Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? ARAŞDIRMA
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Azərbaycanda orta məktəblərin rus dili sektorları və rusdilli məktəblərin sayı ciddi müzakirələrə səbəb olub.
Ölkə Konstitusiyası Azərbaycan dilini dövlət dili kimi təsbit edir və bütün rəsmi yazışmalar, təhsil və sənədləşmə bu dildə aparılır. Bu baxımdan, sovet dövründən qalma rusdilli məktəblərin bugünkü Azərbaycan reallığında yer alması getdikcə daha çox suallar doğurur. Sovet İttifaqı dövründə rus dili “xalqları birləşdirən vasitə” kimi təqdim olunur, rusdilli təhsil isə sosial yüksəliş və prestij yolu sayılırdı. Ancaq bu şərtlər artıq yoxdur. Azərbaycan öz müstəqil yolunu seçmiş ölkədir və bu yolda milli təhsil, dil siyasəti də zamanın tələblərinə uyğunlaşma tələb edir. Buna baxmayaraq, ölkədə hələ də yüzlərlə məktəbdə rus bölməsi və 17 rusdilli məktəb fəaliyyət göstərir.
Milli mənafe kontekstində baxış

Bir çox valideynlər rusdilli təhsili daha keyfiyyətli və perspektivli hesab etsə də, bu baxış, əsasən, sovet dövründən qalma psixoloji komplekslərə və informasiya qıtlığına əsaslanır. Halbuki bu gün dünya dilləri arasında rus dili üstünlük mövqeyini xeyli itirib və müasir informasiya resurslarının əksəriyyəti artıq ingilis dilindədir. Dövlətin və cəmiyyətin qarşısında duran əsas vəzifə — gənc nəslin Azərbaycan dilində keyfiyyətli təhsil alması, milli dəyərlərə bağlı vətəndaş kimi formalaşmasıdır.
Bu prioritetlər, təbii ki, rus dilinin öyrədilməsinin tamamilə rədd edilməsi demək deyil. Rus dilinin ölkəmizdə tədris olunan digər xarici dillərlə eyni statusda öyrədilməsi davam etdirilməlidir.
Dövlət büdcəsi hesabına yüzlərlə rus dili bölməsinin və məktəbin saxlanılması isə bu gün nə strateji, nə ideoloji, nə də pedaqoji baxımdan əsaslandırıla bilir.
Rusdilli təhsilə dövlət dəstəyi niyə davam edir?

2025-ci tədris ili üzrə Azərbaycanda ümumi təhsil müəssisələrində 1 619 335 şagird təhsil alır. Bunun isə 100 mini rus dilində təhsil alır. Rus bölmələrində təhsil alan şagirdlər ümumi şagird sayının 6.18% faizini təşkil edir. Özü də rusdilli məktəblərdə şagirdlərin əksəriyyəti azərbaycanlı uşaqlardır. Azərbaycanda yaşayan etnik rusların ümumi sayının təxminən 71 min nəfər olmasını nəzərə alsaq, etnik rus şagirdlər bu 6.18 % payın çox kiçik qismini təşkil edir. Azərbaycanda tam rus dilində tədris aparan 17 məktəb mövcuddur. 340 təhsil müəssisəsində isə rus bölməsi var.
2025-ci ildə Azərbaycanın dövlət büdcəsində təhsil xərclərinə ayrılan vəsaitin həcmi 4,94 milyard manat olub. Buradan o nəticəyə gəlmək olar ki, hər il təxminən 400 milyon manata yaxın vəsait rus bölmələrində oxuyan şagirdlərin təhsilinə xərclənir. Yəni ölkədəki sırf rus dilində tədris edən 17 məktəb və 340 məktəbdəki rus dili bölməsi tam olaraq dövlət büdcəsindən ayrılan vəsait hesabına fəaliyyət göstərir. Ölkədə ingilis, fransız və digər dillərdə təhsil alan şagirdlərin bu xidməti ödənişli əsaslarla aldıqlarını nəzərə alsaq, belə bir sual ortaya çıxır: rus dilində təhsil almaq istəyənlər nə üçün dövlət büdcəsi hesabına oxumalıdır? Məntiqlə rus dilində oxumaq istəyənlərə də eyni prinsiplər tətbiq edilməlidir.
Dövlət Ana dilində təhsili büdcə vəsaitləri hesabına maliyyələşdirməklə hər kəsin təhsil almaq hüququnu təmin edir. Belə olan halda, başqa bir xarici dildə olan təhsil niyə dövlət büdcəsi hesabına maliyyələşməlidir? Və ya əgər Azərbaycanda rus dilində pulsuz təhsil almaq mümkündürsə, bu niyə ingilis, ispan və ya başqa xarici dillərdə təhsil almaq istəyənlərə şamil edilmir?

Təhsil eksperti Kamran Əsədov da APA-ya açıqlamasında bildirib ki, aparılan təhlillər və qanunvericiliyin tələbləri göstərir ki, Azərbaycanda yalnız ana dilində - Azərbaycan dilində pulsuz təhsilin təmin olunması məqsədəuyğundur, rus bölməsinin ödənişsiz saxlanmasına ehtiyac yoxdur.
“Ali təhsil və orta ixtisas təhsili müəssisələrində apardığımız təhlillər də göstərir ki, rus bölməsinin ödənişsiz olmasına ehtiyac yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasında, “Təhsil haqqında” Qanunda göstərilib ki, Azərbaycanda təhsil Azərbaycan dilində həyata keçirilir və dövlət öz ana dilində, yəni, Azərbaycan dilində pulsuz təhsili təşviq edir və həyata keçirir”, - Kamran Əsədov bildirib.
O, həmçinin, vurğulayıb ki, rus dilinin xarici dil kimi tədrisi kifayət etdiyi halda, rus bölməsinin ayrıca saxlanması, zəif nəticələr göstərən abituriyentlərin aşağı ballarla ali məktəblərə qəbul olunması və əmək bazarında özlərini doğrultmamaları fonunda ədalət prinsipi pozulur, bu, həm də dövlət vəsaitinin səmərəsiz istifadəsinə səbəb olur: “Burada ən vacib məqamlardan biri rus dilinin yalnız xarici dil səviyyəsində qalmasıdır. Yəni, ayrıca bölmə olaraq saxlamağa ehtiyac yoxdur. Azərbaycanda rus bölməsinə dərs deyən müəllimlər ixtisaslı mütəxəssislərdir və hesab edirəm ki, onlar eyni ixtisas üzrə Azərbaycan bölməsində dərs desələr, daha yaxşı olar”.
Rus bölməsi təhsildə geri qalır: Statistika və reallıq

Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara əsasən, 2023-2024-cü il üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında ümumilikdə 130 mindən çox abituriyent iştirak edib. Onların böyük əksəriyyəti azərbaycandilli bölmənin məzunları olub. Bu isə qəbul olunanların sayına və xüsusilə yüksək bal toplayanların ümumi strukturuna da ciddi təsir göstərib. Rus bölməsinin şagirdləri həm say, həm də nəticə baxımından daha aşağı mövqedə qərarlaşıblar. Məlumatlara görə, 700 balla qəbul olan abituriyentlər içindən yalnız bir neçəsi rusdilli məktəbdən olub, yüksək bal toplayanlar sırasında Azərbaycan bölməsi üstünlük təşkil edir. Rəqəmlərdən də aydın görünür ki, rus dilində tədris aparan məktəblərin ali təhsilə hazırlıq səviyyəsi azərbaycandilli məktəblərlə müqayisədə zəifdir. Bu fakt həm də rus bölməsi üzrə təhsilin səmərəliliyi və müasir təhsil tələblərinə uyğunluğu məsələsini yenidən gündəmə gətirir.
Ekspert Kamran Əsədov da qeyd edib ki, rus bölməsinin abituriyentləri ali məktəblərə aşağı ballarla qəbul olunduqları, məzunluq göstəriciləri zəif olduğu və əmək bazarında özlərini doğrulda bilmədikləri üçün bu sahəyə dövlət tərəfindən ayrılan vəsait səmərə vermir: “Biz buraxılış və qəbul imtahanlarının nəticələrinin təhlilində görürük ki, Azərbaycan bölməsinin abituriyentləri 500-600 bal aralığında qəbul olduğu ixtisaslara rus bölməsinin abituriyentləri ən aşağı ballarla qəbul olunurlar. Həmçinin ali məktəblərə keçirilən qəbul imtahanlarından sonra plan yerləri ciddi şəkildə boş qalır və hazırda dövlət büdcəsindən rus bölməsinə ayrılan vəsait özünü doğrultmur. Biz bunu orada görürük ki, birinci sinfə əgər 15 min şagird başlayırsa, onların yalnız altı minə qədəri məzun ola bilir. Həmçinin ali təhsil müəssisələrinə aşağı ballarla qəbul olunmuş rus bölməsi abituriyentlərinin çox az hissəsi məzun olur və ya çox cüzi bir hissəsi ixtisası üzrə çalışır. Məsələn, biz Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi müəllimlərin işə qəbulu imtahanları, eyni zamanda Dövlət İmtahan Mərkəzinin keçirdiyi dövlət qulluğuna qəbul imtahanlarının nəticələrini təhlil edəndə görürük ki, rus bölməsinin abituriyentləri arasında minimum keçid balını toplayanlar çox azdır. Yəni, dövlətin bu sahəyə sərf etdiyi vəsait özünü birmənalı şəkildə doğrultmur. Ali məktəblərə aşağı balla qəbul olunmuş rus bölməsi abituriyentləri sonradan əmək bazarında da, təbii ki, əmək bazarının tələblərinə və müasir standartlara cavab verə bilmirlər. Onların akademik göstəriciləri çox zəifdir”.
Digər tərəfdən, rusdilli təhsil müəssisələrində müəllim potensialı da zəifləyib. Sovet dövründə ezamiyyətlə gələn müəllimlər artıq yoxdur, hazırda isə keyfiyyətli rusdilli müəllim kontingenti də kifayət qədər deyil. Bakı Slavyan Universiteti bu sahədə əsas baza hesab olunsa da, son illər müəllim hazırlığından çox digər istiqamətlərə yönəlib. Bundan əlavə, rusdilli məktəblərdə dərs deyənlərin pedaqoji biliklərinin yetərsizliyi də ciddi problemdir.
Rusdilli dərsliklərdəki ideoloji təhlükə

Digər bir məsələ dərsliklərlə bağlıdır. Rusdilli məktəblərdə tədris olunan bəzi fənlər üzrə dərsliklər, əsasən də rus dili və ədəbiyyatı üzrə Rusiyadan gətirilir və ya adaptasiya olunur. Müəllimlər tərəfindən istifadə edilən əlavə vəsaitlər, metodik tövsiyələr, iş dəftərləri, sınaq testləri və s. bəzən “Prosvehenie”, “Drofa”, “Ventana-Qraf” kimi Rusiya nəşriyyatlarından alınır. Bu isə Azərbaycanın təhsil sisteminə və milli kimliyinə birbaşa təsir göstərir. Bu dərsliklərdəki ideoloji məzmun Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil edə bilər.
Azərbaycanlı şagirdlərin rusdilli məktəblərdə bu cür mənbələr əsasında təhsil alması, onların milli təfəkkürdən, ana dilindən və tarixindən uzaqlaşmasına gətirib çıxarır. Ölkənin dil və təhsil siyasəti, milli təhlükəsizlik konsepsiyası çərçivəsində bu məsələ ciddi şəkildə yenidən dəyərləndirilməlidir.
Regional nümunələr

Müstəqillikdən sonra bir çox postsovet ölkəsi rusdilli təhsildən tədricən imtina edib.
Ermənistanda 1993-cü ildən başlayaraq rus məktəbləri bağlanıb, bu da rus dilini bilənlərin sayında ciddi azalmaya səbəb olub. 2024-2025-ci tədris ilindən bəzi siniflərdə rus dili artıq əsas xarici dil deyil, seçmə xarici dil kimi tədris olunur.
Qazaxıstanda 2022-ci ildən etibarən birinci siniflərdə rus dilinin tədrisinə son verilib.
Ukraynada isə 2019-cu ildə qəbul edilən yeni təhsil qanunu əsasında rus dilində tədris mərhələli şəkildə məhdudlaşdırılıb və yuxarı siniflərdə tədrisin, əsasən, Ukrayna dilində aparılması qərara alınıb.
Gürcüstanda da müstəqillikdən sonra rusdilli məktəblərin sayı əhəmiyyətli dərəcədə azalıb. Milli dilin gücləndirilməsi siyasəti çərçivəsində bu məktəblərin bir hissəsi gürcü dilinə keçib, bir hissəsi isə ümumiyyətlə bağlanıb.
Baltikyanı ölkələrdə – Estoniya, Latviya və Litvada rusdilli təhsil daha sərt şəkildə məhdudlaşdırılıb. Xüsusilə Latviyada 2018-ci ildə qəbul edilən qanunla orta məktəblərdə tədrisin yalnız latış dilində aparılması nəzərdə tutulub ki, bu da rus məktəblərinin fəaliyyətini ciddi məhdudlaşdırıb.
İkitərəfli münasibətlərdə təhsil sahəsində balansın pozulması

Azərbaycanda sırf rus dilində tədris aparan onlarla məktəbin, paralel olaraq rus dilində tədris aparılan yüzlərlə məktəbin olmasına baxmayaraq, Rusiyada Azərbaycan dilində tədris aparan bir məktəb belə yoxdur. Vaxtilə Moskvada Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni mənşəli məktəbi fəaliyyət göstərib. 2014-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə həmin məktəb əsaslı təmir olunub. Burada ümumi tədris proqramından əlavə, şagirdlərə Azərbaycan dili, tarixi və ədəbiyyatı da öyrədilib. Lakin daha sonra məktəbdən "Azərbaycan etnomədəni mənşəli" ifadəsi götürülüb və məktəb gimnaziyaya çevrilib. Hazırda həmin tədris müəssisəsi Kərim Kərimov adına 1583 saylı gimnaziya adlanır. Artıq bir neçə ildir ki, şagirdlərə Azərbaycan dili, tarixi və ədəbiyyatı da öyrədilmir.
Rusiyanın Dağıstan Respublikasının əsas titul xalqlarından birinin azərbaycanlılar olmasına, Dərbənd şəhərinin əhalisinin əsasını azərbaycanlılar təşkil etməsinə, Dağıstan Respublikasının rəsmi dillərindən birinin Azərbaycan dili hesab olunmasına baxmayaraq, burada şagirdlərə Azərbaycan dili, ədəbiyyatı və tarixi tədris olunmur.
Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır və orada Azərbaycan məktəbləri açılmırsa, Azərbaycanda azsaylı rus icması üçün yüzlərlə məktəbin saxlanması ədalətli və qarşılıqlı münasibətlərə uyğun deyil. Bütün bunların fonunda rusdilli məktəblərin bu qədər sayda saxlanması məsələsi yenidən düşünülməli və bu təhsil formasının aktuallığına obyektiv yanaşılmalıdır. Bu, açıq şəkildə təhsil sahəsində qeyri-bərabər yanaşmanın və qarşılıqlı münasibətlərdə bərabərlik prinsipinin pozulmasının göstəricisidir.


