Qüdrətli Azərbaycan quruculuğuna töhfə
Metbuat saytına istinadən Icma.az xəbər verir.
Mən həmişə təcavüzkar müharibələri başlayanların, müəyyən torpaqları ələ keçirmək üçün günahsız insanları həyatına qəsdedənlərin, müharibədə iştirak etməyən mülki şəxslərə hücumların təşkilatçıları, onlarının icraçılarının, əsassız, heç bir səbəb olmadan bəşər övladınınyaratdıqlarını dağıdanların cinayətkar kimi mütləq cəzalarını alacaqlarına inanmış və bunu arzulamışam. Hüquqşünas kimi Nürnberq, Tokio, Ruanda, Keçmiş Yuqoslaviya Beynəlxalq Tribunallarının, Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyəti isə məndə hər zaman rəğbət doğurub. Soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayət törədən şəxslərin milli məhkəmələrdə, xüsusən dinc vətəndaşlara qarşı törətdikləricinayətlərin mühakimə olunmasını möhtəşəm uğur və ədalətin təntənəsi hesab etmək olar. Tarixən azərbaycanlılara qarşı soyqırım və müharibə cinayəti törətmiş şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılması möhtərəm Prezident İlham Əliyevinəldə etdiyi növbəti qələbə, ədalətin zəfəridir. Bu proses bir tərəfdən verilən vədlərin reallaşdırılması, bir tərəfdən də xalqın arzu və istəklərinin həyata keçməsinin təcəssümüdür.
“Zirvədən zirvəyə...” üç cildlik bioqrafik memuarımın ikinci cildinə Nürnberq prosesindən bəhs edən “R.A.Rudenkonun xatirələrindən” adlı yazımı daxil etmişəm. Həmin xatirədən qısa bir hissəni yada salmaq istərdim: “Danılmazdır ki, Roman Andreyeviç Rudenko tarixi şəxsiyyətdir. O, Nürnberq Məhkəmə prosesində SSRİ tərəfindən dövlət ittihamını müdafiə edən prokuror kimi tarixdə qalıb.
...Tədbirlərin birində R.A.Rudenko nasistlərin mühakiməsi ilə bağlı bizə xatirələrini danışdı: “Bir gün məhkəmədə vəsatət qaldırıldı ki, Stalinqrad vuruşmasında 6-cı Ordunun komandanı feldmarşal Fridrix Vilhelm Paulyus dindirilsin. Mən tərəf kimi vəsatətə münasibətimi bildirməliydim. Ancaq bilmirdim, Stalinin mövqeyi necə olacaq. Odur ki, xahiş etdim, vəsatətin müzakirəsi hələlik açıq saxlanılsın. Paulyusun ifadə verməyə hazır olub-olmaması mənə bəlli deyildi. Prosesdən sonra qaldığım otağa gəldim. Gördüm stolun üstündə şifrəli teleqram var: ”Paulyus hazırda sərhəddədir, ifadə verməyə hazırdır. Stalin”. Ertəsi gün qaldırılan vəsatətlə razı olduğumu bəyan etdim. Paulyus məhkəmədə dindirildi və lazımi ifadəni verdi”.
Bu fakt onu təsdiq edir ki, təcavüzə məruz qalan dövlətin başçıları həmişə təcavüzkarın cinayətkar əməllərinə görə mühakimə olunmasını və cəzalandırılmasını, ədalətin bərqərar olunmasını xüsusi diqqətdə saxlamışlar.
İlham Əliyev İkinci Qarabağ müharibəsi gedişindəki çıxışlarında dəfələrlə erməni təcavüzkarlarının əməllərini alman faşistlərinin hərəkətlərinə bənzətmiş və cinayətkarların mütləq mühakimə olunacaqlarını vəd etmişdir.
“Zirvədən-Zirvəyə...” adlı bioqrafik memuarımın ikinci cildində “İttiham və müdafiə nitqləri haqqında” yazıda qeyd etdiyim - R.A.Rudenkonun bir fikrinə istinad etmək istərdim: “Dövləti tam ələ keçirmiş və həmin dövləti öz dəhşətli cinayətlərini törətmək üçün alətə çevirmiş cinayətkarlar birinci dəfədir ki, məhkəmə qarşısında dururlar.
Nəhayət, biz məhkumların simasında nəinki onların özlərini, həmçinin yaratdıqları cinayətkar müəssisə və təşkilatları, bəşəriyyət və insanlığa qarşı çoxdan nəzərdə tutduqları və həyata keçirmək üçün yaratdıqları insanlığa nifrət ifadə edən “nəzəriyyə” və “ideya”larını mühakimə edirik”.
Azərbaycan ərazilərində soyqırım, müharibə cinayətləri törədən şəxslərin mühakimə olunması “təkcə onların özlərinin mühakiməsi deyil, bəşəriyyət və insanlığa qarşı çoxdan nəzərdə tutduqları və həyata keçirmək üçün yaratdıqları insanlığa nifrət ifadə edən “nəzəriyyə” və “ideya”larının da mühakimə olunması”dır. Prezident İlham Əliyevin 2025-ci il 3 noyabrda Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında qeyd etdiyi kimi, bu təcavüzkarlar, onların “böyük Ermənistan” ideyası üzərində “bizim tam və mütləq Qələbəmizdir”. Çox şükür ki, möhtərəm Prezident həmişə olduğu kimi dediklərini həyata keçirdi.
Hüquq üzrə fəlsəfə doktoru Vəfaddinİbayevin son günlərdə çapdan çıxmış “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı reallaşan ideyalara, işğalçı erməniqoşunlarına qarşı güc tətbiqinin hüquqi əsaslarına və çoxsaylı siyasi paralellərə əsaslanan, 44 günlük müharibə dövründə Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərinin, çıxış müsahibələrinin elmi təhlilinə həsr olunanilk və dəyərli əsərdir.
Yazımda əsəri tam və hərtərəfli izah etmək, onun bütün məziyyətlərini oxucuya çatdırmağı qarşımda vəzifə qoymamışam. Məqsədim müzəffər Ali Baş Komandanın erməni təcavüzkarlarının faşist mahiyyəti barədə fikirlərinin V.İbayev tərəfindən məharətlə, tarixi faktlara, Nürnberq prosesinin materiallarına əsaslanmaqla sübuta yetirilməsini oxucunun nəzərinə çatdırmaqdır. Düşünürəm ki, böyük zəhmət hesabına ərsəyə gələn iş zamanında öz layiqli qiymətini almalıdır.
Ermənistanın Azərbaycana qarşı təxribatları və onların mahiyyəti
2020-ci ilin sentyabrın 27-də İlham Əliyev xalqa müraciəti zamanı Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ermənistanın Azərbaycana qarşı növbəti təxribatını düşmənin faşist mahiyyəti ilə əlaqələndirərək deyirdi: ”bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir”.
V.İbayev Prezidentin xalqa müraciətini təhlil edərkən həmin xüsusatla bağlı yazır: “İlham Əliyev Ermənistan rəhbərliyinin siyasətini və fəaliyyətini alman faşistlərinin siyasətinə oxşatmaqda haqlı idi. 1933-cü ilin yanvarında Almaniyada faşizm hakimiyyətə yiyələnəndən sonra “Mənim mübarizəm” kitabında Hitler və onun tərəfdaşlarının təcavüzkar niyyətləri hədə-qorxu formasında ifadəsini tapmışdı. Məsələn, kitabda Fransaya münasibətdə qeyd olunurdu ki, “Fransa bizim ən qorxulu düşmənimizdir”. Hitler bildirirdi ki, siyasətdə mən heç bir qanun tanımıram. Siyasət elə oyundur ki, onda bütün bicliklərə yol verilir və qaydalar oyunçuların bacarığından asılı olaraq dəyişir”.
Əlbəttə, oxşar siyasəti həyata keçirən Ermənistanın siyasi rəhbərliyinin “Qarabağ Ermənistandır və nöqtə”, “biz yeni torpaqlar əldə etmək üçün müharibəyə başlayacağıq” deməsi onların faşist xislətindən xəbər verirdi”.
Beynəlxalq Nürnberq Tribunalının sənədlərində təcavüzkarların bu cür hərəkətlərinin təcavüz cinayəti kimi dəyərləndirilməsi tövsiyə olunurdu. Nürnberq prosesində Böyük Britaniyadan olan Baş ittihamçı Xartli Şoukrossa ittiham olunanların təcavüzkar niyyətlərinin getdikcə genişlənməsindən söhbət açaraq deyirdi: “Təcavüzün həyata keçirilməsi gələcək təcavüzkar hərəkətlər üçün iştahı yalnız artırdı ... onlar artıq alman millətindən olan əhalinin yaşamadığı əraziləri də işğal etməyə başladılar”.
İlham Əliyev Ermənistanı təcavüzkar dövlət elan etməklə yanaşı, həmçinin bəyan etdi ki, “təcavüzkar dövlət dayandırılmalıdır”. Əslində, o bu fikri altı gün əvvəl sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində səsləndirmişdi: “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik”.
Müəllifin təcavüzkarın dayandırılması zərurəti ilə əlaqədar İlham Əliyevin söylədiklərini böyük siyasətçi Uinston Çörçillə istinadla əsaslandırması onun tarixi biliklərə sahib olmasına dəlalət edir və elmi araşdırma aparmaq qabiliyyətini biruzə verir: “Faşist diktatorlarının təcavüzünə müqavimət göstərməyə qabil olan bütün qüvvələr birləşməlidirlər. İngiltərə ümumi sülhü qorumaq üçün mübarizə aparmalıdır”.
V.İbayev kitabında yazır: “U.Çörçill böyük siyasətçi idi. İkinci Dünya müharibəsi başlanan ərəfədə o, hər şeydən əvvəl öz ölkəsinin maraqlarından çıxış etsə də, ümumi düşmənə qarşı müttəfiq dövlətlərin birgə gücündən istifadə etməyə üstünlük verirdi: “Heç kəs son iyirmi beş ildə məndən daha ardıcıl kommunizmin rəqibi olmamışdır... Rusiya üçün təhlükə – bu bizim üçün, Birləşmiş Ştatlar üçün təhlükədir və hər bir rusun işi, Yer kürəsinin hər bir nöqtəsində bütün azad adamların, azad xalqların işi – öz evini fədakarcasına müdafiə etməkdir. Faşizmə qarşı vuruşan hər kəs bizim dəstəyimizi alacaqdır. Buradan belə çıxır ki, biz Rusiyaya bütün mümkün yardımı göstərəcəyik”.
Azərbaycan torpaqlarının erməniləşdirilməsinin müqayisəli təhlili
Birinci Qarabağ müharibəsindən əvvəl Ermənistan etnik təmizləmə siyasətini həyata keçirərək başqa millətlərdən, xüsusən azərbaycanlılardan bir nəfər də olsun sərhədləri daxilində saxlamamışdı. Azərbaycan ərazilərini işğal etdikdən sonra həmin ərazilərdə erməniləşdirmə siyasətini həyata keçirmək faşist Almaniyasının İkinci dünya müharibəsi zamanı ətraf əraziləri almanlaşdırmaq siyasəti kimi nəzərdən keçirilə bilər.
Müəllif həmin məsələ ilə bağlı fikirlərini bu cür əsaslandırır:“Faşist Almaniyasının Polşa və SSRİ-də mülki şəxslərə qarşı həyata keçirdiyi qırğında məqsəd yerli əhalinin ərazilərdən qovulması və həmin əraziləri də almanlarla məskunlaşdırmaq idi. Bu niyyət Hitlerin “Mənim mübarizəm” kitabında ifadəsini tapmışdı. Eyni ruhdan çıxış edərək Gimmler 1942-ci ilin iyulunda yazırdı: “Bizim vəzifəmizə Şərqin əvvəllər başa düşüldüyü kimi almanlaşdırılması, yəni əhaliyə alman dili və alman qanunlarının öyrədilməsi daxil deyildir; biz ona nail olmaq istəyirik ki, Şərqdə müstəsna olaraq təmiz alman qanı olan adamlar yaşasınlar... Məni rus və çexin taleyi qətiyyən maraqlandırmır. Həmin xalqın çiçəklənəcəyi və ya öləcəyi mənə yalnız həmin millətin nümayəndələrinin bizə, mədəniyyətimiz üçün qul qismində lazım olması baxımından maraqlıdır; qalan hallarda onların taleyi mənim üçün maraq doğurmur”.
V.İbayev davam edərək yazır: “Ermənistan təcavüzkarlarının alman faşistləri ilə üst-üstə düşən təcavüzkar əməllərindən biri də işğal etdikləri əraziləri tez bir zamanda erməniləşdirmək idi. Qədim Azərbaycan yaşayış məskənlərinin adları dəyişdirilərək erməniləşdirilirdi.
İlham Əliyev 2020-ci il oktyabrın 17-də xalqa müraciətində deyirdi: “Şuşaya Livandan, başqa ölkələrdən erməniləri gətirib məskunlaşdırmaq hərbi cinayətdir, Cenevrə Konvensiyasına ziddir... Ermənistanda əhali az olduğu üçün xaricdən erməniləri müxtəlif yollarla, o cümlədən onları aldadaraq gətirib orada məskunlaşdırmaq nə məqsədi daşıyırdı? Bizim tarixi torpaqlarımızı əbədi işğal altında saxlamaq, əbədi işğalı təmin etmək və bizim torpaqlarımızı erməniləşdirmək məqsədi? Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər... Madagiz adı da yoxdur - Suqovuşandır. Biz başqa tarixi adlarımızı da bərpa edəcəyik”.
R.A.Rudenko Nürnberq prosesində ittiham nitqində deyirdi: “İttiham olunan Rozenberq qızğın surətdə sovet şəhərləri üçün Simferopolun əvəzinə “Qotenburq”, Sevastopolun əvəzinə “Teodorixqafen” kimi yeni adlar fikirləşmək üzərində “işləyirdi”. Alman faşistləri total müharibədə qalib gəlməklə məğlub xalqların tam məhv edilməsini nəzərdə tuturdusa, onların siyasətini davam edən Ermənistan havadarlarının hesabına Azərbaycan ərazilərinə sahib çıxmağı planlaşdırmışdı. 13 iyun 1935-ci ildə Deytçe Folkskraft yazırdı: “Total müharibə tam qələbə ilə bitəcəkdir. Tam qələbə – məğlub xalqların tam məhv edilməsi, onların tarix səhnəsindən tamamilə yoxa çıxması deməkdir”.
Ermənilərin törətdikləri vəhşiliklər alman-faşistlərinin əməllərindən heç də fərqlənmirdi. Nürnberq BeynəlxalqHərbi Tribunalında SSRİ-dən Baş ittihamçı kimi çıxış edərkən R.A.Rudenko alman faşistlərinin törətdikləri dağıntılarla yanaşı almanların kilsələrdə at və it saxlamalarını müharibə cinayətləri kimi nəzərə çatdırırdı: “Onlar sovet ərazisində 1670 kilsə, 237 roma-katolik kastyolu, 69 sovməə (kiçik kilsə), 532 sinaqoq və dini ayinlərə məxsus olan 258 tikilini yandırıb, talan edib, dağıdıb və təhqir etmişlər... Alman əsgərləri adamların dini hisslərini təhqir etmişlər. Onlar ibadət libasını geyinərək kilsələrdə at və itlər saxlamış, ikonalardan yatmaq üçün taxtlar düzəltmişlər”.
Prezident İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyirdi: “...ermənilər bizə qarşı mədəni soyqırımı törədiblər. Onlar işğal olunmuş ərazilərdə bütün məscidləri dağıdıblar. Onlar məscidlərdə donuz və inək saxlamaqla bütün müsəlmanları təhqir edirlər”.
Ermənistanın faşist mahiyyəti tarixin yazıları ilə təsdiqini tapır, əlavə şərhə ehtiyac qalmır.
Ermənistanın siyasi rəhbərlərinin bağladıqları müqavilələrə münasibəti
Ermənistanın siyasi rəhbərlərinin bağladıqları müqavilələrə münasibətini alman faşistlərinin İkinci dünya müharibəsi öncəsi bağladıqları müqavilələrə münasibətindən fərqləndirməyən müəllif yazır: ”Məlum olduğu kimi, Versal sülh müqaviləsi Almaniyanın silahlanması ilə bağlı məhdudiyyətlər müəyyən etmişdi. Lakin Hitler hakimiyyətə gəldikdən sonra o, Versal sülh müqaviləsinin müddəalarını pozmaqla, Almaniyanın silahlanmasını gah almanların “milli ləyaqətinin alçaldılması”, gah “Almaniyanın təhlükəsizliyinin təmini”, gah da “kommunizmdən müdafiə” şüarları ilə əsaslandırırdı.
Alman faşistlərinin bağladıqları müqaviləyə və həmin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərə laqeyd münasibəti 24 avqust 1939-cu ildə hücum etməmək haqqında “Molotov-Ribbentrop paktı” kimi tanınan Sovet-alman paktına münasibətdə də özünü təzahür etdirdi. 22 iyun 1941-ci ildə həmin müqavilənin pozulmasını almanlar sovet hökumətinin anti-alman siyasəti, alman sərhədlərinə təhlükə ilə əsaslandırdılar.
Ermənistanın BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini 27 il müddətində icra etməməsi təcavüzkar dövlətin BMT-nin Təhlükəsizlik Şurasına münasibətinin göstəricisi idi. Bundan əlavə, Ermənistan Bişkekdə bağlanmış atəşkəs haqqında müqavilənin müddəalarını da zaman-zaman pozur, Azərbaycan ərazilərinə silahlı basqın təşkil edir, dinc əhalini raket və top atəşinə tuturdu. İkinci Qarabağ müharibəsi gedişində Ermənistan dəfələrlə atəşkəs üçün minnətçi düşsə də, Azərbaycan tərəfi buna razılıq verdikdən sonra Tərtər, Mingəçevir, Gəncə, Bərdə şəhərlərini raket atəşinə tutaraq atəşkəsi pozmuşdu.Ermənistanın həyata keçirdiyi bu siyasət mahiyyət etibarilə faşist Almaniyasının İkinci dünya müharibəsi ərəfəsində yeritdiyi siyasətin təkrarı idi.
Ermənistan tərəfinin hər danışıqlardan sonra sözlərinə əməl etməyərək danışıqlar prosesini pozması, yalanlardan istifadə etməsi, verdikləri sözün üstündə durmaması artıq İlham Əliyevə məlum idi: “Biz başa düşürük ki, rəqiblə danışıqlar aparırıq, lakin hətta rəqiblə, düşmənlə də münasibətdə vicdanlı qalmaq, heç olmasa öz qarşısında vicdanlı olmaq, öz sözünə hörmət etmək lazımdır”. Ermənistan tərəfi vicdanla davranmaq, öz sözünə hörmət etmək keyfiyyətlərindən məhrum idi”.
Yalan - feyk xəbərlərdən istifadə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan yalan və böhtanlardan istifadə etməklə üstünlüyə nail olmağa can atan Ermənistan və onun havadarlarının Ermənistana məxsus təyyarələrin Türkiyəyə məxsus F-16 təyyarəsi tərəfindən vurulması barədə yalan xəbərlə bağlı İlham Əliyev “CNN İNTERNATİONAL” televiziya kanalına müsahibəsi zamanı jurnalistin sualına cavab verərək bildirirdi ki, “Toqquşmaların ilk günlərində onlar türk F-16 qırıcı təyyarəsinin erməni Su-25 təyyarəsini vurduğunu demişdilər. Bu, feyk xəbərdir və bizi bunda günahlandıranlar indi bizdən üzr istəməlidirlər, çünki hər kəs bunun feyk xəbər olduğunu bilir”.
V.İbayev Ermənistan tərəfindən feyk xəbərlərinin yayılmasını 1933-1934-cü illərdə alman faşistlərinin özlərinin Versal Sülh müqaviləsi müddəalarına zidd olaraq silahlanmalarına bəraət qazandırmaq üçün yalan xəbərlər yaymaları ilə müqayisə edərək yazır: “Qabaqcadan razılaşdırılmamış qaydada alman hərbi aviasiyası yaradılırdı. Versal Sülh müqaviləsinin bu pozuntusuna hər hansı bir bəhanə ilə bəraət qazandırılması üçün Göbbelsin Təbliğat Nazirliyi həyasız mistifikasiyaya (uydurma, yalan) əl atdı. 24 iyun 1933-cü ildə bütün alman qəzetlərinin birinci səhifələrində iri şriftlərlə sensasion məlumat çap olunmuşdu: “Berlin üzərində qırmızı epidemiya. Məlum olmayan tipli xarici təyyarələr. Onlar tanınmadan qayıda bildilər. Almaniya müdafiəsizdir”. Dərhal aşağıdakı ətraflı məlumatlar verildi: “Berlin, 23 iyun 1933-cü il. Bu gün gündüz Almaniyada məlum olmayan xarici təyyarələr Berlin üzərində görünmüş və hökumət müəssisələri və paytaxtın şərq kvartalları üzərində alman hökumətini hər cür söyüb-biabır edən vərəqələr yaymışlar... sonuncular tanınmadan aradan çıxa bilmişlər”.
Yuxarıda qeyd olunan məlumatla bağlı Berlindəki bütün xarici ölkələrin nümayəndələri ətraflı araşdırmalar apardılar. Məlum oldu ki, Almaniya üzərində heç bir xarici təyyarə müşahidə olunmamışdır: heç kəs bu təyyarələri, guya Berlin üzərində səpələnmiş bu vərəqələri görməmişdir; Berlindən kənarda da heç bir qeyri-müəyyən təyyarə müşayiət olunmamışdı... Qeyq olunanlar təcavüzkarların öz pis əməllərini, qara niyyətlərini həyata keçirmək üçün müxtəlif yalan və böhtanlara əl atmalarını təsdiq edir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin əməlləri ilə alman faşistlərinin hərəkətləri arasında bir çox sahələrdə oxşarlıqlar, paralellər göz qabağındadır”.
Şəhər və kəndlərin zərurət olmadan dağıdılması
Erməni təcavüzkarlarının işğal etdikləri ərazilərdə Azərbaycanın şəhər və kəndlərini xarabazarlıqlara çevirməsi sübuta ehtiyacı olmayan faktlardır.İlham Əliyev çıxışlarında bu həqiqətləri dəfələrlə qeyd edib dünya ictimaiyyətinə çatdırırdı. O, 2020-ci il 6 noyabrda “BBC News”-un müxbirinin suallarını cavablandıraraq qeyd edirdi ki, “on minlərlə insanın yaşadığı böyük şəhər olan Füzulidə biz bayraq sancmaq üçün bina tapa bilmədik. Beləliklə, biz onu dirəyə taxdıq”.
V.İbayevinhəmin faktlarla bağlı müqayisəli təhlilləri Ermənistanın faşist mahiyyətini bir daha üzə çıxarır. Müəllif yazır: “İlham Əliyev ermənilərin işğal olunmuş ərazilərdəki vəhşiliyindən söhbət açaraq deyirdi: “…ermənilər orada hansı vəhşiliyi törədiblər. Bütün şəhərlər darmadağın edilib, yəni Stalinqraddan da pis mənzərə. Evlər dağıdılmış, bizim bütün əmlak talan edilmiş, çərçivələr, qapılar sökülmüş, yəni talançılıq... Orada bir dənə də salamat bina tapmaq mümkün deyil. Yəni bu vəhşiliyi törətdilər”.
Hitlerçilər Stalinqrada hücum zamanı 1,5 milyon kv.m. və ya ümumi mənzil fondunun 65 faizini təşkil edən 41685 yaşayış evini məhv etmişdilər. Şəhərin sənayesinə böyük ziyan vurulmuşdu. Şəhərin bütün 126 müəssisəsi sıradan çıxarılmış, 48 zavod isə özülünə kimi dağıdılmışdı. Bütün şəhər təsərrüfatı məhv edilmişdi... Qeyd olunanlar Ermənistanın siyasi və hərbi rəhbərlərinin mənəviyyatının alman faşistlərinin rəhbərlərinin mənəviyyatı ilə eyniliyinə dəlalət edirdi.
2020-ci il 16 oktyabrda Türkiyənin “A HABER” televiziya kanalına müsahibəsində İlham Əliyev işğal olunmuş ərazilərdəki təbii sərvətlərin Ermənistan tərəfindən uzun illərdən bəri istismarı ilə əlaqədar qeyd etdi ki, “Kəlbəcərin qızıl yataqları. Onlar qanunsuz olaraq oranı istismar edirlər... bu, qanunsuzdur. Oradan çıxarılan qızılları Ermənistan aparır xaricə satır və pul qazanır. Orada çıxan təbii qaynaqları, bizim torpaqdan əldə edilmiş məhsulu onlar Ermənistana daşıyırlar”.
İşğalçı dövlətlərin işğal olunmuş ərazilərdə təbii sərvətlərə sahib çıxması tarixən baş vermiş və sülhsevər dövlətlər tərəfindən qınanmışdır. Nürnberq prosesində ABŞ-dan olan Baş ittihamçı R.X.Cekson alman faşistlərinin törətdikləri qarətlə əlaqədar deyirdi: “Məqsəd yalnız Almaniya ilə qonşu olan ölkələrin iqtisadiyyatını zəiflətmək və ya pozmaq yolu ilə onları rəqib kimi aradan qaldırmaq olmamışdır. Bundan əlavə, görünməmiş miqyasda soyğunçuluq və quldurluq həyata keçirilmişdir... Biz sübut etməyə hazırıq ki, soyğunçuluq ayrıca əsgərlərin törətdiyi soyğunçuluq deyil, Avropanın qarəti məqsədilə sistematik təşkil olunmuş soyğunçuluq olmuşdur”.
Nürnberq Beynəlxalq Hərbi Tribunalında Böyük Britaniyadan olan Baş ittihamçı Xartli Şoukrossa alman faşistlərinin işğal etdikləri ərazilərdəki dağıntılardan söhbət açaraq deyirdi: “...şəhərlər səhraya çevrilmiş, həyati rahatlıqlar məhv edilmiş, ... çox ölkələrdə sivilizasiyanın ən zəruri əsasları mövcud deyildir, dünya xarabazarlığa çevrilmiş, o bu dağıntılardan yalnız bir neçə nəsil sonra çıxa bilər”.
Nürnberq Beynəlxalq Hərbi Tribunalında SSRİ-dən olan Baş ittihamçı R.A.Rudenko deyirdi: “Hitlerçilər özlərinin işğalçı, qarətçi planlarını həyata keçirərkən sistematik olaraq şəhər və kəndləri dağıdır, bir neçə nəsil tərəfindən yaradılan dəyərləri məhv edir, mülki əhalini qarət edirdilər”.
İşğalın əsl məqsədinin gizlədilməsi
Ermənistanın faşistmahiyyətini göstərən cəhətlərdən biri də işğalın əsl məqsədinin gizlədilməsi təşkil edirdi. İlham Əliyev götürülən öhdəliklərə verilən vədlərə inanır, özü isə götürdüyü öhdəlikləri yerinə yetirir, verdiyi bəyanatlara zidd hərəkətlərə yol vermirdi. Özü bu öhdəliklərə vicdanla yanaşdığı kimi başqalarından da bunu tələb edir, “sözüm imzamdır” deyirdi. Ermənistan rəhbərliyi isə həyata keçirdiyi təcavüzün, işğalın əsl məqsədini gizlədir, ərazilərin işğalını özünümüdafiə məqsədi ilə izah edirdi.Bu cəhət də Ermənistanın faşit mahiyyətinə dəlalət edirdi.Müəllif yazır:“1940-cı ildə Skandinaviya ölkələrinə hərbi müdaxiləni Hitler həm işğal, həm də gələcəkdə həmin ərazilərdən Böyük Britaniyaya hava hücumunun rahat həyata keçirilməsi məqsədilə etsə də, niyyətini Skandinaviya ölkələrinə ingilis qoşunlarının daxil olmasından müdafiə etməklə ört-basdır edir və deyirdi: “...Prinsip etibarilə biz bu əməliyyatın – məqsədi Skandinaviya dövlətlərinin hərbi müdafiəsi olan dinc işğal kimi görünməsi üçün bütün mümkün olanı edəcəyik. Mühüm olan odur ki, bizim tədbirlər Skandinaviya dövlətlərini, eləcə də Qərbdəki düşmənləri qəflətən yaxalasın. Əgər keçid üçün hazırlığı artıq gizli saxlamaq mümkün olmazsa, onda rəhbərlik və qoşun saxta məqsədlərlə aldadılmalıdır”.
Mülki əhalinin atəşə məruz qoyulması
Mülki əhalinin əsassız olaraq atəşə tutulması beynəlxalq humanitar hüququn pozuntusunu – müharibə cinayətinitəşkil edir. Əsərdə həmin məsələləri hüquqi cəhətdən təhlil edən müəllif qeyd edir ki, “Ermənistan tərəfindən mülki əhalinin yaşadığı yerlərin atəşə tutulması və sonradan bunun danılması faşist Almaniyasının İkinci dünya müharibəsi zamanı törətdiklərinin bənzərsiz təkrarı idi. 2020-ci il oktyabrın 20-dəki xalqa müraciətində Ermənistanın faşist əməlləri ilə əlaqədar İlham Əliyev deyirdi: “...mənfur düşmən bizim yaşayış məntəqələrimizi daim atəşə tutur, hər gün cəbhəboyu şəhərlərimiz, kəndlərimiz mənfur düşmənin atəşinə məruz qalır... Gəncə şəhərinə namərd zərbələr nəticəsində dinc əhali həlak olur – uşaqlar, qadınlar, qocalar. Düşmən üçün bunun fərqi yoxdur”.
Nürnberq prosesində R.A.Rudenko SSRİ-dən olan Baş dövlət ittihamçısı kimi deyirdi: “Müharibənin ilk saatlarında qarışıqlıq və təşviş salmaq arzusuyla alman hərbi-hava qüvvələri dinc şəhərləri bombalamağa başlayaraq, onları dağıntılara məruz qoydular”.
Başlıca vəzifənin həlli və perspektivlər
2020-ci il noyabrın 6-da“BBC NEWS”a müsahibəsi zamanı İlham Əliyev deyirdi: “Ölkəmizin gələcəyi çox parlaq olacaq… Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. İnsanlar, ilk növbədə, öz dədə baba torpaqlarına qayıdacaqlar… Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq… Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq… Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir”.
V.İbayev yazdığı kitabı 44 günlük Qarabağ müharibəsinin səlnaməsi hesab etmək olar. Müharibə günlərində Ali Baş Komandanın fəaliyyətini hərtərəfli, əhatəli, müqayisəli təhlil əsasında araşdırılması, gələcək nəsillərin kitabı oxuyarkən həmin günlərə qayıdıb xalqın mərd oğullarının fədakarlığı ilə tanışlığı ölkəmizin qüdrətliliyinin təminindəmühümtöhfədir. Hər birimiz qüdrətli Azərbaycan quruculuğuna öz töhfəmizi verməyə borcluyuq.
Azərbaycan xalqı möhtərəm Prezident İlham Əliyevin dediklərini həyata keçiriləcəyinə əmindir. “Sözü imzası” olan Prezident Azərbaycan xalqının fədakarlığı və birliyi iləölkəni daha da qüdrətli etmək yolunda fəaliyyətini davam etdirir. Biz bu fəaliyyəti daim dəstəkləyir, onunmöhtəşəm nəticələrini artıq görürük.
İkram Kərimov
Əməkdar hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 19 Noyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















