Rusiya Ukrayna müharibəsi Azərbaycan üçün həm yeni imkanlar, həm də diqqətlə idarə olunmalı risklər yaradıb
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı Əli Səlimov bildirib ki, müharibənin ilk illərindən etibarən enerji bazarlarında müşahidə olunan kəskin qiymət dalğalanmaları Azərbaycan üçün qısa müddətli iqtisadi üstünlüklər yaradıb: “Avropa ölkələrinin Rusiya enerji resurslarından asılılığı azaltmaq istiqamətində atdığı addımlar Azərbaycanın təbii qaz ixracı baxımından strateji əhəmiyyətini artırıb və ölkənin enerji təhlükəsizliyində regional tərəfdaş kimi rolunu ön plana çıxarıb. Bu vəziyyət enerji sektorunda mövqelərin möhkəmlənməsinə və ixrac gəlirlərinin artmasına şərait yaradıb. Bununla yanaşı, enerji qiymətlərinin yüksəlməsi qlobal inflyasiyanı sürətləndirən əsas amillərdən biri kimi çıxış edir ki, bu da xüsusilə idxaldan asılı olan ölkələr üçün əlavə iqtisadi risklər formalaşdırır”.
Əli Səlimov
“Mövcud geosiyasi vəziyyət Azərbaycanın tranzit və nəqliyyat potensialını daha ön plana çıxarıb. Alternativ marşrutlara artan maraq Orta Dəhliz üzərindən yükdaşımaların həcminin yüksəlməsinə səbəb olub ki, bu da ölkənin logistika və nəqliyyat sektorunda iqtisadi fəallığın artması ilə müşayiət olunub. Regional tranzit rolunun güclənməsi infrastruktur layihələrinin aktuallığını artırıb. Uzunmüddətli perspektivdə bu tendensiya qeyri-neft sektorunun inkişafı və regional iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından əlavə imkanlar yarada bilər”-deyə iqtisadçı qeyd edib.
“Qlobal qeyri-müəyyənliyin artması maliyyə bazarlarında riskləri də yüksəldib. Bir sıra ölkələrdə valyuta bazarlarında ciddi təzyiqlər müşahidə edildiyi halda, Azərbaycanın mövcud strateji valyuta ehtiyatları və fiskal mexanizmləri makroiqtisadi sabitliyin qorunmasına imkan verib. Bununla belə, idxal inflyasiyası və xarici bazarlardakı dalğalanmalar iqtisadi proseslərə təsir edən əsas xarici amillər sırasında qalmaqdadır və bu da iqtisadi siyasətdə ehtiyatlı yanaşmanı zəruri edir”-deyə iqtisadçı Əli Səlimov bildirib.
İqtisadçının fikrincə, Rusiya–Ukrayna müharibəsinin Azərbaycan iqtisadiyyatına təsiri birmənalı şəkildə müsbət və ya mənfi kimi xarakterizə edilə bilməz: “Qısa müddətdə enerji sektorunda yaranan əlavə gəlirlər və tranzit imkanlarının genişlənməsi müsbət dinamika yaratsa da, uzunmüddətli dövrdə qlobal iqtisadi qeyri-sabitlik, inflyasiya təzyiqləri və ticarət riskləri daha ciddi çağırışlar formalaşdırır. Mövcud proseslər iqtisadi strukturun şaxələndirilməsinin və dayanıqlı inkişaf modelinin vacibliyini bir daha ön plana çıxarır.
Ümumilikdə, Rusiya–Ukrayna müharibəsi Azərbaycan üçün həm yeni imkanlar, həm də diqqətlə idarə olunmalı risklər yaradıb. Enerji və logistika sahələrində artan rol ölkənin regional mövqelərini gücləndirsə də, uzunmüddətli inkişafın təmin olunması üçün qeyri-neft sektorunun genişləndirilməsi, daxili istehsal potensialının artırılması və xarici iqtisadi şoklara qarşı davamlılığın gücləndirilməsi əsas prioritetlər olaraq qalır”.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 30 Dekabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















