Sayımız niyə çoxalmasın?
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Statistika isə bunun əksini göstərir
Ailə planlaşdırılması və demoqrafik inkişaf hər bir cəmiyyətin gələcəyi üçün həyati zərurətdir. Lakin son illərin statistik mənzərəsi bu sahədə ciddi problemlərdən xəbər verir.
Ölkəmizdə qeydə alınan hamiləliyin pozulması hallarının sayı, demək olar ki, doğuşlarla bərabərləşib. Rəsmi statistikaya əsasən, ötən il ölkədə 95 min 875 doğuşa qarşı 95 min 100 hamiləlik pozulması qeydə alınıb. Ümumilikdə isə son 15 ildə ölkədə hamiləliyin süni şəkildə sonlandırılma halları, təxminən, 30 faiz artıb.
Maraqlıdır ki, bu tendensiya müxtəlif ölkələrdə fərqli istiqamətlərdə inkişaf edir. Məsələn, 2010-cu ildə bir milyondan çox abortun qeydə alındığı Rusiyada bu rəqəm 2025-ci ildə 64 faiz azalaraq 235 minə düşüb. Qonşu Gürcüstanda da oxşar dinamika müşahidə olunub: ötən il ölkədə 11 min 800 süni pozulma halı qeydə alınıb ki, bu da 26 faiz geriləmə deməkdir. Ermənistanda isə göstərici 18,7 min təşkil edərək 23 faiz azalıb.
Bunun əksinə olaraq, Türkiyədə də Azərbaycandakı kimi mənfi tendensiya qeydə alınıb. Qardaş ölkədə son 15 ildə pozulma sayı artaraq ötən il 74 minə çatıb və 2010-cu illə müqayisədə 80 faiz artıb. İran İslam Respublikası da abort trendinin artdığı ölkələr sırasındadır. Ötən il bu hallar 61 faiz artaraq 305,2 minə yüksəlib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bütün ölkələr üzrə qeydə alınan abortların təxminən 60 faizi məhz arzuolunmaz hamiləliklərin payına düşür. Bəs buna səbəb nədir, ailələr niyə uşaq istəmir?
Mövzu ilə bağlı XQ-yə açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov bildirdi ki, doğuşların sayı ilə hamiləliyin süni şəkildə sonlandırılması arasında müşahidə olunan nisbət və bu dinamikanın artması cəmiyyətimizdə gedən dərin sosio-mədəni keçiddən xəbər verir:
– Son illərdə ənənəvi çoxuşaqlı ailə modelindən planlı və azuşaqlı (bir və ya iki uşaqlı) ailə strukturuna keçid prosesi sürətlənib. Təəssüf ki, ailələr uşaq sayını tənzimləmək üçün etibarlı kontraseptiv üsullardan istifadə etmək əvəzinə, hamiləliyin sonlandırılmasına üstünlük verirlər ki, bu da yolverilməz haldır.
Müşahidə olunan artım dinamikasında selektiv abortlar (cinsə görə hamiləliyin sonlandırılması) xüsusilə üstünlük təşkil edir. Cəmiyyətdə hələ də mövcud olan gender stereotipləri və oğlan uşaqlarına meyillilik hamiləliyin süni şəkildə sonlandırılmasına yol açan əsas səbəblər sırasındadır.
Bu halların artması qadınların və cütlüklərin hamiləlikdən qorunma vasitələri, eləcə də müasir ailə planlaması metodları barədə maariflənmə səviyyəsinin aşağı olmasının əsas göstəricisidir. Bir çox hallarda insanlar bu cür üsullardan xəbərsiz olduqları və ya onlardan düzgün istifadə etmədikləri üçün abort son çarəyə çevrilir.
Digər tərəfdən, müasir valideynlər övlad böyütməyə, onun təhsilinə və gələcək təminatına daha yüksək standartlarla yanaşırlar. Yüksək sosial məsuliyyət hissi plansız hamiləlik zamanı ailənin bu iqtisadi yükü daşıya bilməyəcəyi qorxusunu gücləndirir və nəticədə belə kəskin qərarların verilməsinə zəmin yaradır.
Mütəxəssis qeyd etdi ki, abort nisbətinin azaldılması üçün nikahöncəsi maarifləndirmə işləri genişləndirilməli, cins seçimi stereotiplərinə son qoyulmalı, kişilərin məsuliyyəti artırılmalı və məsləhətxanalarda psixoloji-sosial dəstək mexanizmləri tətbiq edilməlidir:
– Komitə bu istiqamətdə kompleks və çoxşaxəli maarifləndirmə mexanizmlərinin tətbiqini vacib hesab edir. Nikaha daxil olmaq istəyən cütlüklərə icbari tibbi müayinə çərçivəsində reproduktiv sağlamlıq və ailə planlaması haqqında məsləhətlərin verilməsi mexanizmi genişləndirilməlidir. Gənclər arasında sağlam həyat tərzi, gender bərabərliyi, erkən nikahların və arzuolunmaz hamiləliklərin fəsadları mövzusunda maarifləndirici proqramların keçirilməsi zəruridir.
Cütlüklərin hamiləlikdən qorunma üsulları haqqında anonim, dəqiq və tibbi cəhətdən əsaslandırılmış məlumat ala biləcəyi rəqəmsal platformalar, sosial layihələr və qaynar xətt xidmətləri aktivləşdirilməlidir. Eyni zamanda, doğuşadək cins seçimi probleminə qarşı maarifləndirmə aksiyaları gücləndirilməli, cəmiyyətdə qız uşaqlarının rolunun və nüfuzunun artırılması istiqamətində məqsədyönlü işlər davam etdirilməlidir.
Rafiq Mahmudov vurğuladı ki, qadınların cəmiyyətdə sosial müdafiəsinin gücləndirilməsi və zəruri dəstək mexanizmlərinin işə salınması üçün sistemli addımlar atılmalıdır:
– Ailə planlaması yalnız qadının öhdəliyi deyil. Kişilərin reproduktiv sağlamlıq və hamiləlikdən qorunma üsulları mövzusunda məsuliyyətini artıran xüsusi maarifləndirmə proqramları həyata keçirilməlidir. Qadın məsləhətxanalarında yalnız tibbi xidmət ilə kifayətlənməmək, həmçinin hamiləliyi sonlandırmaq istəyən qadınlarla işləyə biləcək peşəkar sosial işçi və psixoloq heyətinin fəaliyyətini təmin etmək vacibdir.
Komitə hesab edir ki, abortların sayının azaldılması inzibati qadağalarla deyil, cəmiyyətin maarifləndirilməsi, gender bərabərliyinin təşviqi, qadınların iqtisadi müstəqilliyinin gücləndirilməsi və ailələrə göstərilən dövlət qayğısının artırılması yolu ilə mümkündür.
Sosioloq Üzeyir Şəfiyev isə abort nisbətinin artması və ailə strukturunun dəyişməsini məhz fərdi komfort istəyi, həmçinin gələcəyə olan iqtisadi və sosial inamsızlıqla əlaqələndirdi:
– Bəşəri və ictimai düşüncənin transformasiyası fonunda insanlar daha komfortlu həyat yaşamaq istəyir və uşaq sahibi olmaqdan çəkinirlər. Bu səbəbdən ailə planlaşdırmasında azuşaqlılıq və "childfree" (uşaqsız ailə) modeli yayılmağa başlayıb. Hərçənd bu hal ənənəvi dəyərlərə malik Azərbaycan cəmiyyəti üçün heç vaxt xarakterik olmayıb və ölkəmizdə həmişə çoxuşaqlı ailələr üstünlük təşkil edib, lakin qlobal dünyaya inteqrasiyadan sonra baş verən dəyişikliklər prosesə təsirini göstərir.
Nəticədə, ölkəmizdə təbii artımda və demoqrafik göstəricilərdə bir neçə ildir ləngimə müşahidə olunur. Məsələn, yeni doğulanların sayı 2022-ci ildəki 122 846-dan 2023-cü ildə 112 620-yə düşüb və bu, artıq davamlı bir prosesə çevrilib. Bu vəziyyət insanların rahatlıq istəyi, həmçinin dünyanı bürüyən münaqişələr və qeyri-müəyyənliklər üzündən gələcəyə olan inamsızlıqla bağlıdır. Eyni zamanda, abortların sayının doğuş sayına çox yaxın olması da təbii artımın zəifləməsini şərtləndirən əsas səbəblərdəndir.
Əgər bu tendensiyanın qarşısı alınmasa, orta perspektivdə ölkəmiz üçün ciddi problemlər yarana bilər. İlk növbədə, təbii artımın ləngiməsi miqrant axınının artmasına və cəmiyyətin buna uyğunlaşma çətinlikləri ilə üzləşməsinə yol açır. İkincisi, yeni doğulanların sayının azalması gələcəkdə əmək ehtiyatları və digər strateji sahələrdə kəskin defisit yaradır. Üçüncüsü, Nazirlər Kabinetinin son hesabatında vurğulandığı kimi, birinci sinfə gedən şagirdlərin azalması müəllim ştatlarının ixtisarına və əmək bazarında əlavə problemlərə gətirib çıxarır. Eyni zamanda, genofondun təhlükəsizliyi məsələsi də aktuallaşır. Bu problemin qarşısını almaq üçün hökumət tərəfindən ilkin demoqrafik diaqnostik qiymətləndirmələr aparılmalı və ləngiməni aradan qaldırmaq məqsədilə preventiv tədbirlər görülməlidir. Əks halda, işləyən əhalinin azalması və ahılların çoxalması dövlət qarşısında maliyyə, pensiya təminatı və ümumi həyat səviyyəsi baxımından ağır fəsadlar törədə bilər.
Müsahibimiz bu arzuolunmaz durumun aradan qaldırılması üçün bir sıra təsirli addımların vacibliyini vurğuladı:
– Məsələn, yeni doğulan uşaqların adına xüsusi hesablar açılaraq vəsaitin yerləşdirilməsi və həmin məbləğin qiymətli kağızlar bazarında investor kimi dövriyyəyə buraxılması güclü stimullaşdırıcı alətə çevrilə bilər. Parlamentdə müzakirə olunan "çoxuşaqlı ailə" statusunda uşaq sayının beşdən üçə endirilməsi təşəbbüsü dəstəklənməlidir. Bu, həmin kateqoriyadan olan ailələrə xüsusi imtiyazların verilməsini təmin edərək gənc ailələr üçün əlavə üstünlüklər yaradar. Beynəlxalq təcrübədə tətbiq olunan səmərəli üsullar – o cümlədən aztəminatlı gənclərin toy xərclərinin dövlət tərəfindən dəstəklənməsi və evlənənlərə güzəştli kreditlərin verilməsi müsbət nəticə verər.
Bundan əlavə, gənclərin məşğulluğunun təmin edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, eləcə də ünvanlı və diferensial sosial uşaq pulu müavinətlərinin bərpası bu istiqamətdə mühüm rol oynaya bilər.
Elenora HƏSƏNOVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 23 Sentyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















