Rusiya Ukraynanın sülh planı ilə razılaşacaqmı? Politoloq DANIŞDI
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
"Rusiya tərəfinin 20 bəndlik sülh sazişilə razılaşacağını düşünmürəm. Ehtimal edirəm ki, sənəd yenidən nəzərdən keçiriləcək və Rusiya əlavə şərtlər irəli sürəcək. Çünki mövcud variantda yer alan bəndlər Rusiyanın indiyədək qəti şəkildə qarşı çıxdığı müddəalarla böyük ölçüdə üst-üstə düşür. Xüsusilə NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətinin sənədə salınması Rusiyanın əsas etiraz nöqtələrindən biridir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi analitik Turab Rzayev Ukraynanın ABŞ ilə birgə hazırladığı sülh planının 20 bəndindən danışarkən bildirdi.
O, qeyd etdi ki, Rusiyanın bu müharibəyə başlamasının əsas səbəblərindən biri Ukraynada NATO-nun hər hansı formada mövcudluğuna yol verilməməsi, Ukraynanın NATO-ya üzv olmaması və onun ərazisindən, eləcə də Qara dəniz akvatoriyasından Rusiyaya qarşı istifadə edilməməsi idi:
"Moskva bunu dəfələrlə açıq şəkildə bəyan edib. Hələ 2007-ci ildə Rusiyanın Qərbə əsas ittihamı NATO-nun genişlənməsi idi. 2008-ci ildə NATO-nun şərqə doğru genişlənmə planları Rusiyanı daha sərt addımlar atmağa sövq etdi. Sonradan Krımın ilhaqı və Ukraynanın şərqində möhkəmlənmə də məhz bu siyasətin nəticəsi oldu. Rusiya hazırda da NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almağa çalışır və bu məqsədlə həm NATO-ya, həm ABŞ-yə, həm də Avropa İttifaqına ultimatumlar vermişdi. Bu baxımdan Zelenskinin sülh planına daxil etdiyi, NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanəti faktiki olaraq Ukraynanın NATO-ya üzvlüyünün alternativ forması kimi görünür. Belə bir maddə Rusiya-Ukrayna arasında yenidən münaqişə baş verəcəyi təqdirdə sanksiyaların bərpasını və ABŞ ilə Avropanın Ukraynanı birbaşa müdafiə etməsini nəzərdə tutur ki, bu da Moskva üçün qəbuledilməzdir".
Müsahibimizin sözlərinə görə, sənəddə Avropa İttifaqı ilə bağlı müddəalar, ərazi bölgüsü məsələləri və Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı yanaşmalar da yer alır:
"Ukrayna Donetskin tam şəkildə Rusiyaya verilməsinə qarşı çıxır və əvəzində Rusiyanın digər ərazilərdən çıxmasını tələb edir. Eyni zamanda Zaporojyedə Rusiyaya hər hansı mövqe verilməsinə də razılıq vermir. Bütün bunlar onu deməyə əsas verir ki, sənəddə Rusiyanın razılaşmayacağı bəndlər kifayət qədər çoxdur və planın yenidən reviziya olunması ehtimalı yüksəkdir. Bununla belə, Zelenskinin müəyyən məsələlərdə ortaq nöqtələrə yaxınlaşmaq cəhdi də görünür. Bu, Rusiyanın tam olmasa da, bəzi bəndlərə qismən yaxınlaşa biləcəyini göstərir".
Politoloq qeyd etdi ki, Rusiya əvvəl Ukraynanın 600 minlik orduya malik olmasına razı idi, indi isə Zelenski 800 minlik ordudan danışır.
"Rusiyanın rus dilinin və rus kilsəsinin hüquqları ilə bağlı tələblərinə cavab olaraq Zelenski tolerantlığın təşviqi, ayrı-seçkiliyə qarşı mübarizə kimi ümumi ifadələrdən istifadə edir. Bu da müəyyən ortaq nöqtələrin mövcudluğuna işarədir. Nəticə etibarilə, Rusiya bu sazişi indiki formada qəbul etməyəcək. Lakin ehtimal etmək olar ki, Moskva şərtləri yenidən uyğunlaşdıraraq Ukraynaya təklif edəcək. Alternativ olaraq, ABŞ də müəyyən düzəlişlər edərək sənədi yenidən Kiyevə təqdim edə bilər", - deyə Turab Rzayev əlavə etdi.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 24 Dekabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















