Icma.az
close
up
RU
Rusiya, Blok, Putin və Əli bəy...

Rusiya, Blok, Putin və Əli bəy...

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Lap əvvəlcə bir cümlə ilə deyim ki, özümə "qoca” desəm də, elə təsəvvür etməyə tələsməyin məni. Altmışı dörd ay əvvəl tamamlamışam və şairin dediyi kimi: heç hara tələsmirəm... 

İndisə keçək mətləbə. "Bəli, skiflərik biz! Bəli, asiyalılarıq biz!” – bu sözlər şair Aleksandr Blokun məşhur "Skiflər” şeirindəndir. 

Blok Rusiya poeziyasının "gümüş dövrü”nün ən görkəmli təmsilçilərindən olub. Rus inqilabını, xüsusən də bolşeviklərin oktyabr inqilabını "ilkin xristian hərəkatı” kimi qəbul etsə də (məktəb vaxtı keçilən məşhur "12-lər” poeması), tez bir zamanda dəhşətli səhv etdiyini anlayıb, "Bolşeviklər məni "samoqon” kimi içdi” deyərək bir-iki ildən sonra çərləyərək ölüb...

Bu konteksdə daim bir sual düşündürüb bəndənizi: görən, kommunist-bolşeviklər niyə bu qədər ədibi məhv etdilər? 

Ağlabatan, məntiqli və xüsusi cavabım yoxdur. Təkcə onu bilirəm ki, məktəb vaxtında dünyanın böyük yazıçılarından birinin məşhur sözlərini oxumuşdum: hökmdarlar şairləri başa düşəndə onları edama göndərirlər!

Bəli, Blok da ilk və ya son yazıçı-şair deyildi bu sırada. "Lenin” poemasını yazan (bəlkə də bu, onun ən zəif əsəri idi) Mayakovski intihar etdi, Yesenin intihar etdi, qadın Marina Svetayeva intihar etdi, Anna Axmatova olmazın təzyiqlər yaşadı – bəli, əri güllələndi (hərçənd ki, bu adam zabit kimi ölməyi şair kimi bağışlanmqdan üstün tutmuşdu!), gənc oğlu həbs olundu! Və ən nəhayəti: Mandelştam da 37-də güllələndi və bununla da rus poeziyasının daha bir epoxası bitdi. Tək Pasternak qaldı ki, onu da əllinci illərin axırlarında "samoqon edib içdilər”...  

Hamısı da nəyə görə? Ona görə ki, bolşevik elitası, xüsusən də Stalin nə qədər paradoksal olsa da, onları çox yaxşı "anlayırdı”... 

Bilirsiniz, bununla nə demək istəyirəm? Bu vaxtadək yazılarda M.Bulqakova çox müraciət etmişəm. "Ağ qvardiya”nın son sözləri mənim üçün sanki manifest olub. "Qaçış” və ya "İt ürəyi” filmləri də öz yerində. 

Onun məşhur romanını isə iki dəfə - bəli, bir dəfə rus, bir dəfə də azərbaycanca oxumuşam, amma etiraf edirəm ki, bu romanda hələ də anlamadığım, qaranlıq məqamlar var. Romanla bağlı nə qədər şərh oxumuşam! Bir rus tənqidçisi yazırdı ki, Bulqakov onu narkotikin təsiri altında yazıb! Digər rus  "konspiroloq”u ərz edirdi ki, guya həmin vaxt Moskvada həqiqətən müəmmalı hadisələr baş verirmiş!

Kiçik haşiyə kimi qeyd edim ki, eyni problemi mən Andrey Tarkovskinin filmlərilə bağlı da yaşamışam. Yenidənqurma vaxtı az qala Moskvanın bütün kinoteatrlarında onun filmlərini göstərirdilər. Demək olar, çoxuna baxmışdım, amma xeyli anlamadığım məqamlar olmuşdu. 

Qayıdaq Bulqakova. Maraqlısı bilirsiniz, nədir? Stalin romanın əlyazmasını bircə dəfə oxuyur və dərhal da onu qadağan edir, yəni bizdən fərqli olaraq onu dərhal "anlayır” və roman yalnız "böyük rəhbər”in ölümündən sonra, fəqət, yenə xüsusi redaktə ilə dərc olunur.

Belə qorxunc adam idi yoldaş Koba. Bəzi yazılanlara görə, dini seminariyanı belə tamam bitirməmiş bu adam gündə azı 300-400 səhifə oxuyurmuş – faktiki olaraq ölkənin baş, əsas senzoru imiş.  

Moskvada, tələbəlik vaxtı, bizim "SovİKP tarixi”ndən müəllimiz vardı, özü də gürcü idi – Aleksey Çikovani. 

Bir dəfə qrup yoldaşlarımızdan birinin Leninin Stalinə münasibəti haqqında dedikləri onun xoşuna gəlmədi. Bəli, qayıtdı Leninin Stalin haqqında yazdığı xarakteristikanı sözbəsöz, nöqtəsi-vergülü ilə əzbər deməyə! Görəndə ki, auditoriyada gərginlik və bir az da pərtlik yaranıb, dedi ki: "Bəli, Stalin hər şeyə özü nəzarət edirdi, hətta uşaq jurnalı olan "Murzilka”nı da oxuyurdu”. 

Bunlar bolşeviklərin ədəbiyyata "xüsusi münasibət”inin yeganə mümunələridimi? Əlbəttə yox, sadəcə, ötən dəfələrdə də elə bu saytda bu haqda yazdığımızdan təkrara varmaq istəmirik. Burada bir müdrik məqamı niyə bir daha xatırlamayasan? Deyir ki: "...dünyanı cəhənnəmə çevirənlər ondan "cənnət” düzəltmək istəyənlərdir”. 

Belə cəhdlər davam edir. Hazırda növbəti "cənnəti”, özü də təkcə Rusiyada yox, bütün keçmiş sovet məkanında cənab V.Putin yaratmaq istəyir. 

O gün oxuyuram, bunun "baş geopolitiki” Aleksandr Duqin yazır ki, Rusiya bundan sonra azı 50-60 il müharibə aparacaq! Fikirləşirsən ki, Tanrım, bu adam filosof-politoloqdur, yoxsa xəstə manyak? Axı niyə görə Rusiya hələ bundan sonra on illərlə müharibə aparmalıdır? Axı bu Rusiya nə boyda olmalıdır ki, siz "doyduq” deyəsiniz? Rusiyadan əlli, yüz dəfə kiçik ölkələr var ki, iqtisadiyyatları onunkindən bir neçə dəfə böyükdür, insanları daha tox və azaddır! Yaxşı olmazmı ki, bu haqda da düşünəsiniz?

Doğrudanmı, Putin ruslara "cadu” edib, dilini-ağızlarını bağlatdırıb? 

Hanı ölkənin demokratları, hanı bunun keçmiş "qərbçi”ləri (şərti mənada deyirəm: söhbət müəyyən siyasi dəyərlərdən gedir)? 

Hamının ya "içki düşkünü” kimi ələ saldığı, yaxud "çar Boris” dediyi hətta qoca B.Yeltsin Vladimir Putin SSRİ-nin keçmiş himnini təzədən dövlət himni elan edəndə buna etiraz etmişdi! 

Hətta bir vaxtlar rusların hazırda "böyük dövlət adamı” adlandırdıqları kəşfiyyatçı Yevgeni Primakovu vəzifəsindən qovmuşdu (səhv etmirəmsə!) ki, partkomların xofu indi-indi insanların canından çıxır, mən onları durub yenə keçmişə qaytara bilmərəm! Hətta M.Qorbaçov da neçə dəfə V.Putinin siyasətilə bağlı etirazarını bildirmişdi. 

İndi nə olub? Bir Aleksey Navalnı vardı, o, da çox "müəmmalı” şəkildə öldü! 

Bir Boris Nemtsov vardı, o da elə! Bu "müəmma”ların arxasında kimlər və nələr dayanır? Doğrudanmı, daha heç bir ümid yeri qalmayıb?

Bilirsiniz, siyasət çox çətin məşğuliyyətdir. Asan deyil. Amma ruslara nə olub axı? 

Siyasətçilər bir tərəfə, guya bunların hətta Nobel ödüllü Dmitri Muratov kimi hüquq müdafiəçiləri – dissidentləri də var.

Doğrudanmı, ruslar xalq kimi siyasi cəhətdən tükənib, daha siyasi lider yetişdirmək iqtidarında da deyillər? 

Axı bunların bu xüsusda neçə əsrlik təcrübəsi var! Axı bu ölkə tarix boyu inqilabçılar və inqilablar ölkəsi olub! Bilərək ki, məğlub olublar, amma yenə öz planlarından – qərarlarından geri addım atmayan, o dövr üçün ən mütərəqqi siyasi dəyərlərə tapınan, öz ölkələri üçün hətta konstitusiya tələb edən "dekabrist”lər olub burada – özü də iki yüz il bundan əvvəl.

Məni qınamyanın, "politoloq” Aleksandr Duqinə baxanda yadıma məşhur keşiş Rasputin düşür – bəli, çar ailəsinin etimadını qazanmış və bundan istifadə edərək az qala, ölkəni idarə edən fırıldaqçı bir keşiş.

Əvvəldə Blokun şeirini nahaq yerə xatırlatmadım. Təəssüf ki, yüz illər ərzində bəzi rus ziyalıları da tam müəyyənləşə bilməyiblər. İndi sanki V.Putin elə A.Blokun dediyini edir: "qıyıqgözlü asiyalıları” başına yığıb Qərbə yürüş edir! Ən dəhşətlisisə heç bilirsinizmi, nədir? Əcaba, bəlkə bunun hələ bundan sonra 50-60 il də hakimiyyətdə qalmaq fikri var?

Qərb də az aşın duzu deyil. Şimali Koreya əsgərlərinin Rusiyanın tərəfində Ukraynaya qarşı vuruşduğu tamam təsdiq olundu. Bundan əvvəl məlum idi ki, məhz Şimali Koreya Rusiyanı bütünlüklə artilleriya mərmilərilə təchiz edir. 

Bir sözlə, Moskva Kiyevə qarşı əsl beynəlxalq cəbhə açıb, üstəlik, deyirlər ki, guya Moskva ilə Pxenyan arasında xüsusi müqavilə var! Bəs Qərb hara baxır? Bunlar da deyir ki, bəs Kiyev NATO-nun üzvü deyil və məlum maddə ona qəti şamil olunmur! 

Mən dəqiq bilmirəm, məgər NATO keçmiş Yuqoslaviyaya hərbi müdaxilə edəndə bu federasiyanın serblər tərəfindən təcavüzə məruz qalan digər subyektləri NATO-nun üzvü idi?

Sovetlərin vaxtında ABŞ-ın müdafiə nazirlərindən biri aldığı informasiyalardan psixi sarsıntı keçirərək "Ruslar hücum edir!” deyərək özünü pəncərədən atmışdı.  

İndi prezident Donald Tramp özünü elə göstərir ki, sanki V. Putin dünyanın ən "konstruktiv”, hətta yazıq prezidentlərindən biridir. Nə deyirik, olsun! Amma dünyanı növbəti "taun” (lap ruhu Alber Kamyunun çox məşhur romanını xatırladır) ağuşuna almaqdadı – rəngini mənsiz də müəyyən edə bilərsiniz.

Sonda bir qeyd. Düşünməyin ki, Asiyanın əleyhinəyəm. Əsla! Bilmirəm, vaxtilə çox böyük tarixçi-kulturoloq Arnold Toynbi sivilizasiyaları necə sistemləşdirmişdi (səhv etmirəmsə, 20-dən çox!), amma kimsə inkar etməz ki, Çin, Hindistan, Yaponiya və s. bütpərəst ölkələri xüsusi  bir sivilizasiyadır. Elə biz - müsəlman dünyası da böyük sivilizasiya hesab olunuruq. Daha bir nəhəng sivilizasiya da var ki, o da yəhudi-xristan aləmidir. Soruşuram: Dünyanın gözəlliyi bunların vəhdətində deyilmi?

Hərdən özümü də kulturoloji identifikasiya etmək, müəyyənləşdirmək istəyirəm və özümdən soruşuram ki, axı sən kimsən, qoca? Ağlıma bircə cavab gəlir: Avropa təhsilli və düşüncəli müsəlman-türk! Çox şey demirmi bu? Sivilizasiyaların sintezinin ən bariz nümunəsi deyilmi bu? 

İndi bizdə də çox adam Qərbə, Avropaya "opponentlik” etmək istəyir, amma gəlin heç olmasa, bayrağımızı unutmayaq. 

Səhv etmirəmsə, rəhmətlik Əli bəy Hüseynzadənin (Turan) məşhur triadasının ("islamlaşma, türkləşmə və müasirləşmə”) bir elementi də əslində "avropalaşmaq” idi. 

Düzdür, indi çoxu "müasirlik” kimi təqdim edir bunu. Qoy, belə olsun. Biz də bununla razıyıq. Özümüzü hansısa regionla və ya coğrafiyayla yox, müəyyən dəyərlər sistemilə bağlamalıyıq, çünki hətta Avropanın da çöküşü ola bilər. 

Amma hələ ki, əsl "müasirlik” deyiləndə dünyada yenə də Avropa və ya Qərb yada düşür. Ona görə də tələsməyək...

O ki qaldı Rusiyaya, bəzən soruşurlar ki, doğrudanmı Rusiyanı bu qədər sevmirsən? 

Cavab verirəm: axı Rusiyanı necə sevməyə bilərəm ki, özümdəki bir sıra müsbət keyfiyyətlərə görə ilk növbədə bu ölkəyə borcluyam! Mən Rusiyanı necə sevməyə bilərəm ki, hətta özümün Avropa təhsilimə görə də ilk növbədə bu ölkəyə minnətdar olmalıyam!.. 

Sadəcə, problem ondadır ki, sanki Rusiya özü yoxdur və heç omayıb da! Əvvəllər romanovlar, daha sonra sovet Rusiyası vardı, indi də Putin Rusiyası var. 

Birinci ikisi artıq tarixdir – yaxşısı da olub, pisi də! Düşünmək olardı ki, indi hər şey başqa cür olacaq. 

Amma yox, bütün post-sovet məkanı üçün yeni problem yaranıb – Putin Rusiyası! Bir özünüz deyin: onu necə sevək? Axı indi 21-ci əsrdir, axı koloniolizm indi barbarlıq sayılır...


Hüseynbala Səlimov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 May 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see140

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see131

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see130

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see127

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see125

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see121

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see121

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see121

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see120

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see120

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see119

31 il ötdü...

03 İyul 2025 07:57see117

Almaxanım ana oldu

04 İyul 2025 15:22see116

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see115

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see114

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see114

Bu ölkədə kökəlməyə qarşı cərimələr başlanır

03 İyul 2025 07:51see114

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see112

Meksika millisi KONKAKAF Kubokunun finalına çıxdı

03 İyul 2025 09:32see112

Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?

03 İyul 2025 02:45see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri