Razi Nurullayev Azərbaycanda iş saatlarının azaldılmasını təklif etdi
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Milli Məclisin deputatı Razi Nurullayev iş saatlarından səmərəli istifadə hesabına iş gününün müddətinin azaldılmasını və daha çevik iş rejiminə keçidin təşviq edilməsini təklif edib.
Modern.az xəbər verir ki, deputat bu barədə parlamentin bugünkü plenar iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı danışıb.
Razi Nurullayev qanun layihəsini dəstəklədiyini bildirərək əmək münasibətlərinin təşkili ilə bağlı bir sıra məsələlərə diqqət çəkib.
Onun sözlərinə görə, iş yerlərində əsas diqqət əməkdaşların işə gəlmə və işdən çıxma saatlarına deyil, gün ərzində əldə etdikləri nəticələrə yönəldilməlidir.
Deputat qeyd edib ki, səkkiz saat iş yerində olmaq həmin müddət ərzində eyni məhsuldarlıqla çalışmaq demək deyil. Bəzi xarici şirkətlərdə bir neçə saata görülən işlərin yerli müəssisələrdə günlərlə uzanmasının səbəbləri araşdırılmalıdır.
Razi Nurullayev hesab edir ki, belə fərqlər bir çox hallarda işçilərin fəaliyyətindən deyil, işin düzgün təşkil olunmamasından, idarəetmədəki problemlərdən və lüzumsuz bürokratik prosedurlardan qaynaqlanır.
Deputat bildirib ki, işin xarakteri imkan verdiyi hallarda əməkdaşların işə daha tez gəlib, daha tez çıxmasına şərait yaradılmalıdır. Onun fikrincə, bütün sahələrdə vahid iş saatlarının tətbiqi məqsədəuyğun deyil.
O vurğulayıb ki, əsas məqsəd işin keyfiyyətini və nəticələrini aşağı salmadan insanların şəxsi həyatına daha çox vaxt ayırmasına imkan yaratmaqdır.
Razi Nurullayevin sözlərinə görə, iş və şəxsi həyat arasında sağlam tarazlığın təmin edilməsi həm insanların rifahı, həm də əmək məhsuldarlığı baxımından əhəmiyyətlidir.
Deputat eyni zamanda qeyd edib ki, çevik iş rejimi bütün sahələrdə eyni qaydada tətbiq oluna bilməz. Fasiləsiz xidmət və konkret iş saatları tələb edən sahələr istisna olmaqla, uyğun iş yerlərində nəticəyə əsaslanan qiymətləndirmə sisteminin və çevik iş qrafikinin təşviqinə ehtiyac var.
Razi Nurullayev bildirib ki, müasir əmək münasibətlərində əsas məsələ daha çox saat işləmək deyil, ayrılan vaxtdan daha səmərəli istifadə etməkdir. O, insan əməyinə və vaxta daha çox dəyər verilməsinin vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 16 Oktyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















