Şagird yox, müəllimlər yoxlanılır?
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Təhsil repetitorluğa doğru itələnir
Abituriyentlərin imtahanda uğursuzluğunun gizli səbəbləri ortaya çıxdı
2025-ci il mayın 25-də keçirilmiş ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı cəmiyyətin müxtəlif təbəqələrində ciddi narazılıqlara səbəb olub. İmtahanda istifadə olunan tarix test tapşırıqları xüsusilə kəskin tənqid obyektinə çevrilib. Abituriyentlər, valideynlər və təhsil ekspertləri test suallarının həddindən artıq çətin və anlaşılmaz olduğunu bildirirlər.
Sosial şəbəkələrdə yayılan paylaşımlar, tanınmış müəllim və jurnalistlərin reaksiyaları göstərir ki, imtahan suallarının bəzilərinə hətta təcrübəli müəllimlərin belə cavab verməsi çətin olub. Bu vəziyyət bir çoxlarının haqlı olaraq təhsil sisteminin şəffaflığı və ədalətliliyi ilə bağlı suallar verməsinə səbəb olub. İddialara görə, bu cür yanaşma şagirdləri məktəbdən uzaqlaşdıraraq repetitorlara yönəltmək məqsədi daşıyan daha geniş bir siyasətin tərkib hissəsidir.
Sosioloq Elçin Bayramlı bildirib ki, imtahanda verilmiş bəzi sualların hətta akademik səviyyədə tədris aparan müəllimlər üçün də cavablandırılması çətindir:
“DİM-in keçirdiyi imtahanlar tarixdə görünməmiş biabırçılıqlarla başa çatıb. Orta məktəb məzunlarına əksər akademiklərin belə cavab verə bilmədiyi suallar verilib, bu səbəbdən onların çox böyük əksəriyyəti sualları ümumiyyətlə başa düşməyib. Artıq sosial şəbəkələrdə bir çox müəllimlər yazır ki, bu suallara müəllimlər belə cavab verə bilmir. Beləliklə, Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi birləşib Azərbaycan təhsilini məhv etmək üçün əllərindən gələn şeylərin hamısından da artığını ediblər”.
Jurnalist Zülfiyyə Quliyeva isə sualların çətinliyini MİQ imtahanları ilə müqayisə edərək, qəbul imtahanlarının şagirdlər üçün deyil, sanki müəllimləri test etmək məqsədi daşıdığını vurğulayıb. O, bu yanaşmanın məktəb təhsilini gözdən saldığını və şagirdlərin təhsilini repetitorlara həvalə edən bir sistemə yol açdığını deyib: “Tarix sualları çox çətin olub. Müəllimlər buna bənzər sualların MİQ imtahanında düşdüyünü deyirlər. Amma nə etmək olar, uşaqları məktəbdən uzaqlaşdırıb repetitora yönəldən bir proyekt cızılıb. O proyektlə də davam edirlər. Tarix müəllimlərinin də aylıq hazırlıq qiyməti 100 manatdır”.
Jurnalist Lalə Mehralı qeyd edib ki, Dövlət İmtahan Mərkəzi minlərlə gəncin həyatı ilə oynayaraq, birinci imtahan mərhələsində ciddi narazılıq doğurub, lakin heç bir məsuliyyət hiss etmədən növbəti - ikinci cəhd üçün yenidən qeydiyyat elan edib. Onun sözlərinə görə, ikinci imtahan mərhələsinin ödənişli olması təhsil prosesinin bazar mexanizmlərinə tabe edildiyini göstərir. Bu isə sosial ədalət prinsipləri ilə ziddiyyət təşkil edir: “Dünən minlərlə abituriyentin həyatı ilə oynayan DİM bu gün II cəhdə qeydiyyatı açdı. İkinci cəhd imtahanı 50 manat, altqrupu da seçdikdə 80 manat. Bazar olmasın!”.
“Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır – bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış qəbul proqramlarıdır”. Bu barədə isə APA-nın sorğusuna cavab olaraq DİM-dən bildirilib. Qeyd olunub ki, imtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır:
“İmtahandan dərhal sonra bütün tapşırıqlar və onların izahı, düzgün cavablar ictimaiyyətə təqdim olunub. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (II ixtisas qrupu, III ixtisas qrupu), eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər. Sual kitabçaları da imtahan iştirakçılarına verilib. Bütün bunlar imtahanın məzmununun ictmaiyyət üçün nə qədər açıq olmasının bariz göstəricisidir".
Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik şagirdləri bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir. Həmçinin imtahanın çətin olması isə nisbi bir məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər.
.jpeg)
Təhsil eksperti Ramin Nurullayev “Sherg.az”a açıqlamasında qeyd edib ki, 2025-ci il mayın 25-də Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi keçirilib. Bu mərhələdə II və III ixtisas qrupları üzrə abituriyentlər bilik və bacarıqlarını nümayiş etdirdilər. Lakin imtahandan sonra ölkə üzrə yaranmış narazılıqlar xüsusilə bir fənn – tarix – ətrafında cəmləndi:
“Narazılıqlar əsasən sualların məzmun baxımından normativ proqramlara uyğun gəlməməsi, detal və spesifik bilik tələb etməsi, təhlil və nəticə çıxarma bacarığından çox əzbərlənmiş biliklərə üstünlük verməsi istiqamətində ifadə olunub.
Məsələnin ciddiliyini nəzərə alaraq, biz bu sualları müxtəlif tarix müəllimləri və mütəxəssislərlə müzakirə etdik. Tarix müəllimlərinin də qeydləri deməyə əsas verir ki, həqiqətən də, builki suallar son illərdə keçirilən qəbul imtahanlarında düşən tarix suallarından daha çətin olub. Sözsüz ki, Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında ümumi təhsil proqramından kənara çıxmır və təqdim olunan suallar orta məktəb dərslikləri əsasında hazırlanır. Lakin əsas məsələ sualların proqramdan kənar olması deyil, onların çətinlik səviyyəsinin yüksək olmasıdır. Bundan əlavə, bəzi sualların bir deyil, bir neçə mövzu və məzmun sahəsinə əsaslanaraq cavablandırılması tələb olunur. Bu isə imtahan iştirakçılarının vaxt itkisinə səbəb olur. Vaxtın hər saniyəsinin əhəmiyyətli olduğu belə bir şəraitdə abituriyentlər mürəkkəb suallar üzərində uzun müddət vaxt sərf etdiklərinə görə digər suallara cavab verməyə vaxt tapa bilmirlər. Nəticədə bu hal onların ümumi nəticələrinə mənfi təsir göstərir.
Buraxılış imtahanlarında isə sualların nisbətən sadə və aydın olması yüksək və maksimal bal toplayan şagirdlərin sayının çox olmasına səbəb oldu. Ümid edirik ki, ikinci cəhd imtahanında DİM abituriyentlər və ictimaiyyət tərəfindən səsləndirilən narazılıqları nəzərə alacaq, sualların çətinlik səviyyəsini balanslaşdıracaq və vaxt itkisinə səbəb olan mübahisəli suallardan yayınacaq”.
Təhsil eksperti bildirib ki, Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında istifadə edilən tapşırıqların hazırda qüvvədə olan dərsliklərə və proqramlara əsaslandığını qeyd edir. Lakin əslində, abituriyentlərin orta məktəbdə istifadə etdiyi dərsliklərdən bir sual belə imtahan kitabçasında birbaşa yer almır. Mövzu eyni olsa da, təqdim olunan suallar orta məktəb dərsliklərindən xeyli daha yüksək və çətin səviyyədə hazırlanır.
İmtahanların abituriyentlərin real bilik və bacarıqlarını əks etdirib-əks etdirməməsi ilə bağlı suala münasibət bildirən Ramin Nurullayev qeyd edib ki, ən yaxşı oxuyan abituriyentə belə 30 ədəd çətin sual verilsə, onun uzaqbaşı 10-nu düzgün cavablandırmaq imkanı olar:
“Halbuki Dövlət İmtahan Mərkəzi üçün prioritet bu olmamalıdır. Test kitabçasında sualların asan, orta və çətin səviyyədə bərabər paylanması əsas prinsiplərdən biri olmalıdır. Hazırda isə həm 3 saatlıq vaxt məhdudiyyəti qoyulur, həm də suallar çətinləşdirilir. Bu yanaşma “imtahan iştirakçısının hazırlıq səviyyəsinə görə sualın çətinliyi dəyişir” fikrini əsaslandırmır. Hər hansı tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər demək absurd yanaşmadır. Məsələn, bütün diqqətini və vaxtını tarix fənnindən düşən 5-10 suala yönəldən abituriyent digər fənlər üzrə test tapşırıqlarında yüksək nəticə göstərə bilməz”.
Ekspert əlavə edib ki, hazırkı imtahan sistemi sanki abituriyentlərin bilik səviyyəsini yoxlamaq məqsədindən daha çox “sualları necə tərtib edək ki, abituriyentlər çaşsın və vaxt itirsinlər” prinsipi üzərində qurulub: “Halbuki hər il dövlət ali məktəblərində qəbul planları artırılır və bu il üçün 2000-dən artıq əlavə plan yeri ayrılıb. Bu yerlərin tam dolması üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayının kifayət qədər çox olması vacibdir”.

