Rəflərdən rifaha gedən yol: Şəbəkə marketlərinin sosial iqtisadi gücü...
Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün paytaxtda və ya bölgələrdə yaşamasından asılı olmayaraq insanlar gündəlik ehtiyaclarını qarşılamaq üçün əsasən şəbəkə marketlərə üz tutur. Səliqəli düzülmüş rəflər, geniş çeşid, rəqabətli qiymətlər sürətli xidmət və sərbəst seçim — bu amillər şəbəkə marketləri sadəcə satış nöqtəsi olmaqdan çıxarıb, onları iqtisadi və sosial həyatda önəmli oyunçuya çevirib.
Azərbaycanda son 15-20 ildə genişlənən bu model həm istehlakçının alıcılıq vərdişlərini dəyişib, həm də ölkə iqtisadiyyatına – xüsusilə də kiçik və orta biznesin inkişafına –mühüm töhfələr verib. Yerli istehsalçılar üçün stabil bazar formalaşdıran, kənd təsərrüfatı məhsullarının dövriyyəsini sürətləndirən şəbəkə marketlər eyni zamanda məşğulluğun artmasına, nağdsız ödənişlərin təşviqinə və vergi şəffaflığının yüksəlməsinə şərait yaradır. Onların inkişafı ilə bərabər, pərakəndə sektor da yeni texnoloji trendlərlə – süni intellekt, rəqəmsal platformalar, mobil tətbiqlər vasitəsilə zənginləşir.
Tarixinə nəzər salsaq, şəbəkə marketləri ötən əsrin 20-ci illərində ABŞ-da iqtisadi inkişafın nəticəsi olaraq meydana çıxdı, 50-70-ci illərdə ABŞ və Avropada supermarket zəncirləri yaranmağa başladı. Qlobal prosesə çevrilməsi və beynəlxalq arenaya çıxması isə ötən əsrin 90-cı illərinə təsadüf edir.
Azərbaycanda müstəqilliyin ilk illərində bu təcrübə olmasa da, 2000-ci illərdə bir neçə supermarket brendi yarandı və eyni ad altında şəbəkələri formalaşdı. 2010-cu illərdə isə artıq rəqabət artdı, müştəri məmnuniyyəti və brend imici ön plana çıxdı. Ardınca onlayn satış və çatdırılma sistemləri yaradıldı. Hazırda ölkəmizdə 12 supermarket şəbəkəsi fəaliyyət göstərir ki, onların da ümumilikdə 3200-dən artıq filialı var.
Ucuz və keyfiyyətli məhsul, azad seçim...
Şəbəkə marketlərinin iqtisadiyyata əsas töhfəsi ərzaq təhlükəsizliyinin təmin olunması və gündəlik tələbat məhsulları ilə bağlı inflyasiyaya nəzarət imkanı yaratmasıdır.
Sitat.info-ya açıqlamasında şəbəkə marketlərinin iqtisadiyyata töhfəsi haqqında danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, gündəlik tələbat məhsullarının satışı sahəsində şəbəkələşmə son 30 ildə bütün dünyada ciddi şəkildə yayılmaqdadır: “Supermarketlərin bir sıra avantajları var ki, bu da onların sürətli inkişafını şərtləndirir. Qiymət optimallığını təmin edilməsi üçün əlverişli imkanların formalaşması, daha peşəkar xidmətlərin təklif edilməsi və xərclərin optimallaşdırılması yolu ilə mənfəət normasının aşağı salınması imkanı qeyd olunan sahənin cəlbediciliyini artırır. Azərbaycanda şəbəkə marketləri son illər daha geniş yayılmaqdadır. Bəzi ölkələrin təcrübəsində hətta ərzaq məhsullarının çatdırılmasında şəbəkə marketlərinin rolu 90 faizə qədərdir”.
İqtisadçı ekspertin sözlərinə görə, Azərbaycanda şəbəkə marketlərinin pərakəndə satış sahəsində genişlənməsinin bir sıra müsbət tərəfləri var: “Bu prosesdə gündəlik tələbat məhsullarının tədarükü, daşınması və pərakəndə satışı peşəkar şəkildə təşkil olunur. Eyni zamanda gigiyena-sanitariya məsələlərinə riayət olunması, xidmətin keyfiyyətinin artması, dövriyyənin leqallaşması, bu sahədə çalışanların əmək münasibətlərinin əhəmiyyətli səviyyədə leqallaşması, istehlakçı hüquqlarının qorunması baxımından daha mütəşəkkil bir davranış modelinin ortaya çıxması, əhalinin daha keyfiyyətli şəraitdə saxlanılmış məhsullarla təmin edilməsi kimi istiqamətlərdə pozitiv imkanlar formalaşdırır”.
R.Həsənov onu da vurğulayıb ki, bu model eyni zamanda xərcləri optimizasiya etməklə məhsulların daha aşağı qiymətə təklif edilməsi imkanı yaradır: “Fərqli market və mağazalarda mənfəət norması 20-25 faizdirsə, bu müəssisələr daha baha qiymətə mal alırsa, böyük supermarket şəbəkələri təchizat sahəsindəki mövqelərindən istifadə edərək, sahibkarlardan daha əlverişli qiymətə məhsul alırlar. Bununla yanaşı dövriyyənin geniş olması da aşağı mənfəət normasının tətbiqi üçün imkanlar formalaşdırır.
Son dövrlərdə şəbəkə marketlər arasında ciddi rəqabət də müşahidə edilməkdədir. Bunun nəticəsində vətəndaşlar daha əlçatan qiymətlərlə məhsullar əldə edir və inflyasiyanın yüksək olduğu son illərdə ailə büdcələrini səmərəli şəkildə idarə edə bilirlər. Şəbəkə marketlərinin inkişafı eyni zamanda nağdsız ödənişlərin artması və dövriyyənin leqallaşması istiqamətində də dövlət strategiyalarına töhfə verməkdədir. Nəticədə dövlət büdcəsinin bu istiqamətdən gəlirləri artır. O cümlədən, investisiya qoyuluşlarının həcmi ilə bağlı da pozitiv nəticələr ortaya çıxır. Şəbəkə marketləri müəyyən standartlar çərçivəsində fəaliyyət göstərirlər ki, bu da xərcli bir prosesdir, daha çox vəsaitlərin sektora yönəlməsinə gətirib çıxarır”.

İş yerlərinin yaradılması və sosial inklüzivlik...
Şəbəkə marketləri yeni iş yerlərinin yaranmasında, xüsusən gənclərin və qadınların yaşadıqları əraziyə yaxın yerdə işlə təmin olunmasında, bölgələrdə məşğulluğun artırılmasında mühüm rol oynayır. Məsələn, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “Araz” əməkdaşlarına karyera yüksəlişi imkanları, təcrübəyə görə əməkhaqqı artımı, evə yaxın ərazidə işləmək şəraiti və sair imkanlar yaradır.
“Araz” supermarketlər şəbəkəsinin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, şirkət mütəmadi olaraq əhatə dairəsini genişləndirir: "Paytaxtla yanaşı müxtəlif bölgələrdə yeni filialların açılması həmin ərazilərdə yaşayan insanların məşğulluğuna böyük töhfə verir. Belə ki, “Araz” ümumilikdə 12.000-dən artıq şəxsi işlə təmin edir ki, onlardan 9.000-dən çoxu mağazalar üzrə fəaliyyət göstərir".
1400-dən artıq filialı ilə ölkədə mağazalarının sayına görə 1-ci yerdə “Oba” marketlər şəbəkəsindən isə soğrumuza cavab olaraq bildirildi ki, şirkət 10.000-ə yaxın insanı işlə təmin edib. Üstəlik bu rəsəmlər “Veysəloğlu” Şirkətlər Qrupunda çalışanların yalnız bir qismidir. Ümumilikdə bu rəqəm 26.000-in üzərindədir.
Vergi şəffaflığı və dövlət büdcəsinə töhfə...
Şəbəkə marketləri qeyri-neft sektorunun böyük vergi ödəyicilərindəndir. Nağdsız ödənişlərin təşfiqi və elektron sistemlərin tətbiqi ilə şəffaflıq artır ki, bu da dövlət büdcəsinə ödənişlərin artmasına gətirib çıxarır. Misal üçün, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 2024-cü il üçün ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb və onlar arasında Veysəloğlu Şirkətlər Qrupuna aid olan biznes subyektləri "Araz Supermarketlər Şəbəkəsi" və "Oba Marketlər Şəbəkəsi” də yer alır. Ötən il dövlət büdcəsinə "Araz Supermarket" Məhdud Məsuliyyətli Cəmiyyəti 36,7 milyon manat, "Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyəti 23,5 milyon manat vergi ödəyib. Dövlət Vergi Xidməti tərəfindən açıqlanan 100 vergi ödəyicisinin təhlili həm də göstərir ki, "Araz Supermarket" və "Oba Market" pərakəndə sektoruna aid olan vergi ödəyicilərinin arasında müvafiq olaraq birinci və ikinci yerləri bölüşüb. Ümumilikdə, ərzaq sektoruna aid vergi ödəyən şirkətlər arasında isə Veysəloğlu Şirkətlər Qrupu 75,7 milyon manat vergi ödəməsi ilə birinci yerdə qərarlaşıb.

Yerli istehsalçılarla əməkdaşlıq, KOB-lara dəstək...
Şəbəkə marketləri yerli istehsalçılarla əməkdaşlıq sayəsində kiçik və orta biznesin inkişafını da tətikləmiş olur. Eyni zamanda kənd təsərrüfatı məhsullarının təchizatı sahəsində yerli fermerlərlə koordinasiyalı iş aparılır. Bu kiçik və orta sahibkarlar üçün ən əlverişli və ən sürətli bazara çıxış imkanı deməkdir. Lakin bəzi hallarda rəqabət üstünlüyü xarici məhsullara verilir və idxal daha sərfəli olur.
Bu sahədə xüsusən Fransa və İtaliya şəbəkə marketlərinin üstün təcrübəsi var ki, onlar milli və regional məhsullar üçün xüsusi rəflər ayırır, "yerli fermer" brendləri yaradır və bu məhsulların tanıdılmasını təşviq edirlər. Bəzən hətta marketlər birbaşa fermerlərə investisiya edirlər. Azərbaycanda isə, məsələn, “Araz Supermarket” regionlarda yerləşən kənd təsərrüfatı istehsalçıları ilə əməkdaşlıq edərək onların məhsullarını şəhərlərə çıxarır. Eyni zamanda bəzi digər şəbəkələr də yerli fermerlərlə birbaşa əməkdaşlıq edir ki, bu da vasitəçilərin azalmasına, məhsulun ucuz qiymətə satışa çıxarılmasına və fermerin daha çox qazanmasına səbəb olur.
Qeyd edək ki, Azərbaycanda şəbəkə marketlərinin inkişafı ilə ərzaq təhlükəsizliyi sahəsində irəliləyişlərə nail olunub. Qablaşdırma tələbləri, son istifadə tarixi və keyfiyyət sertifikatları əsas şərtlərdir. Bu tələblər yerli istehsalçıların istehsal texnologiyalarını və qablaşdırma üsullarını təkmilləşdirməsinə gətirib çıxarır, onların həm daxili, həm xarici bazarlarda rəqabət qabiliyyətini artırır. Geniş yayılmış filial şəbəkəsi olan, vahid idarəetmə sisteminə sahib bu supermarketlər məhsulların alınması, saxlanması, daşınması və müştəriyə çatdırılması proseslərinin planlanmasını mükəmməl şəkildə həyata keçirir ki, bunun da əsas üstünlüyü mərkəzləşdirilmiş anbar sisteminin olması, soyuq zəncir logistika texnologiyalarının tətbiqi, rəqəmsal tətbiqlər vasitəsilə məhsulların ehtiyaca görə sürətli və düzgün bölüşdürülməsidir. Sürətli logistika zənciri sayəsində məhsulun istehsaldan satışa qədərki yolu keyfiyyətli və təhlükəsiz şəkildə həyata keçirilmiş olur.
Ərzaq təhlükəsizliyi, anti-israf siyasəti...
Bu gün vaxtı keçmiş, son istifadə müddəti bitmiş məhsulların piştaxtalarda qalması pərakəndə satış sektorunun ən ciddi problemlərindən biridir. Şəbəkə marketlər bu problemi müəyyən qədər aradan qaldırmağa nail olub. Dünya təcrübəsində isə son istifadə müddəti bitmiş məhsullarla bağlı israfçılığın qarşısını alan xüsusi proqramlar var.
Bu mənada yerli supermarket şəbəkələrində ABŞ, Böyük Britaniya və Skandinaviya ölkələrində olduğu kimi anti-israf siyasətinin tətbiqi də yerinə düşərdi. Bu siyasət tələbin öyrənilməsi və proqnozlaşdırılmasını, məhsul alışının ona uyğunlaşdırılmasını, son istifadə tarixi yaxınlaşan yararlı məhsullara xüsusi endirim kampaniyalarının tətbiqini və ya artıq məhsulların xeyriyyə təşkilatlarına bağışlanmasını, istifadə oluna bilməyən qidaların isə kompostlaşdırılması və heyvan yeminə çevrilməsini əhatə edir. Məqsəd tullantıların həcminin azalması və 70-80 faizinin təkrar emalı yolu ilə qida israfının qarşısının alınması, ətraf mühitin qorunmasıdır ki, bu həm də sosial məsuliyyət baxımından əhəmiyyətlidir.
Hətta hüquqi mexanizmlər tətbiq olunarsa, bu məhsulların bağışlanması üçün vergi güzəştləri tətbiq oluna bilər.
Yeni texnologiyaların tətbiqi...
Hazırda ölkəmizdə şəbəkə marketləri üçün gözlənilən inkişaf istiqaməti rəqəmsal ticarətlə bağlıdır. Bu sahə yeni-yeni inkişaf edir. Virtual mağaza, onlayn satış və çatdırılma təcrübəsinin genişlənməsi təkcə marketlərin deyil, eyni zamanda əhalinin davranışlarından da asılı olaraq inkişaf edə bilər. Müsbət təcrübə kimi supermarketlərimizdə "loyalty" sistemlərinin tətbiqini göstərmək olar. Müştərilərə bonus kartlarının verilməsi, keşbek sistemləri şəbəkələr arası rəqabət fonunda müştərinin təkrar alış-verişini stimullaşdırmaq baxımından əlverişlidir. Dünyadakı son trendlərə, o cümlədən Cənubi Koreya və Yaponiya təcrübəsinə nəzər salsaq, burada süni intellekt və blokçeyn texnologiyalarının köməyi ilə müştəriyə tövsiyə mesajlarının göndərilməsi, onlayn satışda xüsusi təkliflərin hazırlanması təcrübəsindən geniş istifadə olunmasını görə bilərik. Bu cür fərdi yanaşma isə müştəri məmnuniyyətini artıran texnologiyalardan başlıcası hesab olunur.
Bütün bu deyilənləri nəzərə alsaq, ölkəmizdə qeyri-neft sektorunda iqtisadi inkişafın əsas lokomativi olan, cəmiyyətlə iqtisadiyyat arasındakı körpü rolunu oynayan şəbəkə marketlərinin inkişafı dövlətə və cəmiyyətə nə qədər faydalı olduğunu görə bilərik.
Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.
Nərgiz Liftiyeva,
Sitat.info

