“Ramiz Mehdyevin çevrilişə cəhd etdiyi nəzəri və praktiki cəhətdən mümkündür” SABİQ MTN ZABİTİ
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
Taryel Əliyev: “Onun prezidentlik ambisiyasının olması barədə deyilənlərə şübhə ilə yanaşmıram”
“Ramiz Mehdiyev barəsində belə bir qətimkan tədbiri seçilibsə, burada onun yaşı və sağlamlıq vəziyyəti nəzərə alınıb...”
“Mehdiyevin həbsi ilə bağlı cəmiyyətə qısa məlumat verilməsi istintaq sirrinin yayılması demək deyil, əksinə, çaşqınlığı aradan qaldıra bilər”
Oktyabrın 14-də Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunaraq, barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçildi. Əlbəttə, məsələnin siyasi tərəfi anlaşılandır və R.Mehdiyevin hakimiyyəti ələ keçirmək, belə desək, yenidən “hökmran” olmaq istəməsi onun həyat tərzi, xarakteri və bağlı olduğu şəbəkənin çirkin niyyətləri ilə uzlaşır. Odur ki, biz müsahibəmizdə bu məsələyə siyasi deyil, daha çox hüquqi prizmadan yanaşmağa çalışdıq. Müsahibimiz bir neçə dövlət çevrilişinə cəhd cinayətlərinin istintaqını aparan, ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, MTN Akademiyasının keçmiş fakültə rəisi Taryel Əliyevdir.
- Taryel müəllim, qeyd olunan maddələrlə ittiham olan Ramiz Mehdiyev barəsində ev həbsi qərarının çıxarılması nə dərədəcə normaldır?
- Əvvəlla bildirmək istəyirəm ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması və barəsində ev dustaqlığının seçilməsi barədə məlumatlar əsasən mətbuatda yayılmışdır. Lakin bu barədə rəsmi dövlət qurumlarının hər hansı açıqlamasına rast gəlməmişik. Nəzərə alsaq ki, Ramiz Mehdiyev uzun müddət Azərbaycanda kifayət qədər səlahiyyətli şəxs olub, şübhəsiz, onun barəsində bu cür xəbərlərin yayılması cəmiyyətdə böyük maraqla qarşılanmışdır. Mən hətta deyərdim ki, 90-cı ilin əvvəlindən Azərbaycanda dövlət çevrilişinə olan cəhdlər arasında ən çox rezonans doğuran da məhz bu xəbərlərdir.
1993-cü ilin iyun hadisələrində Surət Hüseynovun faktiki olaraq qiyam törətməsinə baxmayaraq, mənim fikrimcə, Ramiz Mehdiyev barəsində danışılan söhbətlər həmin məsələdən daha çox ictimai rezonans doğurmuşdur. Bu da onun uzun müddət respublikada yüksək vəzifə tutmasından, kifayət qədər səlahiyyətlərə malik olmasından, ən əsası isə Azərbaycanın xaos dövrünün bitməsi, kifayət qədər stabillik yaranması və Qarabağda möhtəşəm qələbədən sonra belə bir addımın atılmasından yaranır.
Bu baxımdan, hesab edirəm ki, istintaq orqanı və ya Baş Prokurorluq cəmiyyətdəki marağı nəzərə alıb, həmin cinayət işi barədə qısa məlumat verməlidir. Ən azından, cəmiyyətdə kimin barəsində və hansı maddələrlə cinayət içinin başladıldığı haqda rəsmi məlumat olmalıdır. Belə bir məlumat olmadığına görə, bəzi dairələrdə Ramiz Mehdiyev barədə yayılanların uydurma olduğu, həqiqəti əks etdirmədiyi haqda fikirlər dolaşır.
O ki qaldı həmin maddələrlə ittiham olunan şəxs barəsində ev dustaqlığının seçilməsinə, bu qətimkan tədbiri həbsə alternativ olaraq, yalnız məhkəmə tərəfindən seçilir. Əlbəttə, istintaqı aparan müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun mülahizəsi də nəzərə alınır. Əks halda, prokuror bununla bağlı apellyasiya protesti verərdi. Ev dustaqlığı şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən istintaq aparılmasının mümkünlüyü qənaətinə gəlindikdə seçilə bilər. Sözsüz ki, əgər Ramiz Mehdiyev barəsində belə bir qətimkan tədbiri seçilibsə, burada onun yaşı və sağlamlıq vəziyyəti nəzərə alınmışdır.
- Siz də qeyd etdiniz ki, aidiyyəti qurumlar Mehdiyevin barəsində başladılan cinayət işi ilə bağlı heç bir rəsmi açıqlama verməyiblər. Şübhəsiz, bu da cəmiyyətdə, o cümlədən mətbuatda müəyyən yanlış informasiyaların yayılmasına gətirib çıxardı. Məsələn, bu işlə əlaqədar 180 nəfərin dindirildiyi barədə söhbətləri qeyd edə bilərik. Tutaq ki, Ramiz Mehdiyev barəsində ev dustaqlığının seçilməsi onun yaşı və sağlamlıq vəziyyəti ilə əlaqədardır. Bəs, dövlət çevrilişində ittiham olunan digər şəxslərdən indiyədək nə üçün kimsə məsuliyyətə cəlb olunamyıb?
- Bayaq qeyd etdiyim kimi, biz heç Ramiz Mehdiyevin özünün də rəsmən məsuliyyətə cəlb olunub-olunmadığını bilmirik. Eyni fikri istintaqa cəlb olunduğunu qeyd etdiyiniz digər şəxslər barəsində də deyə bilərik. Biz hazırda istintaqda hansı proseslər getdiyindən tam məlumatsızıq. Doğrudur, bir çox hallarda bunu istintaq sirri ilə əlaqələndirirlər. Lakin məsələ ilə bağlı qısa məlumatın verilməsi istintaq sirrinin yayılması demək deyil, əksinə cəmiyyətdəki çaşqınlığı aradan qaldıra bilər.
- Siz uzun illər təhlükəsiz orqanlarının istintaq strukturunda çalışmısınız. Hətta bildiyimizə görə, bir neçə dövlət çevrilişinə cəhd cinayətlərinin istintaqını aparmısınız. Maraqlıdır, yaşlı və sağlamlıq vəziyyətində problem olduğu güman edilən Mehdiyev həqiqətənmi hakimiyyəti zorla ələ keçirməyə cəhd edə bilərdi?
- Mənim istintaqda işlədiyim dövrdə hakimiyyəti zorla ələ keçirmə və onu zorla salxamaqla bağlı Ramiz Mehdiyev yaşında təqsirləndirilən şəxs olmamışdır.
O ki qaldı 87 yaşlı bir adamın dövlət çevrilişinə cəhd göstərməsi, bu, nəzəri və praktiki cəhətdən mümkündür, necə deyərlər, ümid axırıncı ölür.
- Etiraf etməliyik ki, Ramiz Mehdiyev uzun illər hakimiyyətdə olduğu dönəmdə dövləti idarə edən əsas fiqurlardan biri olub. Bəlkə də zaman-zaman, indi qeyd olunduğu kimi, hakimiyyətə gəlmək arzuları da olub. Sizcə, Mehdiyev niyə “qılıncının dalı da, qabağı da kəsdiyi” dönəmlərdə belə bir cəhd etməyib, vəzifədən vurulandan, komandası dağılandan sonra hakimiyyətə qayıtmaq eşqinə düşüb?
- Mətbuatda ayrı-ayrı şəxslər Ramiz Mehdiyevin guya Azərbaycan Respublikasının idarə olunmasında əsas füqur olduğunu, yəni əsas rol oynadığını göstərirlər. Mən bu fikirlərlə qətiyyətlə razı deyiləm. Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezident Aparatında fəaliyyətə başladığı dövrdə respublikaya rəhbərliyi ulu öndər Heydər Əliyev həyata keçirirdi. Mən heç vaxt inanmaram ki, Heydər Əliyev kimi dahi bir şəxsiyyət dövlətin idarə olunmasında Mehdiyevin hansısa bir xidmətindən istifadə etmişdir. Mehdiyevin fəaliyyəti tutduğu vəzifəyə uyğun olmuşdur. Düzdür, onun vəzifə səlahiyyətlərini aşdığı, vəzifəsindən sui-istifadə etdiyi barədə kifayət qədər məlumatlar dolaşır, lakin bu, başqa söhbətin mövzusudur. Qısası, Heydər Əliyev imkan verməzdi ki, Ramiz Mehdiyev, yaxud kimsə başqa birisi onun iqtidarına kölgə salsın. Eyni şeyləri möhtərəm Prezident, cənab İlham Əliyev barədə də qeyd etmək zəruridir.
İndi sual oluna bilər ki, nə üçün Ramiz Mehdiyev uzun illər belə bir rəhbər vəzifədə saxlanılmışdır?! Mən hesab edirəm ki, istər ulu öndər Heydər Əliyevin, istər də möhtərəm Prezident İlham Əliyevin Ramiz Mehdiyevi uzun müddət vəzifədə saxlamasının yeganə səbəbi onun mahiyyətindən xəbərdar olmaları və onu nəzarətdə saxlamaları zərurəti ilə əlaqədar olmuşdur. Məhz Ramiz Mehdiyevin artıq 82 yaşı olanda Prezident İlham Əliyev onun Azərbaycan dövlətinə zərər vermək potensialının tükəndiyni nəzərə alıb, təqaüdə göndərdi. Görünən odur ki, Ramiz Mehdiyev bu yaşda yeni bir akkord vurmaq fikrinə düşüb.
Ramiz Mehdiyevin yerinə istənilən başqa bir ağıllı adam olsaydı, bu təmtəraqlı təqaüdə göndərilmə prosesindən sonra qazandığı milyonların hesabına rahat həyat keçirər və özünün, törəmələrinin gələcəyinə ləkə vurmazdı.Ona görə, bu halda Ramiz Mehdiyevin hansı motivlərlə qeyd edilən cinayətlərə meyllənməsinin məntiqi izahını görə bilmirəm.
- Gəlin etiraf edək ki, Ramiz Mehdiyev qeyd etdiyiniz qədər də ağılsız məmur olmayıb. Onda belə demək mümkündür ki, ortada qeyd olunan çevriliş faktı varsa, bu, onun iradəsindən kənar da ola bilərdi...
- Mən bu barədə fikir bildirə bilmərəm. Çünki əlimizdə heç bir material və fakt yoxdur.
- Amma nəzərə alaq ki, çoxlarının da etiraf etdiyi kimi, Ramiz Mehdiyev vəzifədə olduğu müddətdə Azərbaycandan daha çox Rusiyanın maraqlarına xidmət edib. Sizcə, indiki durumda Rusiya Azərbaycanda belə bir dövlət çevrilişində maraqlıdır?
- Mən Ramiz Mehdiyevin işlədiyi dövrdə Azərbaycandan daha çox Rusiyanın mənafeyinə xidmət etiyi haqda iddialarla bağlı birmənalı bir söz deyə bilmərəm. Onun işlədiyi dövrdəki fəaliyyətinə dövlət rəhbərliyi qiymət verib. Mən daha çox Ramiz Mehdiyevin Rusiyanın adamı olduğu haqda fikirlər eşitmişəm. Burda “Rusiyanın adamı” anlayışını dəqiqləşdirmək lazımdır. Rus dilini bilən, Rusiyanın mədəniyyətinə, təbiətinə vurğun olan, Rusiyada tanışları, dostları olan şəxs Rusiyanın adamı sayılar, yoxsa Rusiyanın dövlət və xüsusi xidmət orqanları ilə əlaqəsi olan, Rusiyanın maraqlarına xidmət edən adam başa düşülür?! İndi istintaq Ramiz Mehdiyevin Rusiyanın adamı olması ilə bağlı deyilənlərə də aydınlıq gətirər.
- Vəzifədə olduğu müddətdə il ərzində 4 dəfə Rusiyaya səfər edən, 40 il ərzində bircə dəfə də qardaş Türkiyəyə getməyən Ramiz Mehdiyevin Rusiyanın adamı olması haqda da şübhələriniz var?
- Mən demədim ki, Ramiz Mehdiyev Rusiyanın adamı deyil. Mən dedim ki, onun işlədiyi dövrdə Rusiyanın mənafeyinə xidmət etdiyi haqda bir şey deyə bilmərəm. Bunu istintaq araşdırıb, yekun nəticəyə gələcək.
O ki qaldı Türkiyəyə münasibət, Ramiz Mehdiyevlə aşağılı-yuxarılı həmyaşıd olan, keçmiş SSRİ dövründə vəzifələrdə işləmiş, necə deyərlər o dövrün yağ-balını yemiş insanların bir çoxunda, hətta onların bəzi törəmələrində Türkiyəyə mənfi münasibətin dəfələrlə şahidi olmuşam. Mənim bir rəisim vardı, xidmət etdiyim dövrdə qardaş ölkəyə xidməti ezamiyyətlər olan zaman əməkdaşların Türkiyəyə getməsinin qəti əleyhinə idi. Fikrini belə əsaslandırırdı ki, Türkiyə NATO ölkəsidir, sizi orda əməkdaşlığa cəlb edə bilərlər. Adam hətta sona qədər Mosvkaya “mərkəz” deyirdi. Ramiz Mehdiyevdən fərqli olaraq, o, vaxtında dünyasını dəyişdi və təntənəli surətdə Fəxri Xiyabanda dəfn olundu. Yəni sözümün mənası odur ki, sovet dövründə yüksək vəzifələrdə işləmiş, Rusiya ilə bağlı olan adamların bir çoxunda bu cür yanaşmalar mövcuddur. Başqa bir kateqoriya insanlar isə bəzən o dövrdəki “ədaləti”, “yaxşı dolanışığı” əsas gətirib, Rusiya barədə müsbət fikirlər söyləyirlər. Bu, daha geniş söhbətin mövzusudur.
- Yeri gəlmişkən, vaxtilə mərhum dövlət başçısı Heydər Əliyevin köməkçisi vəzifəsində çalışan Eldar Namazov da Ramiz Mehdiyevin hakimiyyət ambisiylarının olduğu haqda mətbuata açıqlama verib. Belə bir ambisyanın olması Ramiz Mehdiyevin indiki əmllərini sübut edirmi?
- Əvvəla qeyd edim ki, mən Eldar Namazovu şəxsən tanımasam da, ona böyük simpatiyam var. Çıxışlarını imkan daxilində izləməyə çalışıram. Və Ramiz Mehdiyevin prezidentlik ambisiyasının olması barədə deyilənlərə də şübhə ilə yanaşmıram. Lakin hüquqa söykənsək, ambisiya cinayət tərkibi yaratmır. Ona qalsa, misal üçün prezident seçkiləri zamanı namizədliyini verən, prezident seçilmək istəyən şəxslər də olur. Bu da özlüyündə prezident olmaq ambisiyasıdır. Lakin biz deyə bilmərik ki, bu adamlar dövlət çevrilişi həyata keçirmək fikrində olublar.
- Bəs, bir hüquqşünas kimi, Ramiz Medhiyevin adından yayılan və Moskvaya ünvanlandığı iddia olunan sənəd haqqında nə deyə bilərsiniz?
- Mən o sənədi oxumuşam, həm rus dilində, həm də Azərbaycan dilinə tərcüməsini. Tək o məktubla Ramiz Mehdiyevin dövlət çevrilişi hazırladığını demək mümkün deyil. Əvvəla, məktubun kimə ünvanlandığı göstərilməyib və heç kim tərəfindən imzalanmayıb. İkincisi, məktubdakı ifadələr kifayət qədər ehtiyatla seçilib, məzmunundan dövlət çevrilişi ab-havası hiss olunmur. Sadəcə, struktur islahatlarının aparılması, Dövlət Şurasının yaradılması və s. təklif olunur. Bu isə daha çox Azərbaycanın Konstitusiya quruluşunun dəyişdirilməsi anlayışına uyğundur. Bu əməllər zorla törədildikdə CM-nin 278-ci maddəsinin tərkibini yaradır. Lakin məktubda bu təkliflərə “demokratik” ruh verilib, referendum, seçkilər və bu kimi anlayışlardan istifadə olunub.
Bununla yanaşı, hakimiyyəti zorla ələ keçirməklə bağlı istintaq və məhkəmə təcrübəsindən məlumdur ki, bir çox hallarda həmin cinayətə hazırlaşan şəxslər öz fəaliyyətlərini pərdələmək üçün bu cür, yəni ilk baxışda demokratik terminologoyadan istifadə etməklə konkret sənədlər hazırlamışdır. 90-cı illərin ortalarında istintaqı aparılan, “20-lərin cinayət işi” kimi tanınmış cinayət işi üzrə vaxtilə Ayaz Mütəllibovun mətbuat katibi olmuş Rasim Ağayev adlı şəxs də buna oxşar sənəd tərtib etmiş, əməllərini pərdələmək məqsədilə guya “Avroasiyaçılıq” nəzəriyyəsini təhlil etmiş, Avroasiyaçılıq çərçivəsində Azərbaycanın faktiki olaraq Rusiyaya birləşdirilməsini sosial, iqtisadi və digər arqumentlərlə “əsaslandırmışdır”. Lakin iş üzrə toplanmış digər sübutların məcmusu ilə birlikdə onun və daha 19 nəfərin dövlət çevrilişi hazırladığı istintaq və məhkəmə tərəfindən sübuta yetirilmiş, hər biri layiqli cəzasını almışdir.
Ramiz Mehdiyevin törətdiyi istinad olunan cinayətlərlə əlaqəsini göstərən digər sübutlar əldə olunduğu təqdirdə, qeyd etdiyiniz məktub iş üzrə sübut kimi qiymətləndiriləcəkdir. Ümumiyyətlə, cinayət işləri üzrə sübutetmə mürəkkəb bir prosesdir. Sübutların toplanılmasından, yoxlanılmasından və qiymətləndirilməsindın ibarətdir. İş üzrə sübutlar o həddə olmalıdır ki, konkret halda Ramiz Mehdiyevin təqsirliliyi barədə yekun və mötəbər nəticəyə gəlməyə kifayət etsin.
- Ramiz Mediyevə hakimiyyəti ələ keçirməkdən başqa, dövlətə xəyanət maddəsi ilə də ittiham irəli sürülüb. Amma nədənsə, bu məsələ xüsusi olaraq vurğulanmır...
- Mən də fikir vermişəm ki, Ramiz Mehdiyev barədə mətbuatda gedən məlumatlarda onun dövlətə xəyanət maddəsi ilə təqsirləndirilməsinə dair fikirlərə geniş yer verilmir. Daha çox hakimiyyəti zorla ələ keçirməyə cəhd barədə fikirlər əks olunur. Bu, bəlkə də mental olaraq hakimiyyətə yarınmaq meyli ilə bağlıdır. Qeyd etmək istəyirəm ki, dövlətə xəyanət və hakimiyyəti zorla əl keçirmə - hər ikisi xüsusilə ağır cinayət sayılır və sanksiyaları da eynidir, 12 ildən 20 ilədək müddətdə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Mövcud qanunvericiliyə görə, dövlətə xəyanətin 4 forması vardır: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və onların nümayəndələrinə kömək etmə. Düşmən tərəfinə keçmə yalnız müharibə və ya hərbi münaqişə vəziyyətində olan dövlətə münasibətdə törədilə bilər. Məlum olduğu kimi, Azərbaycan və Rusiya arasında müharibə və hərbi münaqişə vəziyyəti yoxdur. Ona görə, Ramiz Mehdiyevə dövlətə xəyanətin bu forması ilə ittiham verilməsi mümkün deyil. Nəzəri olaraq, qalan 3 formanın hər birinin ittihamda öz əksini tapması mümkündür. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Ramiz Mehdiyevin Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və onların nümayəndələrinə kömək etmə formasında dövlətə xəyanət etdiyi daha çox ehtimal olunur.
- Sizin fikriniz bizim üçün maraqlıdır. Ramiz Mehdiyev ətrafında gedən proseslərin sonunu necə görürsünüz?
- Ramiz Mehdiyevlə bağlı gedən proseslərin yekunu aparılan araşdırmanın gəldiyi nəticədən asılı olacaq. Əgər onun əməlində cinayət tərkibi varsa, sözsüz ki, iş ittiham aktı ilə birlkdə məhkəməyə göndəriləcək və qanunvericiliyə uyğun cəza alacaq. Yox, əgər danışılanlar sübuta yetirilməsə, iddia olunan cinayət işinə xitam veriləcək. Ramiz Mehdiyevin yaşını nəzərə alsaq, barəsində cinayət işinə bəraətverici olmayan əsasla da xitam verilə bilər.
(Davamı olacaq)
Hazırladı: Jalə FAMİLQIZI
Baxış sayı:15
Bu xəbər 25 Noyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















