Icma.az
close
up
RU
Saz necə düzəldilir?

Saz necə düzəldilir?

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Musa NƏBİOĞLU
"Ozan Dünyası" Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi

Musiqi alətləri hazırlayan sənətkarlar arasında sazbəndlərin öz yeri, öz çəkisi var və bu sənət bu gün də qorunub yaşadılmaqdadır. 

Sazbəndlik aşıq sənəti ilə qoşa addımlayıb həmişə. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, aşıq sənəti, aşıq mühitləri və ustad aşıqlarla bağlı indiyədək çoxsaylı elmi-tədqiqat işləri aparılıb, elmi monoqrafiyalar və kitablar nəşr olunsa da, nədənsə, sazbəndlik bir sənət sahəsi kimi ciddi elmi araşdırmaya cəlb olunmayıb. Sazbəndlərlə bağlı "Sazımız - sazbəndimiz" adlı ilk kitab tərəfimizdən 2011-ci ildə nəşr olunub. 2023-cü ildə isə rəhbərlik etdiyim "Ozan Dünyası" Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin layihəsi kimi, "Sazbəndlik sənəti və sazbəndlər" ("Bakı Mətbəəsi" ASC, 2023) adlı kitabı elmi ictimaiyyətə və geniş oxucu kütləsinə təqdim etdik.

Sazbəndlik özünəməxsus incəlikləri olan, sazbənddən peşəkarlıqla yanaşı, aşıq sənətinə, bütövlükdə mədəniyyətimizə dair zəngin bilik və geniş dünyagörüşü tələb edən spesifik bir sənət sahəsidir. 

Tarixən bir çox ustad aşıqlar həm də sazbəndliyi bacarmış, yəni ən azından öz sazlarını özləri təmir edə bilmişlər. Bu sıradan Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Aslan Kosalı və digərləri kimi böyük sənətkarları göstərə bilərik. Bəzi sənətkarlar isə həm aşıqlığı, həm də sazbəndliyi qoşa yaşatmışlar.

Diqqətçəkən bir məqam da ondan ibarətdir ki, aşıqlıqda olduğu kimi, sazbəndlikdə də sənətin ailədə atadan oğula, oğuldan nəvəyə keçməsinə - sənətkarlıq şəcərəsinə rast gəlinir. XX əsrin ən böyük sazbəndlərindən olmuş Usta Xudunun sənət yolunu oğlu Fərman və nəvəsi Niyaməddinin bu gün uğurla davam etdirməsi dediklərimizin əyani sübutudur.

lll

Simli çalğı alətlərinin yaranmasına dair bir çox əfsanələr vardır. Bir rəvayətə görə, qartalın parçaladığı heyvanın bağırsaqları ağacın budaqlarına dolaşır, quruyub tarıma çəkilmiş bağırsaq külək əsdikcə titrəyərək müxtəlif səslər verməyə baslayır və bu səsləri eşidən qədim insanlar ilk simli çalğı alətlərini yaradırlar.

Burada müəyyən qədər həqiqətəuyğunluq var. Belə ki, tarixən simli çalğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələr isə müəyyən üsullarla heyvan bağırsağından hazırlanıb.

Saz təzənə (mizrab) ilə çalınan simli musiqi alətidir. O, ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir.

Türk mənəviyyatının rəmzlərindən biri olan saz və sinkretik, yəni özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti Azərbaycan milli mədəniyyətinin ən qədim qatları ilə bağlıdır. Qədim türkdilli xalqlarda şaman, qam, baxşı, yanşaq, varsaq və nəhayət, ozan kimi tanınan sənətkarlar bugünkü aşığın əcdadları sayılırlar. Ozan sənəti əsrlər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da ona oxşar təkamül yolu keçərək saz aləti şəklini alıb.

Saz artıq Şah İsmayıl Xətainin dövründə (XVI əsr) indiki şəklini almışdı. Şah İsmayıl Xətainin könül oxşayan qoşmalarının birində saz belə tərənnüm edilir:

Bir gün ələ almaz olsam mən sazım,

Ərşə dirək-dirək çıxar mənim avazım.

Dörd iş vardır hər qarındaşa lazım:

Bir elm, bir kəlam, bir nəfəs, bir saz.

Azərbaycan sazı türkdilli xalqlar arasında yayılmış saz və ona oxşar alətlərdən çalğı texnikası, akustikası baxımından özünəməxsus üstünlükləri ilə seçilir.

Sazın çanağı tut ağacının seçmə növlərindən, qolu isə qoz ağacından hazırlanır. Sazın hazırlanmasında hər şeydən əvvəl ağac materialının keyfiyyətinə diqqət yetirilməlidir. Məşhur sazbənd Usta Xudunun oğlu, bu sənətin ləyaqətli davamçısı Fərman Xuduoğlu bu barədə belə deyir: "Usta gərək hər şeydən əvvəl işlədəcəyi ağac materialını seçə bilsin, hər ağacdan saz düzəltməsin. Yəni yaxşı sənətkar əvvəlcə materialı seçməyi bacarmalı, sonra işə baslamalıdır. Bu da ustadan böyük qabiliyyət tələb edir. Usta ağaca baxanda bilməlidir ki, bu ağacdan nə çıxar. Bilməlidir ki, bu ağac güneydə (dəmyə yerdə) bitib, yoxsa quzeydə (sulu yerdə). Bunların möh-kəmliyində və çəkisində fərq olur. Əlbəttə, dəmyə yerdə bitən ağac daha yaxşıdır. Sazın çanağında istifadə ediləcək taxtada bunlar mütləq nəzərə alınmalıdır. Amma bəzən görürsən ki, mən də sazbəndəm deyən biri hansısa ustadın düzəltdiyi sazı götürüb yüzdə yüz hər şeyi (taxtanın qalınlığını və s.) eynilə təkrarlayır. Daha nəzərə almır ki, bu ağac hansı mühitdə böyüyüb, onun taxtasının möhkəmliyi, çəkisi necədir..."

Saz düzəltmək üçün seçilən ağacın yaşına və hansı mühitdə - quzeydə, yoxsa güneydə yetişməsinə mütləq diqqət yetirilməlidir. Ağacın yaşından çox şey asılıdır. Məşhur sazbəndlər hər ağacdan saz düzəltməyib, keyfiyyətli ağac materialı üçün el-el, oba-oba gəzib, daha çox 80-100 yaşlı ağaclara üstünlük veriblər. Çanağın düzəldilməsində istifadə olunan tut ağacı kimi, sazın qolu düzəldilən qoz ağacının da quzeydə, yaxud güneydə bitməsi nəzərə alınmalıdır. Tut ağacı ilə qoz ağacının uzlaşması, bir-birinə uyğun gəlməsi də vacib şərtdir. Yəni müxtəlif şəraitdə yetişmiş ağaclardan taxtanı eyni qalınlıqda yonmaq olmaz. Ağacın məsamələrinə əsasən taxtanın (qabırğaların) çəkilmə istiqaməti xüsusi rol oynayır. Qabırğalarda məsamələr ya perpendikulyar, ya da maili olmalıdır. Quzeydə bitən ağacdan alınan taxta güneydə bitən ağacınkına nisbətən nazik olmalıdır. Güneydə bitən ağac yaxşı qaralır, qurutduqdan sonra onu istənilən formaya salmaq olur. Quzeydə bitən ağaclar isə sulu olduğundan yaxşı qaralmır, əyilməyə meyilli olur. Adicə barmağın tərindən canına su çəkir.

Saz düzəltmək üçün seçilmiş ağacın kəsilmə vaxtı mütləq nəzərə alınmalıdır. Kəsilən ağac qabığı soyulmadan kölgədə, gün dəymədən ən azı 8-10 il qurudulmalıdır. Gərək ağac yazda torpaqdan canına su çəkməmiş kəsilsin. Ümumiyyətlə, ağacların şirəvermə dərəcəsi ən çox yanvar, fevral aylarında azalır. Çanağın hazırlanması üçün nəzərdə tutulmuş ağacı da bu aylarda kəsmək lazımdır. Bu, onunla əlaqədardır ki, şirəsi çox olan ağacdan hazırlanmış çanaq bir qədər quruduqdan sonra çatlayır və yaxud deformasiyaya uğrayır. Çanaq yonulduqdan sonra uzun müddət xüsusi temperaturda, qaranlıq yerdə ən azı 2-3 il qurudulmalıdır.

İstənilən çalğı alətinin, o cümlədən sazın çanağını hazırlamaq üçün kəsilmiş ağac gövdəsini ikiyə bölüb, özəyi çıxarmaq lazımdır. Təcrübə göstərir ki, yaşı çox və özəyi boş olan ağacdan istifadə etmək daha məqsədəuyğundur.

Sazbəndlər Kövrək Murad və Bafəli Adıgözəlov da saz düzəltməyin vacib şərtlərindən danışarkən deyirlər ki, bu məqsəd üçün istifadə olunan tut və qoz ağacları nə qədər yaşlı olsa, bir o qədər yaxşıdır.

Tut ağacından 50 sm-lik kötük kəsdikdən sonra onu 4 hissəyə bölmək lazımdır ki, tərsini, avandını biləsən. Ağacın gün döyən tərəfindən sazın sinəsi üçün istifadə etmək lazımdır. Geridə qalanlardan isə qabırğa üçün istifadə etmək olar. Yeri gəlmişkən, bəzən qabırğa düzəltmək üçün qaraağac, çinar və gilasdan da istifadə edənlər olsa da, bu ağacların heç birindən alınan taxtanın əyilmə effekti tut ağacındakı kimi olmur. Qoz ağacını isə 1 m uzunluqda kəsmək lazımdır ki, qurudarkən uclarda əmələ gələn çatları kəsib götürdükdən sonra qol düzəltmək üçün normal uzunluq qalsın. Sazı düzəldərkən hər bir hissənin ölçülərinə diqqət etmək də vacib şərtdir, yəni bunların da öz standartları var.

Beçə (qolu çanağa birləşdirən hissə), qol, aşıqlar və sazı beçəyə və içəri yamşağa birləşdirən ağac çüylər (mismar əvəzi ağacdan düzəldilən hissələr) qoz ağacından olur. Tut ağacından isə sazın çanağı - qabırğalar və sinə düzəldilir. Ana qabırğanın qalınlığı 5 mm olmalıdır, hündürlüyü isə sazın çanağının böyük və ya kiçikliyindən asılıdır. Ana sazın ana qabırğasının bir ucunda eni 12-14 sm, o biri ucda isə 4-5 sm olmalıdır. Bala qabırğalar isə 5-6 sm enində olsa, kifayətdir.

Saz böyük və ya kiçikliyindən asılı olmayaraq aşağıdakı hissələrdən ibarətdir:    

1. Qabırğa; 2. Beçə içəri yamşaq; 3. Ağac çüylər; 4. Çöl yamşaq; 5. Xatabənd qoliçi oyma; 6. Sinə (döş); 7. Daraq; 8. Sinə xərək; 9. Baş xərək; 10. Aşıqlar (burma qulaqlar); 11. Pərdə; 12. Sim bağı; 13. Sim; 14. Təzənə; 15. Qayış (çiyinə keçirmək üçün) bəndləri; 16. Köynək. 

Əsas saz hesab edilən tavar sazın ümumi uzunluğu 1.200 mm, çanağının dərinliyi 200 mm olur. Təmiz qara sazın normal çəksi onun ölçülərindən asılı olaraq 700 qramdan 1100 qramadək olur. Balaca sazın çəkisi isə 300-400 qram olmalıdır.

Digər simli çalğı alətlərində olduğu kimi, saz da üç əsas hissədən ibarətdir:

1. Çanaq (gövdə). Burada səs rezonansı yaranır, formalaşır və güclənir.

2. Beçə. Sazın çanağını qol hissə ilə birləşdirir.

3. Qol. Çanağa rezonans verən simlər qolun üstündən keçərək sol əlin barmaqları ilə hissələrə bölünür ki, bu da müxtəlif səslərin alınmasına imkan verir.

Çanağın gövdəsi bir-birinə bərkidilmiş tək sayda (adətən 9) taxta "qabırğa"lardan ibarətdir. Bu "qabırğa"lar qol ilə çanağı birləşdirən "küp" adlı kiçik hissənin üzərində yığılır.

Hazır olmuş çanağa qol əlavə edilir. Bu zaman qol ilə çanağın tarazlığına xüsusi fikir vermək lazımdır. Qol çanağa birləşdirildikdə dəqiqliyi tam saxlamaq üçün xüsusi xətkeşlərdən istifadə edilərək, qolun kəllə ilə birləşdiyi hissə 5 mm aralı qoyulur ki, simlər köklənərkən qol qabağa gəlib öz yerini alsın. Qol hissəni hazırlayarkən materialın möhkəmliyinə xüsusi fikir vermək lazımdır, çünki alət kökləndikdə güclü təzyiq altında olan qolda əyilmə (çəngəl) ola bilər.

Çanaq ilə qol birləşdikdən sonra sazın üz hissəsi quraşdırılır. 5 mm qalınlığında tut və ya qoz ağacından hazırlanmış üzlük əsasən, bəzir və ya zeytun yağı ilə yağlanıb bir neçə gün saxlanılır. Yağı tamamilə özünə çəkdikdən sonra o, odun üstünə tutularaq qurudulur (bişirilir). Bir neçə gündən sonra bu proses bir daha təkrar edilir. Hazır olmuş üzlük xüsusi ağac yapışqanı ilə çanağın üzərinə bərkidilir.

Sazın səslənməsi onun necə quraşdırılmasından çox asılıdır. Çanaqlar tam quruduqdan sonra onun iç və çöl tərəfləri bir qədər də yonulub hamarlanır və bundan sonra qol, kəllə və başqa hissələri quraşdırılır. Çanağın üzərində qoyulmuş böyük xərək simlərin ehtizazını qəbul edir və çanağın daxilindəki boşluğa verir. Bu boşluqda formalaşan səs dalğaları yenidən üz hissəyə qayıdır. Bu halın bir neçə dəfə təkrarı nəticəsində səs güclənir, uzanır, beləliklə, dolğun tembrli səs çalarları əldə olunur.

Alətin quraşdırılmasında, əsasən, sümükdən və balıq yağından bişirilərək hazırlanmış taxta yapışqandan istifadə edilir. Hissələr hamarlandıqdan və təmizləndikdən sonra üzərlərinə isti halda nazik yapışqan sürtülür və üst-üstə qoyularaq güclü təzyiqlə sıxılır. Bütün hissələr birləsdikdən sonra aşıqlar və pərdələr quraşdırılır.

  Qola 16-17 pərdə bağlanılır. Sazbənd Usta Xudunun sayəsində qol, beçə və sinə pərdələri (pərdə və yarımpərdələrlə birlikdə) 23-ə çatdırılıb. Azərbaycanda ölçüləri ilə fərqlənən iri tavar sazın 11, ana sazın 9, bəzən 8 simi, ondan bir qədər yığcam orta, yaxud qoltuq sazın 6, bəzən 7 simi, kiçik cürə sazın isə 4-6 simi vardır. XX əsrdə ilk dəfə ustad aşıq Əmrah Gülməmmədov sazı təkmilləşdirərərk 11 simli edib.

Sim - sazın qoluna çəkilmiş metal sim simli musiqi alətlərində, o cümlədən sazda səs rəqslərinin mənbəyidir. Qədim zamanlarda sim ağac qabığından, bitki lifi və ya heyvan (at və s.) tükündən hazırlanırdı (ASE, VIII cild). Müasir dövrdə isə əsasən metal (polad) simlərdən istifadə olunur. Metaldan olan simlər daha güclü və təmiz səs versə də, ifa zamanı barmaqla sıxarkən ipək və bağırsaqdan hazırlanmış simlərə nisbətən daha sərt olur. Bir vaxtlar simlər yüksək keyfiyyətli poladdan hazırlanıb, gümüş suyuna salınarmış. Onlar heç zaman paslanmaz və çox az halda qırılarmış.

Simlərin baş tərəfi ilgək edilərək çanağın aşağı tərəfində yerləşdirilmiş xüsusi simgirlərə keçirilir. Simgir metal, ebonit və yaxud möhkəm ağac materialından hazırlanır.

Simlər çanaq üzərində düzülüşünə görə üç qrupa bölünür: 1. Alt simlər. 2. Orta simlər. 3. Üst simlər. Melodiya alt simlərdə çalınır. Buna görə də ona "zil simlər", bəzən də "barmaq simləri" deyilir. Bu simlər dəyişməzdir. Sazı çalarkən tutma qaydasına uyğun olaraq, alt cərgədə yerləşdiyinə görə belə adlanır. Orta simlər (alt və üst simlərin arasında yerləşdiyinə görə belə adlandırılır) - müvafiq aşıq havasına görə səsin yüksəkliyini dəyişir. Üst simlər də (sazı çalarkən tutma qaydasına uyğun olaraq, üst cərgədə yerləşdiyinə görə belə adlanır) dəyişməz simlərdir və funksiyasına görə "dəm simlər" adlanır. (Bax: "Ozan-aşıq ensiklopediyası", II cild, "Gənclik" nəşriyyatı, Bakı, 2020, səh. 275)

Xərək - simli musiqi alətlərində, o cümlədən də sazda simin səslənən hissəsini məhdudlaşdıran və simlərin rəqsini üst dekaya ötürən ağac hissədir. Sazda üç xərək olur: sazın çanağının üzərində - sinədə yerləşən böyük xərək ərik ağacından düzəldilir. Kiçik xərək qolun uc hissəsinə yaxın yerləşir. Əsasən heyvan buynuzundan düzəldilən alt xərək isə sinənin arxasında, çanağın sinəyə yaxın yerində yerləşir.

Simlər alt xərəkdən başlayaraq böyük və kiçik xərəkdən keçdikdən sonra kəllədəki aşıqlara birləşdirilir. Xərək simləri sinədən yuxarı qaldırır, üzərində simin yerləşəcəyi qədər məsamələr açılaraq simləri eyni aralıqda yerləşdirir və təzənə ilə çalğını asanlaşdırır (Bax: "Ozan-aşıq ensiklopediyası", I cild. "Gənclik" nəşriyyatı, Bakı, 2019, səh. 402). 

Xərək simlərin ehtizazını musiqi alətinin çanağına (gövdəsinə) ötürməklə səsi gücləndirir.             

Aşıq simli musiqi alətlərinin kəlləsində simlərin sarıldığı zivanadır (balaca paya, qulaq). Aşıqların hazırlanması üçün ən yaxşı material armud ağacı sayılır (qoz ağacından da düzəldirlər). Ondan hazırlanmış aşıqlar kökü dəqiq saxlayır, atmosfer təzyiqinə davamlı olur. Sazdakı simlərin sayına uyğun olaraq da aşıq yerləşdirilir.

Pərdə bəzi simli musiqi alətlərinin, (tar, saz, dütar, tənbur və s.) o cümlədən də sazın qoluna bağlanılan bölmədir, müxtəlif yüksəklikli səsləri bir-birindən ayırmaq üçün istifadə olunur. Əvvəllər qoyun bağırsağından nazik kəndir kimi eşilib emal edilib, at tükündən hazırlanıb. Son vaxtlar da isə daha möhkəm və davamlı sayılan kapron sapdan istifadə olunur. Əsas pərdələrin hərəsinin öz adı var: baş pərdə, şah pərdə, divani pərdə, beçə pərdələr və s.

Sazın simlərini səsləndirmək üçün təzənədən istifadə olunur. 

Təzənə - sazın simlərinin səsləndirilməsi üçün istifadə olunur. Əvvəllər albalı və gilas ağaclarının, əsasən də meşədə bitən yabanı gilas ağacının qabığından düzəldilirdi. Son vaxtlarda sintetik materialdan düzəldişmiş təzənədən daha çox istifadə olunur.

Sazın əsasən qol hissəsini və qismən də çanağın kənarlarını sədəflə bəzəyirlər ki, bu da sazbənddən ayrıca ustalıq tələb edir. 

Çox hallarda alətin qolu və çanağın yan tərəfləri təbii sədəflə bəzədilir.

Son zamanlar isə saza səsgücləndirici də əlavə edirlər.

lll

Bu gün aşıq sənətinə yeniyetmələr və gənclər arasında meyl və maraq gündən-günə artmaqdadır. Bakıda və bölgələrdə fəaliyyət göstərən uşaq musiqi məktəblərinin əksəriyyətində saz sinifləri fəaliyyət göstərir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində "Aşıq sənəti" kafedrası var, gənclər bu ali təhsil ocağında aşıq sənəti üzrə bakalavr və magistr pillələrində təhsil alırlar. Yəni gənclərin aşıq sənətinin  sirlərinə elmi əsaslarla yiyələnmələri üçün geniş imkanlar var. Ancaq təəssüf ki, sazbəndliklə bağlı bunu demək mümkün deyil. Bu sənət nəsildən-nəsilə yalnız fərdi qaydada, əsasən atadan oğula ötürülməklə bu günümüzə gəlib çatıb. Bu səbəbdəndir ki, yuxarıda da qeyd etdiyimiz kimi, bu gün usta sazbəndləri barmaqla saymaq olar. Onların heç birinin normal emalatxanası yoxdur, bu sazbəndlərin hamısı özlərinə birtəhər iş şəraiti  yardıblar. Halbuki rəssamlara olduğu kimi, sazbəndlərə də emalatxana üçün yer ayırmaq olar. Onların sayı elə də çox deyil və şərait yaradılması da çətin olmaz. Bu, həm də sənətin qorunub saxlanılması üçün vacibdir.

Sazbəndliklə bağlı bu gün vacib olan bir məsələ də usta sazbəndlərin potensialından istifadə etməklə, heç olmasa bir peşə liseyində bu sənətin tədris olunması, gənclərə öyrədilməsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:19
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramazan ayının başlanması ilə bağlı fətva verilib – bilməli olduğunuz məqamlar

27 Fevral 2025 13:45see260

Fənərbaxça bütün matçlarda əcnəbi hakimlər tələb edib

27 Fevral 2025 01:05see226

Filippində YANĞIN 8 ölü

27 Fevral 2025 16:40see193

Qızları ən gözəl, oğlanları isə yaraşıqlı olan yeganə BÜRC

28 Fevral 2025 01:00see183

Qazaxda 15 yaşlı qızı ZORLA QAÇIRDILAR ÖZƏL

27 Fevral 2025 21:51see162

Rusiya ABŞ a təklif: İşğal qənimətlərinə şərik edir

27 Fevral 2025 01:52see135

Rusiyada Putinin qərarlarına kim daha çox təsir edə bilir? Budanov

27 Fevral 2025 16:37see128

ADU da Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirildi

27 Fevral 2025 02:16see127

Kloze Mahir Emreli barədə: Ona dedim ki, hamı kimi özünü sübut edə bilər

27 Fevral 2025 12:17see125

Naxçıvan və Xaçmaza yeni qazılar təyin edilib

27 Fevral 2025 16:28see123

Bağırsaq xərçənginin insanın üzündə görünən əlaməti

27 Fevral 2025 16:13see121

Media Trampın Zelenskinin Vaşinqton səfərini ləğv etdiyini iddia edir

27 Fevral 2025 20:12see121

Bu şəxslərə səyahət qadağası QOYULDU

27 Fevral 2025 16:58see120

Misirlə Körfəz ərəb ölkələri elektrik şəbəkələrini birləşdirirlər

27 Fevral 2025 19:55see120

Rusiya ABŞ görüşü başa çatdı: Danışıqlar 6 saatdan çox davam edib

27 Fevral 2025 18:22see115

Lukaşenkodan Ukrayna açıqlaması: “Rusiya heç vaxt buna razı olmayacaq”

27 Fevral 2025 20:16see115

Rusiya Ukrayna hərbi aerodromlarının infrastrukturuna zərbələr endirdi

27 Fevral 2025 16:47see114

Deputat: Qərbi Azərbaycan həqiqətlərini əks etdirən materiallar dərsliklərə daxil edilməlidir

27 Fevral 2025 17:20see113

“TikTok”un yeni trendi Dubay Şokoladını unutdurur: Mələk saçı şokoladları

27 Fevral 2025 08:32see112

İspaniya Kuboku: Real Madrid səfərdən qələbə ilə qayıdır

27 Fevral 2025 02:33see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri