Regionların inkişafı üçün vacib təkliflər: Bu halda məktəbi bitirən gənclər Bakıya üz tutmayacaqlar
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Son illərdə ölkənin bir çox bölgələrində kənd təsərrüfatı sahəsində ciddi azalma müşahidə olunur. Xüsusilə dabaq kimi yoluxucu xəstəliklərin yayılmasından sonra təsərrüfatların böyük hissəsi fəaliyyətini ya tam dayandırdı, ya da minimum həddə endirdi. Nəticədə bir zamanlar mal-qaranın, əkin-biçinin bol olduğu kəndlərdə bu gün demək olar ki, təsərrüfatla məşğul olan insanlara az rast gəlinir. Torpaqlar əkilmədən qalır, tövlələr boşalır, təsərrüfat ənənələri zəifləyir.
Bəs regionların sosial-iqtisadi inkişafı, kənd təsərrüfatını dirçəltmək üçün hansı işləri görmək lazımdır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi ki, bu gün bir çox insanlar hələ də sovet psixologiyası ilə yaşayırlar. Onun sözlərinə görə, gənc orta məktəbi qurtarır, təhsil almadan asan iş axtarır və müraciət edir ki, kənddə ona iş verilsin:
"Kənddə isə iş torpaqdadır. O isə torpaqda işləmək istəmir. Bu, əlbəttə, təəssüf doğuran haldır. Çünki artıq kənddə əvvəlki kimi kolxoz təsərrüfatı yoxdur. Azad sahibkarlıqdır. Kəndçi torpağa bağlanmalıdır, əkib-becərməlidir, mal-qara saxlamalıdır, təsərrüfatı inkişaf etdirməli və özünü dolandırmalıdır. Müəllim kənddə müəllimlik edir. Müvafiq orqanlar var və həmin orqanlarda ixtisaslı adamlar işləyirlər. Zəhmətə qatlaşmayan kənd gənci isə şəhərə üz tutur. Əlbəttə, burada da o, öz həyatını lazımi şəkildə qura bilmir, çünki təhsili yoxdur və mütləq fəhləliyə gedir, orada-burada işləyir. Bu isə onu istədiyi kimi təmin etmir. O, şəhərin illüziyasına, həyatına, müəyyən yüksək mədəniyyətinə aldanıb şəhərə üz tutur. Ancaq bu gün kənddə gənclərin qalması və işləməsi üçün şərait var. Regionların sosial-iqtisadi inkişafının uğurla həyata keçirilməsi kəndlərimizi mədəniləşdirib. Yollar abadlıqla təmin olunub, işıq, qaz, su var. Sadəcə işləmək lazımdır. Bu gün kənd ağsaqqallarının əksəriyyəti gənclərin zəhmətə biganə olmasından gileylənirlər. Qoca ata təsərrüfatını əvvəlki kimi idarə edə bilmir. Malı var, torpaq sahəsi var, amma oğul şəhərə üz tutur. Torpaq əkilib-becərilmədən qalır, ailə müflisləşir. Ona görə də hər bir insan, hər bir gənc fikirləşməlidir ki, o, təhsil aldıqdan, orta məktəbi bitirdikdən sonra hansı sahədə işləyə bilər. Əgər yüksək təhsil almayıbsa, müəyyən ixtisas qazanmamışsa, mütləq kənddə qalıb təsərrüfatla məşğul olmalıdır. Çünki torpaq varsa, çörək də var. Torpaq varsa, həyat var. Su varsa, işıq varsa, yol varsa, şərait varsa, hər bir gənc kənddə öz həyatını mənalı şəkildə qura bilər".
Millət vəkilinin sözlərinə görə, sözsüz ki, müvafiq icra orqanları və bələdiyyələr bu sahədə köməklik göstərə bilərlər:
"Ancaq onlar gəncin əlindən tutub, kimisə aparıb çöldə işlədə bilməzlər. Çünki artıq azad sahibkarlıq dövrüdür. Hər kəs torpağının yiyəsi və sahibidir, orada nə əkib-becərəcəyini özü yaxşı bilir. Ona görə də insan öz məşğulluğunu hələ orta məktəbdən seçməli, sənətə yiyələnməlidir. Bu gün bizim kəndlərimizdə bacarıqlı traktorçular, kombaynçılar, çilingərlər, qaynaqçılar və digər peşə sahibləri demək olar ki, yoxdur. Yaxşı suvaqçı, yaxşı bənna, yaxşı bərbər çatışmır. Ancaq nədənsə gənclər bu peşələrə yiyələnməkdən qaçırlar. Sonra isə “kənddə iş yoxdur, kənddə şərait yoxdur” deyərək şəhərə üz tuturlar. Bu isə bir çox hallarda onların gələcək həyatına mənfi təsir göstərir. Çünki şəhərdə bir neçə il işlədikdən sonra artıq kəndə qayıtmaq çətinləşir, əli işə yatmır. Halbuki şəhərdə fəhləlik edirsə, onu kənddə də torpaqda işləməklə edə bilər və daha yüksək qazanc əldə edə bilər. Nədənsə bir çox gənclər bu məsələlərdə laqeydlik edirlər. Ona görə də bizim hər birimiz - icra orqanları, bələdiyyələr, qeyri-hökumət təşkilatları bu sahədə maarifləndirməyə, söhbətlərə üstünlük verməlidirlər. Orta məktəbdən gənclərə, uşaqlara əməksevərlik aşılanmalıdır. Onların bacarığı və peşəyönümü nəzərə alınmalıdır. Belə olan halda düşünürəm ki, orta məktəbi bitirən gənclər Bakıya bu qədər üz tutmazlar".
Məsələ ilə bağlı fikirlərini saytımızla bölüşən kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun sözlərinə görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin bir neçə komitə üzvləri qarşısında çıxış edərək deyib ki, kənddə heç də hamı kənd təsərrüfatı ilə məşğul olmalı deyil:
"Bilirsiniz də, bu yanaşma düzgün deyil. Nəyə görə? Bu, kənd təsərrüfatı nazirinə ümumiyyətlə yaraşmır. Kənd Təsərrüfatı Nazirliyi yalnız ərzaq təhlükəsizliyinin təminatı ilə yox, həm də kəndin inkişafı siyasəti ilə məşğul olmalıdır. Bu da o deməkdir ki, kənddə yaşayanların güzəranının yaxşılaşdırılması əsas prioritet olmalıdır. Hazırda kənd təsərrüfatında məşğulluqla bağlı ciddi problemlər var. Kənddə demək olar ki, 30 yaşından aşağı, xüsusən də 25 yaşından aşağı olanlardan elə bir şəxs qalmayıb ki, onun pay torpağı olmasın. Xatırlayırsınızsa, torpaq islahatı zamanı kənd əhalisinin hər birinə pay torpağı verilmişdi. Bu isə kənddə yaşayan insanların kənd təsərrüfatı məhsulu istehsal etməsi üçün real imkan yaradır. Bəs bu imkanlardan niyə istifadə olunmur?
Nazirin dediyinə görə, ailəyə orta hesabla 1,7 hektar torpaq düşür və bu sahə ailənin güzəranını təmin etmək üçün yetərli deyil. Lakin onun hesablaması ilə real vəziyyət arasında ciddi fərq var. Ölkədə 1 milyon 400 min hektar suvarılan əkin sahəsi mövcuddur və bu torpaqlarda ildə ən azı iki dəfə məhsul yetişdirmək mümkündür. Hətta istehsal olunan məhsulun emalı ilə də məşğul olmaq olar. Məsələn, Şəmkir rayonunun Sabirkənd kəndində əhalinin əsas məşğulluğu onlara pay torpağı kimi verilmiş sahələrdən ildə iki dəfə məhsul götürməkdir. Onlar əvvəlcə faraş toxum çıxarır, may ayında birinci məhsulu əldə edir, daha sonra kartof əkib noyabrın sonunda ikinci məhsulu yığırlar. Su təminatı, keyfiyyətli gübrə, toxum və pestisid mövcud olsa, məhsuldarlıq indikindən iki dəfə yüksək olar. Bu halda ailələrin illik gəliri 50 min manatdan çox ola bilər. Yəni imkan və potensial var, sadəcə bu potensialın reallaşması üçün şərait yoxdur".
Müsahibimiz qeyd etdi ki, bu şəraitin əsas tərkib hissələri suyun davamlı təminatı, keyfiyyətli toxum və gübrə ilə təminatdır:
"Bu gün gübrə xaricdən gətirilir, keyfiyyəti aşağı, qiyməti isə yüksəkdir. Bu isə məhsuldarlığın azalmasına və nəticədə kəndlilərin qazanc əldə etməməsinə gətirib çıxarır. Gəlir olmayanda insanlar şəhərə və ya xaricə üz tutmaq məcburiyyətində qalırlar. Nazirin “hamı kənd təsərrüfatı ilə məşğul olmamalıdır” fikri də yanlışdır. Əgər ölkədə yetərincə tərəvəz, meyvə və buğda istehsal edilsə, eyni zamanda texniki bitkilərin - çay, tütün, pambıq və digər məhsulların emalı genişləndirilsə, çoxsaylı iş yerləri açıla bilər. Azərbaycan həm xammal istehsal edə bilər, həm də bu məhsulların emalı ilə məşğul ola bilər. Sadəcə bu işləri düzgün təşkil etmək lazımdır. Azərbaycanın torpaq və iqlim potensialı İtaliya, İspaniya və Türkiyə ilə müqayisə ediləcək qədər güclüdür. Bu potensialı reallaşdırmaq üçün dövlətin, hökumətin, Kənd Təsərrüfatı Nazirliyinin və yerli icra orqanlarının üzərinə böyük vəzifə düşür. Təəssüf ki, bu sahəyə cavabdeh şəxslər çox vaxt bu işdən uzaq olduqları üçün nə etməli olduqlarını bilmirlər. Şərait olmadığına görə kənd təsərrüfatı ilə məşğul olmaq çətinləşir. Azərbaycanda ətin kiloqramı 20 manatdan yuxarıdır. Niyə bizim kəndlilər heyvandarlıqla, ət istehsalı və kökəltmə ilə məşğul olmasınlar? Südün qiyməti qonşu ölkələrlə müqayisədə xeyli yüksəkdir. Hətta Belarusdan gətirilən süd yerli süddən daha ucuz satılır. Bunun səbəbi orada yüksək məhsuldarlıq və yem istehsalının yaxşı qurulmasıdır. Azərbaycanda isə bu sahədə problemlər var və məsələ getdikcə daha da dərinləşir".
Nuriyyə NATİQQIZI
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda dərc olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 25 Noyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















