Icma.az
close
up
RU
“Şairə öz xalqı can deməlidir!”

“Şairə öz xalqı can deməlidir!”

Dövrümüzün böyük söz ustadı, Xalq şairi Zəlimxan Yaqub hələ sağlığında ikən yaradıcılıqda özünəməxsus dəst-xətti ilə klassikləşib, milyonların könlündə mənəvi abidəsini ucaldıb. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev də zamanında Zəlimxan Yaqub şəxsiyyətinə və yaradıcılığına böyük qiymət verib: “Siz müasir ədəbiyyatımızda Azərbaycanın zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlardansınız. Xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi xalq yaradıcılığından ustalıqla bəhrələnməklə Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız”.

Ulu öndər ikicə cümlədə nə qədər böyük fikirlər söyləyib, Zəlimxan Yaqub yaradıcılığını necə də dəqiqliklə xarakrerizə edib. Doğrudan da, Zəlimxan Yaqub yaradıcılığı öz gücünü xalqımızın milli-mənəvi dəyərlərindən alıb və elə buna görədir ki, əsərlərinin hamısı, Ulu öndərin də dediyi kimi, Azərbaycan poeziyasının inciləri sırasındadır.
Hamı kimi, mən də Zəlimxan Yaqubu bir şair kimi sevmiş, əsərlərini oxumaqdan doymamış, bənzərsiz çıxışlarını hər zaman məhəbbətlə dinləmişəm. Xoşbəxtlikdən, tale elə gətirib ki, mən həm də onunla yaxın dost olmuşam. Bu dostluğun tarixi ötən əsrin 70-ci illərinin sonu, 80-ci illərin əvvəllərinə gedib çıxır. Onda mən Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsində dekan müavini vəzifəsində çalışırdım, Zəlimxan Yaqubu daha çox sazda yaxşı çalıb-oxuyan bir gənc kimi tanıyırdım. Gözəl saz çalmağı və pəsdən də oxumağı vardı. Mən də sazın-sözün vurğunu, aşıq sənəti pərəstişkarı idim. Bu da təsadüfi deyildi, böyüyüb boya-başa çatdığım Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsində o zaman musiqi deyiləndə söhbət ancaq sazdan və qara zurnadan gedərdi. Babam aşıq sənətinə dərindən bələd idi. Yaxşı xatırlayıram, tez-tez evimizdə sazlı-sözlü məclislər olardı. Aşıqlar axşamdan dastan söyləməyə başlayar və məclis gecəyarıyadək davam edərdi. Dastanı söyləyərkən də bir gözləri babamda olardı ki, görəsən, bir yanlışımızı tutmadı ki?! Aşıqda bir xətanı görən kimi, babam deyərdi ki, aşıq, burda bir körpü qoydun, yəni səhv elədin. Bunları xatırlamaqla demək istəyirəm ki, bizim ailədə aşıq sənətinə həmişə böyük sayğı və hörmət olub və məni Zəlimxanla yaxınlaşdıran həm də bu idi.
Müxtəlif məclislərdə görüşürdük, sonradan onunla daha yaxından tanış oldum, aramızda dostluq münasibəti yarandı. Münasibətimizin belə doğmalaşmasında hər ikimizin yaxın dostu olan ağdamlı Camal Qədimovun rolunu xüsusi qeyd etmək istəyirəm. O da Zəlimxan Yaqubun gənc vaxtlarından vurğunu idi. Yadımdadır, bir dəfə Camal mənə dedi ki, Zəlimxanın Orta Asiyaya – Qazaxıstana bir səfərini təşkil etmək istəyirəm, gəl, birlikdə gedək. Təəssüf ki, o səfərə mən gedə bilmədim, ancaq onlar bərabər getdilər.
Sonra mən universitetdə prorektor, rektor vəzifələrində çalışdığım dövrlərdə də dostluğumuz davam etdi və daha da möhkəmləndi. Mən Təhsil naziri vəzifəsində çalışdığım dövrdə isə müxtəlif rəsmi dövlət tədbirlərində də bərabər iştirak edərdik. Artıq onda Zəlimxan Yaqub kifayət qədər məşhur bir söz adamı və ictimai xadim kimi tanınırdı.
Beləcə, Zəlimxanla aramızdakı münasibət get-gedə daha da dərinləşdi, doğmalaşdı və ailəvi dostluğa çevrildi. Təsadüfi deyil ki, övladlarımın üçünün də toyunda hörmətli bir el adamı kimi Zəlimxan Yaqub yaxından iştirak edib, məclisin idarə olunmasını öz öhdəsinə götürmüşdü.
Nazir vəzifəsində çalışarkən bir neçə dəfə Gürcüstanda olmuşdum. Belə səfərlərin birində – bu ölkədəki Azərbaycan dilli orta məktəblərə dərslik apararkən fürsətdən istifadə edib Zəlimxan Yaqubun doğulub boya-başa çatdığı Bolnisi rayonunun Kəpənəkçi kəndindəki ata ocağını da ziyarət etdim. Şairin anası Güllü xanımla, kiçik qardaşı Çingizlə görüşdüm. Qayıdandan sonra bu haqda şairə bildirəndə çox sevindi.
Onu da deyim ki, məndə Zəlimxan Yaquba qarşı bu qədər böyük rəğbətin ­yaranmasının bir neçə səbəbi var. Əvvəla, sirr deyil ki, Zəlimxan çox böyük istedad sahibi idi. Təbii, bu, mənim subyektiv fikrim kimi də qəbul oluna bilər, amma deməliyəm ki, Azərbaycanda Zəlimxan Yaqub qədər istedadlı adamlar çox az olub. Tariximizə, milli-mənəvi dəyərlərimizə dərindən bələd və bağlı olan adam idi. Aşıq sənətinə bağlılığı isə onun yaradıcılığında da geniş əksini tapıb. O, aşıq sənətini sadəcə sevmir, həm də təbliğ edirdi. Azərbaycan Aşıqlar Birliyinin sədri olduğu illərdə isə bu sənətlə bağlı çox böyük təşkilati işlər gördü, müxtəlif aşıq mühitlərinin bir-biri ilə sıx əlaqəli şəkildə inkişaf etməsi üçün məqsədyönlü tədbirlər həyata keçirdi. Məhz onun Aşıqlar Birliyinə sədrlik etdiyi dövrdə Azərbaycanda iki dəfə Beynəlxalq Aşıq Festivalı keçirildi. Türkiyə, Cənubi Azərbaycan, Borçalı, Dərbənd aşıqları ilə əlaqələr genişləndi, Bakıda keçirilən tədbirlərə Orta Asiya respublikalarından da sənətkarlar dəvət olundu. Bir neçə dəfə Təbrizdə getmiş, cənubdakı aşıqlarla yaxından tanış olmuşdu.
Bunu da qeyd eləmək lazımdır ki, Səməd Vurğun və Hüseyn Arifdən sonra aşıq sənətinin yüksəklərə qaldırılmasında Zəlimxan Yaqubun xidmətləri əvəzsizdir.
Zəlimxan Yaqub aşıq sənətinə sadəcə mədəniyyətimizin bir qolu kimi yox, həm də xalqımızın şanlı tarixi kimi baxır, hər dastanda tarixi keçmişimizin bir məqamının yaşadığını vurğulayır və haqlı olaraq da deyirdi ki:
Millətimi saz anladar, saz anlar,
Saza baxsın tariximi yazanlar.
Onun Vətən mövzusunda, xüsusilə Qarabağın işğal altında olan illərdə yazdığı əsərləri də çox möhtəşəmdir. Çoxsaylı şeirlərlə yanaşı, Qarabağ mövzusunda 11 poema yazması onun müqəddəs Vətən torpaqlarına nə qədər bağlı olduğunun bariz göstəricisidir. Təəssüf ki, torpaqlarımızın işğaldan azad olunduğu günü görmək ona nəsib olmadı...
Zəlimxan Yaqub fenomenal yaddaşa malik idi. Bu baxımdan nəinki Azərbaycanda, heç dünyada onunla müqayisə oluna biləcək ikinci bir adam tapmaq, məncə, çətindir. Azərbaycanın, bütöv Türk dünyasının elə bir şairi yox idi ki, Zəlimxan onun şeirini əzbər bilməsin. Öz yazdıqlarının isə hamısı sinəsindəydi. Həm də çox yaxşı natiq və bədii qiraət ustasıydı. Şeirləri o qədər şirin, o qədər ürəkdən söyləyirdi ki, adam dinləməkdən doymurdu. Hətta ən yaxşı bədii qiraətçi belə onunla şeir deməkdə yarışa bilməzdi. Sanki bir dağ şəlaləsiydi, onun adi danışığı belə poeziya idi.
Aşıq Ələsgərin şeirləri kimi, Zəlimxan Yaqubun sözlərinə də musiqi yazmaq çox asandır. Neçə-neçə şeirinə bəstəkarlar musiqi bəstələyib. Bu gün təkcə Azərbaycanda deyil, eyni zamanda Borçalıda, Cənubda və Türkiyədə də aşıqların repertuarının əsas hissəsini məhz onun şeirləri təşkil edir.
Zəlimxan Yaqub hər kəsə qarşı olduqca diqqətli və qayğıkeş adam idi. Əlindən gələn köməyi heç kəsdən əsirgəməzdi. Yaxşı yadımdadır, mən nazir olanda bir gün zəng elədi ki, Cənubi Azərbaycandan bir dostum gəlib, istəyirəm onu səninlə görüşdürüm. Vədələşdik, gəldilər. Onunla gələn bu gün məşhur ustad kimi tanınan, Zəlimxanın da elə o vaxtdan çox sevdiyi bir sənətkar – aşıq Çingiz Mehdipur idi. Zəlimxan dedi, Çingiz ailəsi ilə gəlib bu taya, Bakıda qalıb fəaliyyət göstərmək istəyir, amma yaşamağa evi yoxdur. Ona necə kömək etmək barədə söhbətimiz oldu.
Zəlimxan Yaqubla hər görüşümüz yaddaqalan bir tarixə çevrilirdi. Söhbətimiz təkcə şəxsi məzmunda olmurdu. Müxtəlif mövzularda fikir mübadiləsi aparırdıq. Borçalıda təhsilin inkişafına diqqətin artırılması, burada mədəni layihələrin həyata keçirilməsi ilə bağlı da fikirlərimizi bölüşürdük. Yaxşı yadımdadır, görüşlərimizin birində ona dedim ki, yeni bir layihə hazırlamışam, bu barədə yuxarı dairələrə də məlumat vermişəm. İstəyirəm ki, Borçalıda – Marneuli şəhərinin mərkəzində gözəl bir guşədə park yaradaq, Borçalının yetirdiyi üç böyük ustada – Əmrah Gülməmmədov, Hüseyn Saraçlı və Kamandar Əfəndiyevə heykəl ucaldaq. Bunu eşidəndə çox sevindi. Layihəmiz də tam hazır idi. Ancaq təəssüf ki, yerli hakimiyyət orqanlarının razılığı olmadığından bu layihəni reallaşdıra bilmədik.
Zəlimxan Yaqub çox səmimi bir insan, sadiq dost, gözəl ailə başçısı idi. Onun xəstələnməsi, dünyadan vaxtsız köçməsi, əlbəttə, hamımızı çox məyus etdi. Bu gün hər dəfə onu xatırlayanda yadıma Xalq şairi Cabir Novruzun məşhur şeiri düşür: “Sağlığında qiymət verin insanlara!” Və istər-istəməz düşünürəm ki, millətin, xalqın və dövlətin dəyərinə çevrilən belə böyük şəxsiyyətlərin qiymətini sağlığında verə bilirikmi?! Vermək istəyirikmi? Doğrudur, yaradıcı insan üçün ən böyük dəyər xalqın sevgisidir. Bu mənada Zəlimxan Yaqub xalqın hər adama qismət olmayan böyük məhəbbətini görən, sağlığında ikən klassikləşən, bütün Türk dünyasının sevimlisinə çevrilən şair, ictimai xadim olub. Onu da qeyd edim ki, Zəlimxan Yaqub o böyük şəxsiyyətlərdəndir ki, ona qarşı xalqın sevgisi ilə dövlətin qayğı və diqqəti bir-birini tamamlayıb. Yuxarıda da dediyim kimi, Ulu öndər Heydər Əliyev hələ ötən əsrin 90-cı illərinin əvvəllərində onun yaradıcılığını yüksək qiymətləndirib, xarici səfərlərində onu da nümayəndə heyətinin tərkibinə daxil edib. 1998-ci ildə, hələ “Xalq şairi” adına layiq görülməmiş və heç 50 yaşı da olmayan Zəlimxan Yaqubun o vaxtkı “Respublika”, indiki “Heydər Əliyev Sarayı”nda keçirilən yaradıcılıq gecəsinə qatılması və tədbirin sonunadək iştirak etməsi isə bu gün də böyük minnətdarlıq hissi ilə yad olunur. Şairin yaradıcılığına olan qayğı və diqqət sonrakı illərdə də davam etdi, möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə ona “Xalq şairi” fəxri adı verildi.
Zəlimxan Yaqub İki dəfə Milli Məclisin deputatı seçilib, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub. 1994-cü ildən ömrünün sonuna qədər Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü olub. 2008-ci ilin avqustundan ömrünün sonunadək Azərbaycan Aşıqlar Birliyinə rəhbərlik edib.
Bəli, Zəlimxan Yaqub sağlığında xalq tərəfindən sevilib, böyük hörmət və nüfuz qazanıb, onun ədəbiyyatdakı xidmətləri dövlət tərəfindən də qiymətləndirilib. Bununla belə, hesab edirəm ki, biz onu hələ kifayət qədər dəyərləndirə bilməmişik. Bu yerdə onun öz sözləri yada düşür:

Şair dağ çayıdı, başı bəlalı,
Özünü o daşa, bu daşa çırpar.
Olmaqçün dünyanın dərdindən halı,
Başını tarixə, yaddaşa çırpar.

Vətən Məcnunudu, safdı, dəlidi,
Millətin bayraqtək qalxan əlidi.
Şairə öz xalqı “Can!” deməlidi,
Yaxın istəməsə, yad daşa çırpar.

Sevinir yetirib, bitirəndə xalq,
Ağlayır çiyninə götürəndə xalq.
Böyük istedadı itirəndə xalq,
Bir dizə çırpanda, beş başa çırpar.

Necə də dahiyanə deyilmiş bir fikirdir: “Şairə öz xalqı “Can!” deməlidir!” Xalq öz böyük şəxsiyyətlərinin qədrini vaxtında bilməli, Cabir Novruz demiş, sağlığında qiymətini verməlidir. Zəlimxan Yaqub kimi şəxsiyyətlər millətin vizit kartıdır, Xalq şairi Xəlil Rza Ulutürkün illər öncə dediyi kimi, şeirimizin, poeziyamızın, Azərbaycan xalqının başucalığıdır. Onu gələcək nəsillərin daha yaxşı tanıması üçün əsərlərinin nəşrinə, orta məktəblərdə tədrisinə diqqət artırılmalıdır. Vəfatından 9 il keçməsinə baxmayaraq hələ də adının əbədiləşdirilməsi istiqamətində bir iş görülməməsi isə sadəcə təəssüf doğurur.
2025-ci il bu böyük söz ustadının yubiley ilidir – anadan olmasının 75 ili tamam olur. Onun yubileyinin ölkə miqyasında layiqincə qeyd olunması müvafiq qurumların, ictimai təşkilatların və geniş ictimaiyyətin diqqət mərkəzində olmalıdır. Axı, “Zəlimxan Yaqub sadəcə şair deyil, poeziya hökmdarıdır!” (X.R.Ulutürk)

Misir MƏRDANOV,
AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru

seeBaxış sayı:21
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri