“Sabah”a qarşı azlıqda oynamaq çox çətin idi” Kandido
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasının XII turunda öz meydanında “Sabah”a 1:5 hesabı ilə məğlub olan “Sumqayıt”ın baş məşqçisi Filipe Kandido matçdan sonra keçirilən mətbuat konfransında media mənsublarının suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ilk növbədə görüş haqqında fikirlərini bölüşdü:
– Axşamınız xeyir olsun. Azərbaycanın ən güclü komandalarından birinə qarşı oynamaq, təbii ki, çox çətindir. Düşünürdük ki, 90 dəqiqə ərzində bərabər sayda oynasaydıq, bəlkə də fərqli nəticə əldə etmək olardı. Amma oyunun gedişində bir futbolçumuzu itirdikdən sonra hər şey çətinləşdi. İlk 15 dəqiqədə komandamın yaxşı oynadığını düşünürəm. Topa nəzarət edə bilir, qol imkanları yaradırdıq. “Sabah”ın ardıcıl beş matçdır qələbə qazana bilmədiyini və bu gün mütləq qələbə üçün yüksək enerji, əzmkarlıq sərf edəcəyini nəzərə almışdıq. Hər şey bizə aydın idi. Təxminən ilk 15 dəqiqədə üstün tərəf biz olduq. Daha sonra rəqib təşəbbüsü ələ aldı və qapımıza ilk zərbədə qolu vurdu. Bu qoldan sonra komandam qırmızı vərəqə alana qədər yaxşı reaksiya verdi. Azlıqda qaldıqdan sonra “Sabah”la mübarizə aparmaq həqiqətən çox çətin idi. Nəticə bizi məyus etdi, çünki belə güclü komandaya qarşı azlıqda mübarizə aparmaq çox çətindir. Çalışırdıq ki, heç olmasa ilk hissəni bərabərliklə başa vuraq, amma alınmadı. Fasiləyə məğlub durumda yollanmaq da, futbolçularıma təslim olmamağı tapşırdım. Bildirdim ki, özümüz qol imkanı yarada, rəqibin səhvindən yararlana və ya onun qırmızı vərəqə alması ilə vəziyyəti dəyişə bilərik. Oyundan qopmamaq, mümkün qədər diri qalmaq lazım idi. Lakin rəqibin çox keyfiyyətli oyunçuları var, yaxşı imkanlar əldə etdilər və yekunda bu hesab qeydə alındı.
– Lukas Blekə göstərilən ikinci sarı vərəqə və onun qırmızı kartla meydandan qovulması haqqında nə deyə bilərsiniz?
– Düşünürəm ki, oyun ərzində iki ciddi səhvə yol verdik. Birincisi odur ki, autdan topu rəqibə verdik və qapımızda qol gördük. İkincisi isə Blekin vəziyyətidir. Futbolçu unutmamalıdır ki, sarı vərəqəsi var və daha ehtiyatlı davranmalıdır. Bəlkə də hansısa epizodda rəqibin qol vurması belə qırmızı vərəqə almaqdan daha yaxşıdır. Hakimin qərarına gəlincə, açığını deyim ki, hələ epizodun təkrarına baxmamışam, ona görə də dəqiq nəsə deyə bilməyəcəyəm. İstənilən halda, bu, hamımız üçün məyusedici haldır. Blek mərkəz xəttində komandamız üçün çox vacib oyunçudur və onun mövsümdə ilk qırmızı vərəqəsidir. Belə bir futbolçunu itirmək bizi məyus etdi.
– Stadion və ümumi ab-hava barədə təəssüratlarınız necədir?
– Stadion və atmosfer möhtəşəm idi. Təəssüf ki, nəticədən narazı və məyusam, hesab məni sevindirmir. Amma belə stadionda, belə meydançada oynamaq xoş idi. Azarkeşlərimizə daha çoxunu bəxş etmək istəyirdik. 3 xal, hətta üç 3 xal. Niyə də olmasın? Təəssüf ki, belə ssenari alındı. Futbolçularımın məyus olduğunu görmək mənim üçün də ağırdır. Onlar ilk 30 dəqiqəni çox yaxşı oynadılar. Hətta azlıqda qaldıqda belə mübarizəni dayandırmadılar, oyundan qopmadılar, sona qədər vuruşdular. Düşünürəm ki, azarkeşlər və meydança üçün daha yaxşı nəticələr qazana bilərik. Komandamızda güc var, hər şey daha yaxşı olacaq.
– Bu nəticə məhz qırmızı vərəqəyə görə qeydə alındı?
– Hakimə də dedim ki, oyun 11-in 11-ə davam etsəydi, daha maraqlı, balanslı və yaxşı matç izləyə bilərdik. Hər kəsin yaxşı futbol görməyə haqqı var idi. Qırmızı vərəqəyə qədər komandamızın yaxşı oynadığını düşünürəm. Nəsə etmək olardı, amma qırmızı vərəqədən sonra çox şey itirdik. Bəli, azlıqda qalmağımız oyunun gedişinə həlledici dərəcədə təsir göstərdi.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 20 Noyabr 2026 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















