Icma.az
close
up
RU
Rusiya İran: Güclü ittifaqmı, yoxsa məcburi yaxınlaşmamı?

Rusiya İran: Güclü ittifaqmı, yoxsa məcburi yaxınlaşmamı?

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mirzə Rəşad Orbey

Siyasətçi

Ötən həftə həm də Rusiya və İran arasında imzalanmış strateji razılaşma ilə yadda qaldı. Adı səs-küylü görünsə də, əslində nə baş verdiyini araşdıranda, ortada ciddi bir şeyin olmadığı qənaətinə gəlmək olar. Ümumiyyətlə, Rusiya və İran arasında yeni strateji razılaşma nə deməkdir, əvvəlcə gəlin, buna işıq tutaq. 

Verilən açıqlamalardan, bəyanatlardan o fikir yaranır ki, tərəflər təhlükəsizlik və hərbi-texniki sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Lakin bir-birinə həqiqətən istənilən şeyi verməyə hazırdırlarmı, bax, məsələnin bu tərəfi hələ müəmmalıdır. 

Rusiya və İran prezidentlərinin 17 yanvarda imzaladığı strateji tərəfdaşlıq müqaviləsi iki ölkə arasında əməkdaşlıqda irəliləyiş və yeni səhifə kimi təqdim olunur. Lakin əslində, bu sənəd nə onların arasında hərbi ittifaqı nəzərdə tutur, nə də özündə birbaşa təhlükəsizlik öhdəliklərini ehtiva edir – sadəcə əlaqələri inkişaf etdirmək barədə arzular və niyyətlər ifadə olunur. 

Məlumdur ki, 2022-ci ilin başlanğıcında Rusiya Ukraynaya hərbi müdaxilə etdi, bununla da Qərb tərəfindən bütün səviyyələrdə total izolyasiya ilə üzləşdi. Bunun nəticəsində, hazırda Tehran və Moskva arasındakı qarşılıqlı əlaqələr artıq yeni səviyyəyə çatıb. Görünən odur ki, hazırkı razılaşma daha çox dəyişmiş reallığı nəzərə almaq məqsədi güdür, nəinki əməkdaşlıq üçün yeni üfüqlər açmağı.

Xatırladım ki, Rusiya və İran arasında ilk belə müqavilə hələ 2001-ci ildə imzalanmışdı. Köhnə müqavilənin əvəzinə yeni strateji tərəfdaşlıq sazişinin imzalanması ideyası isə Rusiya və İran rəhbərliyində hələ 2020-ci ildə yaranmışdı. 

O zaman İran prezidenti Həsən Ruhaninin vəzifədən gedən administrasiyası nüvə sazişi ilə bağlı uğursuzluqlar və Qərblə münasibətləri qurmaq cəhdlərinin boşa çıxması fonunda, xarici siyasətdə heç olmasa hər hansı bir pozitiv iz qoymağa çalışırdı. Rəsmi Tehran, İslam Respublikasının əsas tərəfdaş ölkələrə diqqətini yönəltmək, onlarla böyük, uzunmüddətli əməkdaşlıq sazişləri bağlamağı planlaşdırırdı.

Bu siyahıda ilk yeri 2021-ci ilin mart ayında Çin tutdu. Həmin vaxt Tehran və Pekin arasında 25 illik saziş gündəmə bomba kimi düşdü; bu, xeyli səs-küy yaratdı - mətbuat səhifələrində Çinin 400 milyard dollarlıq investisiyaları və İranın guya Fars körfəzindəki adalarını çinlilərə icarəyə verməsi ilə bağlı miflər dolaşmağa başlamışdı. 

Lakin fakt burasındadır ki, bu saziş Çin-İran münasibətlərinin ümumi dinamikasına ciddi təsir göstərmədi və 2022-2023-cü illərdə iki ölkə arasında ticarət dövriyyəsi hətta bir qədər də azaldı. İran daha sonra oxşar sənədləri Venesuela və Suriya ilə də imzaladı. Ordan da ciddi bir nəticə hasil olmadı. Rusiya isə bu siyahının məntiqi davamı kimi görünürdü. 

Həmin dövrdə Kremlin Tehranla münasibətləri ümumilikdə tərəfdaşlıq xarakteri daşısa da, hələ yeni səviyyəyə çatmamışdı. Buna görə də Moskva bu təklifi ümumi şəkildə qəbul etdi, lakin yeni sənədin detalları ilə bağlı Rusiya qurumları arasında razılaşmanın əldə edilməsi prosesi Çindəki qədər sürətli imzalanmaya imkan vermədi.

Daha sonra, dönüş nöqtəsi olan 2022-ci il gəldi. Həmin il Rusiyanın ordusuna İranın pilotsuz uçuş aparatları lazım oldu, Qərbin Rusiyanı təcrid etmək cəhdi isə İranı əvəzedilməz tərəfdaşa çevirdi. Yəni iki ölkə arasındakı münasibətlər heç bir gurultulu saziş olmadan yeni səviyyəyə qalxdı. Geriyə qalan iş isə, artıq əməkdaşlığı tənzimləyən sənədləri, dəyişmiş reallığa uyğunlaşdırmaqdan ibarət oldu.

Nəticədə, bu günlərdə dərc olunmuş sənəd çoxsaylı abstrakt ifadələrlə, məsələn, "sadiqliyi təsdiqləyirlər", "cəhd edirlər" və "töhfə verirlər" kimi ifadələrlə nümunəvi protokol razılaşması təəssüratı yaradır. Əgər bu saziş 2020–2021-ci illərdə ortaya çıxmış olsaydı, onda əməkdaşlığın dərinləşməsi üçün ilkin şərtləri görmək mümkün olardı. Amma bu gün sənəd, tərəflər üçün irəliyə doğru hər hansı ciddi öhdəliklər qoymadan, daha çox artıq əldə edilmiş yaxınlaşma səviyyəsini saxlamağı özündə ehtiva edir.

Hətta formal bölmələr baxımından belə, sənəddə yeni heç nə yoxdur. Sənəddə sadalanan əməkdaşlıq sahələrinin – energetika, nəqliyyat, regional təşkilatlar çərçivəsində qarşılıqlı əlaqə və s. – demək olar ki, hamısı son üç ildə İran və Rusiya arasında yeni razılaşmaların mövzusu olub.

Sazişin imzalanmasından əvvəl əsas intriqa iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığının nə qədər irəli gedəcəyinə dair sual idi. Ötən il Rusiya ilə Şimali Koreya arasında bağlanmış və tərəflərin təcavüz halında bir-birinə qarşılıqlı yardım göstərməsini nəzərdə tutan razılaşma, İranla imzalanacaq sazişdə də oxşar maddənin yer alacağına dair gözləntilər yaratmışdı. 

Lakin reallıq daha təvazökar oldu: Rusiya və İran, sadəcə, belə bir razılığa gəldilər ki, ölkələrdən hər hansı birinə hücum edildiyi halda, təcavüzkara yardım etməyəcəklər.

Bu maddə açıq şəkildə göstərir ki, tərəflər hərbi ittifaq yaratmaq niyyətində deyillər. Üstəlik, imzalanmış sənədin mətni bu məsələ ilə bağlı hər hansı irəliləyişin olmadığını tamamilə ortaya qoyur. Demək olar ki, eyni ifadələrlə həmin maddə İran və Rusiya arasında 2001-ci ildə imzalanmış müqavilədə də yer almışdı. Yəni o vaxtdan bəri prinsipial olaraq heç nə dəyişməyib.

Əlbəttə, hərbi-texniki əməkdaşlıq iki ölkə arasındakı münasibətlərin vacib tərkib hissəsi olaraq qalır. Yeni saziş çərçivəsində tərəflər informasiya mübadiləsi aparmağı, birgə hərbi təlimlər keçirməyi və "regional təhlükəsizliyi təmin etməyi" öhdələrinə götürürlər. Fəqət bir-birini müdafiə etməyə hazır deyillər.

İranın Rusiya üçün hərbi yardımının əhəmiyyətlilik zirvəsi artıq keçmişdə qalıb. 2022-ci ildə İran pilotsuz uçuş aparatları böyük rezonans yaratmış və Rusiyanın Ukrayna cəbhəsindəki hərbi taktikasını əhəmiyyətli dərəcədə dəyişmişdi. Amma 2025-ci ilə qədər Rusiya öz pilotsuz sistemlərinin istehsalında xeyli irəliləmiş və yüksək lokalizasiya dərəcəsi ilə İran PUA-larını Alabuqada yığmağa başlamışdır. 

Bundan əlavə, Ukrayna cəbhələrində vəziyyət getdikcə Moskvanın xeyrinə dəyişir. Yəni, Tehran tərəfindən yardım artıq 2022-ci ildə olduğu kimi aktual deyil.

Bəlkə də, Rusiyanın hələ də hərbi cəhətdən kəskin çatışmazlıqla üzləşdiyi yeganə sahə insan resurslarıdır. Təsadüfi deyil ki, Şimali Koreya Ukraynadakı müharibə üçün Rusiyaya yalnız sursat təchizatı təmin etmir, həm də öz əsgərlərini göndərməyə başlayıb. Lakin İran belə qurbanlar verməyə hazır deyil. 

Hətta özünün elə, ya belə iştirak etdiyi hərbi toqquşmalarda Tehran iranlı hərbçilərin ölümünü riskə almaq fikrindən uzaqdır və bu həssas məsələdə vətəndaşlarını narahat etməməyə çalışır. Məsələn, Bəşər Əsəd rejiminə tam dəstəyinə baxmayaraq, iranlılar 2011-ci ildən bəri Suriyada davam edən vətəndaş müharibəsində təxminən 2000 nəfər itki verib. Müqayisə üçün, həmin dövrdə Əsədin ordusunun itkiləri azı 90 min nəfər olub. 

Yəni, İran hətta öz maraqları üçün belə, əsgərlərini qurban verməyə həvəs göstərmir və daha çox proksi qüvvələr və müttəfiqlər vasitəsilə döyüşməyi üstün tutur. Rusiya maraqları üçün isə bu, ümumiyyətlə müzakirə predmeti deyil.

İrana gəldikdə isə, keçən ilin uğursuzluqları fonunda — Livanda "Hizbullah"ın məğlubiyyəti və Suriyada Əsəd rejiminin çöküşü ilə — onun Rusiyanın silahlarına marağı artmaqdadır. 

Digər tərəfdən, Rusiya, ondan silah istəyən ölkələrə bunu təmin etmək üçün nə qədər hazırdır? 

Birincisi, bunu özünün apardığı müharibə və genişmiqyaslı yenidən silahlanma planları məhdudlaşdırır. İkincisi, Moskva BƏƏ və Səudiyyə Ərəbistanının mövqeyini qulaqardına vurmur, çünki ərəblər regionda İranın hərbi cəhətdən güclənməsi ideyasından çox da məmnun deyillər.

Bundan əlavə, Kreml, İsrailin və ya ABŞ-ın mümkün zərbələri halında, İranı açıq şəkildə müdafiə etməyə hazır deyil. Əgər belə olsaydı, o zaman biz rahatlıqla deyə bilərdik ki, İranla olan son saziş məhz Şimali Koreya ilə müqavilənin analoqu olan hərbi ittifaq səviyyəsindədir. 

Bütün bunlara baxmayaraq, tərəflər təhlükəsizlik və hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tuturlar. Lakin hər bir halda, bir-birinə həqiqətən istədiklərini verməyə hazır olmaq məsələsində tərəddüdləri var. Buna görə də, bağlanmış razılaşmada ümumi ifadələrə çox yer verilib.

İki ölkənin prezidentlərinin imzası ilə münasibətlərin yeni əməkdaşlıq səviyyəsinə çıxdığı ideyası, daha çox, bürokratik piar məntiqinə uyğundur. 

İran və Rusiya arasındakı əməkdaşlıq problemlərsiz inkişaf etməsə də, etiraf etməliyik ki, müəyyən qədər ardıcıldır. Ortada pis-yaxşı bir proses var. Son üç ildə iki ölkə çoxsaylı sazişlər imzalayıb ki, bunların əhəmiyyəti Vladimir Putin və Pezeşkian tərəfindən imzalanan çoxistiqamətli memorandumdan daha böyükdür.

Məsələn, bu ildən etibarən İran ilə Avrasiya İqtisadi İttifaqı arasında daimi Azad Ticarət Zonası razılaşması qüvvəyə minəcək. Bu sənəd ikitərəfli ticarəti stimullaşdırmaq üçün aydın bir mexanizm ehtiva edir — təxminən 90% malların gömrük rüsumları əhəmiyyətli dərəcədə azalacaq. Həmçinin, Rusiya və İran öz ödəmə sistemlərini aktiv şəkildə inteqrasiya edirlər — "Mir” kartları artıq bu yazda İslam Respublikasında fəaliyyətə başlayacaq.

Hazırkı İran prezidentinin Rusiya səfəri zamanı başqa bir mühüm təşəbbüs də açıqlanıb — Rusiyadan İranadək, Azərbaycan ərazisi üzərindən qaz kəmərinin tikintisi. Bu məsələ hələ işlənir və tez bir zamanda nəticələr verməsi çətin görünsə də, qaz layihələri istiqamətində işlərin getdiyini göstərir. 

Ümumiyyətlə, Azərbaycan üzərindən keçməklə İrana qaz xəttinin çəkilişi rəsmi Bakı ilə hər iki qonşu ölkənin davam edən soyuq və ziddiyyətli münasibətləri fonunda ağlabatan görünmür. Lakin maraqlı informasiya kimi öz əhəmiyyətini saxlamaqdadır. 

Rusiya ilə iqtisadi əməkdaşlıq sahəsində İran heç vaxt Moskva üçün nə Türkiyə, nə də Birləşmiş Ərəb Əmirlikləri olmağa qadir olub və böyük ehtimal olmayacaq da. 

İran-Rusiya ticarət dövriyyəsi hələ də 4-5 milyard ABŞ dolları arasında dalğalanır. İranın iqtisadiyyatı, texnoloji səviyyəsi və təcrid olunması ona Rusiyanın aparıcı tərəfdaşı olmağa imkan vermir. Eyni zamanda, İslam Respublikası Moskva üçün müxtəlif iqtisadi və siyasi inteqrasiya modellərinin sınaq meydançası olub ki, bunlar sonradan digər istiqamətlərdə təkrarlana bilir.

Heç şübhəsiz ki, iki ölkə arasındakı münasibətlər yeni səviyyəyə yüksəlib, amma bu irəliləyiş yeni bağlanmış saziş sayəsində deyil, daha çox Rusiyanın Qərblə münasibətlərdən təcrid olunması səbəbindəndir. Əməkdaşlıq dərinləşir, amma çox sürətli deyil və özünəməxsus təbii "qırmızı xətləri", sərhədləri var. 

Elə buna görə də, imzalanmış razılaşma yeni sərhədlərə çıxışı vəd etmir. Onun əsil məqsədi mövcud yaxınlaşma səviyyəsini saxlamağı nəzərə almaq və dünyaya, həmçinin də daxildəki elit qüvvələrə siqnal ötürməkdir. Mesaj təxminən belədir: Tehran və Moskva birlikdədir və bu, uzun müddət davam edəcək. Bu birlikdəliyi zəruri edən və ona inam qətiyyən "ölkələrarası sənədlər"ə əsaslanmır, çünki bu gün hər iki ölkə, onsuz da, mümkün tərəfdaşlar baxımından çox elə geniş seçimlərə sahib deyillər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Yanvar 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri