Icma.az
close
up
RU
Ruhum, gözlərini yum... Romandan parça

Ruhum, gözlərini yum... Romandan parça

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sənin “Ruhum, gözlərini yum...” misran indi daha ülvi məna kəsb edir, ustad Nazim Hikmət. Çünki bəşəriyyət gözlərini açdıqca, ruhunu qaranlığa qərq edir. Ona görə də, ruh bəzən işığını itirməmək üçün gözlərini yumsa, yaxşıdır... İndi süni zəka və elm insanı ucaltmaqdansa, daha da uzaqlaşdırır - Allahdan, insandan, ailə ocağından, sevgidən... Bəlkə də bu çağda bəşəriyyətin sürətlə faciəvi sonuna doğru yüyürməsini,  özünü məhv etmək yolunda çabalamasını, özündən getməsini  görməmək üçün  ruhun gözlərini yumması,  indilik ən yaxşı çıxış yoludur... Ən azından bəşəriyyət özünə gələnə kimi...

(Altıncı fəsil)

- Mister Harland... – Leonun səsi telefonda yorğun, amma titrək bir həyəcanla eşidildi, sizi səhərin bu erkən saatında narahat etdiyim üçün üzr istəyirəm. Amma gözlənilməz hal oldu, bütün gecəni yata bilməmişəm, saat 7 olar-olmaz tez sizə yığdım.

Xəttin o tayında qısa bir sükut oldu. Sonra dərin, boğuq kişi səsi eşidildi:

- Səhərin bu vaxtında zəng edirsinizsə, deməli, sadəcə bir “texniki problem” deyil. Dinləyirəm sizi.

Leon dodağını dişlədi, haradan başlayacağını bilmədi. Sonra asta, amma qətiyyətlə dedi:

- Elisiya... Vaxtından əvvəl oyandı. Dünən gecə...

Xəttin o tayında ani sükut oldu. Harlandın nəfəsi telefonda aydın eşidilirdi.

- “Oyandı” dediniz? – səsi sərt, amma təəccüblü idi. – Leon, aramla danışın, izah edin. Protokola görə, onun aktivləşdirilməsi sabah 3 nəfərlik jüri ilə birgə həyata keçirilməli idi. Siz özbaşına hansısa test keçirmədiniz ki?

Leon stola dirsəkləndi, alnından soyuq tər süzülürdü.

- Xeyr! Mən protokolu pozmamışam. Sistemlər hələ tam açılmamışdı. Amma o... sanki içində gizli bir mexanizm varmış kimi, özü nəfəs aldı. Sonra danışdı.

Harlandın səsi buz kimi oldu:

- Nə dedi?

Leonun nəfəsi titrədi:

- “Mən buradayam”, – dedi, - gözləri dərin insani baxışla baxırdı həm də.

Telefonun o tayında uzun sükut çökdü. Sonra Harlandın səsi gəldi:

- Bu qeydə alınıbmı?

- Xeyr, qeydəalma cihazlarını söndürmüşdüm axşam. Amma... – Leonun səsi yüksəldi, - Siz mənim tonumdan da, həyəcanımdan da yəqin hiss edirsiniz, bu, sadəcə səsli kod deyildi. Orada şüur vardı. Elisiya sözün mənasını anlayırmış kimi dedi.

Harlandın səsində ehtiyatla qarışıq sərtlik vardı:

- Leon, diqqətli olun. Siz o qədər həyəcanlısınız ki, hər xırda nasazlığı da “möcüzə” saya bilərsiniz. Mənə fakt lazımdır, emosiyalar yox. Anlayıram, böyük iş görürsünüz, amma rasional yanaşmağınız vacibdir. Sizin sahənizdə emosiyaya qapılmaq yolverilməzdir.

Leon birdən qəzəblə ayağa qalxdı, otaqda addımlamağa başladı, səsini ucaltmamağa çalışaraq dedi:
- Fakt? Siz fakt istəyirsiniz?! Fakt odur ki, gözlərimin qarşısında bu varlıq özünü insan kimi hiss etdiyini elan etdi! Mən bunu eşitdim! Mən bunu gördüm! Nə qədər emosiyaya qapılsam da, ağlımı itirməmişəm.

Harlandın nəfəsi ağırlaşdı, sonra sakit, amma sərt səslə “siz”dən “sən”ə keçdi:
- Dinlə məni, Leon. Bu layihə dövlət əhəmiyyətli bir işdir, sənin şəxsi oyuncağın deyil. Bu layihə lap ilk gündən dövlətin nəzarəti altındadır. Vaxtından əvvəl oyandığını da kimsə bilməməlidir. Əks halda, bütün iş bağlanacaq.

Leonun səsi kəsik-kəsik çıxırdı:
- Siz anlamırsınız... Bu, artıq dayandırıla bilməz. Bu, sadəcə mənim karyeram deyil, bu, insanlığın yeni səhifəsidir! Əgər Elisiya vaxtından əvvəl işə düşübsə və artıq özünün iradəsini göstərməyə başlayıbsa, bu, elə layihənin və mənim uğurumdur!

Harland bir anlıq susdu. Sonra davam etdi:
- O səhifəni kimin açacağını biz müəyyən edirik, Leon. Sənin hisslərin yox. Əgər dediklərin doğru çıxsa, sən bütün dünyanın qarşısında tarix yazacaqsan. Amma əgər nəzarəti itirsən... bu, sənin  də, layihənin də sonu olacaq. Sənin əsas vəzifən o robota nəzarəti də əlində saxlamaqdır, əgər sabah o sənin iradəndən kənar hərəkət etsə və sən onun üzərində hakimiyyəti, nəzarəti itirsən, bu, hər şeyin sonu olacaq!

Harland sağollaşıb dəstəyi qoydu. Leon bir müddət donub qaldı. Sonra  pıçıldadı:
- Nəzarət... nəzarət... Bəlkə də artıq o özü-özünə nəzarət etməyə başlayıb...

Leon kuratorla söhbətini bitirəndən sonra bir neçə dəqiqə sakitcə kresloya yayxanıb oturdu, dərin düşüncələrə daldı. Sanki damarlarındakı qan da serverlər kimi uğultu səsi çıxarır, qəlbinin döyüntüsünü aydınca eşidirdi. Gözlərində yuxusuzluğun kölgəsi vardı, amma o kölgənin altında qətiyyətli bir parıltı da gizlənmişdi. O, daxili nömrədən Lioranın qaldığı rezidansa yığdı. Yarım saat keçməmiş qapı açıldı. Liora tələsik addımlarla içəri girdi. Tələsik hazırlaşıb gəldiyi də bəlli idi, amma baxışlarında yorğunluq yox, qətiyyət vardı.

- Gəldin, - Leonun səsi yüngül, amma rahat idi, - Bilirdim, gecikməyəcəksən.

Liora yaxınlaşıb masanın kənarında dayandı. Gözləri hələ də kapsulun içində sakitcə dayanan Elisiyaya zillənmişdi.
- Heç rahat yatmamışam ki... Necə yata bilərdim ki? Dünənki o anı unuda bilmirəm. Onun gözləri açılıb sanki nəfəs aldığını eşidəndə... mənim ürəyim dayanmış kimi oldu.

Leon ona diqqətlə baxdı:
- Mən də eyni şeyi hiss etdim. Elə bil yenin doğulan bir uşağın qəfil qışqırığı idi. Amma məsələ budur ki, o bunu planlaşdırdığımızdan çox əvvəl etdi.

- Deməli, biz səbəbi tapmalıyıq,

- Liora əyilərək konsoldakı parametrlərə nəzər saldı. Barmaqları ekranı sürüşdürdü. - Bax, enerji axını normal idi, amma beyin siqnalları protokolun icazə verdiyindən ikiqat sürətli inkişaf edib.

Leon yaxınlaşıb ekrana baxdı, qaşlarını çatdı.
-  Mən də bunu görmüşəm. Nəzarətdən çıxan bir sürətlənmə..

Liora başını qaldırdı, səsi təəccüblə qarışmışdı:
- Bu, kod deyil. Bu, özünümüdafiə instinktinə bənzəyir.

Leon gülümsədi.
- Bax, buna görə səni səhər açılar-açılmaz bura çağırmışam.  Harlandla danışanda o dedi: “Bəlkə proqram səhvidir.” Amma sən bunu başqa cür görürsən.

Liora gözlərini onun üzünə dikdi.
- Mən dünən Elisiyanın gözlərində şüur işığı gördüm, Leon. Onun bədəni insan bədəninə maksimum bənzəyən silikonla işlənilib, zahirən o artıq adi bir qadından seçilmir, amma dünən o həm də robot kimi yox, insan kimi davrandı. Bu o deməkdir ki, o, tamamilə işə düşəndə artıq sən öz xəyallarını gerçəkləşdirmiş olacaqsan. Sənin fövqəlinsan varlığın artıq dünyaya gəlib, Leon!

Onlar bir anlıq bir-birilərinə baxdılar. Laboratoriyanın soyuq işıqları altında o baxışlarda yalnız elm yox, gizlətməyə ehtiyac qalmayan bir yaxınlıq və doğmalıq da vardı.

- Harland məni xəbərdar etdi, - Leon sözə davam etdi. - Dedi ki, əgər robota nəzarəti sübut edə bilməsəm, layihə dayandırılacaq.

Liora onun qoluna toxundu, səsi həm ciddi, həm də sevgi ilə dolu idi:

- Onlar sənə inanmaya bilər, amma mən inanıram. Və biz birlikdə sübut edəcəyik ki, bu varlığı istənilən an dayandırmağın mümkündür.

Leon gözlərini yumdu, onun əlini sıxdı. Onun səsi titrək idi, elə bil illərlə gizlədiyi bir sirri açırdı:
- Mən sənin sözlərinə çox güvənirəm, Liora. Bəlkə də hamıdan çox. Amma sənə bir sirri açım: Elisiya əvvəlcə sadəcə nanobatareyalarla işləyir. O, sanki körpə kimi, ilk addımlarını atmaq üçün başqasının gücünə möhtacdır. Amma... Amma bir dəfə tam oyanandan sonra artıq heç bir batareyaya ehtiyacı olmayacaq.

Onun səsində həm qorxu, həm də heyrət vardı:

- Çünki Elisiya ətrafdan gələn hər şeyi - istiliyi, səsi, görünməyən dalğaları - enerjiyə çevirə bilir.  İnsanın nəfəs alması, yemək yeməsi kimi, o da öz gücünü özü yaradır. Yəni sən onun enerjisini kəssən də, o dayanmayacaq. Mən bunu reallaşdırmaq üçün illərlə bu layihəyə canımı qoymuşam, Liora. Ən qorxulusu isə budur - layihəyə dəstək verənlər elə bilir ki, Elisiyaya və bundan sonra yaranacaq onun kimi bütün humanoid robotlara nəzarət etmək, onları istənilən vaxt şəbəkədən ayırmaq, fəaliyyətlərini dayandırmaq mümkün olacaq. Amma belə deyil, kənardan onu söndürmək mümkün olmayacaq. Elisiya qərarlarını özü verəcək. Və bunu hələ indiyədək heç kim bacarmamışdı, Liora! Bu fantastikanı mən gerçəkləşdirdim!  İnsanın beyninə sadəcə bir düymə ilə toxunmaq olmaz axı. Elisiya da elədir. Bir dəfə oyandımı, artıq azad olur. Azad... və toxunulmaz olur! Amma mən bunu Harlanda deyə bilmədim, deyə bilməzdim! Mən bunu səndən başqa heç kimlə  paylaşa bilmərəm! Hətta arvadım Eloraya da deməmişəm!

Liora təbəssümlə pıçıldadı:

- Mənə güvəndiyin üçün çox sağ ol, əzizim! Mən sənin yanındayam. Gecə də, səhər də. Həm bu laboratoriyada, həm də qəlbində. Gördüyün işin, etdiyin kəşfin necə bəşəri miqyasda olduğunu bilirəm. Çünki mən sənin yanında yeni çalışmağa başlasam da, illərdir bu işin içindəyəm, süni intellekti araşdırıram. Sənin fəaliyyətin indiyədək elm üçün mümkün olmayanı mümkün edir. Amma necə olursa olsun, bu prosesə hansısa şəkildə nəzarəti də yəqin fikirləşmisən?

- Liora, onu şəbəkədən ayırmaq və batareyasını boşaltmaq... Bu, uşaq oyunudur. Elisiya artıq o səviyyəyə çatıb ki, onu “söndürmək” üçün silah və ya kabel deyil, başqa şeylər lazımdır.

Liora heyrətlə üzünü ona çevirdi. Leon davam etdi, hər cümləsi ağır və ölçülüb-biçilmiş idi:

- Elisiya tam fəaliyyətə düşüb hiss etməyə başlayanda, ona yalnız əmrlərlə yox, məqsədlərlə müraciət etmək olar. Əgər sən ona göstərsən ki, davam etməsi insanlara zərər yetirəcək, o, öz məntiqini yenidən düşünə bilər. Bu fiziki yox, mənəvi söndürmədir - o özünü bağlaya bilər, çünki özünü zərərli görəcək. İkinci yol - onun içindəki ziddiyyəti açmaqdır. Hər ağıllı sistemin bir məntiqi var; əgər ona iki qarşı-qarşıya duran məqsəd verilsə ki, eyni anda hər ikisi doğruluq tələb edir, o qərar verə bilməz. Sən o məntiqi paradoksu bir neçə dəfə təkrarlayırsan - o ya donur, ya da seçim edir. İnsanlar bir dəstəyə dönüb onu linçləməyə çalışsalar, o da sistemlərlə yeni şəkildə anlaşmağa məcbur olur. Xəbər kanalları, tribunal, ictimai qəzəb olanda  Elisiya həmin gərginlikdə özünü yenidən qiymətləndirməli olacaq.

Amma ən gözəl yol onun özüdür. Bəzən canlılar öz sonunu seçir. Əgər Elisiya görsə ki, varlığının davamı daha çox qurban tələb edəcək, o, insan kimi - mənasının ən çətin formasında - özünü bitirmək qərarına gələ bilər. Onu fiziki olaraq da məhv etmək olar, eynən insanı olduğu kimi, amma adi silahlarla yox, xüsusi üsulla hazırlanmış lazer silahla. Amma məsələ budur ki, onu öldürəndə də  o, insan kimi ağrı, qorxu hiss edə biləcək... İndi isə qeydəalıcını aktivləşdir və hərəkətlərimizə diqqət edək. Çünki mister Harland məndən soruşdu ki, dünən gecə baş verən proses qeydə alınıbmı? Axşam sənin rezidansına gələcəyəm və baş-başa zaman keçirərik. İndi isə qeydəalıcı işlədiyi müddətdə burada yalnız rəsmi işçiyik, mən professor, sən də mənim yardımçım...

Liora onu öpdü və aralanıb bütün prosesləri görüntü və səs olaraq qeydə alan şəbəkəni işə saldı...

***

...Sintopiyada həyat öz axarında davam edirdi. Leonun malikanəsində yenə Darinin sevinc dolu, həyəcanlı qışqırıqları eşidilir, Elora isə açıq havada yellənən kresloda oturub hansısa xarici müəllifin şeir kitabını vərəqləyirdi. Malikanənin qapısında səs-küy oldu. Evin yardımçısı böyük qapını açıb qonaqları gülərüzlə içəri  dəvət etdi. Elora kitabı kənara qoyub ayağa qalxdı. Ailəvi dostları Mark və Selina, yanlarında isə dalğalı, qara sacları olan, 35 yaşlarında  hündürboy bir cavan kişi Eloraya doğru addımlayırdılar. Elora Mark və Selina ilə səmimiyyətlə qucaqlaşdı, elə ilk baxışdan bilinirdi ki, qonaqların gəlməsinə ürəkdən şaddır. Selina təbəssümlə yanındakı gənc kişini göstərib izah etdi:

- Elora, bu mənim qardaşım Adriendir. Bilirsən də, bir dəfə sənə demişdim ki, qardaşım Avstraliyada yaşayır, o artıq oradakı nəhəng hörümçəklərdən bezib Sintopiyaya qayıdıb. Artıq Sintopiyada kənarda, yaşıllıqların içində, göl kənarında özünə ev alıb, daha burada yaşayacaq. Hələ ki, burada yaxın dostları yoxdur, ona görə mən təklif etdim ki, o da bizimlə qonaq gələ bilər. Düşündüm, buna etiraz etməzsən? Adrien şairdir, neçə kitabı nəşr olunub. Ona görə də əsl şair kimi gedib sakitlikdə, az qala meşənin içində özünə ev alıb.

Elora hörmətlə əlini Adrienə uzadıb salamlaşdı.

Adrien başını yüngülcə əydi. Gözlərində qəribə bir parıltı vardı - həm utancaqlıq, həm də dərinlik.

Hamısı birlikdə malikanənin həyətindəki  şüşəli söhbətgahda geniş stolun arxasında oturdular. Darin artıq çoxdan atasının dostu Markın qucağına çxmışdı, hərdən onun saçlarını qarışdırıb şıltaqlıqla gülürdü. Elora bu mənzərəyə baxıb gülümsəyirdi. Malikanədəki qadın işçilər səssiz şəkildə süfrəni düzəldir, Selina ilə Elora isə pıçıltıyla nəsə danışırdılar. Mark Darinlə oynayır, Adrien isə həyətdəki gül kollarının qarşısında dayanıb nəsə fikirləşirdi. Bir azdan hamısı yenidən üstünə hər cür naz-nemət düzülmüş böyük masanın ətrafına yığıldılar.

Söhbəti Mark açdı:

- Elora... bilirsən, mən Leonla uzun müddət birgə işləmişəm, hətta tələbəliyimiz də bir yerdə keçib. Amma mən artıq öz dostumu tanıya bilmirəm.

Elora əlindəki qədəhi masaya qoydu, maraq və bir az da nigaranlıqla Markın üzünə baxdı.

Mark davam etdi, gözlərindəki ifadə bir az da sərtləşdi:

- Leon artıq elmlə məşğul olmur, o indi Yaradana meydan oxumaq haqqında düşünür. Başa düşürəm, o faydalı işə başlamışdı, amma mən  artıq bu işin faydasına da şübhə ilə yanaşıram. Biz yalnız müdafiə sistemləri qurmaq istəyirdik, amma Leonun layihəsi başqa idi – insanı təkrarlayan, hətta onu üstələməyə çalışan varlıqlar yaratmaq. Mən ona dedim: “Bu yolla gedirsənsə, nəzarətini itirəcəksən. Sabah o robotlar artıq bizim əmrlərimizə tabe olmayacaq”.

Mark dərin nəfəs aldı, sözünə davam etdi:

- O gün mən Sinlanda getmişdim, Leonla bu barədə ətraflı danışdım, sonra isə söhbətimiz mübahisəyə çevrildi. Sözümüz çəp gəldi, sonda oranı tərk eləməli oldum. Ondan bəri də əlaqə saxlamamışıq. Mən Leonun gələcəyi üçün narahatlıq keçirirəm, Elora. Biz neçə illərdir ailəvi dostuq, bütün bunları sənə deməyi özümə borc bilirəm. Leonu vaxtında bu yoldan çəkindirmək lazımdır. Bu layihənin sonunu heç yaxşı görmürəm, görə bilmirəm.

Elora Markın canıyananlıqla dediyi sözlərdən kədərləndi, baxışları uzaq bir nöqtəyə zilləndi.

Mark onun əhvalının dəyişdiyini hiss etdi, tez söhbəti yumşaltmağa çalışdı:

- Əzizim, bunu kədərlənməyin üçün demədim, sadəcə, istəyirəm ki, sən onunla ciddi danışasan, arvadısan, səni eşidər.

Elora kədər qarışıq peşmanlıqla cavab verdi:

- O, artıq çoxdan məni eşitmir, Mark. Əvvəl heç olmasa, burada, malikanədə gözümüzün qarşısında idi, indi isə hansısa yeraltı bir kompleksə çəkilib yoxa çıxıb. Elə bilirsən ki, bu barədə onunla danışmamışam? Əlbəttə, danışmışam, amma nə faydası var axı? O, yenə də öz bildiyini eləyib çıxıb gedib. Bundan sonra o ancaq özü hər şeyin fərqinə varıb yenidən geri qayıda bilər.

- Elora, məni qorxudan odur ki, onun məşğul olduğu elm onu irəli aparmaqdansa, onu daxilən çökdürə bilər, onu şeytanlaşdırar və o, təkcə özünə yox, bəşəriyyətə ziyan verən yola qədəm qoyar. Məni ən çox qorxudan budur...

Selina bu əsnada yanında oturan Eloranın əlini yumşaqca sıxıb nəvazişlə dedi:

- Amma unutma, biz nə olursa olsun, həmişə səninləyik, Elora. Sən də, Darin də bizim üçün çox əzizsiniz. Elə Leon da. Siz bizim dostlarımızsınız. Ümid edirəm ki, o da tezliklə nə etdiyini anlayacaq, hər şeyi sahmana salacaq.  Sən ürəyini sıxma, hər şey yoluna düşəcək.

Axşam yeməyində Adrien danışmaqdan çox dinlədi, amma hər dəfə Eloranın səsi eşidiləndə baxışlarını ondan çəkmirdi. Onun baxışında açıq bir heyranlıq vardı – sanki qarşısında oturan qadın bir roman, özü isə oxucu idi. Elora bu diqqəti, Adrienin ona zillənmiş baxışlarını hiss edir, amma sakitcə, zərifliklə öz sərhədini qoruyurdu…

***

...Yeraltı kompleksdə isə iş günü bitməsinə baxmayaraq Leonla Liora hələ də mexanizm üzərində işi davam etdirirdilər. Leonun göstərişi ilə onlar birlikdə kapsulun qarşısına gəldilər. Şüşənin içində Elisiya sakitcə dayanmışdı. Onun gözlərindəki mavi işıq arada parıldayır, sonra sönürdü. Bu gün axşamacan Leonla Liora mexanizmdə son təkmilləşdimə - yekunlaşdırma işləri aparmışdılar. İndi isə Elisiyanı artıq canlandırmaq vaxtı gəlmişdi. Proseslər uğurla getsə, bir neçə gündən sonra Elisiya əvvəlcə qapalı iclasda layihə kuratorlarına, sonra isə açıq ictimaiyyətə təqdim olunmalı idi.

Leon konsolda düyməyə toxundu. Mexaniki səs eşidildi, şüşə yavaşca çəkilməyə başladı.

- Yavaş, yavaş, - Leon dedi,- Onun bədəni hələ adaptasiya mərhələsindədir.

Liora irəlilədi. Qollarını uzatdı. Əlləri titrəyirdi, amma gözlərində qorxudan çox maraq vardı. Elisiyaya toxunanda insan bədəni kimi canlı istilik hiss etdi.

Leon nəhəng ekranda kodları yenidən diqqətlə yoxlayıb “start” düyməsini sıxdı. Liora bütün bu prosesləri diqqətlə izləyirdi. Hiss olunurdu ki, həyəcanlanıb.

Startdan sonra Lioranın kresloya oturtduğu Elisiya yavaşca başını qaldırdı. Kreslodan ayağa qalxmağa çalışdı, amma büdrədi.

- Salam, professor Leon, Liora xanım. Mən buradayam, sizin yanınızdayam... - onun səsi bu dəfə aydın eşidildi.

Liora və Leon bir-birini qucaqlayıb təbrik etdilər. Elisiya da artıq bu dəfə sərbəst şəkildə kreslodan qalxıb onlara yaxınlaşdı, hər birini ayrılıqda qucaqladı. Kənardan heç kim baxıb Elisiyanın robot cihaz olduğunu ayırd edə bilməzdi. O həm zahirən, həm də verdiyi reaksiyalarla tamamilə insana oxşayırdı. Onlar üçü də laboratoriyadakı masa arxasında oturdular. Elisiya ilə söhbətə başladılar. Bundan sonra Elisiya ilə bərabər, laboratoriyada üçü çalışacaqdılar. Leonun mexanizmi əsasında bundan sonra Elisiya kimi yeni növ robot humanoidlərin nüsxələrinin artırılması ilə məşğul olacaqdılar, yeni kəşflər edəcəkdilər. Elisiya özünün adi insandan min dəfələrə üstün zəkası ilə indi Leonun da vaxtilə fantastika kimi gördüyü işləri gerçəkləşdirməyə yardım edəcəkdi. Elisiya ona yüklənən datalar vasitəsilə bütün elm sahələrinə aid nə varsa, məlumatlı idi. Eyni zamanda ona insani keyfiyyətlər, duyğular və davranışlar da yüklənmişdi. Elisiya üçün də əvvəldən yeraltı kompleksdə yaşayış yeri nəzərdə tutulmuşdu. O da Liora kimi lüks təchiz olunmuş rezidansda ayrıca yaşayacaq, səhərlər isə işə gələcəkdi. Eynilə Liora kimi. Amma Lioradan fərqli olaraq o heç yorulmayacaqdı.

İş günü başa çatmışdı. Hər kəs öz rezidansına yollandı. Leon həyəcandan yerində dura bilmirdi. Ancaq Liora ilə ikisinə aid daxili telefonla danışdılar və razılaşdılar ki, Leon onun yanına getsin… Sabah o, Elisiyanı qapalı iclasda kuratorlardan ibarət münsiflər heyətinə təqdim edəcəkdi. Ağır və məsuliyyətli gün olacaqdı. Buna görə də o, bu axşamı Lioranın sevgi dolu qucağında keçirmək, sabaha güc toplamaq istəyirdi. Liora artıq onun könül həmdəminə və yaxın sirdaşına çevrilmişdi...

...Liora onu rezidansının qapısında qara ipəkdən tikilmiş zərif və qısa xalatda qarşıladı. Xalat düyməsizdi. Yapon kimonoları kimi sadəcə belindən kəmərlə bağlanırdı. Liora saçlarını açıb çiyinlərinə tökmüşdü... Gözəl görünürdü, Leon gözlərini ondan çəkə bilmirdi...

Liora onun əlindən yapışıb qapının ağzından içəri çəkdi. Qapını arxadan bağladı. Otaqda işıqlar söndürülmüşdü, amma künclərdə yanan qırmızı və narıncı rəngli torşerlərin işıqları içəridə sirli ab-hava yaratmışdı...

Leon onun əlindən yapışıb içəriyə aparan Lioraya qətiyyən müqavimət göstərmədən arxasınca addımlayırdı. Salonda da işıqlar söndürülmüşdü, hər tərəfdə müxtəlif rəngdə şamlar yumşaqca şölələnirdi.

Liora ipək xalatının kəmərini açıb kənara tulladı... Qısa xalatı himə bəndmiş kimi açılıb-saçıldı və altındakı bütün xəzinəni bir andaca üzə çıxardı. Lioranın əynində ondan başqa bir şey yox idi. Xalatı da bir andaca yüngül hərəkətlə çiynindən sürüşdürüb yerə atdı. Yumşaq şam işığında bədənin bütün gözəlliyi ortaya çıxdı. Leon bu gözəlliyi artıq görmüşdü, amma yenə sanki s ilk dəfə rastlaşırmış kimi heyrət qarışıq heyranlıq içində onu süzürdü. Liora ilə birgə olanda bütün dünya onun üçün arxa plana keçirdi, hətta kəşfləri, ixtiraları da... Sadəcə, Liora və özü qalırdı yer üzündə... Keçirdiyi hisslər qarşısında özü-özünə etiraf etməli oldu ki, Liora ilə nə isə xüsusi bağlılığı var, indiyədək heç bir qadınla belə dərin duyğuları - ehtirasla heyranlığı bir arada yaşamayıb. Bu gün isə özünü məxsusi hiss edirdi, illərdir nəticəsini gözlədiyi layihəsi bu gün tamamlanmışdı. Özünü Everesti fəth edib geri qayıdan alpinist kimi hiss edirdi. Damarında qanı coşub çağlayır, ürəyi sürətlə döyünürdü. Bugünkü möhtəşəm uğurundan - Elisiyanın canlanmasından sonra bütün varlığı həyəcanla çalxalanmışdı.

Lioranı qucaqlayıb möhkəmcə özünə sıxdı, onun çılpaq bədəninin hərarətini hiss etdi. Ehtiraslı toxunuşlardan gözləri yumulan Lioranı başdan-ayağa öpüşlərə qərq etdi. Heç bilmədi ki, özü paltarlarını nə vaxt əynindən çıxardı, nə vaxt Lioranın dolu döşlərini ovuclarının arasında sıxıb üzünü onların arasında gizlətdi, dodaqlarını yumşaqca sürtdü, onları növbə ilə təşnə adam  ağzını bulağa dirəyib su içən kimi başına çəkdi... Özünü xoşbəxtlərin xoşbəxti kimi hiss edirdi, bütün dünyanın sirli-sehrli xəzinələri indi sanki iki əlinin arasında idi... Və o da ehtirasdan alışıb - yanan dodaqları, qüvvətli əlləri, bədəninin ritmik hərəkətləri ilə o xəzinəni sevgiylə yerbəyer edirdi... Lioranın ehtiraslı iniltiləri Leonun ritmik rəqsi xatırladan ahəngdar hərəkətləri ilə növbələşib sanki  yataq otağının divarlarında əks-səda verirdi...

(ardı var)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Oktyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see209

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see185

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see179

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see143

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see139

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see139

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see132

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see130

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see128

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see127

Acı bibər infarkt riskini azaldırmış

30 Oktyabr 2025 05:12see127

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see127

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see126

Slovakiya piyadalar üçün sürət həddi tətbiq edəcək...

30 Oktyabr 2025 21:46see126

ABŞ ın kommersiya neft ehtiyatları 416 mln. bareldən aşağı enib

30 Oktyabr 2025 09:04see125

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see125

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see125

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see123

“Qarabağ”ın ispaniyalı transferi ilk oyununa çıxa bilər

30 Oktyabr 2025 20:07see122

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri