"Onun potensialına çox ümidliyik" Aftandil Hacıyev
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikası Media və Yayım Şurasının layihəsi
Məlum olduğu kimi, “Qarabağ”ın U-14 komandası “Sabahın ulduzları” turnirini çempion kimi başa vurub, U-15 komandası isə bürünc medal qazanıb. 8 illik fasilədən sonra yenidən təşkil olunan yarış gənc futbolçuların özlərini göstərməsi və yeni istedadların üzə çıxması baxımından da diqqət çəkib.
"Qarabağ” Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev QOL.az saytına müsahibəsində turnirin əhəmiyyəti, komandanın uğuru və perspektivli futbolçular barədə danışıb.
- "Qarabağ"ın U-14 komandası "Sabahın ulduzları" yarışını çempion kimi başa vurdu. Turniri, təşkilatçılığı və komandanın uğurunu necə dəyərləndirirsiniz?
- Turnir çox yaxşı təşkil olunmuşdu. Bilirik ki, "Sabahın ulduzları" əvvəllər də keçirilib. Sonra müəyyən müddət ara verildi. Amma geri dönüşü çox yüksək səviyyədə idi. Düzdür, futbolçular üçün 3 gündən bir oynamaq çətin idi. Lakin bütün hallarda "Sabahın ulduzları" hər kəsə sevinc bəxş etdi. Hər şeydən razı qaldıq - oyunumuzdan da, təşkilatçılıqdan da.
- "Sabahın ulduzları" gələcək üçün Azərbaycan futboluna nə vəd edə bilər?
- "Sabahın ulduzları" sayəsində ictimaiyyət yeni, istedadlı futbolçular tanıya, milli komanda üçün yeni oyunçular çıxa bilər. Bütün hallarda "Sabahın ulduzları" faydalı bir layihədir. Gələcəkdə hər hansı bir oyunçunun milli komandaya yüksəlişində həm klubların, həm də bu layihəni təşkil edənlərin əməyi böyük olacaq.
- "Qarabağ"ın "Sabah"a qarşı final oyunundakı qollarını İbrahim Müzəffərli və Ceyms Eziaşi vurdular. Həm bu futbolçuların, həm də digərlərinin potensialı haqda nə deyə bilərsiniz?
- Bizim 14 yaşlı futbolçularımız tək-tək seçilmiş oyunçulardır. Seçimlərimizə çox həssas yanaşırıq. Hər ikisi həmin o istedadlı uşaqlardandır. Təkcə onlar deyil, digər futbolçularımız da gələcəkdə peşəkar futbol üçün ümid verirlər.
- Ceyms Eziaşinin bir neçə gün əvvəl verdiyi müsahibə maraqla qarşılanmışdı. Bildirmişdi ki, atası nigeriyalı, anası azərbaycanlıdır və arzusu "Qarabağ"ın əsas komandasına yüksəlməkdir...
- Ceyms hal-hazırda 14 yaşındadır. Onun potensialına çox ümidliyik. Ceymsin daha da inkişaf etməsi və peşəkar futbola çatması üçün əlimizdən gələni edəcəyik. Əlbəttə ki, onun özündən də çox şey asılı olacaq. "Sabahın ulduzları" kimi yarışların təşkili də bu futbolçuların sürətli inkişafına, daha peşəkar səviyyədə yetişməsinə töhfə verəcək.
- U-14 komandanızda ab-hava necədir?
- "Sabahın ulduzları"nda heç bir əlavə motivasiyaya ehtiyac olmadı. Uşaqlar sevincli idilər. Artıq özləri oyunlara daha ciddi hazırlamağa çalışırdılar. Bu yaşda uşaqların belə atmosferdə oynaması çox yaxşı idi. Stadionda arena ab-havası var idi. Onlar indiyədək matçlarda belə azarkeş kütləsi görməmişdilər. Hər oyundan sonra özlərini sosial şəbəkələrdə görürdülər, oyunlarına yenidən baxırdılar. Peşəkar yanaşma var idi. Ona görə də hər oyunda onları çox sevindiyi hiss olunurdu. Çempionatı həvəslə başa vurdular.
- "Qarabağ"ın U-15 komandası da "Sabah"ın ulduzları"nda uğur qazandı, 3-cü yeri tutdu. Oyunçuların milli komanda ilə dünya çempionatına hazırlaşdığını nəzərə alsaq, bürünc medala gedən yolda çətinliklər yaşadınızmı?
- Bəli, biz "Sabahın ulduzları"nda 2 yaş qrupu üzrə mübarizə apardıq. Əlbəttə ki, U-15-in yarışı bir az daha çətin oldu. Milli komanda dünya çempionatına hazırlıq dövründədir. Son oyunlarda futbolçular qısa müddət ərzində sərəncamımızda olurdular. Yorğunluq hiss olunurdu. Bir futbolçumuz da zədələnmişdi. Biz yarışı zədəsiz başa vurmağı hədəfləmişdik. Ümumilikdə U-15 komandası üçün də faydalı yarış oldu. Həmçinin düşünürəm ki, milli komandanın məşqçiləri və skautları üçün də yaxşı şərait yarandı. Əminəm ki, millinin məşqçiləri üçün yeni adlar üzə çıxdı. Məncə, "Qarabağ"ın da U-15 komandasından millinin özəyini təşkil edə biləcək oyunçular dünya çempionatına dəvət alacaqlar.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 01 Oktyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















