Rumıniya Moldova birliyi: mümkün amma təhlükəli...
Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
Əhali narazı, siyasi təşkilatlar narahatdır
Avropada siyasi iqtisadi vəziyyət gərginləşdikcə yeni transformasiyalar, tarixi keçsmişə söykənən inteqrativ proseslər yenidən “yada düşür”. Bu sıralamada ən “populyar” sayılan proses Moldova ilə Rumıniya arasındakı ənənəvi birləşmə xəbərləridir. Vurğulandığı kimi, Moldova ilə Rumıniya arasında mümkün birləşmə məsələsi son illərdə Cənub-Şərqi Avropanın ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Tarixən eyni köklərdən qidalanan, dil, mədəniyyət və milli kimlik baxımından bir-birinə çox yaxın olan bu iki dövlətin münasibətləri, həm regionun tarixi gedişatı, həm də geosiyasi reallıqlar nəticəsində fərqli trayektoriyalar üzrə inkişaf edib. Moldova SSRİ-nin dağılmasından sonra müstəqil dövlət kimi formalaşsa da, Rumıniya Avropa İttifaqı və NATO üzvlüyü ilə fərqli inteqrasiya yolunu seçib. Buna baxmayaraq, həm ictimai rəydə, həm də siyasi müstəvidə zaman-zaman “yenidən birləşmə” ideyası gündəmə gəlir və müxtəlif dalğalarla gündəmin ön sıralarına çıxır. Bu məsələ yalnız tarixi yaddaşla bağlı nostalji deyil, həm də iqtisadi, siyasi və təhlükəsizlik aspektlərindən Avropanın gələcəyi üçün strateji əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Moldova və Rumıniyanın birləşməsi son günlərdə yenidən avropa gündəminin müzakirə predmetinə çevrilib - “iData”nın keçirdiyi sorğuya əsasən moldovalıların əksəriyyəti Rumıniya ilə birləşməyə qarşıdır.
Tarix təkrarlanacaqmı?
Qeyd edək ki, hazırda fərqli müstəqil siyasi subyekt kimi fəaliyyət göstərən Moldova və Rumıniya tarixin bir çox dönəmlərində bir dövlətin daxilində və ya bir dövlət statusunda olublar. XIX əsrin əvvəlində bugünkü Rumıniyanın şimal-şərqini təşkil edən Moldaviya Knyazlığı (Prutun qərbi) ilə bugünkü Moldovanın böyük hissəsi - Bessarabiya (Prutun şərqi) eyni siyasi-mədəni arealda idi, lakin Bessarabiya 1812-ci ildə Rusiyaya verildi. Prutun qərbindəki Moldova 1859-cu ildə Valaxiya ilə birləşib Rumıniyanı formalaşdırdı.
Birinci Dünya müharibəsindən sonra Bessarabiya Parlamenti 27 mart 1918-ci ildə Rumıniya ilə birləşmə qərarı verdi. Beləliklə, bugünkü Moldovanın böyük hissəsi 1918-1940-cı illərdə Rumıniyanın tərkibində oldu. II Dünya Müharibəsi öncəsi Molotov-Ribbentrop xətti fonunda SSRİ Bessarabiyanı özünə ilhaq edərək Moldaviya Sovet Sosialist Respublikasını yaratdı. Müharibədən soqnra da Moldaviya SSR SSRİ tərkibində qaldı.
1991-ci ildə SSRİ dağılanda Moldova da digər müttəfiq respublikalar kimi müstəqilliyini elan etdi. Həmin dövrdə sosialist siyasi ideologiyasından imtina edən Rumıniya isə NATO (2004) və Aİ (2007) yolunu tutdu.
1990-cı ilin mayında Prut üzərində simvolik sərhəd açılışı, baş tutdu. “Güllər Körpüsü” (Podul de Flori) ilə milyonlarla insan bir-birini vizasız ziyarət etdi. O dövrün emosional fonu birləşmə ideyasını gücləndirmişdi. 1990-lar və 2000-lərdə bununla bağlı vətəndaş cəmiyyəti təşəbbüsləri (mitinqlər, imza kampaniyaları) fasilələrlə davam etdi. 2018-ci ilin “Böyük Birləşmə”nin 100 illiyi ərəfəsində Moldova daxilində 100-dən çox bələdiyyə simvolik “birləşmə bəyannamələri” qəbul etdi. Eyni ildə Alba İuliyadan Kişinyova doğru “İğlımlı əsr yürüşü” (“Marşul Centenarului”) keçirildi.
Birləşmə siyasi xətti ölkələrdə siyasi platformada da siraət etmişdi - Moldovada 2019-cu ildə bir neçə unionist güc “UNIREA” blokunda birləşdi (partiyalar və QHT-lər koalisiyası), lakin seçkilərdə geniş kütlə dəstəyi toplaya bilmədi.
Siyasi fəallıq 40 faizi ötmür...
Vurğulandığı kimi, birləşmə ilə bağlı müxtəlif siyasi hərəkatlar və partiyalar yaradılıb. Məsələn, Moldovada ən populyar birləşmə tərəfdarı kimi “Partidul Unitatii Nationale” (PUN) çıxış edir. Onlar açıq unionist xətt tutur, müxtəlif illərdə parlamentdənkənar kampaniyalar, mitinqlər, informasiya aksiyaları təşkil ediblər. Hər iki ölkədə fəaliyyət göstərən “AUR” partiyası da fərqli zamanlarda həm Moldovada, həm də Rumıniyada aktiv küçə siyasəti ilə məşbul olublar. Bu sıraya Liberal Parti (PL) və vətəndaş platformalarını (ODIP/Unirea və s.) da əlavə etmək olar. Bu prosesə ictimai dəstək isə birmənalı deyil - məsələn, 2021 yazında keçirilmiş iData sorğusunda təxminən 44 faiz dəstək qeydə alınmışdı. Sonrakı dövrlərdə bu dəstək 30-40 faiz arasında dəyişib. Maraqlıdır ki, ölkələrin əsas böyük siyasi blokları həm “birləşməyə hə”, həm də “müstəqilliyə sadiqlik” xəttini müdafiə edirlər.
İqtisadi “uçurum”...
Birliklə bağlı strateji yol xəritəsində əsas müzakirə predmeti təbii ki, iqtisadi nüanslardır. Siyasi ekspertlər iddia edirlər ki, birləşmə baş verəcəyi halda bu, Moldovanın Rumıniyaya birləşməsi fonunda olacaq - birləşmə zamanı “Almaniya presedenti”nə müraciət olunmasına səbəb isə Rumıniyanın Aİ üzvü olmasıdır. Aİ daxilində vahid hüquqi məkan yaradılması isə siyasi-hüquqi qərarlara söykənməlidir. Vurğulandığı kimi, 1990-cı il “Alman birləşməsi” buna presedent ola bilər.
Vurğulayaq ki, Rumıniyanın ötən ilki ÜDM-i 382, 8 milyard ABŞ dolları təşkil edib. Həmin göstərici Molodovada 18 milyard ABŞ dollarıqdan yüksək olub. İki ölkənin birləşməsi halında ümumi ÜDM göstəricisi təxminən 400 milyard ABŞ dolları həcmində olacaq. Rumıniyanın əhalisinin sayı 19 milyon, Moldovanın əhalisi isə təxminən 2,4 milyondur. Rumıniyada adambaşına nominal ÜDM Moldovadan xeyli yüksəkdir. Vahid vergi-sosial məkan və investisiya axınları Moldovada maaşların və məhsuldarlığın tədricən yaxınlaşmasını stimullaşdıra bilər ki, bu da Rumıniya əhalisi tərəfindən xoş qarşılanmır. Bununla belə artıq yüz minlərlə moldovalının Rumıniya vətəndaşlığı var. Qeyd edək ki, iki ölkənin hüquqi qanun bazası, sosial harmonizasiya miqrasiyanı leqallaşdırır, remitensləri formal sektora çəkir.
“Dnestryanı” təhlükəsi...
İqtisadi transformasiyada olduğu qədər iki dövlətin birləşməsində siyasi maneələr də az deyil. Məsələn, bölgədə hələ də həllini tapmamış siyasi problemlər mövcuddur. Tanınmamış “Dnestryanı” (Transnistriya) bölgədə rus hərbi kontingenti mövcuddur və buradakı siyasi problem həll edilməyib. Moldovalı siyasi ekspertlər özləri də etiraf edirlər ki, problem tək bu, deyil - muxtar Qaqauziyada da Moskva meylli qüvvələr mövcuddur. Birləşmə baş verərsə, anti-NATO/anti-Aİ ritorikası kəskinləşə bilər. Unutmaq olmaz ki, Rumıniya NATO üzvüdür; birləşmə ssenarisi NATO sərhədinin “Dnestryanı” münaqişə zonasına “toxunması” deməkdir.
3 iqtisadi yol xəritəsi...
Bu kimi məsələ ilə bağlı bir müddət öncə “Vaşinqton Post” qəzetində dərc olunan analitik məqalədə prosesin üç iqtisadi yol xəritəsi üzrə baş verə bilmə ehtimalı irəli sürülür:
1. Yumşaq inteqrasiya (Aİ üzvlüyü və Kişinyov): Gömrük-tənzimləmə uyğunlaşması, sərhədlərin “şengenləşməsi”, enerji-logistika layihələrinin tamamlanması - risklərin minimallaşdırılması
2. Hüquqi birləşmə “tam paket” (Transnistriya daxil): ən bahalı və təhlükəli model sayılır. Çünki təhlükəsizlik komponenti əsas məhdudiyyət kimi irəli sürülür.
3. Şərti birləşmə (Transnistriya həllindən sonra və ya onun statusunu ayrıca tənzimləməklə): burada təhlükəsizlik riski nisbi azalır. Ekspertlər bu variantı texniki cəhətdən “mümkün, amma siyasi cəhətdən çətin” sayırlar.
Maraqlıdır ki, Aİ-nin də bu birləşmə ilə bağlı mövqeyi birmənalı deyil. Aİ orqanları Moldovanın Aİ-yə yaxınlaşmasını açıq dəstəkləyir - 2022-ci ildə ölkənin quruma namizəd statusu, 2024-cü ildə danışıqların açılması qərarı mövcuddur. Qərb analitikləri məhz “Dnestryanı” probleminə görə bu fikri təhlükəli sayır. Xüsusilə Ukrayna müharibəsindən sonra məsələ daha təhlükəli bir mərhələ kimi görülür.
P.SADAYOĞLU


