“Real” və “Atletiko” kimi klublar oyunları və məşqləri məhz süni örtüklü meydanda keçirir”
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
“Araz-Naxçıvan”ın U-19 komandasında məşqçi kimi işləyən Ruslan Əmircanov bugünlərdə “Real”ın akademiyasında olub.
Onunla İspaniya səfəri ilə bağlı söhbətləşdik.
- Səfərə çıxmaqda əsas məqsəd nə idi?
- İlk növbədə “Atletiko” ilə “Real”ın akademiyalarını ziyarət etməyi planlaşdırmışdım. Bu akademiyaların necə fəaliyyət göstərdiyini, məşq prosesini, həftəlik proqramlarını, oyunlara hazırlıq mərhələlərini, uşaqların məşqlərə qoşulma və seçilmə sistemlərini izləmək istəyirdim.
Ümumiyyətlə, bu akademiyaların iş prinsipləri ilə maraqlanırdım. Məqsədim bunları öyrənmək idi: bu uşaqlar necə inkişaf edir, irəliləyirlər, bizimkilərdən nə ilə fərqlənirlər? Onların üstün səviyyəyə çatmasının səbəblərini yerində görmək istədim. “Atletiko”nun U-17 komandasında baş məşqçisinin köməkçisi orda yaşayan azərbaycanlı dostum Əbülfəz Hacıyevdi. Onunla münasibətimiz var. Səfərdən əvvəl də onunla danışmışdım ki, oyunlara baxmaq, imkan olsa, həm də bu istiqamətlər üzrə maraqlanmaq istəyirəm.
- Bəs “Atletiko”nun akademiyasında sizi ən çox nə təəccübləndirdi?
- Orda diqqətimi çəkən əsas məsələlərdən biri məşqlərin planlı və nəzəri proses əsasında keçirilməsi idi. Hər məşqin konkret taktikası, düzülüşü və metodik yanaşması var. Bu sistem birbaşa əsas komanda ilə uyğunlaşdırılmışdı. Yəni Dieqo Simeonenin komandası müəyyən taktika ilə oynayırsa, akademiyada da həmin sistem tətbiq olunur. Akademiya uşaqlarına da bu oyun fəlsəfəsi aşılanır. Hətta məşqlərdə elə epizodlar olurdu ki, oyunçular bir-biri ilə mübarizə aparır, bəzən sərt fiziki təmaslar olur, amma hakim oyunu saxlamır, fit çalınmır. Yəni orda oyunun axıcılığı pozulmur, futbolçulara sərbəstlik verilir. Hər kəs meydanda peşəkarlığını göstərməyə çalışırdı. 17 yaşlı oyunçular belə artıq U-19 liqasında çıxış edirdilər.
Mən məşqini izlədiyim komandada gördüm ki, bu uşaqlar həm fiziki, həm də taktiki baxımdan çox yüksək səviyyədədi. Komanda çox mübariz idi, amma eyni zamanda, taktiki davranışa, meydandakı qərarvermə prosesinə də ciddi diqqət yetirilirdi. Komandada fərdi keyfiyyətləri ilə seçilən oyunçular da var idi, “qara iş” görənlər, yəni daha çox müdafiə olunan, pressinq və balans yaradan futbolçular. Onlar da komandada çox önəmli rol oynayırdı, baxmayaraq ki, meydanda çox da gözə çarpmırlar. Həftəlik məşq planı da çox maraqlı idi. İspanlarda məşqlər elə qurulub ki, futbolçu dar məkanda, yüksək tempdə topu qəbul edəndən dərhal sonra hansı qərarı verəcəyini artıq əvvəlcədən müəyyənləşdirir. Bu da onların oyunu oxuma qabiliyyətini və sürətli düşünmə bacarığını artırır.
Bizdə isə bəzən bu qərarları verməkdə çətinlik yaşanır, çünki belə məşq tempinə alışıq deyilik. Bu baxımdan İspaniyada gördüklərim çox təsirli idi. Onlar meydanda qərarları əvvəlcədən sezirlər və təzyiq altında belə səhv etmədən düzgün həll yolu tapırlar.
- “Real”ın akademiyasında diqqətinizi nə çəkdi? Məşqlər necə keçirilir?
- “Atletiko”dan sonra “Real”ın akademiyasına getdim. Orda dostumuzun vasitəsi ilə məşqdə iştirak etdik. 14 yaşlı uşaqların komandası idi, heç kimə məğlub olmurdular. Onların arasında artıq milli komandaya çağrılan oyunçular da var idi. 7 əsas heyət oyunçusu məşqə çıxmasa da, məşq çox yüksək səviyyədə və intizamlı şəkildə həyata keçirildi. “Atletiko”nun akademiyasında mübariz, fiziki cəhətdən hazırlıqlı, döyüşkən futbolçular formalaşır. Gözümüzün qarşısında tam kollektiv şəkildə çalışan bir komanda var idi. “Real”ın akademiyası isə tam başqa səviyyədə idi.
Akademiyada 12 müxtəlif meydança var. Onlardan üçü süni, qalanı təbii ot örtüklü idi. Əvvəllər deyirdilər ki, süni örtükdə uşaqlar daha çox zədələnir. Amma indi bütün yaş qruplarının oyunları, hətta 13-15 yaşlı uşaqların belə oyunları süni örtüklü meydançalarda keçirilir. “Real”ın akademiyasında 19 yaşadək olanlar artıq tam peşəkar formada oynayır. Onlar süni örtüklü meydançalarda heç bir problem olmadan oyun keçirdirlər. Hətta U-19 liqasının oyunları da süni meydançalarda baş tutur. Bəziləri süni örtüyə qarşı fikirlər səsləndirirlər, amma orda bu örtükdə oyunlar və məşqlər problem yaratmır. Süni örtüklər belə yüksək keyfiyyətlidi. Bizdəki kimi kobud, sərt və düzgün qurulmayan örtüklərdən fərqli orda süni örtüyün alt qatından tutmuş rezin qatına qədər hər şey yüksək səviyyədə hazırlanır. Bu da zədə riskini minimuma endirir. Bu səbəbdən mən artıq süni örtüklə bağlı əvvəlki fikrimi dəyişmişəm. Gördüm ki, “Real” və “Atletiko” kimi klublar oyunları və məşqləri məhz süni örtüklü meydanda keçirir.
Məşq zamanı bir maraqlı detal da diqqətimi çəkdi. Məsələn, 11 yaşlılar arasında bir futbolçu var idi – o, əslində 13 yaşında idi, amma boyu elə idi ki, sanki 8-9 yaşındakı uşaq kimi görünürdü. Həmin o balaca meydanda “8 nömrə” mövqeyində oynayırdı, oyunu mükəmməl şəkildə oxuyurdu. Bəlkə də gələcəyin Xavisi və ya İnyestası olacaq. Belə uşaqlar fiziki cəhətdən zəif görünsə də, oyun düşüncəsi və texniki hazırlığı ilə seçilir. Orda hamı deyirdi ki, bu uşaq gələcəkdə böyük futbolçuya çevrilə bilər.
- Hər iki akademiyada uşaqlara yanaşmada sizə ən maraqlı gələn nə oldu?
- Müşahidə etdiyim maraqlı nüanslardan biri də odu ki, həm “Atletiko”nun, həm də “Real”ın akademiyasında uşaqlara erkən yaşdan taktiki məşqlər keçilir. Məsələn, 2011-14 təvəllüdlü uşaqlar birlikdə məşq edirdilər. Hətta Marselonun oğlu da orda məşq edirdi. Qapıçı İker Kasilyasın oğlu da həmin akademiyada idi.
Mənə maraqlı gələn o oldu ki, bu uşaqları məşqə valideynlər özləri gətirir və məşqləri izləyirlər. Söhbət dünyaca tanınmış futbolçuların övladlarından gedir, buna baxmayaraq, nə sürücü, nə də xüsusi xidmət vasitəsi ilə gəlmədilər, valideynlər özləri məşq prosesinə qatılırlar. Mən də o məşqlərdə iştirak etdim, bəzi tanınmışlarla şəkil çəkdirdim. Məsələn, bizdə uşaqlar 9, 10, 11, 12 yaşlarında hələ də təməl bilikləri öyrənirlər. Halbuki orda artıq 9-10 yaşında uşaqlara taktiki hazırlıq keçirilir. Məsələn, 11 yaşlıların baş məşqçisi meydanda konkret tapşırıqlar verir. Topu necə aparmaq, necə saxlamaq, ayağın hansı hissəsi ilə oynamaq lazım olduğunu dəqiq şəkildə izah edir. Onların hər bir futbolçusu fərdi məşqlərdən keçmiş olur.
Mən özüm də fərdi məşqlər keçirəm və çox vaxt futbolçuları klublara hazır şəkildə təhvil verirəm. Uşaq artıq biliklərlə təchiz olunub, texniki-taktiki cəhətdən formalaşıb. Orda klublar 9-10 yaşından etibarən taktiki düşüncə üzərində işləyirlər. Bizdə isə bu yaşlarda hələ də texniki bacarıqlara fokuslanırıq. Ordakı uşaqlar artıq 11-12 yaşında meydanda harda durmaq lazımdı, hansı boşluqları bağlamaq gərəkdi, müdafiə və hücum keçidləri necə qurulmalıdı – bunları bilir. Onlar artıq fərqindədirlər ki, hansı mövqedə hansı vəzifə yerinə yetirilməlidi. Bizdə isə həmin yaşda uşaq hələ ayağının hansı hissəsi ilə ötürmə verməyi öyrənir.
Məşqdə bir uşaq gördüm, 13-15 yaş aralığında idi. Bacarıqlı, texnikalı idi, amma meydanda pressinq edə bilmədiyi üçün məşqçi ona irad bildirdi, dayandırdı. Bu da onu göstərir ki, orda yalnız texnika yox, həm də taktiki intizam və kollektiv oyuna uyğunlaşmaq əsasdı.
- Bəs yeniyetmə futbolçulara fərdi yanaşma necə idi?
- Orda sistem belə işləyir: sən bir il ərzində məşqçinin verdiyi tapşırıqları konkret şəkildə yerinə yetirirsənsə, deməli, inkişaf edirsən. Öz inkişafına görə məsuliyyət daşıyırsan. Hər futbolçunun fərdi məşqçisi olur. Klubdakı məşqlərlə yanaşı, onlar əlavə fərdi məşqlərə də qatılırlar və bu məşqlər üçün aylıq maaşlarından müəyyən məbləğ ödəyirlər. Məsələn, 300-500 avro arası. Bu fərdi məşqlərdə futbolçuların zəif tərəfləri üzərində işlənilir. Mənim prinsipim odu ki, fərdi məşqləri planlı şəkildə keçirəm. Məsələn, bir futbolçu cümə axşamı mənim yanıma gələcəksə, onun komanda məşqində nə etdiyini əvvəlcədən öyrənirəm. Həmin gün oyun tempinə uyğun güclü məşq keçilibsə, mən artıq öz məşqimdə yükü azaldıram. Çünki bu uşaq axşam komanda məşqində də iştirak edəcək.
Bu sistemli yanaşma sayəsində məşqçi və fərdi məşqçi birlikdə işləyərək uşağın inkişafına fokuslanır. Məsələn, bəzi uşaqlar var ki, əvvəl zəif idilər, amma planlı məşqlər nəticəsində komandada əsas heyətə düşdülər. Məşqçi də deyir ki, bu uşaq nə ilə məşğul olub, fərq göz qabağındadı. Amma bəzi fərdi məşqlər var ki, plansız keçirilir, uşaq gəlir, nə gəldi məşq edir. Bu da düzgün deyil. Futbolçu meydandakı şəraitə uyğun qərar verə bilməlidi. Məsələn, müdafiədə və ya hücumda pressinq altında necə davranmalı, hansı qərarı verməlidi? Bunun üzərində işlənməlidi. Mənim yanıma gələn uşaqlar planlı şəkildə çalışır. Heç kim deyə bilməz ki, mənimlə işləyəndən sonra geriləyib. Əksinə, inkişaf edirlər. İspaniyada da bu sistem eynidi. Orda 11-14 yaşlı futbolçular tam peşəkar yanaşma ilə yetişdirilir. Məşqçilərin onlardan tələbləri böyük komandaların çalışdırıcılarının, tutaq ki, Ançelotti və ya Valverdenin istədikləri ilə eynidi.
ƏSƏD SEYİDOV


