Icma.az
close
up
RU
Əzizə Cəfərzadənin divar saatı

Əzizə Cəfərzadənin divar saatı

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əzizə Cəfərzadənin müharibə dövründə bir qız övladı olub. O vaxtlar keçmiş Sovetski küçəsində yerləşən Pedaqoji məktəbdə hospitalda işləyirmiş. Qızı balacaymış. Onu qonşu uşaqlarından kimsə, ya da kiçik qardaşı, Sovetskidən bir tin aşağıdan Yuxarı Dağlıq küçəsindəki evlərindən hospitala əmizdirməyə apararkən yolda uşaq əldən sürüşüb yıxılıb və ya hər ikisi yıxılıb. Necəsə olub, qızı başından zədə alıb və bir müddət sonra vəfat edib. Təxminiən iki-üç yaşında. Bunu onun müharibə dövründə yazdığı “Oyan, balacığım!”, daha sonralar yazdığı “Natavan haqqında hekayələr”, “Cəlalliyyə”, “İşığa doğru” və başqa əsərlərində övlad itirmiş anaları təsvir edərkən bu faciəni bir də yaşadığını yaxından duymaq olur. Əzizə Cəfərzadə yeganə övladını itirməsinin acısını ömrü boyu çiyinlərində daşıyıb və onu sözə çevirib...

Əzizə Cəfərzadə yazıçı olmadan əvvəl pilot olmaq istəyirmiş. Bu niyyətlə də Aviasiya klubuna gedib. Orada Əzizə xanımı pilotluğa götürməyiblər. Səbəb də boyunun bir az qısalığı olub. Pilot ola bilməyəcəyini biləndən sonra isə yazıçılığa keçib. Təsadüfə baxın ki, gələcək yoldaşı pilot idi və onlar elə oradaca tanış olmuşdular. Sonra da evlənmişdilər. 

Pilot əri Əzizə Cəfərzadəni tez-tez səyahətlərə aparırmış. Bu səyahətlər sayəsində Əzizə Cəfərzadə görmədiyi yerləri görüb. Uşaqlıq arzusu evlilik vaxtı çin olub – artıq dünyanı göylərdən aşağı baxa bilib. Bəlkə də, Əzizə Cəfərzadənin yaradıcılığını bu baxımından səciyyələndirə bilərik: onun əsərlərində hər şeyə yuxarıdan aşağı – Tanrı kimi bir baxış var. Tarixi hadisələr necə baş veribsə, versin, Əzizə Cəfərzadə ona şərh vermir, sadəcə onu Tanrı kimi yuxarıdan aşağı baxaraq təsvir edir.

Əzizə Cəfərzadə öz yazı makinasına “sevgilim” deyərmiş. Gün ərzində bu yazı makinasında 25 səhifə, 4 nüsxədə yazı yazırmış. Üstəlik, Əzizə Cəfərzadə yazdıqlarının üstünə təzədən qayıtmırmış, necə varsa, elə də yazırmış. Çünki ona ilham həmişə səlis cümlələrlə gələrmiş. O, ürəyindəki əsəri beynində redaktə edə-edə makinada yazarmış. Ömrünün axırlarında isə yazı makinası ilə – “sevgili”si ilə yollarını ayırdı. Sən demə, son vaxtlar barmaqları tutmurmuş. Onda ailəsi ona makinaçı tapıb. Bir-iki gün bu şəkildə yaradıcılığına davam etsə də, sonradan anlayıb ki, bu cür getmir. Deyirmiş ki, mən belə işləyə bilmirəm. Sonra isə yazı yerinə səs meydana çıxır – diktofon. Sən demə, son romanını da (Füzuli haqqında olan “Eşq sultanı” adlı roman) bu diktofona diktə edibmiş. Füzuli haqqında roman yazmaq haradasa cəsarət tələb eləyir. İmam Hüseyn şəhadəti ilə, Quranın surə və ayələri ilə özünə imarət quran və yüz illərdir o taxtdan düşməyən Füzulidən bəhs etmək, onun söz imperiyasına daxil olub həyatını və yaradıcılığını yazmaq çox çətindir. Ancaq Əzizə Cəfərzadə bunu bacarmışdı. 

Əzizə Cəfərzadə bacarmışdı. Çünki o, elə əvvəldən yaradıcılığının böyük hissəsini tarixi hadisə və şəxsiyyətlərə həsr etmişdi. Həm romanları, həm də hekayələri tarixin süzgəcindən keçib bizə çatıb. Bədii təxəyyüllə tarixiliyin müdhiş birgəliyi – Əzizə Cəfərzadənin yaradıcılığı haqqında qısaca olaraq məhz bunu demək olar. Çünki Əzizə Cəfərzadə tarixə hansısa tarixçi kimi quru faktlarla çıxmır. Tarix onun üçün bir məqsəddir. O, tarixin yarımçıqlığını tamamlayır. 

Əzizə Cəfərzadənin ilk hekayəsinin tarixi də mənə qəribə gəlmişdi. 1937-ci ildə qələmə almışdı hekayəni. Repressiyalar dövründə. Bu bir işarədirmi? Bilmirəm. Hətta hekayənin adı da mənim tüklərimi biz-biz edir: “Əzrayıl”. Əzizə xanım bu hekayədə dövrünün sosial, mənəvi mənzərəsini yaradıb. Qəribədir ki, Əzizə Cəfərzadənin ilk hekayələri bir kitabda cəm olandan sonra ona təzyiqlər olunmuşdu və xanım yazıçı o zaman tarix səyahətinə çıxmışdı. Necə deyərlər, tarix onu xilas etmişdi. 1963-cü il. “Natəvan haqqında hekayələr” kitabı. Bu Əzizə xanımın, əslində, ikinci, lakin həqiqətdə birinci hekayələr kitabı olur. Kitab tarixi mövzuları və Xurşidbanu Natəvanın həyatına və taleyinə həsr olunmuşdu. 15 hekayədən ibarət olan bu silsilə hekayələr Natəvanın həyatı haqqında məlumatların sistemləşdirilməsidir. Onu da deyək ki, bu sistemləşdirmə işində yazıçının interpretasiyası, təxəyyülü də böyük rol oynayıb. Və ortaya effektiv, nizamlı – bilmirəm, bu nə dərəcədə doğru ifadədir, lakin o hekayələrdə bir nizam var – kitab çıxıb. Hətta bu hekayələri oxuyanda görürsən ki, gələcəkdə yazıçı romanlarında da bu üsullardan istifadə edəcək. Özünün tarixə münasibəti, güclü təxəyyül və tarixə hakimlik. Bu hekayələrdə həmin peşəkarlığın ilk izlərini görmək olurdu. Mənə elə gəlir, Əzizə Cəfərzadənin tək bu hekayələrində yox, elə başqa əsərlərində də ortaq bir xətt var. Hər şey keçmiş, indiki və gələcək zamanın birgəliyindən doğur. Keçmiş də, gələcək də, indiki zamanda bir-birindən ayrı deyil. Tarixə baxanda görürsən ki, əslində, bütün hadisələr keçmişin yox, indikinin, gələcəyin siqnalıdır. Bu mənada Əzizə Cəfərzadə yaradıcılığı bütün zamanları bir-birinə birləşdirərək ortaq bir zamanla dünyaya baxır. O, dövrün psixologiyasını, etnoqrafik mənzərəsini, xalq ruhunun ifadəsini bu dünyanın nizamlı ilə qurur və məhz bu səbəbdən də digərlərindən fərqlənir. Orijinallıq məhz bu yerdə üzə çıxır – tarixə münasibətdə faktologiyaya yox, bədiiliyə və canlılığa müraciət. Hətta sonrakı dönəmdə çıxan əsərlərinə fikir verin. Məsələn, “Şirvan trilogiyası”. O trilogiya “Vətənə qayıt”, "Aləmdə səsim var mənim", "Yad et məni" romanlarından ibarətdir. Bu romanlarda tarixə uzaqdan baxmır Əzizə Cəfərzadə. Əksinə, onu yaxın dövrə gətirib çıxardır. Hətta özü də əslən şirvanlı olduğu üçün sənə elə gəlir ki, bu romanlarda tarixiliklə həyatilik üst-üstə düşüb. Həm də o qədər ki, elə bil Əzizə Cəfərzadə Şirvandakı, zəlzələdən qabaq yaşadıqları evdən çıxıb dünyaya baxır. Bax həmin dünya ona tarixə başqa cür baxmağa – onu xronologiyadan, səthilikdən, faktologiyadan uzaq edir. Əzizə Cəfərzadə bu tarixi roman təfəkküründə bütöv bir dövrün həyatını, məişətini və mədəniyyətini göstərir. Eynilə güzgü kimi. Onu bütöv və canlı şəkildə bizə təqdim edir. Şirvanın təxminən ikiyüzillik bir dövrü elə şəkildə təqdim olunur ki, onun bu qədər uzun tarixdən keçib getdiyinə yox, elə indicə baş verdiyinə haradasa inanırsan. 

Mən həmişə tarixi romanları oxumaqdan qaçmışam. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Tarix təhrif olunur, tarixi hərə bir cür təqdim edir. Yaxud da yazıçılar tarixi romanları yazarkən mütləq şəkildə “nümunəvi” və “xırdaçı” olmağa çalışırlar. Əzizə Cəfərzadəni ilk dəfə oxuyanda isə gördüm ki, onun romanlarında tarixi şəxsiyyətin tərcümeyi-halı olduğu kimi, standart şəkildə təqdim olunmayıb. Yazıçı heç vaxt standart olmamalıdır. Əslində, yazıçını başqalarından ayıran da budur. Ona görə Nizami Gəncəvi deyirdi ki, əgər mən bəzək-düzək vurmasam, “Xəmsə” bir-iki səhifəyə sığışardı. 

Əzizə Cəfərzadə bədii təfəkkürünə söykənib dövrün hadisələrinə işıq tutur – bu təfəkkür onu həmin tarixi hadisələrə, faktlara aparır. Əslində, həmçinin yazıçı özü oxucu ilə bərabər həmin tarixi hadisələrin ortasına düşür. Bu interpretasiya bizi tarixi romanla doğmalaşdırır. Nəhayətində, biz başa düşürük ki, roman indiki zamanın romanıdır. Tarix təkrarlanır və biz bir təkrarın içindəyik. Bu çarxı fırladan da Əzizə Cəfərzadədir. O, bizi “tarix təkrarlanır” adlı çarxın içində fırlada-fırlada həm o tarixi danışır, həm keçmişi göstərir, həm də gələcəyimizə istiqamət verir. Bu mənada “Yad et məni”, “Aləmdə səsim var” bizi tarixi reallığın canlı tərəfinə aparır. Əzizə xanım xronologiyadan gen qaçır. Bizi tarixin ən yaddaqalan hadisələrinə aparır. Bir növ yazıçı o dövrün tarixini təzədən yazır – o tarixi bərpa edir. Üstəlik, bu bənna və memar işi heç bir iz buraxmır. Tarixi təzədən bərpa edərkən, köhnəni də qorumağı bacarır. Yəni heç nə yaddan çıxmır, heç nə udulmur. Tarix həmişəki kimi təqdim olunur. Sadəcə o tarix bizim dərslik kitablarındakı kimi quru və əzbərçi beyinlə olmur, daha diri, daha yaradıcı beyinlə bizə ötürülür. Yoxsa bədii təfəkkürü kənara atıb, hadisələri xronoloji ardıcıllıqla düzmək. Bu, artıq yazıçılıq deyil. Bu heç kim tarix də deyil. Çünki tarix rəqəmlərdən yox, talelərdən ibarətdir. 

“Bakı – 1501” romanı. Tarix rəqəmlərdən yox, talelərdən ibarətdir fikrinə daha bir nümunə. Şah İsmayıl Xətaidən bəhs edən romanda rəqəmlər sadəcə dövrün saatını göstərir – Əzizə Cəfərzadənin divar saatı kimi. Tale isə rəqəmlərin arxasındakı kölgəliyə işıq salır. “Bakı – 1501” romanı təkcə Şah İsmayıl Xətaidən deyil, xalqın öz tarixinə sahib olmağı haqqındadır. Ona görə də məhz milli düşüncənin, müstəqilliyin uğrunda mübarizə baxımından bu roman çox mühüm məna kəsb edir. Çünki bu romanın yazılma tarixi də 80-ci illərdə olub. Əzizə Cəfərzadənin əsərlərinin yazılma tarixi də diqqəti çəkir. Yuxarıda misal çəkdiyimiz “Əzrayıl” hekayəsi kimi. 1937-ci ildə yazılmışdır. “Bakı – 1501” isə 1980-ci illərdə. Yəni Meydan hərəkatının, milli istiqlal savaşının başlandığı tarix. Azərbaycanın Sovet imperiyasından ayrılmaq istədiyi tarix. Və Şah İsmayıl Xətai. Bizim dövlətçilik ənənəmizin ilk qaranquşu. Şah İsmayıl tariximizin ən maraqlı səhifəsidir. Ona görə də bu romanın yazılması sırf bu milli, özünüdərk baxımından qiymətlidir. Üstəlik, Əzizə Cəfərzadə başqa tarixçi yazıçılar kimi pafosdan uzaq yazıçı idi. Onun əsərlərində boğazdan yuxarı ifadə ilə rastlaşmaq qeyri-mümkündür. Şah İsmayılın xarakterini ilmək-ilmək sənətkarlıqla yazan Əzizə Cəfərzadə birtərəfli münasibətdən əl götürüb. Şəxsiyyətə pərəstiş kimi qəliblərdən bilmərrə uzaqlaşıb. Obrazın məziyyətlərini, fəaliyyətini hərtərəfli yazıb. Deməli, Şah İsmayılın həm yaxşı cəhətlərini, uğurlu tərəflərini qələmə alıb, həm də onun yanlışlarını, qüsurlarını da göstərib. Şah İsmayıl standart, qəlibləşmiş bir hökmdar kimi təqdim olunmur. Bəlkə də, Əzizə Cəfərzadə onu – Şah İsmayılı həm də həmkarı olaraq görürdü. Axı Şah İsmayıl həm də şair idi. O, öz qısa ömründə xalqın gələcəyi üçün tarixi işlər görmüşdür. Əzizə Cəfərzadə Şah İsmayılı təsvir edərkən onun necə ağrıdığını, bir ana kimi ona içinin yandığını görmək olur. Sərkərdə, hökmdar və şair kimi əzabla, iztirabla, qılıncla, vətən sevgisi ilə hörülən Şah İsmayıl Xətai obrazı yaşadığı dövrün ziddiyyətləri ilə daha da canlı və diri təsvir olunub. 

Əzizə Cəfərzadə Azərbaycan tarixinə pillə-pillə yaxınlaşır. Natəvan, Şirvan trilogiyası, Şah İsmayıl haqda roman. Və sonra isə “Gülüstandan öncə” romanı. XX əsrin sonlarına doğru Azərbaycanın milli istiqlal mübarizəsi xanım yazıçını Rusiya işğalının tarixinə aparır. Əzizə Cəfərzadə tarixi romanlarında həm də bu fikri təsdiqləyir: tarixi ona görə bilməliyik ki, dərk edək. Unutduğumuzu yada salaq, yada saldıqlarımızı öz içimizdə saf-çürük edək. “Gülüstandan öncə” tarixi romanı da XIX əsrin əvvəllərindən başlayan rus istibdadına işıq tutur. Azərbaycan xanlarının zəifliyi, heç yerdən köməyi olmamağı nəticədə onları Rusiyanın oyuncağına çevirir. Bu vəziyyətdən istifadə edən Rusiya hər şeyi öz ovcunun içində tutmağa qərar verir. Bu tarixi situasiya Əzizə Cəfərzadənin diqqətini çəkir. Yenə də həmin o üçlüyə – indiki, keçmiş, gələcək zamanın birgəliyi – əl atır, dövrü təsvir edərkən həm də bizi gələcək bəlalardan xəbərdar edir. Bu mənada Əzizə Cəfərzadənin romanları həm də gələcəyin xəbərçisidir. Öncəgörmələrdir. Tarix təkrarlanır. Bəli. Ancaq yazıçının güclü təxəyyülü də bu təkrarın anonsunu bizə göstərir. Yəni Əzizə Cəfərzadə o tarixi danışarkən, bu tarixin də fraqmentini təqdim etmiş olur. Xanım yazıçı Gülüstan müqaviləsindən əvvəl olanı da bizə xatırladır. Kürəkçay müqaviləsi. Bəlalarımızın ilk tarixi nöqtəsi. Bu tarixdən başlayan faciə zənciri yazıçının təsvirlərində açıq-aydın görünür. Çünki faciə elədir ki, o başladımı, bir yerdə durmur, daim yeni yerləri də zəbt etməyə davam edir.

Əzizə Cəfərzadənin divar saatı o öldüyü tarixdə dayanıb. Əzizə Cəfərzadənin yazdıqları isə dayanmayıb. Onlar elə hey saat kimi çıqqıldayır və bizə doğruları göstərir.
 

Sübhan Mahmudov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:29
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 İyun 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see477

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see257

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see204

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see124

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see122

“Rusiyanın təklifləri qəbuledilməzdir” Zelenski

04 İyun 2025 19:51see117

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see116

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see116

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see115

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see114

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see114

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see113

Tədqiqat: Süd Yolunun Andromeda qalaktikası ilə toqquşma ehtimalı daha azdır

04 İyun 2025 12:02see112

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see112

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see112

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see111

Qurban bayramında qurban kəsimləri saat neçəyə qədər olmalıdır? İlahiyyatçı DANIŞDI

04 İyun 2025 12:24see110

Əməkdaşlığın coğrafiyası genişlənir

04 İyun 2025 11:57see110

Bayden bildirib ki, prezidentlik dövründə bütün qərarları özü verib

05 İyun 2025 07:21see110

Azərbaycan boksçuları Gürcüstandakı turnirə qatılacaqlar

04 İyun 2025 20:09see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri