Icma.az
close
up
RU
Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı?

2026-cı ildə Adam Smitin iqtisadi elmin əsasını qoyan məşhur “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” əsərinin nəşrindən 250 il ötür.
İki əsr yarım əvvəl Smit ölkələrin necə varlandığını izah etməyə çalışırdı. Onun əsas fikirləri sadə idi: sərvətin mənbəyi yalnız qızıl və ya pul ehtiyatı deyil. Əsas məsələ cəmiyyətin nə qədər məhsuldar işləməsi, əmək bölgüsünün necə qurulması, kapitalın necə istifadə olunması və bazarın nə qədər səmərəli fəaliyyət göstərməsidir.
Bu prinsiplər bu gün də qüvvədədir. Lakin rəqəmsal iqtisadiyyat onların işləmə formasını ciddi şəkildə dəyişdirib. Ənənəvi iqtisadiyyatda istehsalın əsas amilləri əmək, torpaq və kapital hesab edilirdi. Müasir iqtisadiyyatda isə bu üç amildən heç biri artıq təmiz formada fəaliyyət göstərmir. Bu gün həm rəqəmsal, həm də ənənəvi biznes məlumat, texnologiya və infrastruktur olmadan rəqabətqabiliyyətli ola bilmir.
1-ci iddia: əmək bölgüsündən imkanlara çıxış bölgüsünə keçid baş verir?
A.Smit məhsuldarlığın artmasını ilk növbədə əmək bölgüsü ilə izah edirdi. Onun məşhur sancaq fabriki nümunəsində bir işçinin bütün işi təkbaşına görməsi əvəzinə, istehsal prosesi müxtəlif əməliyyatlara bölünürdü. Hər kəs ona aid olan bir işi daha yaxşı və daha sürətli yerinə yetirdikcə ümumi məhsuldarlıq artırdı.
Rəqəmsal iqtisadiyyatda isə bu mexanizm yeni mərhələyə keçib. İnsanların əvvəllər özləri yerinə yetirdiyi bir çox informasiya və qərarvermə əməliyyatları indi alqoritmlərə ötürülür. Taksi platforması sürücü ilə sərnişini, marketpleys alıcı ilə satıcını, sosial şəbəkə isə istifadəçi ilə reklamverəni avtomatik şəkildə birləşdirir.
Burada əsas sual artıq yalnız - kim hansı işi görür?- deyil. Eyni dərəcədə vacib sual: Kim hansı bazara, məlumata, müştəriyə və rəqəmsal infrastruktura çıxış əldə edir? Başqa sözlə, klassik əmək bölgüsünün yanına yeni termin olan İmkanlara çıxışın bölgüsü gəlir.
Müasir iqtisadiyyatda kiçik bir sahibkarın böyük bazara çıxması üçün mütləq yüzlərlə mağaza açmasına ehtiyac yoxdur. Bir platformaya qoşulmaqla milyonlarla potensial müştəriyə çata bilər. Bu, bazara giriş xərclərini azaldır. Lakin burada yeni asılılıq da yaranır: bazara çıxışı təmin edən platformanın qaydalarını kim müəyyən edir?
2-ci iddia: məlumat (Data) yeni kapitaldırmı?
Sənaye iqtisadiyyatında kapital deyəndə ilk növbədə zavod, avadanlıq, maşın və maliyyə resursları nəzərdə tutulurdu. Rəqəmsal iqtisadiyyatda isə məlumat xüsusi iqtisadi kapitala çevrilib.
Məlumatın adi fiziki kapitaldan mühüm fərqi var. Bir maşını eyni vaxtda iki zavodda istifadə etmək mümkün deyil. Amma eyni məlumat bazasından çoxsaylı istifadəçilər və alqoritmlər eyni anda və dəfələrlə yararlana bilərlər.
Üstəlik, məlumat istifadə olunduqca mütləq azalmaq məcburiyyətində olmur. Əksinə, bəzi hallarda daha çox məlumatın toplanması alqoritmləri yaxşılaşdırır, daha çox istifadəçi cəlb edir və şəbəkə effekti yaradır.
Ancaq məlumat öz-özlüyündə kapital deyil. İstifadə edilməyən məlumat sadəcə məlumatdır. Onun iqtisadi dəyər yaratması üçün mütəxəssislər, emal texnologiyası, hesablama gücü, alqoritmlər və həmin məlumata çıxışı təmin edən infrastruktur lazımdır.
Deməli, müasir iqtisadiyyatda sərvət təkcə resursa sahib olmaqdan yaranmır. Əsas məsələ həmin resursu emal etmək, əlaqələndirmək və iqtisadi dövriyyəyə daxil etmək qabiliyyətidir.
3-cü iddia: torpaq anlayışı da dəyişir?
Klassik iqtisadiyyatda torpaq məhdud fiziki resurs idi. Onun dəyəri yerləşdiyi yerdən, məhsuldarlığından və ona çıxış imkanından asılı idi.
Rəqəmsal dünyada fiziki torpaq yox olmayıb. Əksinə, data mərkəzləri, enerji infrastrukturu, fiber-optik şəbəkələr və logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır. Onlar torpağın üzərində yerləşir.
Amma bununla yanaşı, yeni bir iqtisadi məkan da yaranıb. Rəqəmsal platformalar, bulud infrastrukturu, əməliyyat sistemləri və böyük ekosistemlər müəyyən mənada yeni iqtisadi əraziyə çevrilir. Bu ərazidə fəaliyyət göstərmək üçün isə onlara çıxış lazımdır.
Əvvəllər yaxşı ticarət nöqtəsinə sahib olmaq üstünlük idisə, bu gün axtarış nəticələrində görünmək, böyük platformada iştirak etmək və ya vacib rəqəmsal infrastruktura çıxış əldə etmək eyni dərəcədə mühümdür. Bunun üçün sahubkarlar milyardlarla vəsait xərcləyir.
Beləliklə, iqtisadi gücün bir hissəsi fiziki aktivlərdən rəqəmsal infrastruktura və onlara çıxışa nəzarət edənlərə keçir.
4-cü iddia: rəqəmsal platforma sadəcə şirkət deyil, özü bir bazardır?
Adam Smit bazarın milyonlarla insanın ayrıca qərarlarını qiymətlər vasitəsilə əlaqələndirdiyini göstərirdi. Rəqəmsal platformalar bu əlaqələndirməni daha da irəli aparıb.
Platforma:
– kimin bazara daxil ola biləcəyini müəyyən edir;
– alıcı ilə satıcını birləşdirir;
– ödənişi təşkil edir;
– reputasiya və reytinq sistemi yaradır;
– tövsiyələr verir;
– görünürlüyü müəyyən edir;
– bəzi hallarda qiymət formalaşmasına da təsir göstərir.
Yəni bazarın qaydaları artıq yalnız qanun və müqavilələrlə deyil, həm də alqoritmik kodla müəyyən edilir. Bu, iqtisadiyyatda mühüm dəyişiklikdir.
Klassik iqtisadiyyat daha çox istehsalın məhsuldarlığını araşdırırdı: necə daha çox məhsul istehsal etmək olar? Platforma iqtisadiyyatı isə başqa bir mənbəni ön plana çıxarır: mübadilənin məhsuldarlığı. Alıcı ilə satıcının bir-birini daha tez tapması, etimad probleminin reytinqlərlə azalması, ödəniş və logistikanın avtomatlaşdırılması böyük iqtisadi dəyər yaradır. Deməli, sərvət yalnız istehsaldan yox, həm də əlaqələndirmədən və koordinasiyadan yaranır.
5-ci iddia: yeni iqtisadi güc - alqoritmik rentadır?
Burada əsas suallardan biri meydana çıxır. Əgər bir platforma milyonlarla insanın məlumatını toplayır, həmin məlumatlarla alqoritmlərini təkmilləşdirir və bunun hesabına daha güclü bazar mövqeyi qazanırsa, yaradılan əlavə gəlir kimə məxsus olmalıdır?
Yeni iqtisadiyyatda ən maraqlı anlayışlarından biri alqoritmik rentadır. Bu, məlumatlara, alqoritmlərə və rəqəmsal infrastruktura nəzarət nəticəsində əldə edilən iqtisadi üstünlük və gəlirdir.
Problem ondadır ki, məlumatın yaranmasında milyonlarla istifadəçi iştirak edə bilər, lakin onun iqtisadi dəyərinin böyük hissəsi həmin məlumatı toplayan və emal edən platformanın əlində cəmləşir.
Buna görə rəqəmsal dövrün əsas iqtisadi suallarından biri artıq yalnız belə deyil: Kapital kimə məxsusdur? Yeni sual budur: Məlumat kimə məxsusdur, alqoritmə kim nəzarət edir və yaranan iqtisadi renta necə bölüşdürülür?
Bütün bu dəyişikliklər Adam Smitin nəzəriyyəsinin artıq işləmədiyini göstərmir. Əksinə, onun əsas ideyaları hələ də aktualdır. Məhsuldarlıq yenə də sərvətin əsas mənbələrindən biridir. Rəqabət yenə də vacibdir. İxtisaslaşma və mübadilə yenə də iqtisadi inkişaf yaradır. Sadəcə bu mexanizmlərin işlədiyi mühit dəyişib. Əvvəllər iqtisadi üstünlüyün əsas sualı daha çox “necə istehsal etmək?” idisə, rəqəmsal iqtisadiyyatda buna başqa bir sual əlavə olunur: Necə birləşdirmək?
İnsanları, şirkətləri, məlumatları, texnologiyaları və bazarları daha səmərəli birləşdirənlər böyük iqtisadi dəyər yaradır. Ancaq məhz burada yeni monopoliyaların yaranması təhlükəsi də mövcuddur. Çünki bazarı təşkil edən platforma eyni zamanda həmin bazarın ən güclü iştirakçısına çevrilə bilər.
Rəqəmsal iqtisadiyyatın gələcəyi buna görə təkcə texnologiyadan asılı olmayacaq. Əsas məsələ institutlar, rəqabət, məlumat üzərində hüquqlar və yaradılan dəyərin necə bölüşdürülməsi olacaq.
Adam Smitin 250 il əvvəl qoyduğu əsas sual “Xalqlar niyə varlanır?” idi. Bu gün həmin sual yeni formada səslənir: Məlumatın, alqoritmlərin və platformaların yaratdığı sərvət kimə çatacaq? Rəqəmsal iqtisadiyyatın ümumi rifaha xidmət edib-etməyəcəyini məhz bu sualın cavabı müəyyən edəcək.
Beləliklə, ümumiləşdirsək:
- rəqəmsal iqtisadiyyat “tamamilə yeni iqtisadiyyat” deyil
- köhnə iqtisadi qanunlar yox olmur; istehsal amillərinin forması və onların bir-biri ilə əlaqəsi dəyişir.
- əmək, torpaq və kapital üçlüyü məlumat, texnologiya və infrastrukturla genişlənir
- əmək bölgüsündən çıxış bölgüsünə keçid baş verir.
- əlaqələndirmə ayrıca istehsal amilinə çevrilir.
- Yeni iqtisadiyyatın düsturu: Sərvət = resurslar + texnologiya + məlumat + əlaqələndirmə qabiliyyəti
- dövlətin rolu innovasiyanı qoruyaraq bazara girişin açıq, rəqabətin real və məlumat üzərində hüquqların ədalətli olmasını təmin etməkdir.
XXI əsrdə bərabərsizliyin bir hissəsi artıq yalnız kapitala sahib olub-olmamaqla müəyyənləşmir. Keyfiyyətli məlumatlara, hesablama gücünə, süni intellektə, qlobal platformalara və rəqəmsal bazarlara çıxış imkanları da iqtisadi üstünlüyün əsas mənbəyinə çevrilir.
Bu, ölkələr üçün də keçərlidir. Gələcəkdə ölkələr arasında fərq yalnız neft, qaz, enerji, torpaq və ya ucuz əmək qüvvəsi ilə müəyyən edilməyəcək. Əsas fərqlər bunlar olacaq: kim daha çox və keyfiyyətli məlumat yaradır, kim onu emal edə bilir, kim texnologiya qurur və kim qlobal rəqəmsal infrastruktura nəzarət edir. Bu baxımdan Azərbaycanda aparılan rəqəmsal islahatlar təqdirəlayiqdir.
Müasir dövrdə iqtisadiyyatın rəqəmsallaşdırılması artıq kifayət deyil. Ölkə rəqəmsal iqtisadiyyatda sadəcə xarici platformaların istifadəçisi deyil, öz məlumat infrastrukturu, hesablama gücü, süni intellekt kompetensiyaları, rəqəmsal platformaları və regional texnoloji ekosistemləri formalaşdırmaq vacibdir. Çünki XXI əsrdə iqtisadi suverenlik yalnız nəyə sahib olduğumuzladeyil, getdikcə daha çox nəyi idarə edə, emal edə və birləşdirə bildiyimizləölçüləcək.
Bu baxımdan Azərbaycanın atdığı addımlar gələcək İqtisadi suverenliyimizin möhkəmlənməsinə yönəlib, Bir tərəfdən regional bağlantıların güclənməsi, Orta Dəhlizin rəqəmsallaşdırılması, digər tərəfdən ölkədə innovasiyaların, süni intellektin və rəqəmsal insfrastrukturun inkişafı üçün dövlət siyasətinin gücləndirilməsi ölkəmizin gələcəyin iqtisadi reallıqlarına daha yaxşı hazırlaşmasına imkan verəcəkdir.

Tahir Mirkişili
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Avqust 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri