Samir Vəliyev: “Kimdənsə nəsə xahiş etməklə heç kim millət vəkili ola bilməz” MÜSAHİBƏ
Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.
“Həmin dövrdə nə Mikayıl müəllim tərəfindən, nə də Sahil müəllim tərəfindən fəaliyyətimlə bağlı hər hansı irad bildirilib”
Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin və Elm və təhsil komitəsinin üzvü Samir Vəliyevin Pravda.az-a müsahibəsi:
- Aprelin 1-də xarici işlər naziri Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin iqtisadi və qlobal məsələlər üzrə Baş Katibinin müavini Saymon Mordu və Cənubi Qafqaz - Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşdü. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə də müzakirələr oldu. Bütün bu gedişat sülh prosesi istiqamətində müsbət dəyişikliklərə gətirib çıxara bilərmi?
- Bilirsiniz ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan sonra istər Avropa İttifaqı, istərsə də başda Fransa olmaqla Ermənistana havadarlıq edən digər ölkələr bizə qarşı öncə sərgilədikləri münasibətlərdə kəskin dəyişiklik etdilər. Buna əsas səbəb yaratdığımız reallıqları qəbul edə bilməmələri oldu. Azərbaycanın dövlət siyasətinin ana xətti, regionda sülhün, sabitliyin bərqərar olmasıdır. Bu kontekstə Ceyhun Bayramovun keçirdiyi görüşdə sülh aspektlərinə toxunması Azərbaycanın Cənubi Qafqazda niyyətinin ifadəsinin formasıdır. Azərbaycanın mövqeyi konkret olaraq bəllidir və istər ölkə Prezidenti cənab İlham Əliyev səviyyəsində, istərsə də nazir səviyyəsində keçirilən hər bir görüşdə, toplantıda Azərbaycan öz niyyətini ortaya qoyur. Təbii ki, bütün bunlar məntiqi olaraq regionda sülhün yaxınlaşmasına doğru atılan addım kimi dəyərləndirilməlidir.
- ABŞ ilə münasibətlərə toxunmaq istərdik. Prezident İlham Əliyev bildirdi ki, Donald Trampın prezident seçilməsi erməniləri ciddi məyus etdi. Son günlər Trampın regiona səfər edəcəyi ilə bağlı söyləntilər var idi. Sizcə, Tramp regiona, xüsusən Azərbaycana səfər edə bilərmi? Bu, bölgədəki vəziyyətə necə təsir edər?
- Bayden Administrasiyasının Azərbaycana olan münasibətini hamımız çox gözəl bilirik. Düşünürəm ki, Trampın münasibəti Bayden Administrasiyasının Azərbaycana qarşı sərgilədiyi münasibətdən ciddi şəkildə fərqlənəcək, daha yumşaq münasibət göstəriləcək. Hamımıza bəllidir ki, Tramp fəaliyyətini daha çox Amerikanın iqtisadi maraqları üzərində qurmağa çalışır. Rusiya-Ukrayna müharibəsinin dayandırılması, Yaxın Şərqdəki problemlərin həlli istiqamətində səsləndirdiyi fikirlər deməyə əsas verir ki, Tramp dünyada iqtisadi bazarların müharibəsiz olması istiqamətində ciddi addımlar atacaq. Düşünürəm ki, Trampın Azərbaycana, ümumiyyətlə, regiona səfəri yaxın müddət ərzində planlaşdırılmasa da, səfərinin baş tutacağı da istisna deyil. Bu gün Tramp Administrasiyasının dünyaya etdiyi bəlli çağırışlar var. Bütün bunların kökündə, dediyim kimi, ABŞ-nin iqtisadi maraqları dayanır. Bayden hakimiyyəti dövründə maraqlar tamamilə fərqli idi. Bu gün Tramp Administrasiyası üçün iqtisadi cəhətdən güclü ölkələrlə, dövlətlərlə əməkdaşlıq etmək prioritetdir. Azərbaycan da regionda, Cənubi Qafqazda güclü iqtisadiyyata malik ölkədir. Hər halda Trampın Cənubi Qafqazda Azərbaycana münasibəti həm ABŞ, həm də Azərbaycan üçün xüsusi önəm kəsb edəcək və regionda güc mərkəzinə çevrilən Azərbaycanla daha sıx əməkdaşlıq edəcək.
- Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana səfər etdi. Ən çox gündəmə gələn mövzu bəzi mühacirlərin ölkəyə gətirilməsi oldu. Sizcə, Prezidentin səfərindən sonra Azərbaycan rahatlıqla bu istəyinə nail ola biləcəkmi?
- Almaniya Prezidentinin Azərbaycana gəlişi bir sıra xoşagəlməz məsələlərlə üst-üstə düşdü. Ölkə Prezidenti cənab İlham Əliyev 9 apreldə ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda da qeyd etdi ki, Almaniya Prezidentinin Azərbaycana gəlişi ərəfəsində sosial şəbəkə hesabında qondarma “Dağlıq Qarabağ” bayrağının fotoşəklinin paylaşılması təsadüfi xarakter daşımırdı. Bildiyimiz kimi, Almaniyanın Azərbaycandakı səfiri bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə dəvət edilmişdi, ciddi irad bildirilmişdi. Səfir də öz növbəsində bunun texniki səhv olduğunu açıqlamışdı. Təbii ki, biz yaxşı başa düşürük ki, Almaniya kimi ölkə belə bir texniki səhv edə bilməzdi. Düşünürəm ki, bu, “texniki” də olsa, yenə də ermənipərəst dairələrin gördükləri işin nəticəsi idi. Bildiyimiz kimi, Azərbaycan-Almaniya münasibətləri normal müstəvidə qurulub. Almaniya Azərbaycan üçün bir tərəfdaş olaraq xüsusi önəm kəsb edən ölkədir. Mühacirlərin məsələsinə gəldikdə, hesab edirəm ki, Almaniya dövləti Azərbaycanın bu istəyinə, haqq-ədalətin bərqərar olmasına laqeyd münasibət göstərməməlidir.
- ADA Universitetində keçirilən forumda Prezident İlham Əliyev İranla da bağlı vacib mesajlar verdi. İran Prezidenti Məsud Pezeşkianın da Azərbaycana gəlişi gözlənilir. Bu, İranla Azərbaycan arasındakı münasibətlərdə hansı dəyişikliyə yol açacaq?
- İran bizə qonşu olan böyük ölkələrdən biridir. İran-Azərbaycan münasibətlərinin inkişaf diaqramının zaman-zaman dəyişdiyinin şahidi oluruq. Bu da bilavasitə İranın Ali Dini Liderinin Azərbaycana qarşı münasibətinin nəticəsidir ki, biz bunu Azərbaycan İran münasibətlərinin zaman-zaman gərginləşməsində müşahidə edirik. Bu gün iki ölkə arasındakı münasibətlər ilk növbədə region maraqlarının üzərində qurulub. Pezeşkianın Azərbaycana səfərinin planlanması da göstərir ki, İran üçün də Azərbaycan sadə və adi qonşu deyil. Əvvəlki İran hakimiyyəti dövründə Azərbaycan-İran münasibətlərində gərginlik var idi. Bunun da kökündə daha çox subyektiv məsələlər dayanırdı. Hazırki İran hakimiyyəti, xüsusilə də, Prezident Pezeşkian dünyada gedən proseslərə, eləcə də Cənubi Qafqazda cərəyan edən məsələlərə doğru qiymət verir, Azərbaycanla əlaqələrini daha normal müstəviyə çıxararaq ikitərəfli qonşuluq münasibətlərinin düzgün formalaşması üzərində çalışır, Azərbaycanı regionun qüdrətli dövləti kimi qəbul edir. Rəsmi Tehran da anlayır ki, münasibətlər iki dövlətin, iki xalqın maraqları üzərindən qurulmalıdır.
- Türkiyədə İmamoğlu ilə bağlı baş verənlərdən daha çox Azərbaycandakı müxalifət “yararlanmağa” çalışdı. Oradakı etiraz aksiyalarını önə çəkərək insanlara mitinq çağırışları oldu. Siz Azərbaycan müxalifətinin indiki vəziyyətini necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, hər bir azərbaycanlı Zəfər qələbəmizin Azərbaycan xalqı üçün ağrılı-acılı mərhələlərdən sonra əldə edildiyini dərk edir. Azərbaycan xalqının son 200 illik tarixinə nəzər saldıqda görərik ki, ilk dəfə məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı, canı bahasına 30 il işğal altında qalan torpaqlarımızın geri qayıdışı təmin olundu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Düşünürəm, özünü azərbaycanlı hesab edən hər kəs belə bir qalibiyyətin başında dayanan ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirməlidir. Bu gün Azərbaycanda müxalifətin problemi bundadır ki, nə uğuru, nə qalibiyyəti görmək və dəyərləndirmək istəmirlər. Bunlar məhz sapı özümüzdən olan baltalardandırlar. Azərbaycanın istər siyasi, istər iqtisadi platformalarda əldə etdiyi uğurları görməmək mümkün deyil. Əgər dünya bunu görə bilirsə... Radikal müxalifət Azərbaycanın regionda formalaşdırdığı möhkəm mövqeyi niyə görmür? Təəssüf ki, müxalifət daha çox öz şəxsi maraqlarını ümumxalq maraqlarından üstün tutur. Müxalifətin kimliyi Azərbaycan xalqı üçün bəllidir. Lakin nəzərə alınmalıdır ki, bugünkü Azərbaycan müstəqilliyimizin ilk illərindəki Azərbaycan deyil. Azərbaycan xalqı kifayət qədər siyasiləşmiş, püxtələşmiş, formalaşmış xalqdır. Radikal müxalifətin nəyə fokslandığını, hansı məqsəd daşıdığını, söylədikləri fikirlərin kökündə nələr durduğunu kifayət qədər yaxşı bilirik. Türkiyədə baş verən hadisədən istifadə edib, Azərbaycanda da hansısa məsələlərin meydana gətirilməsi birmənalı olaraq mümkün deyil. Azərbaycan xalqı proseslərə düzgün qiymət verə bilən xalqdır. Kimin kim olduğunu gözəl bilirik. İmamoğlu ətrafında yaranmış məsələ Türkiyənin daxili işidir. Türkiyə xalqı da bu məsələyə öz mövqeyini, münasibətini bildirdi. Gedişat da göstərdi ki, qısa müddətdə məsələ həllini tapdı.
- Deputatların son dövrlər mətbuatla əlaqələrində durğunluq var. Əvvəllər mətbuatda sərbəst fikir səsləndirən deputatların hazırda sanki bir qədər susqunluq nümayiş etdirdiklərini görürük. Bu nə ilə əlaqədardır?
- Azərbaycanın ən ağrılı-acılı yeri Qarabağ məsələsi idi. Ölkəmiz qalibiyyət əldə etdi. Dünyada elə bir ölkə yoxdur ki, onun sosial xarakterli, yaxud həllini gözləyən məsələləri olmasın. Azərbaycan da dünyanın bir hissəsidir. Bilirsiniz ki, büdcəmiz sosialyönümlüdür. İlbəil insanların sosial rifahının, maddi durumunun yaxşılaşması istiqamətində ardıcıl addımlar atılır. Bu onu göstərir ki, hökumət, dövlət, ölkə Prezidenti hər bir Azərbaycan vətəndaşına çox diqqətlə yanaşır, qayğısına qalır. Pensiyaların, müavinətlərin, minimum əməkhaqlarının artırılması tendensiyasını müşahidə edirik. Bunu yəqin ki müxalif qüvvələr də görür. Məqsədimizə doğru bəlli yol xəritəmiz var və bu yol xəritəsi üzərindən addım-addım gedirik. Azərbaycan vətəndaşı atılan addımları müsbət qiymətləndirir. Yəqin ki, məhz buna görə də ciddi xarakterli hansısa fikirlərin səslədirilməsinə tez-tez rast gəlinmir, çünki artıq formalaşmış bir inkişaf modeli var, bəlli bir strategiya var. Amma ümumilikdə ölkə əhəmiyyətli aktual məsələlərlə bağlı deputat həmkarlarımın istər dövrü mətbuatda, istər televizyalarda, istərsə də Milli Məclisin plenar və komitə iclaslarında çıxışlarını izləyirik.
- Misir Mərdanov təhsildəki problemlərlə bağlı müsahibəsində dedi ki, təbaşirdən istifadə olunan dövrlərdə təhsildə bu qədər problem yox idi. Siz necə düşünürsünüz? Təhsildə hazırda hansı problemlər var?
- Misir müəllim uzun müddət təhsil naziri vəzifəsində çalışıb. Ona böyük hörmətim var. Müstəqilliyimizin ilk dövrlərindən etibarən Azərbaycan təhsilinin rəhbər şəxsi olub. Təbii ki, dövr, zaman, cəmiyyət və tələblər dəyişir. Bütün bunların fonunda təhsil və ona yanaşma da müasirləşir. Təhsilin özü də bugünkü çağırışlara cavab verməlidir. “Təhsildə problem yoxdur” fikri bir az reallıqdan, səmimilikdən kənar olar. Təbii ki, problemlər var. Lakin bu gün nəzərə almalıyıq ki, Elm və Təhsil Nazirliyinin bəlli hədəfləri qarşıya qoyulub. Bu hədəflərə istiqamətlənən yol xəritəsi də var. Təhsil cəmiyyətin güzgüsüdür. Eyni zamanda təhsil əldə olunan iqtisadi nailiyyətlərin də güzgüsüdür. Təhsilin bütün pillələrində aparılan islahatlar da gözümüzün önündədir. Lakin nəzərə almalıyıq ki, təhsil elə bir sahədir ki, burada radikal addımların atılması nəticə etibarilə uçuruma gətirib çıxara bilər. Təhsildə aparılan islahatlar ardıcıl xarakter daşımalıdır və onun müsbət nəticələrini isə tezliklə gözləmək bir az doğru olmazdı. Adım-addım irəliləmək lazımdır ki, uğur əldə olunsun. Məsələ bundadır ki, cəmiyyət də yeniliyə, islahatlara hazır olmalıdır. Bizim sovetlər dövründən gələn və formalaşmış ənənəmiz var. Eyni zamanda müstəqillik dövründə yeni çağırışlara uyğun formalaşmaqda olan elm və təhsil sistemimiz var. Problemsiz sahə yoxdur. Önəmli məsələ bu problemlərin çözülməsi, həlli məsələsidir. Hansı targetlər mövcuddursa, o targetlərə doğru atılan addımların ardıcıllığı xüsusi önəm kəsb edir. Cəmiyyətimiz inkişaf etdikcə, yeni çağırışlar meydana gəldikcə təhsilimiz də buna adaptə olunacaq, tələblərə cavab verə biləcək.
- Problemlərin səbəbini elm və təhsil nazirində axtaranlar çoxdur. Ümumiyyətlə, Emin Əmrullayevlə münasibətləriniz necədir, fəaliyyətini necə qiymətləndirirsiniz?
- Cənab nazirlə bir yerdə işləmişik. İstər işlədiyimiz zamanda, istərsə də hazırda Emin müəllimlə normal münasibətlərimiz var. Yüksək analitik təhlil, idarəçilik qabiliyyətinə malik olan, təhsil sahəsini çox gözəl bilən, müasir təhsili analiz etməyi, müqayisəli analizi bacaran, praqmatik düşünən, təhsildə yenilikçiliyi ortaya gətirə bilən bir nazirdir.
- Rusdilli məktəblərin dövlət hesabına maliyyələşməsi məsələsi tez-tez gündəmə gəlir. Anadilli məktəblərlə eyni səviyyədə tutulmasına etirazlar var. Sayının azaldılması və özəlləşdirilməsi təklif edilir. Buna münasibətiniz necədir?
- Xarici dildə təhsil almaqda bir qəbahət yoxdur. İstər rus, ingilis, istərsə də digər dillərdə olsun, fərq etməz. Doğrudur, son zamanlar rusdilli məktəblərlə bağlı ekspertlər müxtəlif fikirlər səsləndirirlər. Bu kimi məsələlərin həlli cəmiyyətin ələyindən keçməlidir. Əvvəla, nəzərə almalıyıq ki, formalaşmış təhsildə indiyə qədər müəyyən edilən bir yol var. Rus bölmələri, rus məktəbləri Azərbaycan rus imperiyasının tərkibində olduğu dövrlərdə də, müstəqillik əldə ediləndən sonrakı dövrdə də fəaliyyət göstərib. Bu, cəmiyyətin tələb və təklifindən irəli gələn məsələdir. Gələcəkdə hansısa əcnəbi dildə məktəblərin, bölmələrin yaranması da təbii olaraq zərurətdən irəli gəlməlidir. Rus bölmələrinin, məktəblərinin də sayının azalıb-azalmayacağını zaman göstərəcək.
- Rus dilində danışmağı bəziləri elitarlıq hesab edir. Sizcə də, belədir?
- Düşünmürəm ki, bu, düzgün yanaşmadır. Əlbəttə ki, başqa dilləri də bilmək yaxşı haldır. Əcnəbi dili mükəmməl bildikdə həmin ölkənin ədəbiyyatını, tarixini, incəsənətini daha dərindən anlamaq mümkün olur. Birinci növbədə, hər bir Azərbaycan vətəndaşı təhsil aldığı dildən asılı olmayaraq öz doğma dilini daha mükəmməl bilməlidir. Azərbaycan dilini bilmək ilk növbədə vətənə, xalqa, millətə bağlılıq deməkdir. Dilini bilməyən kəs nə onun ədəbiyyatını, nə tarixini oxuya bilər, nə də cəmiyyətin mahiyyətini anlaya bilər. Azərbaycan dilini bilmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Öz dilinə hörmət etmək o dildə danışmaq deməkdir. Hər hansı dili bilməyə elitarlıq, intellektual səviyyənin ölçü vahidi kimi yanaşılması doğru deyil.
- Məktəblərdən danışmışkən, iş adamı Şərurlu İsfəndiyar deyir ki, mənə imkan versələr, məscidləri söküb, yerində məktəb tikərəm. Bu cür müqayisə nə dərəcədə doğrudur? Axı dövlət məscidlərin inşasına da diqqət ayırır. Təhsillə dini müqayisə etmək nə dərəcədə doğrudur?
- Azərbaycanda din təhsildən ayrıdır. İşğaldan azad olunmuş ərazilərdə dağıdılmış məscidlərimiz ölkə Prezidentinin bilavasitə rəhbərliyi ilə bərpa olunub. Paralel olaraq orta ixtisas, peşə təhsili üzrə müəssisələr də yaradılır. Artıq Qarabağ Universiteti, Azərbaycan-Türkiyə Universiteti fəaliyyət göstərir. Öz milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə sadiq olmalıyıq. Baxmayaraq ki, bu gün dünyada gedən proseslər, xüsusilə, qloballaşma bütün ölkələrə təsirini göstərir, eləcə də Azərbaycana. Biz yaxşı mənada mühafizəkarıq. Mühafizəkarlığımız bundan irəli gəlir ki, Azərbaycan xalqının ondan öyrəndiyi, götürdüyü cənab Prezident İlham Əliyev kimi bir nümunəvi lideri var. Bu gün məscidlərin də, təhsil müəssisələrinin də mövcudluğu bizim həm müasir təhsilə, həm də dinə olan münasibətlərimizin təzahürüdür.
- Sosial şəbəkələrdə vətəndaş qəbulları ilə bağlı görüntülərinizə çox rast gəlirik. Nərimanov rayonu ilə əlaqədar vətəndaşlar sizə hansı şikayətlərlə müraciət edirlər? Aidiyyəti üzrə müraciət etdiyinizdə sizə qurumlardan necə reaksiya olur?
- Ayda iki dəfə rəsmi görüşlər keçirilir. Bundan əlavə səyyar görüşlərimiz də olur. Təbii ki, şikayətlər var. Özəl tikinti şirkətlərinin etdiyi haqsızlıqlar, işdən çıxarılmalar, əmək pensiyaları, sosial problemlər və s. xarakterli müraciətlər olur. Çalışırıq ki, müvafiq dövlət və özəl qurumlar qarşısında müraciətləri qaldıraq. Eyni zamanda vətəndaş haqlı olduğu halda məsələnin həllini tapması istiqamətində sona qədər gedirik, problemi vətəndaşın xeyirinə həll etməyə çalışırıq. Qurumlar vətəndaşların müraciətlərinə dərhal, adekvat, qanunauyğun cavab verirlər. Biz də bunun əsasında vətəndaşla görüşürük, məlumat veririk.
- Bahalaşma fonunda maaş və pensiya artımının az olması narazılıq yaradır. Xarici ölkələrlə, xüsusilə qonşu ölkələrlə müqayisədə bizdə bu sahədə vəziyyəti necə dəyərləndirirsiniz?
- Bəzi hallarda bahalaşmanın özü də süni xarakter daşıyır. Əməkhaqlarının, müavinətlərin artımı aparılmış hesablamalar üzərindən qurulub. Təbii ki, bahalaşma öz təsirini göstərir. İstehlak səbəti deyilən bir anlayış var. Bu anlayışa uyğun olaraq artımlar müəyyən olunub. Zənnimcə, artımlar adekvatdır. Süni bahalaşama olmadığı halda artımlar müsbət istiqamətdə təsirini göstərəcək. Bilirsiniz ki, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı təşkilatımız və digər qurumlarımız mövcuddur. Süni bahalaşmaların qarşısını almaq üçün mütəmadi reydlər, yoxlamalar aparılır. Tənzimlənəcəyi halda əməkhaqlarının, müavinətlərin artımı əhalinin sosial rifahının yaxşılaşdırılmasına töhfəsini vermiş olur. Öncə də qeyd etdim ki, büdcəmiz sosialyönümlüdür. Azərbaycanı hər hansı ölkə ilə müqayisə etmək doğru deyil. Torpaqlarımız 30 il işğal altında qalıb. 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz olub. Bu gün Qarabağda bərpa-quruculuq işləri həyata keçirilir. Büdcəmizi balanslı şəkildə müəyyən etməliyik ki, qısa müddət ərzində qarşımızda duran problemlərin həllini həyata keçirə bilək. Düşünürəm, növbəti illərdə sosial paketlərin daha ciddi şəkildə artımının şahidi olacağıq. Sadəcə, məsələyə yanaşmamızı ardıcıl, müəyyən olunmuş addımlar üzərində qurmalıyıq.
- Samir müəllim, universitetdən parlamentə keçid sizin üçün çətin olmadı ki?
- Mən onsuz da parlamentə qədər üç il müddətində hakim Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri olmuşam. Buna görə heç də siyasi proseslərdən uzaq deyildim. Bu gün parlamentdə hakim partiyanın namizədi olmağımdan qürur duyuram. Hesab edirəm ki, hər bir millət vəkili ölkənin qanunverici orqanında təmsil olunmaqdan qürur duymalı, Azərbaycan xalqının gələcək inkişafı istiqamətdinə qəbul ediləcək qərarlara həssaslıqla yanaşmalıdır.
- Çoxlarının gözləntisi bu idi ki, Samir Vəliyev deputat olsa, o da parlamentdə susqun deputatlardan biri olacaq. Amma gözləntilərin əksi olan fəaliyyət nümayiş etdirdiniz...
- Hər kəs haqqında kənardan çox fikirlər ola bilər. Bu gün parlamentdə aktivliyim nə qədərdirsə, bunu daha çox media yaxşı bilir.
- Parlament seçkiləri ərəfəsində yayılan iddialardan biri də bu idi ki, guya sizin deputat olmanızı atanız (red.- Əhməd Vəliyev) xahiş edib...
- Belə fikirlərin olması yanlışdır. Parlament seçkili orqandır. YAP-nin rayon təşkilatının rəhbəri olaraq namizədliyim Partiya tərəfindən irəli sürüldü. Millət vəkili təyinatlı vəzifə deyil. Kimdənsə nəsə xahiş etməklə heç kim millət vəkili ola bilməz. Seçicilər tərəfindən lazımi dəstək varsa, seçki günü səs də verilir. Mən Nərimanov rayonunda böyümüşəm, yaşamışam, təhsil almışam. Hazırda çalışdığım universitet də Nərimanov rayonunda yerləşir. Bütün fəaliyyətim Nərimanov rayonunda olub. Rayonu qarış-qarış uşaqlıqdan gəzmişəm, kifayət qədər tanıyıram. Elə bir məhəllə yoxdur ki, orada tanış adam olmasın. Rayonda seçicilərin etimadını doğrultmuşam. Çalışıram ki, onların problemlərinin həlli istiqamətində lazımi köməkliyi göstərim. Seçki zamanı Nərimanov rayonundan namizədliyimin verilməsi işimi qismən asanlaşdırdı. Düşünürəm ki, namizədliyim başqa rayondan verilsəydi, görülməli olan işin həcmi daha geniş olmalı idi.
- Zaman-zaman sizin barənizdə mətbuatda iddialar səsləndirilirdi. Məsələn, 2014-cü ildə Mikayıl Cabbarov təhsil naziri vəzifəsində çalışarkən sizi müşavir təyin edəndə mediada yazıların başlıqları belə idi: “Samir Vəliyev nazirə başucalığı gətirməyəcək”, “Ailə universitetindən Təhsil Nazirliyinə – MÜƏMALI YÜKSƏLİŞ”. Mümkünsə, bu məsələlərə aydınlıq gətirərdiniz.
- Bu cür fikirlərə çox əhəmiyyət vermirəm. Əsas insanın gördüyü işin, əməlin nəticəsidir. Cəmiyyətdə fikirlər müxtəlifdir. Kiminsə qərəzli mövqeyi, kiminsə də loyal ədalətli yanaşma tərzi var. Bir az öncə də dediyiniz kimi, kimlərsə düşünürdü ki, Samir Vəliyev parlamentə gəldiyi zaman susan deputatlardan biri olacaq. Dediniz ki, indi isə reallıq belə deyil. 2014-cü ildə hörmətli Mikayıl Cabbarov tərəfindən Təhsil Nazirliyinə dəvət olundum. O zamanlar Mikayıl müəllim təhsilə yeni yanaşmasını ortaya qoydu, yeni praqmatik yanaşma sərgilədi. Düşünürəm, həmin vaxt da dəstək ola bildim, Nazirlikdə bir müddət çalışdım. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də cənab Sahil Babayevin müşaviri vəzifəsində işlədim. Həmin dövrdə də bilik və bacarığımı, səriştəmi səfərbər edərək çalışdığımı düşünürəm. Nəyə qadirəmsə, ortaya qoymağa çalışmışam ki, dəstək ola bilim. Hər halda nə Mikayıl müəllim tərəfindən, nə də Sahil müəllim tərəfindən fəaliyyətimlə bağlı hər hansı irad bildirilib. Həmin müddətlər ərzində fəaliyyətim normal olub ki, lazım olmuşam, buna görə orada olmuşam.
- Övladlarınız barədə məlumat verərdiniz. Nə işlə məşğuldurlar?
- Üç övladım var. Qızım Bakıda Britaniya Məktəbinin direktorudur. Böyük oğlum beynəlxalq audit şirkətində - Bakker Tilly şirkətində çalışır. Kiçik oğlum isə altıncı sinifdə təhsil alır. İki nəvəm var. Biri orta məktəbin birinci sinfinə gedir, digər nəvəm isə bağçadadır. Qızımın övladlarıdır.
- Hər biri Azərbaycan dilində sərbəst danışır?
- Təbii ki. Mən də, həyat yoldaşım da həm orta məktəbi, həm də ali təhsili rus dilində bitirmişik. Buna baxmayaraq, evdə də Azərbaycan dilində danışırıq. Başqa cür ola da bilməz. Bu, çox önəmli məsələdir. Azərbaycan dilində nəinki bilmək və danışmaq, Azərbaycan dilində düşünmək lazımdır. O dildə ki düşünə bilmirsən, deməli, o dildə yaxşı danışa da bilmirsən.
Aytəkin Qardaşova


