Icma.az
close
up
RU
Rəqqasə Əzizə Cəfərzadənin hekayəsi

Rəqqasə Əzizə Cəfərzadənin hekayəsi

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün yazıçı, ədəbiyyatşünas Əziz Cəfərzadənin doğum günüdür.

Kulis.az bu münasibətlə onun "Rəqqasə" hekayəsini təqdim edir.

Aldığı son məktubda nələr yazılmışdı!.. Nələr yazılmışdı?!. O sözlər, o sətirlər hələ iki il, iki uzun il keçməsinə baxmayaraq, bir an unudulmuşdumu? Əsla! Hər bir həssas ürək o kəlmələrin mənasını, onun dərin izlər qalmış məsum üzündən oxuya bilməzdimi? “...Mən bu sətirləri, günəş havada bir alov kimi yüksələndə, hər qaranlıq kol dibinə birər zərrin nur saçanda başladım, qızım! Demək, hər bir səhər, ömrümüzə — igidlərin qəhrəmanlıq kitabına daha bir səhifə yazır...” O şəfqətli bir qadın, sevən bir ana əlilə yazılmış sətirlərdə daha nələr yox idi?! Zərfin içərisində atasının son məktubu da vardı. Atasının əlilə yazılmış o kağız, məktub deyildi, ölən bir qəhrəmanın vəsiyyəti idi. Son sözlərində belə dərsindən, taleyindən nigaran qaldığı qızını, anaya tapşırırdı. Odur ki, ana da bu qiymətli yadigarı ona göndərmiş, “qoru, saxla” — demişdi. O zaman gənc qız bu sözlərin mənasını anlamamış, fərqinə varmamışdı. Lakin indi, artıq nə ata, nə də o əbədi qanlı yadigarı yollayan ana həyatda yox ikən Qüdsiyyə onların mənasını anlamış, daha doğrusu, duymuşdu...

Məktəb Qüdsiyyənin haqqında böyük ümiddə idi. Gənc qız, rəqs təlimlərini hələ körpəlikdən incəliklərinə qədər öyrənmiş, sevmişdi. Müəllim və həkim ailəsindən çıxmasına baxmayaraq, onda bu sənətə qarşı sonsuz bir həvəs vardı. Böyük müvəffəqiyyət qazanacağı şübhəsiz idi. Hələ onun bədən quruluşu da buna ən böyük bir rəhn idi; o zərif, deyiləcək qədər incə, mütənasib bədən; boy-buxun, o xırdaca əl-ayaqlar sanki tam səhnə üçün, rəqs üçün yaranmışdı. Hələ üzü... bu bir sıra rəqqasələrin yapma təbəssüm donan mənasız üzü deyildi. Qüdsiyyənin dalğalı; sıx, xurmayı saçları, nazik, çatma qaşları, ay kimi dolğun-haləli qubarsız üzü, iri, qara, ipək kimi yumşaq, fəzanın dərinliklərində yanan ulduzlar kimi parlaq gözləri, düzgün biçimli xırda burnu, yuvarlaq çənəsi, məsum, xəfif təbəssüm gizlənən nazik dodaqları və nəhayət antik heykəllərdəki kimi uca və yaraşıqlı boyu, kimi heyran qoymurdu?! Rəqs təlimləri zamanı qoca müəlliməsi onun ilahi deyiləcək qədər lətif və səmimi təbəssümünü heyran-heyran süzər, bəzən də verəcəyi təlimi unudaraq, qocaman sənətkar xəyala dalardı. Xısın-xısın, öz-özünə pıçıldardı: “Məndən də qıvraq və gözəl oynayır, zahiri...” Belə anlarda, müəllimə dərsi yaddan çıxararaq əlini xəfif bir hərəkətlə Qüdsiyyənin saçına çəkər, gözləri yaşarmış halda alnından öpərdi: “Sənin böyük gələcəyin var, əzizim!” deyərdi.

Bəzən də o, bir anlığa öz gəncliyini, qazandığı müvəffəqiyyətləri düşünər, sanki onu dəfələrlə səhnəyə çağıran gurultulu alqışları eşidər, “Görəsən o alqışlardan bunun payına nə qədər düşəcəkdir?” deyə öz-özündən soruşardı. Odur ki, Qüdsiyyənin qərarı məktəbi təəccübə gətirdi. Müdir və müəllimlər çaşıb qaldılar. Onlar, azəri səhnəsinə, belə gələcəyi parlaq və istedadlı bir rəqqasə verəcəklərindən irəlicədən nə qədər sevinmişdilər. Lakin son buraxılış imtahanları bitincə, tələbələrin teatrlar arasında bölgüsü başlayınca, birdən-birə Qüdsiyyə məktəb müdirinin otağına gəlmiş və heç bir yerdə işləməyə getməyəcəyini bildirmişdi. Müdir təəccüblə onu süzərək:

— Başa düşə bilmədim, qızım, necə yəni işləməyəcəyəm?! Biz ki, səni rayon teatrlarına göndərmirik. Respublikamızın ən böyük teatrlarına yollayırıq. Əlaçı olduğuna...

Qüdsiyyə nəzakətlə müdirin sözünü kəsərək:

— Üzr istəyirəm, — dedi, — məsələ rayon və ya şəhər teatrında deyil.

— Bəs nədədir? İşləmək istəmirəm deyirsən...

— İşləmək istəyirəm, lakin burada yox! — Bəs harada?

Qüdsiyyə qətiyyətlə dedi:

— Mən Stalinqrada getmək istəyirəm.

Müdirin təəccübdən gözləri böyüdü; o, yerindən sıçrayıb durdu:

— Nə üçün bəs ora?

— Səbəbi yalnız özümə aiddir. Müdir səbrlə, on ildən bəri tərbiyə etməkdə olduğu bu incə ruhun duyduqlarını anlaya bilmək üçün, kürsüyə əyləşdi. Bayaqdan bəri ayaq üstə duran Qüdsiyyəni də kürsü göstərib oturmağa dəvət etdi. Diqqətlə qızın yaraşıqlı, lakin qəti ifadəli üzünü seyr etdi; qəlbində nələr, necə hisslər cərəyan etdiyini, onun çox böyük bir həyəcan keçirdiyini anladı. Axı, beş ildən bəri, müharibənin ən ağır günlərində o, bu qızı öz balası kimi sevib, ovundurmamışdımı? Ata və anası, ikisi də birdən onu tərk edib cəbhəyə gedirkən, qayğısını o çəkməmişdimi? Hələ valideyninin getməsindən bir ay sonra o, Qüdsiyyəni həmin bu otağa çağırmış; ehtiyatla, ondan qızların ümumi yataqxanasına köçməyi xahiş etmişdi.

Heç bir qohumunun evində qalmaq istəməyən Qüdsiyyəni, ata-anasının xatirələri ilə dolu olan evdən güclə ayırmaq mümkün olmuşdu. Qız, ilk günlər sınıxmağa, pis oxumağa başlamışdı. Onda müdir və müəllimlər yığılıb məsləhətləşmiş, Qüdsiyyənin yaxın yoldaşlarından bir neçəsini çağırıb ondan müğayat olmağı tapşırmış, özünə bildirmədən hər bir arzulaya biləcəyi şeyi hazırlamışdılar. İndi isə respublika səhnəsində böyük müvəffəqiyyət göstərəcəyi, müdir və müəllimlərin, öz əməklərinin nəticəsini görüb sevinəcəkləri o xoş gün, o bəxtiyar gün bu qədər yaxın ikən qız birdən-birə bu xəyala düşmüşdü. Onu ora çəkən nə idi? dövründəki adıdır. Məhəbbətmi?

Müdir uzun-uzun bütün bunları düşünürdü. Əlilə dən düşmüş yumşaq saçlarını qarışdırdı. Papirosunu yandırdı. Mavi halqalı tüstünü havaya sovuraraq sanki duman ardından görünən Qüdsiyyəyə baxdı.

Nəhayət sözə başladı:

— Qüdsiyyə, qızım, axı orada sənin heç kəsin yoxdur. Biz sənin qayğına qalmalıyıq.

Hələ də gözlərini dizləri üstə qoyduğu yumru əllərindən ayırmayan Qüdsiyyə udqunaraq dedi:

— Burada kim qayğıma qalırdısa, orada da qalacaq.

— O doğrudur. Lakin axı, ora hələ bərpa edilməmişdir. Sən hara gedəcəksən?

— İnsanlar, işçilər, bərpaçılar ki, var! Burada kimin üçün rəqs edəcəyəmsə, orada da onlar üçün. Səhnə üçün isə yer tapılar. Cəbhəçilərə, avtomobil meydançasında rəqs edən rəqqasələrin müsamirə verdiyi günlərdən çox keçməmişdir. Mənə o qismət olmadı, bu olar. Hələ döyüş geyimini çıxarmadan bel və çəkicdən yapışanlara, istirahət saatlarında açıq havada rəqs edərəm, sonra da, lazım gələrsə, onlarla bərabər xərəkdən, beldən yapışaram. O çox aram-aram danışırdı. Lakin həyəcanından sinəsi qovrulduğu bəlli idi. O, sanki qoca bir müdirlə deyil, körpə bir uşaqla danışır, dərs verirdi. Düşündüklərini, duyduqlarını qarşısındakına təlqin edirdi.

Qapı açıldı. Rəqs müəlliməsi yaşına uymayan bir sürətlə içəri girdi. Müdir və Qüdsiyyə qocaman sənətkarın ayağına dik qalxdılar. Müdir, həyəcanından Qüdsiyyəni göstərib ona nə isə demək istədi. Müəllimə onun sözünü kəsdi:

— Bilirəm. Hamısını bilirəm. Qızlar telefonla dedilər, ona görə də dura bilməyib birbaş evdən bura yüyürdüm. Pillələri tələsik qalxdığından tövşüyür, tez-tez balaca yaylığı ilə alnının tərini silirdi. — Axı səni ora çəkən nədir, bala? Qüdsiyyə titrədi:

— Hər daşında damla-damla duran ata qanı... Məktubda da belə yazılıb... Qızın nəfəsi tutuldu, gözləri doldu: o sözünü bitirə bilmədi. Müdir və müəllimə məsələnin nə yerdə olduğunu birdən-birə başa düşməyərək, bir ağızdan soruşdular:

— Hansı məktubda?..

Qüdsiyyənin hönkürtüsü cavab verdi:

— Anamın son məktubunda, budur... O, titrək əlilə cibindən çıxardığı zərfi, özünə doğru uzanan əllərə verdi. Orada bir çox göz yaşları ilə ləkələnmiş sətirlər var idi. İki ildən bəri — ata və anasından xəbər kəsiləndən bəri — Qüdsiyyə tənha gecələrini o məktubu öpərək, ağlayaraq keçirmiş, valideyn, həm də qəhrəmanlıqla həlak olmuş valideyn məzarı başında töküləcək həzin göz yaşları ilə ləkələmişdi. Lakin buna baxmayaraq sözlər çox aydın dururdu. Xüsusilə sona doğru, kiminsə qırmızı qələm ilə altını cızmış olduğu iki sətir daha çox nəzərə çarpırdı: “Stalinqrad! Unutma qızım, bütün başqa qəhrəmanlarla birlikdə oranın daşlarında sənin atanın da damla-damla qanı durur!” Bir qədər, heç biri bir kəlmə də söyləyə bilmədi.

Sükutu yalnız Qüdsiyyənin kəsik hıçqırtıları pozurdu. Nəhayət rəqs müəlliməsi qızarmış gözlərini qaldırdı və yalnız bunu deyə bildi:

— Bəli, o, getməlidir!

Müdir də əks-səda kimi bunu təkrar etdi:

— O, getməlidir. Qüdsiyyə qulaqlarına inanmırmış kimi nəfəsini belə gizləyib bir an onlara baxdı. Sonra qalxdı, çox sevdiyi müəllimlərinin əllərini tutub öpdü; başını qaldırırkən onun iri, qara gözləri sevinc və həyəcandan parlayırdı.

1947

Neyləyirəm o ürəyi - Bəxtiyar Vahabzadə “Xalq yazıçısı Yusif Səmədoğlu - 90” adlı elektron məlumat bazası yaradıldı "Atamın kəbinli arvadını qaçıranların evinə getmək qadağamız vardı..." - Bəhruz Tağızadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 Dekabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qriqoryan Şirvanzadə məktəbində səs verdi Divarların vəziyyəti müzakirə mövzusu oldu

07 İyun 2026 20:15see596

Kanalda boğulan Elmir generalın qardaşı oğlu imiş

08 İyun 2026 12:45see351

Ermənistan seçicisi Paşinyanın sülh xəttinə və Avropaya inteqrasiya kursuna mandat verdi

08 İyun 2026 11:44see265

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see208

Bu şəxslərin beyni daha gec YAŞLANIR

08 İyun 2026 02:03see206

Azərbaycanda minlərlə iş yeri bağlandı Nə baş verir?

08 İyun 2026 14:16see203

Azərbaycan və Skandinaviya arasında enerji əməkdaşlığı üçün unikal imkanlar

09 İyun 2026 06:32see196

İmmunitetdən kənar faydalar: hanımeli bədən üçün nə edir?..

07 İyun 2026 20:44see188

Qonşulara pul verdilər, üç gün toy etdilər… Detallar

08 İyun 2026 03:07see184

Media sənayesində əhəmiyyətli dəyişikliklər gözlənilir...

07 İyun 2026 20:55see181

Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq

09 İyun 2026 00:01see177

İranın hücumları zamanı vurulan sərnişin təyyarəsi deyil AÇIQLAMA

08 İyun 2026 01:29see175

Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı fəaliyyətini DAYANDIRDI

08 İyun 2026 01:48see174

“Mediada oxudum” Emin Ağalarov atasının ikinci evliliyi haqqında

08 İyun 2026 02:48see173

Diz ağrısı ilə xəstəxanaya getdi, rentgendə yüzlərlə qızıl aşkarlandı

09 İyun 2026 06:00see172

Gənc ana və oğulları

09 İyun 2026 03:48see156

Azərbaycan gimnastları üç “qızıl” qazandı

08 İyun 2026 18:18see154

Lotus şirkətinin baş direktoru şirkətin hiperkarı haqqında rəy bildirib

08 İyun 2026 20:45see152

10 KOB subyekti də “startap”çı oldu

09 İyun 2026 03:24see152

Dünyada tanınan azərbaycanlılar arasında Tünzalə Ağayevanın adı var FOTO

08 İyun 2026 13:49see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri