Saqqal saxlayanların NƏZƏRİNƏ “Ekzema, psoriaz, seboreik dermatit...”
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
“Əgər kimsə saqqal saxlayırsa, hər gün yuyub, davramırsa, qurulamırsa, bu zaman saqqal mikrob mənbəyi ola bilər”.
Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış dermatoloq Şövqü Salahov deyib.

Həkim bildirib ki, saqqal barədə fərqli yanaşmalar var:
“Dini baxımdan saqqal saxlamaq hər kəsin şəxsi işidir, heç bir fikrim yoxdur. İndiki gənclərin daha az yaşdan saqqal saxlamalarına fikrim müsbət deyil, çünki saqqal onları vaxtından əvvəl yaşlı göstərir, bəzən heç yaraşmır da. Saqqalın mikrob toplaması məsələsinə gəlincə, bu, saqqala qulluqdan asılı olan məsələdir. Uzun, sıx saqqal hər gün yuyulmalı, daranmalı, arası mütləq təmizlənməlidir. Təmiz üzü gündə bir-iki dəfə yuyuruqsa, saqqallı üz də ən az iki-üç dəfə yuyulmalıdır. Çünki havada olan toz saqqalın arasında yığılıb qala bilir. Tük uzananda dəridə yağlılıq, tük dibinin qıcıqlanması artır, dərinin balansı pozula bilir. Buna görə də tük uzandıqca təmizlənmirsə, mikrobun inkişafı üçün daha əlverişli mühit yaranır. Bir sözlə, saqqal uzadılırsa, mütləq qulluq olunmalıdır. Bəzi ekzemalı, psoriaz, seboreik dermatit olan dərilər var ki, həmin dərilərdə tüklər uzananda bu proses daha da artır. Belə halda saqqalı vaxtında təmizləməklə yanaşı, tibbi kremlər, mazlar, başqa dərmanlar da istifadə edilməlidir”.
Aytəkin Qardaşova


