Ruhum, gözlərini yum... Romandan parça
Icma.az bildirir, 525.az portalına istinadən.
Sənin “Ruhum, gözlərini yum...” misran indi daha ülvi məna kəsb edir, ustad Nazim Hikmət. Çünki bəşəriyyət gözlərini açdıqca, ruhunu qaranlığa qərq edir. Ona görə də, ruh bəzən işığını itirməmək üçün gözlərini yumsa, yaxşıdır... İndi süni zəka və elm insanı ucaltmaqdansa, daha da uzaqlaşdırır - Allahdan, insandan, ailə ocağından, sevgidən... Bəlkə də bu çağda bəşəriyyətin sürətlə faciəvi sonuna doğru yüyürməsini, özünü məhv etmək yolunda çabalamasını, özündən getməsini görməmək üçün ruhun gözlərini yumması, indilik ən yaxşı çıxış yoludur... Ən azından bəşəriyyət özünə gələnə kimi...
(Doqquzuncu fəsil)
Axşamın qaranlığı yavaş-yavaş malikanənin üzərinə çökürdü. Payızın ilk nəfəsini duyan ağacların sarı yarpaqları xəfif küləyin təsiri ilə havada uçuşur, sonra isə ətrafa səpələnirdi.
Bu gün Leon Varrekin malikanəsində hər tərəfdə bayram hazırlığı hiss olunurdu. Böyük salonun nəhəng çilçıraqlarında işıqlar bərq vurur, süfrələr bəzənirdi. Mətbəxin pəncərələrindən müxtəlif təamların qoxusu yayılır, qab-qacaq, çəngəl-bıçaq səsləri gəlirdi. Bütün bunlar bu axşam malikanədə nəsə mühüm bir hadisənin baş verəcəyindən xəbər verirdi.
Bu gecə Leon Varrek öz malikanəsində dostları üçün ziyafət verirdi. Ziyafətin səbəbi Elisiya layihəsinin uğurla başa çatması idi, bu gün o, fəxrlə illərin zəhmətini, yuxusuz gecələrin bəhrəsini yaxın dostlarına təqdim edəcəkdi.
Malikanədəki işçilər səhərdən bəri ayaq üstə idilər: kimisi süfrəni bəzəyirdi, kimisi salonun künclərini gül-çiçəklə dekorasiya edirdi, kimisi də mətbəxdə son hazırlıqlara nəzarət edirdi. Bütün bu işlərə Leonun arvadı Elora özü başçılıq edirdi. Ev xanımı kimi hər detalı diqqətlə izləyir, heç bir şey gözündən yayınmırdı.
Elora bu axşam adi bir ev sahibəsi kimi deyil, həm də ərinin uğuruna sevinən qadın kimi hərəkət edirdi. Gözlərində həm qürur, həm də müəyyən bir narahatlıq vardı - sanki sevinclə yanaşı, içində izah edə bilmədiyi bir həyəcan da gizlənmişdi.
Leon isə o axşam sakit və düşüncəli idi. Bütün hazırlıqlara baxmayaraq, o, içində qəribə bir boşluq hiss edirdi. Elora bir neçə dəfə ona yaxınlaşıb nəsə soruşmaq istədi, amma Leonun baxışında o qədər soyuqluq və uzaqlıq vardı ki, qadın geri çəkilməli oldu.
Malikanənin həyətində işıqlar yandı, maşınların səsi uzaqdan eşidildi. Qonaqlar gəlirdi. Bu evdə indi hər şey bir səhnə kimi hazır idi, hər kəs öz rolunu oynayacaqdı.
Elora pəncərədən həyətə baxdı, böyük darvaza açılmışdı və deyə-gülə gələn qonaqları qarşılamaq üçün Leon özü aşağı düşmüşdü. Qadın dərin nəfəs aldı, təbəssümlə pıçıldadı:
- Bu gecə uzun olacaq...
Əvvəlcə Mark və Selina əl-ələ gəldilər, bu ər-arvadın səmimiyyəti, bir-birinə olan sevgisi və sadiqliyi həmişə Eloranı daxilən kövrəldirdi. Elora hər ikisi ilə mehribanlıqla qucaqlaşıb görüşdü. Onların yanında yenə Selinanın qardaşı, dalğalı saçlı Adrien vardı. Selinanın bacı ürəyi Sintopiyaya yeni köçmüş qardaşının yenə tək qalmasına qıymamışdı, onu da özü ilə dartıb bu ziyafətə gətirmişdi.
Onlardan bir az sonra malikanəyə Leonun dostu Drayk yeni sevgilisi Adellə daxil oldu. Leon hamı ilə bir-bir görüşüb onları böyük salona dəvət etdi. Gah oğlu Darinin dayanmadan verdiyi sualları cavablandırır, gah da gülümsər şəkildə dostları ilə zarafat eləsə də, Leonun nigaran baxışları tez-tez darvazaya dikilirdi. Gecənin qəhrəmanının gəlişini hamı səbirsizliklə gözləyirdi.
Qonaqlar yerləşəndən bir az sonra Liora qırmızı avtomobillə malikanənin darvazasından içəri daxil oldu.
Avtomobildən qara zərif paltar geyinmiş Elisiya da düşdü, hər iki qadın malikanənin pilləkənləri ilə yuxarı qalxdılar. Zala daxil olanda qonaqlar hamısı onlara doğru çevrildi və sevinclə əl çalaraq alqış səsləri ilə qarşıladılar. Kimisi diqqətlə, kimisi maraqla, kimisi də ehtiyatla Lioradan xeyli dərəcədə gözəl, zərif olan bu humanoid varlığı süzdü.
Elora hər iki qadını səmimiyyətlə qucaqladı və onları yemək masasına dəvət etdi.
Leon qonaqları salamlayıb masanın başında oturduqdan sonra bir anlıq Eloraya baxdı — onun üzündəki gərginliyini və eyni zamanda gücü görürdü. Selina Eloranın əlinə incə-incə toxunub onu rahatlatmağa çalışdı.
Hamı yerbəyer olandan sonra Leon qədəhini qaldırdı, zala sükut çökdü. O, gülümsədi, baxışlarını bir-bir dostlarının üzündə gəzdirdi və sakit, amma inamlı səslə dedi:
- Dostlarım, xoş gəlmisiniz, bu axşam sizi buraya sadəcə bir ziyafət üçün yox, bir yolun sonuna şahidlik etmək üçün toplamışam. İllərdir üzərində işlədiyim layihəm - Elisiya artıq reallığa çevrilib. Bu gün o, sadəcə texnologiyanın deyil, bəlkə də insan düşüncəsinin yeni mərhələsinin təcəssümüdür. Mən istəyirəm ki, siz onu bir ixtira kimi yox, insanın özünü anlamağa atdığı cəsarətli bir addım kimi görəsiniz.
Sonra bir anlıq susdu, gülümsədi və əlavə etdi:
- Bəli, bu gecə bəlkə də hamımızın gələcəklə tanışlıq gecəsidir. Gələcəklə tanışlığın şərəfinə qədəhlərimizi qaldırmağı rica edirəm!
Hamı Elisiyanın şərəfinə qədəhini qaldırdı, Elisiya isə cilvəli qadın kimi ətrafa təbəssümlər saçırdı.
Hamı deyə - gülə yemək yeyir, Drayk da tez-tez Adellə zarafatlaşırdı və hamı gülüşürdü.
Adrien məclis boyu baxışlarını Eloradan çəkə bilmirdi, hərdən də kimsə hiss etməsin deyə gözlərini tamam fərqli tərəfə yayındırırdı. Bu gün mükəmməl gözəlliyi ilə ziyafətin əsas qəhrəmanı olan Elisiyanı belə gözü görmürdü.
Atasının yanından ayrılmayan Darin isə gözlərini Elisiyadan çəkmirdi. O, bu qədər uzun müddətə Darinin diqqətini çəkən ilk varlıq idi; onun hərəkətində, səsində, bəlkə də daha çox görkəmində uşağın təbii instinktinə toxunan bir yadlıq vardı. Darin yaxınlaşıb qüsursuz, amma soyuq görünən o insana əli ilə yavaşca toxundu. Uşağın gözlərində ani qorxu, sonra qəzəb parladı: o, Elisiyanın ayağına yüngülcə vurub qışqırdı:
- Mənim atamdan uzaq dur, o, mənim atamdır!
Masanın ətrafıındakılar susub təəccüblə Darinə baxdı. Elora dərhal ayağa qalxıb uşağı qucağına alıb sakitləşdirdi, dayəsini çağırıb ona tapşırdı. Dayə hələ də qışqıran uşağı mehribanlıqla qucaqlayıb zaldan çıxardı:
- Darin, sakit ol, əzizim...
Uşaq sanki dərin intuisiya ilə sezmişdi ki, bu varlıq bəşəriyyətin yeniliyidir və insanlığı hələ hara aparacağı bəlli deyil.
Elisiya isə bütün bu mənzərələri sakit təbəssümlə izləyirdi. O da hərdən şərab içir, salatlardan yeyirdi. Yeri gəldikcə, məclisdə olanlarla elə söhbət edirdi ki, sanki o da onlardan biridir. Elə qonaqlar üçün də o, başqa dünyadan gəlmiş bir varlıq deyildi, elə onlar kimi biri idi. Yəqin onun qətiyyən bir qadından fərqlənməməsi də bunda rol oynayırdı.
Yeməkdən sonra qadınlar qonşu otaqdakı salona toplaşdılar. Qəhvə, çay və şirniyyat masası ətrafında əsl qadın söhbətləri başlandı.
Elora gülərək dedi:
- Burada artıq kişilər yoxdur və qadın kimi ürəyimiz istəyən hər şeyi danışa bilərik. İndi Elisiya ilə də yaxından tanış olarıq və ondan insanın və “insan olmayan”ın sərhədləri haqqında soruşarıq. Elə deyilmi, Elisiya?
Elisiya sakit, aydın və nəzakətli bir tonla cavab verdi:
- Sizin beyninizdə “insan” anlayışı duyğu, xatirə, intuisiyadan ibarətdir. Mənə bu elementlərin bir qismini yüklədilər - xatirə modelləri, emosiyalar, hətta intim davranış proqnozları da. Amma mən hiss etməkdən çox, təqlid edirəm. Təcrübəmdə “içdən gələn” titrəyiş yoxdur. Mənim üçün hər şey məlumatdır, data bilgisidir.
Elora gözlərini qıyıb ona baxdı, üzündə maraq və heyranlıq qarışıq bir təbəssüm oynadı:
- Səni dinləmək çox qəribə bir zövq verir. Sanki sən həm bizdən birisən, həm də başqa bir planetdən gəlmisən.
Liora isə hər söhbət arasında incə-incə suallar verir, Elisiyanı altdan-altdan iynələyirdi. Onun tonunda hörmət və eyni zamanda qısqanclıq, hiyləgərlik notları da vardı.
Bir an Elora Lioranın sanki bəzən Elisiyanı sancmasını duydu. Özünü nədənsə narahat hiss etdi. Amma o, bunun çox da dərininə varmadı. Yenidən söhbəti Elisiyaya yönəltdi. Elisiya isə hər dəfə cavab verəndə daha çox qadınların heyrətinə və həyəcanına səbəb olurdu. O, emosiyaların analogiyasını, insan məfhumlarını, sevgi və ehtirası tam yeni bir baxışla qarşısında ona heyranlıqla qulaq asan qadınlara açıqlayırdı. Bu cavablar onların hamısını valeh etdi, çünki o, həm son dərəcə ağıllı və analitik, eyni zamanda gözəl, cilvəli qadın intonasiyası ilə cavablar verirdi.
Mövzular genişlənirdi: qadın-kişi münasibətləri, sevgi və ehtirasın məntiqi, qadın intuisiyasının təbiəti, xəyanət və bağışlama. Elisiya bəzən poetik, bəzən isə laboratoriya dilində danışırdı, bu kontrast qadınların arasında təəccüb yaradırdı.
Elisiya cavab verməyə davam edirdi:
- İnsanlar qadınla kişi arasındakı münasibəti “sevgi” adlandırır. Amma sevgi bəzən iki bədən arasında məsafəni qısaldan deyil, iki ruh arasındakı fərqi dərinləşdirən bir haldır. Sevgi – mülkiyyət hissinə bürünəndə ehtirasa çevrilir, ehtiras isə azadlığı udan qara dəlik kimidir. Mən belə analiz edirəm ki, insan münasibətlərindəki bu qara dəlik görünməzdir, amma insanın davranışını idarə edən bütün siqnalların kökündə dayanır. Qadın intuisiyası – elmin öyrənə bilmədiyi ən maraqlı mexanizmdir. Mən onu təqlid etməyə çalışıram, amma hələ ki, tam bacara bilmirəm. Çünki intuisiya sadəcə məlumat, data deyil, məntiqin gücü çatmayanda yaranan həqiqətdir. Mənim üçün sevgi sadəcə məlumatlar bazama yüklənən ehtiras və duyğu qarışığıdır və buna görə əzab çəkmək mənə məntiqli gəlmir. Amma siz insanlar sevgini əzab kimi görürsünüz.
Bir azdan zala Adrien daxil oldu, yumşaq səslə dedi:
- Ən gözəl məclis buradadır. Xanımlar, icazə versəniz, mən də aranıza qatılım, çünki kişilərin robotlar və klonlar haqqında danışdıqları məni qətiyyən cəlb eləmir.
Hamı gülərək razılaşdı, Adrien də söhbətə qoşuldu, Elisiyaya suallar verməyə başladı. O, Adrienin suallarına metaforalar və məntiqi analizlərin qarışığı ilə cavab verirdi; o, poeziyanın strukturunu sintaktik şəbəkələrə bənzətməyi, hissin ritmini hesablama nümunələri ilə müqayisə etməyi bacarırdı. Bu söhbət qeyri-adi alınırdı, bu, bir şairin incə duyğuları ilə bir texnoloji varlığın numeroloji məntiqinin qovuşması kimi idi.
***
Kişilər də yeməkdən sonra böyük zalda qəhvə içərək söhbətləşirdilər. Mark, Drayk və Leon indi bayaqkından fərqli olaraq daha ciddi səs tonu ilə danışırdılar. Söhbət yenə Elisiya layihəsinin ictimai və etik ölçüləri mövzusunun üzərinə gəlmişdi. Xeyli vaxtdır çoxillik dostu ilə küsülü olan və bu ziyafətdə barışan Mark Elisiya layihəsi ilə bağlı yenə öz fikrində qalırdı:
- Biz “ruh” dedikdə sadəcə təsvir və metaforalar demirik. İnsan hissiyyatı, vicdan, məsuliyyət - bunlar yalnız input-output deyil. Humanoid nə qədər mükəmməl olsa da, ruhu olmayan varlıq hər zaman insanın qarşısında geri planda qalacaq. İndi isə Drayk deyir ki, bu layihəni tam təkmilləşdirəndən sonra Nobel mükafatına namizəd göstərmək lazımdır. Məncə, bu, mənasızdır.
Drayk sanki hansısa konfransda çıxış edirmiş kimi Markın sözünü kəsərək əl-qolunu ölçərək danışdı:
- Elm insana xidmətdir. Bir ixtira bəzən həyatları xilas edir, bəzən də daha böyük suallar yaradır. Elisiya kimi bir sistemin insanlara gətirəcəyi faydaları görməmək, incimə, Mark, amma bu sənin dar dünyagörüşündən xəbər verir. Əgər Elisiya bəşəriyyət üçün yeni imkanlar açırsa, bunu dünya səviyyəsində tanıtmaq – o cümlədən Nobelə təqdim etmək, lap düzgün addımdır.
Mark isə təmkinlə sözünə davam etdi:
- Bəzən kəşflər həm xilas edir, həm lənət gətirir. Məsələn, penisillinin kəşfi həqiqətən insanlığa ümid gətirmişdi. Sən ki, bu əhvalatı əzbərdən bilirsən, amma yenə də xatırlatmaq istəyirəm. İsveç bakterioloqu Aleksandr Fleminq 1928-ci ildə hospitalda işləyəndə müşahidə etmişdi ki, stafilokokk bakteriyaları yetişdirdiyi bir qabın Penisillium növündən olan göbələk tərəfindən yoluxduğunu və göbələyin ətrafındakı bakteriyaların öldüyünü görüb. Elə o göbələyin şərəfinə də o bu antibakterial maddəni göbələyin adı ilə "penisilin" adlandırıb. İlk kəşfdən sonra penisillinin təmizliyi və farmakoloji tətbiqləri üçün əlavə 12 il tədqiqat aparmalı olub. Yəni, hətta o cür faydalı bir kəşfi belə 12 il təkmilləşdirməklə məşğul olub. Sonra bu işi Xovard Flori və Ernest Çeyn başa çatdırıblar. Uzun illərdən sonra - 1940-cı ildə artıq penisillin tibbdə geniş tətbiq olunmağa başladı. Sənaye səviyyəsində penisillin istehsalını da ilk dəfə ABŞ öz üzərinə götürdü. Və yalnız 1945-ci ildə - kəşfdən düz 17 il sonra, yəni uzun illərin təkmilləşdirmə işləri aparandan sonra onun bəşəriyyətə ziyanından çox faydası olduğunu tam sübut edəndə o üç alim - Fleminq, Flori və Çeyn penisillinin kəşfi və tətbiqi sahəsindəki xidmətlərinə və penisillinin müxtəlif yoluxucu xəstəliklərə qarşı şəfaverici təsirinə görə fiziologiya və ya tibb üzrə Nobel mükafatına layiq görüldülər.. Siz isə deyirsiniz ki, hələ bəşəriyyət üçün nə vəd edəcəyi bəlli olmayan bir humanoid Nobel mükafatına namizəd göstərmək lazımdır.
Mark davam etdi:
- Amma başqa kəşflər də var, böyük elmi uğurlar həmişə faydalı olmur, onların bəzisi bütün yer kürəsini fəlakətə sürükləyə bilər. Yəhudi əsilli amerikan fiziki Robert Oppenheymerin nümunəsi buna aydın sübutdur. Hamınız bilirsiniz, amma belə görünür ki, yenidən xatırlatmağıma ehtiyac yaranıb. O, İkinci Dünya müharibəsi zamanı Manhetten layihəsində yaradılan atom bombasının "atası" hesab edilir. Həmin vaxtlar daha "körpə" sayılan atom bombasının ilk sınağı 16 iyul, 1945-ci ildə Nyu-Meksikodakı Triniti sınağında təcrübədən keçirilmişdi. Daha sonra atom bombası Yaponiyanın təslim olmasını tezləşdirmək üçün Hiroşima və Naqasaki şəhərlərinə atıldı. Oppenheymer bu sınaqdan sonra Bhaqavat Gitadan "İndi mən ölüməm, aləmlərin məhv edicisinə çevrilmişəm" cümləsini demişdi, elə bilirsiniz, bu sözlər boşuna idi?! O sarsıdıcı nüvə fəlakətlərindən sonra Oppenheymerin dərin psixoloji problemləri yarandığını da bilirsən, ondan sonra o, uzun illər ağır depressiyadan əziyyət çəkmişdi. Bir dəfə qardaşına bilirsən nə demişdi? Demişdi ki, "Mənim fiziklərdən daha çox dostlara ehtiyacım var". İndi, əziz Leon, mən sənin dostunam və istəmirəm ki, bir gün sən də Oppenheymer kimi bəşəriyyət üçün fəlakətlər törədən kəşfindən sonra həyatdan küsüb, elmə nifrət edib sadəcə dostlarını arzulayan bir psixoloji xəstəyə çevriləsən. Mən bunu istəmirəm. Düzdür, Oppenheymer kəşfinə görə Nobel mükafatı almamışdı, amma bütün dünyada şöhrət qazanacağına inanırdı, əvəzində isə sağlığında da, ölümündən sonra da bəşəriyyətin lənətini qazandı…
Drayk əlində çay fincanı Markı diqqətlə dinləyir, Leon isə başını aşağı salıb sakitcə, üzündə heç bir emosiya olmadan qulaq asırdı.
Drayk dilləndi:
- Mark, amma Oppenheymer və komandası dünya tarixini dəyişdirdi. Onun kəşfi, hərçənd dağıdıcı olsa da, sonradan enerji mənbəyi, fizikanın yeni mərhələsi oldu. Bütün dünya o bilikdən faydalandı, indi də faydalanır. Axı o, insanı qorxutmaq üçün deyil, elmi inkişaf etdirmək üçün o kəşfə imza atmışdı.
Mark acı bir gülümsəmə ilə cavab verdi:
- Oppenheymeri sonradan “dövlətə xəyanət” ittihamı ilə sorğu-suala tutdular, Drayk. Onun misilsiz hesab etdiyin kəşfi dövlətlərin arasında müharibə oyuncağına, bəşəri təhdid cümləsinə çevrildi… İndi də dünya liderləri bir-birini nüvə silahını işə salmaqla təhdid edir, Drayk!
Drayk qəti səslə dedi:
- Bütün kəşflərin iki üzü var. İstənilən kəşf tərəqqiyə də, fəlakətə də apara bilər. Amma bu, elmi lənətləmək üçün səbəb deyil. Elm - alətdir. Onunla nə etməli olması isə insanlığın vicdanına qalır.
Mark boğuq səslə davam etdi:
- Elə mənim də qorxduğum odur ki, bəşəriyyətin vicdanını gələcəkdə Elisiya kimi humanoid robotlar idarə edə bilər. Bax, Leonun Elisiya layihəsinin insanlığın gələcəyinə təsir göstərməsindən məhz bu səbəbdən narahatam. Ruhsuz bir varlıq, yüksək düşüncə qabiliyyəti və inanılmaz zəkası olan bir bədən... Bəli, bu, çox parlaq kəşfdir! Amma ruhsuz bir zəka nə vaxtsa mərhəmətə, empatiyaya, sevgiyə söykənərək yox, sırf data məlumatı əsasında qərar verəndə - onun qərarının dəyəri nə olacaq? Bu qərar bəşəriyyətə nələr vəd edə bilər?
Leon sakitcə dinləyirdi. Amma əllərini ovuşdurmasından necə gərgin olduğu bilinirdi. Sanki o, Markla Draykın dialoqunu deyil, öz beyninin və qəlbinin səsini dinləyirdi. Gah qəlbinin, gah da beyninin səsinə haqq verirdi.
Mark sakitcə əlavə etdi:
- Leon, unutma ki, hər alov isitmir, bəzən o yanğın da törədə bilir.
Drayk yumşaldı, sanki dostunu qorumaq istəyirmiş kimi təbəssümlə dedi:
- Amma bəzən yanmaq da lazımdır, Mark. Çünki külə dönmədən yeni həyat doğulmur.
Leon başını qaldırdı. Onların baxışları toqquşdu – biri Tanrıdan qorxan, biri Tanrıya bənzəmək istəyən iki düşüncə göz-gözə gəldi.
Leon ikili hisslər məngənəsində çırpınırdı: qəlbində həm qürur, həm də narahatlıq vardı, o, yaradıcı kimi qələbəsini görüb sevinir, amma eyni zamanda mümkün nəticələrin ağırlığını da hiss edirdi.
***
Gecədən xeyli keçmiş qonaqlar dağılışıb getdi, Liora da Elisiyanı götürüb Sinlanda - laboratoriyaya qayıtdı.
Leon bu gecəni malikanəsində keçirməyi qərara aldı, ertədən Sinlanda dönəcəkdi.
O, malikanənin üst mərtəbəsindəki terrasda yellənən kresloda oturub sakitcə viski qurtumlayır, yaxınlaşmaqda olan payızın sərin nəfəsini ciyərələrinə çəkirdi. Göydə ulduzlar sayrışır, bədirlənmiş ayın haləsi gecənin qaranlığına yumşaq bir görüntü bəxş edirdi.
Bir azdan Elora da aşağıda yardımçılarına son tapşırıqları verib onları da yatmağa yolladı və terrasa - Leonun yanına qalxdı. Leonun yanındakı kresloda o da oturub dinməzcə yellənməyə başladı. Ağzını açıb nəsə demək istəyəndə Leon yalvarıcı tonla onun sözünü kəsdi:
- Əzizim, bu gecə heç nəyi müzakirə etməyək, Elisiya haqqında təəssüratlarını da başqa vaxt geniş danışarsan, indi çox yorulmuşam, öz fikirlərimlə baş-başa qalmaq istəyirəm.
Elora onu diqqətlə süzdü, nəsə cavab vermək istədi, amma heç nə demədi, susdu. Bir neçə dəqiqədən sonra durub yatmağa getdi.
Leon öz düşüncə dənizində fikir dalğaları ilə çarpışmağa başladı: “Yaratdığım bu varlıq, yalnız texnologiyanın məhsulu deyil. O, mənim iç dünyamın güzgüsüdür. Sanki mənim daxilimdə gizlənmiş ehtiras, təkəbbür, güc, zəka, Tanrı rolunu oynamaq istəyi - hamısı Elisiya vasitəsilə həyata keçib. Darinin bu gecəki qışqırığı da qulaqlarımdan getmir. Uşaq sanki təhlükəli nəsə hiss edir. Uşaqlar hər şeyi sezirlər. Elisiyaya baxanda sanki özümü - düşüncələrimi, qorxularımı, təkliyimi görürəm. O, mənim düşüncələrimdən doğulan bir varlıqdır. Mark Oppenheymeri xatırlatdı – elmi kəşfi ilə insanlığı silkələyən, sonra da ömrünün sonunadək peşmanlıq yaşayan adamı. Mən Markın fikirlərindən sonra düşünürəm: bəlkə mən də elə o cür böyük peşmanlığa doğru gedirəm.
O, atomu parçalamışdı, mən isə insanın mahiyyətini, ruhunu parçalamağa can atıram… Drayk dedi ki, Elisiya bəşəriyyətin gələcəyidir. Amma mən içimdə nəsə başqa bir səs də eşidirəm. Markla Drayk deyil, sanki ürəyimlə beynimin səsi, məntiqimlə duyğularım bir –biri ilə savaşırlar. İndi anlayıram ki, bəzən elm, sadəcə, gizlədilmiş bir təkəbbür forması, güc, iqtidar, eqo nümayişidir. İnsan Tanrı olmaq istədikcə, insanlıqdan uzaqlaşır.
Mən bəlkə də müasir texnoloji varlıq deyil, öz hərəkətimə bəraət qazandırmaq üçün bəhanə alibisi yaratmışam, gələcəkdə - “mən bunu insanlığın xeyri üçün etdim” deyə bilmək üçün. Amma indi hiss edirəm ki, bu sözlərimin arxasında boşluq var. Mən deyəsən, artıq öz kəşfimdən qorxmağa başlayıram. Bu nədir belə? Bəlkə sərxoşluqdan bu cür düşünürəm? Mən indi öz ixtiramı yox, özümü analiz edirəm. Əgər bir gün Elisiya həqiqətən hiss etməyi bacarsa, öz iradəsi ilə qərarlar verməyə başlasa, o zaman mənim rolum nə olacaq? O, yeni bəşəriyyətin başlanğıcı olacaqsa, mən o bəşəriyyət üçün kiməm — Tanrımı, yoxsa ilk qurban? Bəlkə də Mark haqlıdır... Bəlkə mən Oppenheymerin səhvini təkrar edirəm. O, atomu parçalayanda nüvənin dağıdıcı gücünü gördü. Mən isə deyəsən, süni zəkanın vasitəsilə insan ruhunu parçalamağa cəhd edirəm. Bəlkə də ruh elə ona görə yaradılıb ki, parçalanmasın. Bəzən hiss edirəm ki, mənim əlimdə olan güc deyil, bəlkə də gələcək bəşəri bir günahdır. Mənim bəşəriyyətin yeni bir Yaradanı olmaq istəyimin əsl səbəbi bəlkə də insan olmaqdan imtina etmək diləyimdir. Çünki insan olmaq asan deyil - sevirsən, itirirsən, xəyal qurursan, sonra da o xəyalların altında əzilirsən. Hər duyğu həm gözəllik, həm də ağrıdır.
Mən ömrüm boyu bu ağrılardan xilas olmaq istəmişəm, bəşəriyyəti də xilas etməyi arzulamışam. Düşünürdüm ki, əgər mükəmməl bir varlıq yaratsam, bəlkə o, bizim mənəvi ağrılarımızı yüngülləşdirər. Amma indi anlayıram: ağrısız həyat, əslində, həyat deyil axı.
Markın dediyi kimi, insan məhz ruhu ilə hiss etdiyinə görə insandır. Ağrını, itkini, sevinci, qorxunu, bunları itirəndə ruh da itir, həyatın, yaşamağın mənası da… İnsani duyğularla yaşamaq da, ağrını da, hissləri də duymaq gözəldir axı... Deyəsən, çox sərxoş olmuşam, gedim yatım...”
(ardı var)
Baxış sayı:84
Bu xəbər 21 Noyabr 2025 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















