RUSİYANIN QAFQAZ İDDİASI... Kreml region ölkələrini hərbi müdaxilə ilə təhdid edir?
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Cənubi Qafqaz üçün taleyüklü mərhələ artıq başlanmış kimi görünür. Belə ki, bu regionun nə qədər böyük strateji əhəmiyyətə malik olduğu son vaxtlar daha aydın şəkildə ortaya çıxmağa başlayıb. Və dünya nəhənglərinin Cənubi Qafqaz uğrunda amansız qarşıdurmasının tədricən açıq müstəviyə keçməsi də bu reallığı növbəti dəfə təsdiqləyir.
Məsələ ondadır ki, ABŞ və Qərb Cənubi Qafqaza yerləşmək üçün daha etibarlı geosiyasi mexanizmlər yaratmağa çalışır. Avropa Birliyi Ermənistanda Qərb ölkələrinin kəşfiyyatçılarından formalaşdırılmış “mülki müşahidə missiyası” yerləşdirib. ABŞ isə daha fundamental regional yerləşmə mexanizmi yaratmaq üzrədir. Və “Tramp marşrutu” layihəsi reallaşacağı təqdirdə, ABŞ böyük ölçüdə özünü Cənubi Qafqazın geostrateji təmsilçisi kimi aparmaq şansı qazana bilər.
Onu da qeyd etmək lazımdır ki, son vaxtlara qədər məhz Rusiya Cənubi Qafqazda geosiyasi orbitə malik aktor kimi davranırdı. Ancaq bu regionun gələcək taleyini yenidən müəyyən etmək perspektivi yaratmış iki önəmli proses Kremlin Cənubi Qafqaz hegemoniyasını ciddi şəkildə sarsıdıb. Və indi Kreml regional itkilərini kompensasiya etmək üçün yeni mexanizmlər axtarsa da, hələlik oyundankənar vəziyyətdən çıxmaqda çətinlik çəkir.

Birincisi, rəsmi Bakı qətiyyətli və prinsipial hərbi-siyasi qərarlarla Azərbaycanın ərazi bütövlüyünü bərpa edib. Bununla da Cənubi Qafqazda Rusiyanın dayaqlandığı “erməni faktoru”, daha dəqiq desək, “erməni separatizmi və terrorizmi” həmişəlik sıradan çıxarılıb. Və nəticədə həm Azərbaycan Kreml üçün əlçatmaz dövlətə çevrilib, həm də Rusiyanın Ermənistana, ümumiyyətlə isə Cənubi Qafqaza təsir imkanları ciddi şəkildə zəifləyib.
Bütün bunlara paralel olaraq isə Ağ Ev Rusiyanın zəifləyən mövqelərini ABŞ-ın iştirakı ilə reallaşdırılacaq “Tramp marşrutu” vasitəsilə doldurmağa cəhd göstərir. Rusiyanın Cənubi Qafqazdakı hegemoniyasının sarsılmasında ikinci önəmli faktor rolunu oynayan Ukrayna savaşı isə Kremlin buna adekvat reaksiya vermək baxımından regional manevr məkanını ciddi şəkildə daraldır. Və ona görə də Kreml hazırda Cənubi Qafqazda baş verənləri daha çox isterik siyasi reaksiya ilə müşahidə etmək məcburiyyətində qalıb.
Maraqlıdır ki, Kremldə Cənubi Qafqazın Rusiya üçün tamamilə itirilmək üzrə olduğunu artıq birmənalı şəkildə anlayırlar. Ona görə də Rusiya indi əlində olan son vasitədən istifadə edərək, Cənubi Qafqaz ölkələrini açıq və ya dolayısı yolla təhdid etməklə regionda xof yaratmağa çalışır. Xüsusilə də son vaxtlar Rusiya siyasi dairələrinin aqressiv açıqlamaları intensiv xarakter almağa başlayıb. Və bu, Kremlin Cənubi Qafqaz uğrunda sona qədər savaşmaq üçün müxtəlif mexanizmlər axtardığını göstərir.
Məsələ ondadır ki, Kreml indi “Rusiya Cənubi Qafqazdan getməyəcək” mesajını olduqca aqressiv ritorika üzərindən verir. Belə ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin erməni KİV-lərinə verdiyi açıqlamada “Cənubi Qafqazda baş verənlər Rusiya üçün son dərəcə vacibdir” deməsi Kremlin bu regiondan asanlıqla əl çəkməyəcəyini göstərir. Çünki rus səfirin “Rusiya Cənubi Qafqazdan fiziki olaraq heç vaxt gedə bilməz. Rusiya Qafqaz dövlətidir” iddiası Kremlin yeni avantürist planlar içərisində olduğunu biruzə verir.

Nə qədər qəribə də olsa, rus səfirin bu uydurma tezisləri indi Kremlin Cənubi Qafqaz siyasətinin təməl bazasını təşkil edir. Belə ki, Rusiya XİN-in MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin də “Rusiya Cənubi Qafqazın sadəcə qonşusu deyil. Rusiya özü Qafqaz dövlətidir” deməklə həm rus səfirin uydurma tezislərini təkrarlayıb, həm də Kremlin bu regionla bağlı aqressiv müdaxilə hazırlığına başladığını biruzə verib.
Maraqlıdır ki, Kreml Rusiyanın Cənubi Qafqazdakı maraqlarının sarsılmaz olduğunu region ölkələrinə qəbul etdirməyə çalışır. Halbuki bunun belə olmadığını Rusiya siyasi dairələri indi hamıdan yaxşı bilirlər. Ancaq buna baxmayaraq, Kreml öz isterik aqressiyasını “Rusiyanın fundamental marağı Qafqazda sülh və quruculuqdur, regionun xaotik vəziyyətə sürüklənməsinə yol verilməməsidir” kimi yenə də uydurma xarakterli tezislərlə ört-basdır etməyə cəhd göstərir.
Digər tərəfdən, hazırda aciz durumda olan Kreml Cənubi Qafqaz xalqları ilə “əsrlərə dayanan dostluq, ümumi tarixin şanlı səhifələri, sivilizasiya yaxınlığı, milyonlarla ailəvi və qohumluq bağları” kimi absurd iddialar da irəli sürür. Ən əsası isə Kreml təmsilçiləri “Cənubi Qafqaz respublikalarının dövlətçilik əsaslarının formalaşması SSRİ dövrünə təsadüf edir” tezisi ilə regionun müstəqil ölkələrinə hələ də neoimperialist yanaşma tərzi ilə yuxarıdan aşağı baxdığını gizlətmir. Halbuki Kremlin israrla Cənubi Qafqaz xalqları ilə əlaqələndirməyə çalışdığı “tarixi bağlar”ın birmənalı şəkildə Rusiyanın hərbi işğal siyasətindən ibarət olduğu da inkaredilməz reallıqdır.

Maraqlıdır ki, Kreml Cənubi Qafqazda mövqelərini itirməsini məhz Qərb ölkələrinin “qaydasız oyunları” ilə izah etməyə çalışır. Kreml təmsilçiləri iddia edirlər ki, guya Qərb Cənubi Qafqazı qarışdırmağa, region dövlətləri ilə Rusiya arasındakı münasibətlərə nifaq salmağa cəhd göstərir. Halbuki Kremlin “nifaq salınması” kimi qəbul etdiyi məqam məhz Cənubi Qafqaz dövlətlərinin ABŞ və Qərblə müxtəlif sahələr üzrə əməkdaşlıq etməsindən başqa bir şey deyil. Və bu, o deməkdir ki, Kreml region ölkələrinin müstəqil siyasət yürütməsi və Rusiyanın təsir dairəsindən uzaqlaşması ilə barışmaq niyyətində deyil.
Göründüyü kimi, Kremldə hələ də hesab edirlər ki, Cənubi Qafqazın taleyini yalnız Rusiya həll edə bilər. Yəni əgər Rusiya istəmirsə, region ölkələri Qərb dövlətləri ilə heç bir əməkdaşlıq münasibətləri qurmamalıdır. Hətta Rusiyanın maraqlarına uyğun deyilsə, deməli, ABŞ-ın iştirakı ilə “Tramp marşrutu” layihəsi də reallaşdırılmamalıdır. Və bu, Kremlin Cənubi Qafqazın keçmiş SSRİ dövründə olduğu kimi, hələ də Rusiyaya məxsusluğuna əmin olduğunu göstərir.
Bu baxımdan, Kremlin uydurduğu “Rusiya Qafqaz dövlətidir” tezisi əslində xəbərdarlıq mesajı xarakteri daşıyır. Rusiya bununla özü aid etdiyi regiona ABŞ və Qərbin yerləşməsinə imkan verməyəcəyini qabartmağa çalışır. Eyni zamanda Kreml Rusiyanın maraqlarına zidd situasiyanın yaranma ehtimalına qarşı region ölkələrini dolayısı ilə təhdid edir. Və Cənubi Qafqaz uğrunda bütün imkanları çərçivəsində sona qədər savaş niyyətində olduğunu biruzə verir. (“Yeni Müsavat” )
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 02 Yanvar 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















