Rəhman Rəhmanov: 40 il toylara getdim, oğlum öləndən sonra getməmişəm Müsahibə
Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kulis.az Azərbaycan Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Rəhman Rəhmanovla ilə müsahibəni təqdim edir.
- Rəhman bəy, sizi əvvəllər, az qala, hər gün efirlərdə görürdük. İndi isə sanki az-az çıxırsınız.
- Televiziyalarda indi bədii proqramlar yox dərəcəsindədir. Sosial məzmunlu verilişlərə çağırırlar. Əvvəllər çox gedirdim. İndi isə birinə gedirəm. Onda da mənə sağlamlığımla bağlı çox kömək etdiklərinə görə iştirak edirəm. O verilişdə həkimlər oturur. Onlar daima mənim qayğıma qalırlar. Verilişə sponsor olan xəstəxanalara gedirəm, məni müalicə edirlər. Ona görə də mən o verilişlərə gedirəm. Ancaq bədii proqramlar olsa, əlbəttə, gedərəm. Əvvəllər satirik, yumoristik proqramlar, hekayə axşamları olardı. Bizim işimiz budur. Sosial verilişlərə isə ehtiyacıma görə gedirəm. Əvvəllər daha çoxunda iştirak edirdim, indi yaş öz işini görür. Bəzi verilişlərdə el qınağına tuş gəlirik. Deyirlər ki, sənin nəyin çatmır ki, gedirsən? Ona görə də ancaq birinə gedirəm.

- İllərdir ki, Kukla Teatrındasınız. Belə rəngarəng, uşaqların sevimlisinə çevrilmiş aktyorun uşaqlığı necə keçib?
- Mən evin tək uşağı olmuşam. Atam-anam bir yerdə yaşamadığına görə, məni nənəm böyüdüb. Nənəm də təhsilsiz qadın olub. Qadın məclislərinə mollalığa gedirdi. Mən də onun yanında böyümüşəm. Yas yerlərinə, təziyələrə özü ilə aparıb. Yeddi yaşım oldu, məktəbə getməli idim. Nənəm fikirləşdi ki, məktəbdən gələndən sonra bu uşağı kim hazırlaşdıracaq? Ona görə də məni incəsənət gimnaziyasına qoydu. Mən elə ilk vaxtlardan həvəskar teatrlarla, xorla maraqlanmağa başladım.
- Bəs Kukla Teatrına sizi kim gətirdi?
- Bir gün Kukla Teatrının kollektivi bizim gimnaziyaya səyyar tamaşa gətirdi. Onda mən 4-cü sinifdə oxuyurdum. O tamaşaya baxanda sonra mənim üçün yeni dünya açıldı. Kukla Teatrına vuruldum.
8-ci sinifdə oxuyurdum. O vaxt 26-lar Mədəniyyət Sarayında Xalq Teatrı fəaliyyət göstərirdi. Lütfi Məmmədbəyov rəhbərlik edirdi. Bir gün təsadüfən qabağıma bir elan çıxdı. Yazılmışdı ki, həvəskar aktyorlar axtarılır. Beləcə, o teatra gəldim. Məndə nəsə gördülər, başladılar fərqli rollar verməyə. Onda mənim 13-14 yaşım var idi. İl yarım orada müxtəlif rollar oynadım. Bir gün Lütfi müəllim mənə dedi ki, sən yaxşı aktyorsan, gəl, səni Akademik Milli Dram Teatrının yardımçı heyətinə düzəldim. Sən həm professional səhnəni, həm də peşəkar aktyorları gör, onların tamaşalarına bax. 15 yaşımdan orada işə başladım. Hər tamaşama 1 manat 30 qəpik verilirdi, ayda 40 manata yaxın pul eləyirdi. 15 yaşlı yeniyetmə üçün yaxşı pul idi. İçmirdim, çəkmirdim, o pul ancaq avtobusa gedirdi.
16 yaşımda bir gün bir rejissor teatrda mənə dedi ki, Rəhman, mən Kukla Teatrının rejissoruyam, bəlkə, səni də ora düzəldim. Mən də 1974-cü il iyunun 1-də teatra gəldim. Həm yer, həm də təhsilim olmadığına görə fəhlə kimi başladım. İl yarım fəhlə işlədim. O müddətdə mənə sınaq rolları verirdilər. Gördülər alınır, aktyor ştatına götürdülər. O gündən bu günə 51 ildir ki, buradayam.

- İlk rolunuz hansı olub?
- İlk rolum Anarın "Qaravəlli" əsəri əsasında hazırlanmış eyniadlı tamaşada Balaqədeş rolu olub. Mən məhz o tamaşadan sonra kukla aktyoru kimi tanınmışam. O tamaşa bütün ölkəyə səs salmışdı. Bu gün də bəzən deyirlər ki, hanı sənin Balaqədeşin?
- Azərbaycanda teatrdan gələn qazancla yaşamaq, ailə saxlamaq çox çətindir. Nə vaxtsa peşman olmusunuz?
- Heç vaxt! Mənim teatr sarıdan bəxtim gətirib. Rəhmətlik Həsən Turabov, Əliabbas Qədirov Milli Dram Teatrının direktoru olanda məni dəvət eləyiblər, getməmişəm. Hacıbaba Bağırov, Səyavuş Aslan Musiqili Komediya Teatrının direktoru olanda dəvət etdilər, yenə getmədim. Mən həmişə bu teatra sadiq olmuşam. Bu gün də sadiqəm. Yəqin ki, elə bura ilə də kariyeramı bitirəcəyəm.

- Vaxtilə Çingiz Əhmədovla proqramlarınız dillər əzbəri idi. Onunla necə tanış olmusunuz?
- O vaxtlar AzTV-də əyləncəli proqramlar yayımlanırdı. Kiçik rollar da olsa, oynayırdım. Məhərrəm Bədirzadə bir səhnəcikdə mənə Atobba adlı bir rol verdi. Çingizə də başqa rol verilmişdi. O səhnəcik tutdu. Sonra onu serial şəklində çəkdik. Ondan sonra biz ailəvi dost olduq. Bu gün artıq 48 ildir ki, dostuq. Ondan sonra bizim öz proyektlərimiz oldu. "Ordan-burdan" veriişi var idi. Ancaq ikimiz oynayırdıq. O veriliş 10 il yayımlandı.
- Bəs necə oldu dayandı?
- Oğlum İlham 2004-cü ildə rəhmətə getdi. Mən də Çingizə dedim ki, daha belə rollar oynaya bilmərəm. O da saxladı, davam eləmədi. Mənim yerimə başqa aktyor götürüb davam eləyə bilərdilər, ancaq eləmədilər. Beləcə veriliş bağlandı. O veriliş o qədər populyar idi ki, biz hətta Heydər Əliyev adına Sarayda konsert də vermişdik.
- Biz daha çox Emili tanıyırıq. Ancaq sizin digər oğlunuz İlham da müğənni olub. Siz hətta bir dəfə demişdiniz ki, İlham Emildən də böyük sənətçi idi. Bəs o, necə rəhmətə getdi?
- Emil həvəskar kimi başlayıb, amma İlham "Bənövşə" uşaq xorunun üzvü idi. Lentləri indiyə qədər qalır. Çox istedadlı idi.
Təsadüfən rəhmətə getdi. Evləri təzə tikilmişdi, məhəccər qoyulmamışdı. İkinci mərtəbədən yıxılmışdı. Oradan yıxılan adamın qolu-qabırğası sınar, amma ölməz. Sadəcə, tikinti yeri idi. Yerdəki bir qənbər daşı başına girmişdi. Ondan rəhmətə getdi. Şahdamar kəsilmişdi deyə heç cür saxlaya bilmədilər.

- Xəbəri necə aldınız?
- Mən elə burada - teatrda idim. Xəbər verdilər ki, xəstəxanaya aparılıb. Tələm-tələsik getdim. Nə qədər can yandırdılar, olmadı. Mənə dedilər ki, yaşamayacaq. Daş şahdamarı kəsib, ora heç bir alət girmir ki, tikək.
Evli idi, amma övladları yox idi. Təzə evlənmişdi.
- Emil necə uşaq idi?
- Bir az nadinc idi, ancaq ürəyi təmiz idi. Ərköyünlüyü var idi.
- Oxumağa uşaqlıqdan başlamışdı?
- Bəli. Mən elə bilirdim elə-belə oxuyur. Bir gün məni bir toya çağırdılar. Orada yaxşı bir müğənni var idii. Elə onunla söhbətləşdirdim ki, Emil gəldi. Dedim, sən neyləyirsən burada? Musiqiçilər dedi ki, Emil buranın müğənnisidir. Elə orada xeyir-dua verdim. Bizdə nəsillikcə səsi olan olmayıb. Ancaq övladlarımda olub.
- İlk problemlər nə vaxt yaranmağa başladı?
- Əsgərliyə getdi, gəldi. Normal idi. Musiqi aləminə girdi, orada da nə desəniz, olur. İçdiyi çayın içinə atdılar. Bilmirəm. O aləmdə hər şey olur. Harada yaxşı musiqiçi var, aradan götürürlər ki, özlərinə yer olsun.

- Narkotikdən istifadə elədiyini ilk dəfə necə hiss elədiniz?
- Əvvəllər heç nə hiss eləmirdim. Evli idi. Bizdən ayrı yaşayırdı. Bir oğlu, bir qızı var idi. Heç vaxt mənim yanımda istifadə eləməyib. Özünü elə aparıb ki, hiss eləməmişəm. Verilişlərə bir yerdə gedirdik. Araq içirdi, sərxoş olurdu, ancaq narkotik istifadə elədiyini görməmişəm. Axıra yaxın hiss elədim. Özü reabilitasiyaya gedirdi. O reabilitasiyadan sonra öldü. Sən demə, ona olmazmış. Qanı laxtalandı, gecə ilə Kliniki Tibbi Mərkəzə, oraya qəbul eləmədiklərinə görə "Topçubaşov"a apardılar. Orada reanimasiyaya qoyduq. Həkim səhər 9-da gəldi. Dedilər ki, heç nə eləyə bilmirik, iki saat sonra öləcək. Trombu tərpədə bilmirdilər. Elə də oldu. İki saat sonra vəfat etdi.
- İkinci dəfə bu xəbəri almaq dəhşətlidir...
- Təsəvvür eləyin ki, mən nə vəziyyətə düşdüm. Çox ağırdır, çox. Belə şeylər heç vaxt yaddan çıxmır, çıxa bilməz.
- Ən çox hansı mahnısına qulaq asırsınız?
- Bütün ifalarına. Hər gün qulaq asıram. Telefonumun zəngi də onun mahnısıdır. Bu gün əsas da sosial şəbəkələrdə çox məşhurdur. Hamı ona qulaq asır. Məndən də çox tanınır.

- Ata-oğul münasibətləriniz necə idi?
- Biz ata-oğul olmamışıq, dost olmuşuq. Sözümüz-sirrimiz bir olub. Kənardan qapalı görünürdü, ancaq mənə hər sözünü deyirdi. Elə ən yaxın ürək dostu mən idi. Toyları yaxşı olanda mənə də kömək eləyirdi, əlimdə tuturdu. Ölməmişdən qabaq dedi ki əlimdə yaxşı pul var. Gedək, mənim üçün bağ sahəsi al, orada ev tikim. Birinci mərtəbəsində siz qalın, ikincisində biz. Qışda şəhərdə, yayda orada qalaq. Qismət...
- Vaxtilə sənət aləmındən ətrafında çox adam var idi. Bəs indi, maraqlanırlarmı ailəsi, uşaqları ilə?
- Sənətdən dünyasından gəlib-gedən yoxdur, ancaq kənar sahələrdən yaxşı dostları var. Gəlib yada salırlar. Dəfndə sənət adamalrından çox adam var idi, ancaq müəllimi Teymur Əmrah gəlməmişdi. Görüşüb başsağlığı verdi. Dedi ki, Gəncədə olmuşam. O mənim xətrimi çox istəyir.
- Nəvələrinizlə görüşürsünüz?
- Əlbəttə. Oğlu muğam məktəbinə gedir. Estrada ilə də məşğuldur. Deyirlər ki, guya mənə onları göstərmirlər, amma ağ yalandır. Əli ilə də, Zəhra ilə də mütəmadi görüşürəm. Onlardan çox razıyam.

- Emillə bağlı hansısa peşmanlığınız var?
- Əlbəttə. Daha çox üstün düşə bilərdim. Ancaq onda uşaqlıqdan belə problem yox idi. Məşhurlaşandan sonra problemlər başladı. Tanınırdı deyə çox müzakirə olunurdu. Haqqında çox şayiələr yayılırdı.
- Digər övladlarınızla münasibətiniz necədir?
- Çox yaxşı. Böyük oğlum əlildir, pensiya alır. Bəzən yazır ki, pul lazımdır, mən də verirəm.
- Ayağınızda, gözünüzdə problemlər var idi. İndi özünüzü necə hiss edirsiniz?
- Yaxşı idim. Emildən sonra çox pis oldum. Gecə yata bilmirəm. Emil yuxumu əlimdən alıb. Hardasa mahnısını, səsini eşidəndə saxlayıram, qulaq asa bilmirəm. Dözmürəm. Hövsələm çatmır.

- Hazırda teatrda fəaliyyətniz necədir?
- Çox yaxşı. Mənə yeni rol veriblər. Uşaqlarla işləmək çox gözəldir. Bəzən 200 uşaq olur, hamısı dinməzcə tamaşaya baxır. Elə olur ki, uşaqlar özləri o tamaşanın personajları olurlar, özlərindən asılı olmayaraq səhnəyə qalxırlar.
- Aktyorların çoxu toylara gedirlər. Siz də gedirsiniz?
- 40 il toylara getmişəm. Ta 22 yaşımdan. Oğlum öləndən sonra hər şeyi saxladım, bir teatr qaldı.
- Yaş artıqca işlər ağır gəlmir.
- Yox, qətiyyən! Təki tamaşalar olsun. Tamaşaçılar deyir ki, sən bizim uşaqlığımızın aktyorusan.
- Arzusunda olduğunuz bir rol varmı?
- "Doktor Aybolit". Teatr nəhayət, səsimi eşidib. Onu hazırlayacağıq.
Vildan Ataseven yeni seriala çəkiləcək Rejissoru məhkəməyə verdi - Səbəb “Qızılgülün sirri” sərgisi açılıb

