyələşdirilməsində dəyişikliklər tələb edir.

Dördüncüsü, əhalinin təbii artımı ölkənin demoqrafik strukturunun dəyişməsinə səbəb olur. Yaşlı əhalinin xüsusi çəkisinin artması və gənclərin sayının azalması əhalinin yaş strukturunda uyğunsuzluq yaradır. Bu, əmək bazarı, təhsil və səhiyyə də daxil olmaqla həyatın müxtəlif sahələrinə təsir göstərir.

Pünhan ƏFƏNDİYEV
XQ

seeBaxış sayı:68
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri