Sabir Rüstəmxanlı: “Meydan xalqın qan yaddaşından doğmuşdu”
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xalq şairi Sabir Rüstəmxanlı BakuPost TV-də yayımlanan “Sabir Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışında 1988-ci il Meydan hərəkatından, milli azadlıq mübarizəsinin başlanmasından və həmin dövrdə baş verən tarixi hadisələrdən danışıb.
"Bakupost" xəbər verir ki, xalq şairi 1988-ci il hadisələrini Azərbaycan tarixinin ən parlaq və şanlı səhifələrindən biri kimi qiymətləndirib.
Onun sözlərinə görə, Meydan hərəkatı təsadüfən yaranmamışdı. Bu hərəkat xalqın tarixi yaddaşından, azadlıq uğrunda əsrlər boyu apardığı mübarizədən qaynaqlanırdı.
“Meydan elə xalqın qan yaddaşındandır. Çünki Azərbaycan tarixi, türk tarixi meydan savaşları ilə doludur. Bu meydan da o savaşların dinc, silahsız şəkillərindən biri idi”.
Sabir Rüstəmxanlı bildirib ki, həmin dövrün hadisələrini özünün “Xətai yurdu və Xalq meydanı” kitabında geniş şəkildə qələmə alıb. 2001-ci ildə nəşr olunan əsərdə 1987–1988-ci illərdən başlayaraq Azərbaycanın dövlət müstəqilliyinin bərpasınadək baş verən mühüm ictimai-siyasi proseslər əksini tapıb.
Xalq şairinin sözlərinə görə, kitabda Ermənistanda aparılan hazırlıqlar, təxribatlar, Moskvadakı ermənipərəst qüvvələrin fəaliyyəti, Bakının bu proseslərə reaksiyası, “Çənlibel” birliyi, Şuşa və Ağdam hadisələri, Naxçıvan görüşləri, eləcə də xalqın meydanlara çıxmasına səbəb olan hadisələr ardıcıllıqla təsvir edilib.
O qeyd edib ki, kitabda əsasən beş-altı illik dövrün hadisələrindən bəhs olunsa da, bu qısa zaman kəsiyinin arxasında xalqın keçdiyi böyük tarixi yol dayanır.
Sabir Rüstəmxanlının fikrincə, Ermənistanda Azərbaycana qarşı aparılan siyasətə etiraz olaraq başlayan yürüş və mitinqlərin qısa müddətdə milli azadlıq hərəkatına çevrilməsi təsadüfi deyildi. Bunun dərin tarixi, siyasi və mənəvi səbəbləri vardı.
“Xalqı birləşdirən amillər və xalqın birdən-birə Ermənistana etiraz hərəkatı kimi başlayan bu yürüşlərinin, mitinqlərinin milli azadlıq hərəkatına çevrilməsinin səbəbləri var. Bunlar hamısı bu kitabda aydınlaşdırılıb”.
Xalq şairi bildirib ki, həmin hadisələri sonradan eşitdikləri əsasında deyil, proseslərin bilavasitə iştirakçısı və şahidi kimi qələmə alıb.
Onun sözlərinə görə, hadisələrdən çox keçmədən xatirələrini yazıya alması mühüm əhəmiyyət daşıyırdı. Çünki illər ötdükcə bir çox detallar unudula, hadisələrin mahiyyəti və ayrı-ayrı məqamları yaddaşlardan silinə bilərdi.
“Yazmışam bunun vaxtı üçün və hələ isti-isti xatirələrin vaxtında yazmışam. İndi indiyə qalsa, çox yadımdan çıxardı”.
Sabir Rüstəmxanlı Meydan hərəkatının ilk günlərində yaranmış ictimai-siyasi ab-havadan da danışıb. Onun sözlərinə görə, həmin dövrdə xalqla hakimiyyət arasında ciddi etimadsızlıq yaranmışdı. İnsanlar meydana gələn hər kəsi deyil, yalnız inandıqları və etibar etdikləri şəxsləri qəbul edirdilər.
“Onda belə siyasətçilər hələ yox idi. Sonra xalqın qabağına çıxmağa hakimiyyət orqanlarından heç kimin üzü yox idi. Yəni gəlirdilər, amma xalq qəbul eləmirdi. Ziyalıların da hamısını əslində millət qəbul eləmirdi. Millət inandığı adamları qəbul eləyirdi”.
Xalq şairinin fikirlərindən aydın olur ki, 1988-ci ilin Meydan hərəkatı təkcə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına etiraz aksiyası deyildi. Bu hadisələr zaman keçdikcə daha geniş məzmun qazanaraq xalqın milli özünüdərk, azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizəsinin mühüm mərhələsinə çevrildi.
Meydan hərəkatının tarixi əhəmiyyəti də məhz bundadır. 1988-ci ilin noyabrında başlayan kütləvi etirazlar Azərbaycan cəmiyyətinin siyasi fəallığının yüksəlməsində, milli birliyin güclənməsində və müstəqillik ideyasının geniş xalq kütlələri tərəfindən mənimsənilməsində mühüm rol oynadı.
Bu hərəkat sovet hakimiyyəti dövründə uzun illər siyasi proseslərdən kənarda saxlanılmış xalqın öz taleyi ilə bağlı qərarlarda söz sahibi olmaq iradəsini nümayiş etdirdi. Meydan Azərbaycanın sonrakı müstəqillik mübarizəsinin əsas ictimai-siyasi dayaqlarından birinə çevrildi.
Bu baxımdan, Meydan hərəkatının tarixinin öyrənilməsi, hadisələrin canlı şahidlərinin xatirələrinin toplanması və həmin dövrə aid sənədlərin araşdırılması xüsusi əhəmiyyət daşıyır. Çünki 1988-ci ildə baş verənləri bilmədən Azərbaycanın dövlət müstəqilliyinə aparan yolu, o dövrün ictimai-siyasi proseslərini və xalqın hansı tarixi sınaqlardan keçdiyini tam anlamaq mümkün deyil.
Sabir Rüstəmxanlının həmin hadisələri vaxtında qələmə alması və bu gün yenidən xatırlatması da məhz bu baxımdan dəyərlidir. Bu xatirələr yalnız keçmişə baxış deyil, həm də Azərbaycanın yaxın tarixinin gələcək nəsillərə çatdırılması baxımından mühüm mənbədir.
Baxış sayı:86
Bu xəbər 17 Noyabr 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















