Icma.az
close
up
RU
Rəşad Nuri Güntəkin, Üzeyir Hacıbəyli və musiqili teatr Zemfira Səfərova yazır

Rəşad Nuri Güntəkin, Üzeyir Hacıbəyli və musiqili teatr Zemfira Səfərova yazır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Zemfira SƏFƏROVA
Akademik, Əməkdar Elm Xadimi

Hər bir milli mədəniyyətin inkişafı sıx surətdə onun beynəlmiləl qarşılıqlı əlaqələriylə bağlıdır. Milli mədəniyyət öz təbii ünsürləri əsasında inkişaf edərək başqa xalqların mədəniyyətiylə daimi təmasda olur. Hər bir milli mədəniyyət digər xalqların mədəni sərvətləriylə zənginləşir, eyni zamanda dünya xəzinəsinə öz dəyərini bəxş edir.

Azərbaycan mədəniyyəti də çoxəsrlik tarixi boyu həmişə müxtəlif xalqların mədəniyyəti ilə bağlı olub. O, digər xalqların mədəni təsirindən bəhrələnmiş, özü də bir çox xalqların mədəni inkişafına əhəmiyyətli təsir göstərib.

Hələ inqilabdan əvvəl Azərbaycanın görkəmli mədəniyyət xadimləri qarşılıqlı əlaqələrin tərəfdarı və təbliğatçısı olmuş, öz yaradıcılıqlarını dünya mədəniyyətinin nailiyyətləriylə zənginləşdirməyə çalışmışlar. Azərbaycan mədəniyyətinin inqilabdan qabaqki illərdə doğma sərhədləri aşıb məşhurlaşmış nümunələrindən biri də Üzeyir Hacıbəylinin yaradıcılığı idi. Böyük bəstəkarımızın elə ilk əsəri - "Leyli və Məcnun" operası böyük müvəffəqiyyət qazanaraq bir çox xalqların sənətkarlarında öz musiqi dillərində buna bənzər əsərlər yaratmaq istəyi oyatdı.

Bəstəkarın sonrakı əsərlərinin - musiqili komediyalarının şöhrət xəritələri daha geniş miqyaslı oldu. Həmin əsərlərin böyük müvəffəqiyyəti müxtəlif xalqların sənətkarlarını bu əsərlər haqqında fikirlər söyləməyə sövq edir.

Hacıbəylinin musiqi komediyaları haqqında maraqlı fikirlər söyləmiş sənətkarlardan biri də Rəşad Nuri Güntəkindir.

Məşhur turk romançısı Rəşad Nuri Güntəkin ölkəmizdə böyük şöhrət tapmış "Çalı quşu", "Damğa", "Dodaqdan qəlbə", "Yaşıl gec?" və sair romanların müəllifidir. O, həm də görkəmli dramaturq, tənqidçi, lüğət və antologiya tərtibatçısı olub. Rəşad Nuri Güntəkinin böyük bəstəkarımızın əsərləri haqqında fikirləri çox maraqlı və qiymətlidir. Həmin fikirlər Rəşad Nurinin 1919-cu ildə "Böyük məcmuə" adlı türk sənət jurnalında çap edilmiş məqaləsində əks olunub. "Azərbaycan teartı" adıyla dərc olunmuş bu məqalə Azərbaycan artistlərinin Türkiyədəki qastrol tamaşaları münasibətiylə yazılıb.

"Arşın mal alan" və "Məşədi İbad" musiqili komediyalarına həsr olunmuş bu məqalə son vaxtlara qədər Üzeyirşünaslığa məlum deyildi.

"İlk dəfə bu məqalə haqqında geniş məlumat mənim "Üzeyir Hacıbəyovun yaradıcılığında nəzəri və estetik problemlər" monoqrafiyamda verilmişdir" (Səfərova Z. "Üzeyir Hacıbəyovun yaradıcılığında nəzəri və estetik problemlər",  Bakı, Elm, 1985.  s.188).

Rəşad Nuri məqaləsini aşağıdakı sözlərlə başlayır: "İki aya yaxın bir zamandan bəri şəhərimizdə qonaq olan Azərbaycan teatrını xüsusilə iki nöqteyi-nəzərdən əhəmiyyətə layiq bilirik. Bu kampaniya, əvvəla, qonşuluqda yaşayan və son illərdə böyük bir mənəvi inkişaf istedadı göstərən... bir millətin həyatı haqqında bizə bir fikir verəcəkdir. Bir millətin mədəni səviyyəsini, kamalını, olan istedadını təyin etmək üçün ən gözəl ölçü mədəni və bədii müəssisələrin olduğu bir qayda kimi qəbul edilmişdir. Buna görə də biz Azərbaycanın teatrı haqqında məlumat almaq, oradakı həyatın digər səhifələri içində gözəl istidlal vasitəsi əldə etmiş olacaqdıq ki, bu teatrın ikinci əhəmiyyəti də bundadır".

Sonra Rəşad Nuri qeyd edir ki, eşitdiyinə görə, İstanbulda qastrol tamaşaları verən Azərbaycan truppasi gənc və nisbətən az təcrübəlidir. Azərbaycanda daha təcrübəli və qüvvətli teatr truppaları var. Bu məlumatdan sonra Rəşad Nuri deyir ki, həmin sözləri söyləməklə İstanbula gəlmiş artistlərin xidmətini azaltmaq istəmir, əksinə, bu truppanı İstanbulda fəaliyyət göstərən bütün yerli truppalardan üstün tutur. Onun demək istədiyi odur ki, əgər Azərbaycanın nisbətən təcrübəsiz və orta səviyyəli truppası belə qüvvətlidirsə, deməli, Azərbaycanda teatr sənəti çox yüksək səviyyəyə çatıb.

"İstər heyətlər, istər pyeslər və istər təmsillərin bizdə oyandırdığı ilk fikir azərbaycanlıların teatrını çox ciddiyyət və əhəmiyyətlə tərəqqi etmələri və bu xüsusda Türkiyəni keçmiş olduqları idi". Bu mülahizədən sonra Rəşad Nuri Azərbaycan və türk teatrını müqayisə edərək birinciyə üstünlük verir. O, qeyd edir ki, Türkiyədə teatra bir növ əyləncə kimi baxmaq meyli güclüdür. Bu barədə yazıçı çox kəskin bir dillə danışır: "Deyək ki, İstanbul xalqı küçə süpürgəçilərindən əski dövrün möhtəşəm paqonlu yavərlərinə qədər qırx ildən bəri axmaq şeyləri dinlərkən azərbaycanlılar boş durmayırlar, çalışırlarmış".

Rəşad Nuri burada Üzeyir Hacıbəylinin məşhur musiqili komediyalarını misal göstərərək yazır: "Arşın mal alan", yaxud "Məşədi İbad" operettalarına baxınız. Mövzularda heç bir fövqəladilik yoxdur, fəqət bizim tənəkə, zopa və küfr ilə heyvan sürüsü sövq edən kimi çığır-bağırla idarə etdiyimiz səhnələri onlar nə gözəl nəğmələr, nə şayani-diqqət mülahizələr, nə səmimi lətifələrlə doldurmuşlar".

Məqalə müəllifi yazır ki, bu əsərlərdə bugünkü həyatdan, onun xüsusiyyət, adət və ehtiraslarından çox şey var, "Məsələn, Məşədi İbaddan mütəmadiən pul çəkənlərin hər birisi öz məslək və məşrəblərinin xüsusiyyətlərinə sadiq qalır. Qəzetçi lehdə, yaxud əleyhdə şantaj təhdidlərilə məqsədini təminə çalışır. Qəzetin və qəzetçinin yeni cəmiyyətdəki rolunu biz düşünənədək onlar teatrlarına salmışlar".

Rəşad Nuri Hacıbəyli komediyalarının müsbət cəhətlərindən birini də xarakterlərinin tipik cizgilərə malik olmasında, obrazların gözəlliyi və sadəliyində görür.

O, Hacıbəylinin komediyalarını, onların yumor səviyyəsini böyük fransız komediyanəvisi Molyerin əsərləri ilə müqayisə edir: "Azərbaycan komediyalarında Molyerin əsərlərini düşündürən sadə və mətin bir mizah vardır". Bu sözlərin məhz Rəşad Nuri tərəfindən söylənilməsi xüsusi diqqətə layiqdir. Çünki o, fransız ədəbiyyatını ötəri bilən bir şəxs deyil, bu ədəbiyyatın və fransız dilinin dərin bilicisi, mütəxəssisi idi. Rəşad Nuri fransız ədəbiyyatının bir çox görkəmli nümunələrini türk dilinə çevirmişdi. Böyük şair Nazim Hikmət Rəşad Nuri haqqında yazırdı: "Fransız ədəbiyyatı və şəxsən Alfons Dode, Anatol Frans, Emil Zolya kimi yazıçılar ona böyük təsir göstərmişdilər". Bütün bunları nəzərə alaraq Rəşad Nurinin Azərbaycan komediyalarına verdiyi qiymət, onları Avropa ədəbiyyatının klassik nümunələri, o cümlədən Molyer pyeslərilə müqayisə etməsi xüsusi əhəmiyyət kəsb edir. Doğrudur, Rəşad Nuri onu da qeyd edir ki, bu komediyalara Avropa sənəti nöqteyi-nəzərindən baxmaq düzgün olmazdı. Uzun tarixi olan yuksək Avropa teatr sənəti nöqteyi-nəzərindən baxdıqca gənc Azərbaycan teatrının müəyyən kəsir cəhətləri görünür. "Fəqət səfvət və sadəlik bu əksiklikləri emal etdirən və unutduran məziyyətdir".

Azərbaycan komediyalarının başqa bir mühüm məziyyətini Rəşad Nuri onların realizmində görür: "Sənət əsəri üçün şərt olan həyat, həm də bugünkü şəklində Azərbaycan əsərlərində mövcuddur".

Yazıçı komediyaların dili üzərində də xüsusi dayanır. Onun fikrincə, Hacıbəyli komediyalarının dili canlı və duzlu xalq dilidir.

Rəşad Nurinin məqaləsi Azərbaycan teatrına və Hacıbəylinin iki komediyasına həsr olunsa da, adi bir resenziya deyil. Bu kiçik məqalədə müəllif Hacıbəyli komediyalarından çıxış edərək daha geniş estetik ümumiləşdirmələrə də müraciət edir. O, sənətdə millilik və beynəlmiləllik məsələsinə dair maraqlı mülahizələr söyləyir: "Teatr qaydaları və çərçivəsi etibarilə ümumi və beynəlmiləl bir sənətdir. Fəqət ruhu etibarilə mütləq doğulduğu və aid olduğu mühitin qoxusuna malik olmaq, oradakı həyatla yaşamaq iqtidarındadır. Hər məmləkətin əlaqədar edə biləcək və başqa millətlərə aid əsərlərin təqlidindən doğacaq əsərlər də məqbul ola bilər. Fəqət əsl sənət tamaşanın ümumi və beynəlmiləl qaydalarına riayətkar qalmaqla bərabər, bütün şirəsini öz torpağından alır. Bu etibarla Azərbaycan teatrı hər yaşayan mövcud kimi böyüməyə və təkamül etməyə namizəd bir sənətdir".

Göründüyü kimi, hələ o dövrdə Rəşad Nuri Hacıbəyli sənətinin ən əsas cəhətlərindən birini - doğma zəminlə bağlılıq və eyni zamanda başqa xalqlara anlaşıqlı olmaq prinsipini düzgün qiymətləndirib.

Rəşad Nurinin "Arşin mal alan" və "Məşədi İbad" musiqili komediyaları haqqında məqaləsi istər musiqi tariximiz, istərsə də beynəlxalq mədəni əlaqələrin tədqiqi üçün böyük əhəmiyyətə malikdir.

Bu vaxta qədər Azərbaycan operasının yaranmasına aid çoxlu mülahizələr irəli sürülmüşdü. Azərbaycan operasının yaranmasında xalq musiqisinin, xanəndə və sazəndələrimizin yaradıcılığının, həvəskarlar tərəfindən qoyulmuş bir sıra tamaşaların - "Keçəçi", "Çömçə xatın", "Xıdır Nəbi", "Kilim arası" və bir çox xalq oyunlarının, nəhayət, Qərb, rus operasının klassik nümunələrinin böyük rolu olub. Bizə belə gəlir ki, bu siyahıya Azərbaycan operasının yaranmasında mühüm rol oynamış bir tamaşa formasını da əlavə etmək lazımdır. Bu da "Şəbeh" tamaşalarıdır. Onların operamızın yaranmasında əsas amillərdən biri hesab edilməsi şübhəli görünə bilər. Çünki "Şəbeh"lər həm məzmun, həm də forma etibarilə tam mənasında orijinal bir misteriya teatrı olub.

Azərbaycan operasının banisi Üzeyir Hacıbəylinin bu haqda maraqlı fikirləri vardır. Bəstəkar məqalələrinin birində yazırdı: "1907-ci sənədən bəri Azərbaycan türkləri arasında opera əmələ gəlməsinin birinci amillərdən birisinin "şəbeh" olduğu şübhəsizdir" (Ü.Hacıbəylinin bu qəti fikri ilə yazının müəllifi tam razıdır. Bu haqda Z.Səfərovanın bir sıra kitablarına baxa bilərsiniz). Başqa bir məqalədə Hacıbəyli Qərb operasının mənşəyini misal gətirərək, qədim xristian katoliklərin liturgiya dramlarında, yaxud misteriyalarında operalarımızın da "Şəbeh" adlanan səhnə tamaşası şəklini alaraq, vokal, bəzi yerlərdə isə instrumental musiqi ilə müşayiət olduğunu bildirib. Qeyd etmək lazımdır ki, "şəbeh"lərin məzmununu islam tarixində baş verən qanlı əhvalatlar təşkil edirdisə, bu tamaşaları müşayiət edən musiqi dini şəkil almırdı. Burada xalq musiqisinin böyük təsiri vardır. Unudulmamalıdır ki, dünyəvi və dini musiqinin hər birinin özünə məxsus üslubu vardır. Ü.Hacıbəyli təsdiq edirdi ki, mərsiyə və növhələrin heç birinin dini üslubu olmayıb, toylarda çalınan dəstgah və təsniflərdən fərqi yoxdur. Belə məclislərdə, hətta bir çox təsniflərin sözlərini dəyişib növhə sözləri qoşub oxuyurlar. Beləliklə, sözlərin məzmunu ilə musiqi arasında böyük fərq yaranırdı. Həmin fərq "şəbeh" tamaşaları göstərildikdə də müşahidə edilirdi. Bu prosesi müxtəlif əsrlərdə bir çox xalqların dini musiqisində müşahidə edə bilərik. Məsələn, IV-VI əsrlərdə İtaliyada xristian musiqisində dini himnlərin, XVI-XVII əsrlərdə İtaliyada protestant xoralının əsasını xalq mahnısı təşkil edirdi.

"Şəbeh"lərin operamızın yaranmasına təsirindən danışan Ü.Hacıbəyli qeyd edirdi ki, Azərbaycan-türk operalarının forması (şəkli) Avropa operalarından əxz edilmişsə, iştirak edənlərinin üsuli-təğənnisi "şəbeh"lərdən götürülmüşdür. O, "bu operaların "şəbeh"dən daha artıq və daha geniş bir surətdə dəstgahlarımızdan istifadə etdiyini, səhnə tərtibatı və orkestr istemalı ilə zahirdə Avropa operasına yavuq bir şəkil" aldığını göstərirdi...

Azərbaycanda sovet hakimiyyəti qurulmasının elə ilk illərində operamızın mənşəyi və inkişafı məsələləri ciddi mübahisələrə səbəb olmuşdu. Bu mübahisələr 1924-1926-cı və 1928-ci illərdə "Bakinski raboçi", "Kommunist" qəzetləri, "Maarif və mədəniyyət" jurnalı səhifələrində aparılmış və "iyirmi-otuzuncu illər diskussiyası" adlandırılmışdı. Müzakirə, əsasən, bir məsələ ətrafında aparılırdı: inqilabdan əvvəlki operanı saxlamaq və ya köhnəliyin digər ünsürlərilə onu da arxivə təhvil vermək.

1924-cü il müzakirəsi, əsasən, xalq maarif komissarı Mustafa Quliyevin Azərbaycan operası haqqında məqaləsi və onun həmfikirlərinin çıxışları ətrafında başlanmışdı. M.Quliyevin məqaləsində bir sıra müsbət tezislərlə bərabər ciddi səhvlər də vardır. O yazırdı ki, Azərbaycan musiqisi elə bir dövrdədir ki, bəstəkarlarımız opera yazmaqla yox, mahnılarımızı toplamaq, Avropa musiqi texnikasını yaymaqla məşğul olmalıdırlar. Opera yazmaq işini isə Şərqə bələd olan Avropa və rus bəstəkarlarına tapşırmaq lazımdır.

Bu illərdə aydın və prinsipial mövqe tutmuş Ü.Hacıbəyli, M.Maqomayev və onların həmfikirləri böyük ehtirasla, inamla Azərbaycan opera sənətinin müdafiəsinə qalxmışlar. Ü.Hacıbəyli inqilabdan əvvəlki əsərlərin ilk növbədə tərbiyəvi-estetik əhəmiyyətindən danışır, bu əsərlərin camaatın tərbiyəsində təsirsiz qalmadığını göstərirdi: "Əvvəla, Bakı şəhəri sanki daim bir yaş içində idi. Heç kim öz evində azad surətdə çalğı çalmaq və ya hava oxumaqla məşğul ola bilməzdi. Çünki qonşusundakı "Hacı, molla və axund filankəs eşidər", - deyə çəkinərdi. Opera və operettalardan sonra havalar camaatın ağzına düşüb hər yerdə yayılmağa və hətta mollaların evlərinin içinə qədər icrai-hökm etməyə başladı. Bu əsərlərin nəticəsi idi ki, musiqi məktəbinə elə şəxslər uşaqlarını qoyurdular ki, əvvəllər musiqi səsi eşidəndə qulaqlarını yumardılar".

Ü.Hacıbəylinin fikrincə, azərbaycanlıların tərəqqi və tərbiyəsi işində müəyyən rol oynayan ilk opera və operettalarının səhnədən götürülməsi teatr və musiqi tariximizin mühüm səhifələrinin cırıb atılması demək olardı. Bəstəkar tamamilə haqlı olaraq göstərirdi ki, yalnız opera və operettalardan sonra Azərbaycan musiqisinin tərəqqisi məsələsi meydana çıxdı. O, dünya musiqi mədəniyyətinə yaxınlaşmaq məsələsini yalnız bu əsərlərdən sonra həyata keçdiyini söyləyirdi.

Doğrudan da, şərq musiqisinin orkestr vasitəsilə ifası, bu musiqiyə harmoniya qoşmaq, onu polifoniya etmək, vəzn və bəhrini müəyyənləşdirmək, dəstgahların nota salınması kimi mühüm problemlərə cavab vermək, ancaq opera və operettalarla əlaqədar mümkün olub. Müzakirənin mütərəqqi fikirli iştirakçıları inqilabdan əvvəl yaranmış musiqi əsərlərini müdafiə etməklə bərabər onların nöqsan cəhətlərini, qüsurlarını da göstərirdilər. Üzeyir bəy etiraf edib ki, bu əsərlərin pis təsir bağışlamasının əsas səbəblərindən biri də onların bərbad halda tamaşaya qoyulmasıdır.

Hacıbəyli və Maqomayev o dövrdə Azərbaycanda M.Quliyevin dediyi kimi Vaqner operasının yaranmasının qeyri-mümkün olduğunu göstərirdilər.

1926-cı ildə "Maarif və mədəniyyət" jurnalının səhifələrində M.Quliyevin "Azərbaycanda musiqi kulturunun inkişafı məsələləri haqda" məruzəsi və Ü.Hacıbəylinin bu məruzəyə cavab məqaləsi əvvəlki müzakirənin müəyyən əks-sədası kimi səslənib.

M.Quliyev məruzəsinin opera bəhsində deyirdi ki, musiqi gərək Azərbaycanda olan inqilabi və ictimai dəyişiklikləri əks etdirsin. Onun dediyinə görə "bugünkü mövcud türk operaları məzmunca əsrə müvafiq deyildilər. Bu operalar inqilab dövründə böyüməkdə olan nəslə bədii bir ideya verə bilməzlər, çünki mövcud operalarda inqilabi vəqiələrin əksi yoxdur".

Ü.Hacıbəyli göstərirdi ki, Quliyev operaların mövzusu haqda danışdıqda haqlıdır, lakin onun arzu etdiyi bugünkü həyatın tələblərinə cavab verən opera türk operaları içində olmadığı kimi, gürcü, erməni, Ukrayna, hətta rus operaları içində də yoxdur. Bununla bərabər, həmin xalqların köhnə operaları səhnədən götürülmür və götürülməsini istəyənlər də yoxdur. Gənc opera inqilabdan əvvəlkinin ləğv edilməsi hesabına deyil, əksinə, onun əsasında yaranmalıdır. Ü.Hacıbəyli heç də inqilabdan əvvəlki əsərlərlə məhdudlaşmaq fikrində deyildi. Onun yeni-yeni planları vardı. Digər tərəfdən isə o, yeni mövzulu operaların yaranmasını inqilabla doğulmuş, inqilabla tərbiyələnmiş, Azərbaycan musiqi məktəblərində təlim almış cavanlardan gözləyirdi.

1928-ci ildə qəzetlər yenə Azərbaycan operasının vəziyyəti ətrafında müzakirə açdılar. Həmin müzakirə əvvəlkilərinə nisbətən daha geniş rezonans almışdı. 1928- ci il müzakirəsində bir tərəfdən proqressiv tələblər irəli sürülür, digər tərəfdən isə yanlış müddəalar nəzərə çarpırdı. Məsələn, "Bakinski raboçi"də köhnəliyə və ştampa qarşı qiyam" şüarı proqressiv idi, lakin "İndiki türk operasını ərəb əlifbası və çadra ilə birlikdə arxivə təhvil verək" tələbi proletkultçuların klassik irsə olan yanlış münasibətilə səsləşirdi.

"Biz gərək türk operalarının keçmişdəki xidmətlərini unutmayaq; onlar geniş türk kütlələrini musiqi teatrına cəlb etdi... Türk operasına gedənlərin sayı azalmır, əksinə, çoxalır və bu da geniş kütlələrin mədəni səviyyəsinin yüksəlməsinə bir sübutdur". Görkəmli incəsənət xadimi Şövkət xanım Məmmədovanın 1928-ci ildə söylədiyi bu fikir çox səciyyəvidir.

Bu illərdə aparılan müsahibələrin əksəriyyətində söhbət ilk operaların məzmunundan, səhnə quruluşundan, professional artist qüvvəsinin zəifliyindən gedirdi. Bu əsərlərin musiqisini isə heç kəs inkar edə bilmirdi.

Ü.Hacıbəyli ilə M.Maqomayevin müzakirə dövründə tutduqları mövqeyin doğruluğu artıq 30-cu illərin əvvəlində isbat olundu. 1935-ci ildə M.Maqomayevin müasir inqilabi süjetə yazılmış "Nərgiz" operası meydana çıxdı. Daha sonralar müasir mövzulara həsr olunmuş operalar yarandı və onları Ü.Hacıbəylinin dediyi kimi, Azərbaycanın gənc bəstəkarları yaratdı. Q.Qarayev və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil", C.Cahangirovun "Azad" və sair operalar səhnəmizə yeni həyat gətirdi.

20-30-cu illərin müzakirəsi operamızın o vaxtkı yaradıcılıq təcrübəsinə əsaslanırdı. Mülahizələrin hansının doğru, hansının yanlış olduğunu isə opera sənətimizin sonrakı inkişaf yolu göstərdi. Ü.Hacıbəylinin ölməz "Koroğlu" operasının meydana gəlməsi bu janrın Azərbaycanda düzgün istiqamətdə inkişaf etdiyini sübuta yetirdi.

Azərbaycanda opera sənətinin inkişafında nəzəri fikir mübadiləsinin, müzakirələrin, mübahisə və mülahizələrin böyük əhəmiyyəti olub ki, onları tədqiq etmək lazım və vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://525.az
archiveBu xəbər 13 May 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ nüvə obyektinə qarşı bunker bombalarından istifadə etməyib

28 İyun 2025 19:35see137

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see126

Hüseyn Böyükfırat vaxtsız gedən övladından yazdı FOTO

28 İyun 2025 23:43see124

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see122

Hizbullah ın bölmə komandanı zərərsizləşdirib

28 İyun 2025 23:23see116

Polis polkovnik leytenantı vəfat etdi

28 İyun 2025 22:16see116

“Sığortaya salınsın, insanlar ölür”

29 İyun 2025 00:06see115

Spirtli içki ailə faciəsinə səbəb oldu: Ərini bıçaqlayaraq öldürdü VİDEO

28 İyun 2025 21:08see115

Lerikdə qardaşlar qonşunun arvadını döydülər

28 İyun 2025 19:22see114

Rusiya taktikasını dəyişir: Kiyev yenidən əsas hədəfə çevrilir

28 İyun 2025 20:29see113

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see112

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

29 İyun 2025 00:01see112

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see112

İsrail ordusu Hizbullah üzvünü məhv etmək üçün Livana zərbələr endirib

28 İyun 2025 23:36see112

Sirkə turşusu içən qadın Bakıya gətirildi

28 İyun 2025 19:56see111

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see111

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see111

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see110

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see110

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri