Regional sabitlik çağırışları nə diktə edir?
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Fiziki təhdidlərə və ideoloji təxribatlara qarşı birgə mübarizə zərurəti
Son illərdə Cənubi Qafqazın və bütövlükdə daha geniş coğrafiyanın təhlükəsizlik mənzərəsi ciddi dəyişikliklərə məruz qalıb. Dünyanın müxtəlif bölgələrində davam edən müharibələr yalnız həmin ölkələrin sərhədləri daxilində qalmır, onların siyasi, iqtisadi və təhlükəsizlik nəticələri daha geniş ərazilərə yayılır. Məhz belə bir şəraitdə regional təhlükəsizlik məsələsi əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin sentyabrın 17-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər də bu reallığa diqqət çəkir.
Dövlətimizin başçısı ətrafımızda müharibələrin getdiyini, onların coğrafiyasının genişləndiyini və qarşılıqlı düşmənçiliyin açıq xarakter aldığını vurğuladı. Bu, təkcə ayrı-ayrı münaqişələrin nəticələrinin qiymətləndirilməsi deyil. Məsələyə daha geniş prizmadan yanaşdıqda görünür ki, təhlükəsizlik artıq yalnız sərhədlərin qorunması, hərbi imkanların artırılması və mümkün silahlı təhdidlərin qarşısının alınması ilə məhdudlaşmır. Müasir şəraitdə dövlətlərin sabitliyinə təsir göstərə biləcək amillər daha çoxşaxəli xarakter alır.
Müharibələr yaxınlaşan təhlükəyə çevrilir
Ölkəmizin yerləşdiyi coğrafi məkan bu baxımdan xüsusi həssaslıq tələb edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın həm şimal, həm də cənub qonşuları müharibə aparan ölkələrdir. Belə bir vəziyyətdə regional proseslərə yalnız kənardan müşahidə edilən hadisələr kimi yanaşmaq mümkün deyil. Yaxın coğrafiyada baş verən hər bir qarşıdurma təhlükəsizlik mühitinə, nəqliyyat əlaqələrinə, iqtisadi münasibətlərə və ümumilikdə sabitliyə təsir göstərə biləcək nəticələr yaradır. Üstəlik, müharibələrin uzanması və qarşıdurma xəttinin genişlənməsi yeni risklərin meydana çıxmasına səbəb olur. Bir bölgədə başlayan qarşıdurmanın siyasi və ideoloji təsirləri digər ərazilərə də keçə bilər. Bu baxımdan təhlükəsizlik məsələsinə yalnız konkret hadisənin baş verdiyi ərazi çərçivəsində baxılması kifayət etmir.
Yeri gəlmişkən, Azərbaycanın son illərdə irəli sürdüyü regional əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik yanaşmasının əhəmiyyəti də burada özünü göstərir. Dövlətlər arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması bölgədə mümkün təhdidlərin qarşısının alınmasına xidmət edən amillər sırasında dayanır. Bu çərçivədə TDT məkanında təhlükəsizlik məsələlərinin daha sıx müzakirə olunması da təsadüfi deyil. Təşkilata üzv və müşahidəçi ölkələri birləşdirən siyasi, iqtisadi və nəqliyyat əlaqələri genişləndikcə, onların təhlükəsizlik maraqlarının da bir-biri ilə daha sıx bağlandığı görünür. Belə şəraitdə hər bir ölkənin təhlükəsizliyi, müəyyən mənada, ümumi regional sabitliyin tərkib hissəsinə çevrilir.
Təhdidin görünməyən tərəfi
Prezident İlham Əliyevin çıxışında diqqətçəkən digər mühüm məqam təhlükəsizlik təhdidlərinin yalnız fiziki xarakter daşımaması ilə bağlıdır. Dövlətimizin başçısı ideoloji təxribatlara, o cümlədən uzaq mərkəzlərdən maliyyələşən media strukturları vasitəsilə həyata keçirilən təxribatlara qarşı birgə mübarizənin vacibliyini vurğuladı. Bu yanaşma müasir təhlükəsizlik anlayışının dəyişdiyini göstərən mühüm məqamlardan biridir. Çünki informasiya məkanı artıq dövlətlərin təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevrilib. Bir ölkənin daxilində ictimai rəyə təsir göstərmək, cəmiyyətdə parçalanma yaratmaq və müəyyən siyasi baxışları süni şəkildə önə çıxarmaq üçün informasiya vasitələrindən istifadə edilməsi təhlükəsizlik məsələsini yalnız hərbi müstəvidə nəzərdən keçirməyə imkan vermir. Burada əsas məsələ müxtəlif fikir və mövqelərin mövcudluğunun özü deyil. Söhbət kənardan maliyyələşdirilən və konkret məqsədlərə xidmət edən informasiya fəaliyyətinin dövlətlərin daxili sabitliyinə təsir göstərməsi ehtimalından gedir. Belə fəaliyyətin məqsədi ictimai müzakirəni genişləndirməkdən daha çox, cəmiyyətdə qarşıdurma yaratmaq və müəyyən yad narrativləri sistemli şəkildə yaymaq olduqda məsələ artıq informasiya təhlükəsizliyi müstəvisinə keçir.
Cənab Prezidentin vurğuladığı kimi, bu cür maliyyələşmə dövlət quruluşunun sarsıdılmasına, ictimai həmrəyliyin pozulmasına və yad narrativlərin aşılanmasına yönələ bilər. Deməli, təhlükəsizliyin qorunması yalnız sərhəddə və ya hərbi meydanda aparılan mübarizə ilə bitmir.
İdeoloji təxribat sərhəd tanımır
Müasir informasiya texnologiyaları bir ölkədə hazırlanan materialın qısa müddətdə başqa ölkələrdə geniş auditoriyaya çatdırılmasına imkan verir. Bu isə ideoloji təsirin coğrafiyasını xeyli genişləndirir. Əvvəllər müəyyən təsir imkanları üçün uzunmüddətli siyasi və təşkilati fəaliyyət tələb olunurdusa, indi informasiya vasitələri və rəqəmsal platformalar həmin təsirin daha sürətlə yayılmasına şərait yaradır. Belə vəziyyətdə dövlətlərin yalnız öz daxilində deyil, regional və beynəlxalq səviyyədə də əməkdaşlıq etməsi zərurəti meydana çıxır. Çünki ideoloji təxribatın mənbəyi bir ölkədə, hədəfi isə başqa ölkədə ola bilər. Maliyyələşdirmə ayrı mərkəzdən həyata keçirilə, informasiya başqa məkanda hazırlanaraq müxtəlif platformalar üzərindən yayıla bilər.
Bu səbəbdən Prezident İlham Əliyevin təhlükəsizlik üzrə rəhbər şəxslərlə görüşündə səsləndirdiyi birgə mübarizə çağırışı ayrıca əhəmiyyət daşıyır. Təhdidin xarakteri dəyişirsə, ona qarşı mübarizə üsulları da dəyişməlidir. Burada söhbət təkcə təhlükəsizlik strukturlarının fəaliyyətindən getmir. Dövlət institutlarının, informasiya resurslarının və bütövlükdə, cəmiyyətin informasiya savadlılığının artırılması da mühüm amildir. Digər tərəfdən, ictimai həmrəyliyin qorunması da təhlükəsizlik məsələsinin mühüm istiqamətlərindən biridir. Xarici təsirlərin nəticə verməsi üçün, ilk növbədə, cəmiyyət daxilində parçalanma və qarşıdurma mühiti yaranmalıdır. Buna görə də dövlətin dayanıqlılığı yalnız iqtisadi və hərbi imkanlarla ölçülmür.
Birgə təhlükəsizlik yanaşması
Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də dəyişən regional təhlükəsizlik mühitinə uyğun olaraq əməkdaşlıq imkanlarını genişləndirməkdir. Ətraf coğrafiyada müharibələrin davam etdiyi, qarşıdurmaların yeni istiqamətlər qazandığı bir vaxtda təhlükəsizlik məsələlərinin ayrı-ayrı dövlətlərin problemi kimi nəzərdən keçirilməsi getdikcə daha çətinləşir. Bu baxımdan TDT çərçivəsində təhlükəsizlik üzrə rəhbər şəxslərin bir araya gəlməsi xüsusi məna daşıyır. Burada məqsəd yalnız mövcud təhlükələri müzakirə etmək deyil, onların qarşısının alınması üçün koordinasiyanın gücləndirilməsidir. Məsələnin digər tərəfi isə ideoloji və informasiya təhdidlərinin də bu əməkdaşlığın gündəliyində yer almasıdır. Çünki fiziki təhlükə ilə ideoloji təhdid bir-birindən tamamilə ayrı hadisələr deyil. Bəzi hallarda informasiya və ideoloji təsir cəmiyyətdə sabitliyi zəiflətmək, dövlət institutlarına inamı sarsıtmaq və qarşıdurma yaratmaq üçün istifadə oluna bilər. Nəticə etibarilə, bugünkü təhlükəsizlik anlayışı daha geniş məzmun kəsb edir. Sərhədlərin qorunması qədər informasiya məkanının təhlükəsizliyi, ictimai həmrəyliyin möhkəmləndirilməsi və xarici təsirlərə qarşı dayanıqlılığın artırılması da dövlətlərin qarşısında duran vəzifələr sırasındadır.
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də məhz bu reallığa diqqət yönəldir: ətrafda müharibələrin getdiyi və qarşıdurmaların genişləndiyi şəraitdə regional təhlükəsizlik məsələlərinə kompleks yanaşmaq lazımdır. Təhlükənin mənbəyi bəzən sərhədin o tayında görünən hərbi qüvvə, bəzən isə informasiya məkanında yayılan ideoloji təsir ola bilər. Ona görə də təhlükəsizliyin təmin edilməsi həm fiziki, həm də ideoloji çağırışlara qarşı ardıcıl və birgə fəaliyyət tələb edir.
Səxavət HƏMİD
XQ
Baxış sayı:43
Bu xəbər 19 Sentyabr 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















