Icma.az
close
up
RU
Sebastiyan Burduja: Avropanın enerji xəritəsini Cənub Qaz Dəhlizi olmadan təsəvvür belə etmək çətindir MÜSAHİBƏ

Sebastiyan Burduja: Avropanın enerji xəritəsini Cənub Qaz Dəhlizi olmadan təsəvvür belə etmək çətindir MÜSAHİBƏ

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AZƏRTAC-ın Rumıniyanın energetika naziri Sebastiyan İoan Burduja ilə müsahibəsini təqdim edirik.

- Cənab nazir, Azərbaycan və Rumıniya arasında enerji əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Bu əməkdaşlığı heç bir mübaliğəsiz ideal adlandırmaq olar. Ölkələrimiz arasında formalaşmış münasibətləri yüksək qiymətləndirirəm. Burada, Azərbaycanda mənim çoxsaylı doğma qardaşlarım var — bu, sadəcə söz deyil. Biz özümüzü tərəfdaş kimi deyil, bir böyük ailənin üzvü kimi hiss edirik. Bizim möhtəşəm bir səfirimiz var, hətta deyə bilərəm ki, o, dünyanın ən yaxşı səfiridir və ikitərəfli münasibətlərimizin möhkəmlənməsində əsas rol oynayır. Bakıya hər səfərim təkcə işgüzar xarakter daşımır, eyni zamanda mənim üçün böyük bir məmnuniyyət və həqiqi bir şərəfdir. Münasibətlərimizdə hökm sürən etimad və dostluq atmosferi, xüsusilə enerji kimi strateji sahədə əməkdaşlığın daha da dərinləşməsi üçün möhkəm əsas yaradır. Xüsusilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniya bazarındakı fəal iştirakını vurğulamaq istərdim. Biz onun enerji əməkdaşlığının inkişafına verdiyi töhfəni yüksək qiymətləndiririk. Bu il Rumıniyanın enerji sahəsindəki tənzimləyici qurumu “SOCAR Trading” şirkətinə Rumıniya ərazisində təbii qaz ticarəti əməliyyatlarını həyata keçirmək üçün lisenziya verə bilər.

- Avropa İttifaqının (Aİ) enerji mənbələrinin şaxələndirilməsində Cənub Qaz Dəhlizi hansı rolu oynayır?

- Bu, tam mənada açar rolunu oynayan bir elementdir. Avropanın enerji xəritəsini Cənub Qaz Dəhlizi olmadan təsəvvür belə etmək çətindir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həyati əhəmiyyət daşıyır. Xüsusilə Avropa İttifaqının Rusiya qazından asılılığı azaltmaq istiqamətindəki strateji prioriteti baxımından bu marşrut effektiv və etibarlı alternativ kimi çıxış edir. Enerji dəhlizinin Cənub-Şərqi Avropa və Balkanlara doğru genişləndirilməsi bütövlükdə region üçün etibarlı, sabit və iqtisadi cəhətdən səmərəli enerji təchizatının təmin olunması istiqamətində əsas addımdır. Biz Azərbaycanı təkcə tərəfdaş kimi deyil, əsl qardaş kimi görürük. Şəxsən mən aramızdakı etimad və əməkdaşlıq səviyyəsinə görə dərin minnətdarlığımı bildirirəm. Bu tərəfdaşlıq təkcə enerji sahəsini əhatə etmir - o, qarşılıqlı hörmətə, strateji baxışa və regionun sabitliyi və inkişafı üçün ortaq məsuliyyətə əsaslanır.

- Sizcə, Avropaya Azərbaycan qazının tədarükünün artırılması üçün hansı konkret addımlar atılır?

- Hazırda biz qaz hasilatının artırılması istiqamətində ciddi investisiyaların şahidi oluruq. Bu, həm yeni yataqların işlənməsi, həm də artıq təsdiqlənmiş böyük ehtiyatların istifadəsi ilə bağlıdır. Bütün bunlar uzunmüddətli ixracın artırılması üçün etibarlı resurs bazası yaradır. Növbəti əsas addım Azərbaycanın qazını Türkiyə üzərindən Avropaya nəql etmək üçün zəruri infrastrukturun təmin olunmasıdır. Söhbət Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya kimi ölkələrlə birləşmədən gedir və daha sonra mərkəzi Avropaya doğru istiqamətlənir. Burada çox şey bizim özümüzdən, region ölkələrinin müvafiq infrastruktur layihələrini vaxtında reallaşdırmaq bacarığından asılıdır. Baxmayaraq ki, hazırda Bolqarıstan tərəfində müəyyən texniki məhdudiyyətlər mövcuddur, mən əminəm ki, bu məsələnin öhdəsindən gələcəklər.

“Şaquli Dəhliz” adlandırılan layihənin inkişafı isə əsl irəliləyiş olacaq. Bu dəhlizin layihə gücü ildə təxminən 15 milyard kubmetr qaz təşkil edir. Bu o deməkdir ki, Azərbaycan qazı Türkiyə, Bolqarıstan, Rumıniya və ehtimal ki, Ukrayna üzərindən keçərək Avropanın mərkəzinə daxil ola biləcək. Məhz bu istiqamətdə irəliləmək lazımdır. Bu, Avropa qitəsinin enerji təhlükəsizliyi və dayanıqlığının təmin olunması üçün strateji yoldur.

- Avropa İttifaqı ilə Azərbaycan arasında bərpaolunan hidrogen ticarətinin inkişaf potensialını necə qiymətləndirirsiniz? Bu axı “Yaşıl Dəhliz” layihəsinin bir hissəsidir, elə deyilmi?

- Bəli, siz tamamilə haqlısınız. Yaşıl hidrogen ticarətinin inkişafı “Yaşıl Dəhliz” təşəbbüsünün mühüm hissəsidir. Hal-hazırda bu layihə üzrə texniki-iqtisadi əsaslandırmanı həyata keçirən “Chessie” şirkəti hidrogenin bu enerji zəncirinə inteqrasiyasının kommersiya baxımından nə dərəcədə məqsədəuyğun olduğunu qiymətləndirir. Açıq desəm, mənim fikrimcə, hidrogenin istehsalı və nəqli üzrə texnologiyalar hələ nisbətən ilkin inkişaf mərhələsindədir. Bu texnologiyaların həqiqətən genişmiqyaslı və iqtisadi cəhətdən əlçatan olması üçün əlavə vaxt və investisiyalar tələb olunur. Xüsusilə, yaşıl hidrogenin istehsal maya dəyəri hələ də kifayət qədər yüksəkdir. Bununla belə, hidrogen qlobal enerji keçidinin ayrılmaz hissəsi kimi qiymətləndirilir. Ona görə də biz artıq bu gündən tədqiqatlara sərmayə qoymalı, pilot layihələr yaratmalı və bu həllərin potensialını dəyərləndirməliyik. Bu istiqaməti inkişaf etdirmək lazımdır, çünki perspektivdə bu, iqtisadiyyatın dekarbonizasiyası və Avropa İttifaqı ilə Azərbaycan arasında dayanıqlı enerji tərəfdaşlığının qurulmasında açar rol oynaya bilər.

- Hazırda regionda yaşıl enerji sahəsində layihənin icra vəziyyəti necədir və sizin fikrinizcə, bu təşəbbüsə hansı ölkələr qoşula bilər?

- Biz görürük ki, bu günə qədər artıq kifayət qədər güclü və həmrəy bir komanda formalaşıb. Bu komandaya Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan daxildir. Bu ölkələr layihədə artıq aktiv şəkildə iştirak edirlər.

Bundan əlavə, Bolqarıstan da təşəbbüsə qoşulmaqda maraqlı olduğunu bildirib. Əlbəttə, biz onu bu layihədə görməkdən məmnun olarıq. Əməkdaşlıq üçün qapılar açıqdır və Bolqarıstanın iştirakı regionun enerji arxitekturasını daha da gücləndirə bilər. Hazırda biz layihənin texniki-iqtisadi əsaslandırmasının yekun mərhələsindəyik. Gözlənilir ki, yekun nəticələr - ən gec halda, cari ilin sonuna qədər hazır olacaq. Bu, layihənin praktiki icra mərhələsinə keçidi təmin edəcək vacib bir addım olacaq. Xüsusi olaraq vurğulamaq lazımdır ki, layihənin Avropa İttifaqının Onillik Enerji İnfrastrukturunun İnkişaf Planına (TYNDP) daxil edilməsi ona əlavə əhəmiyyət qazandıra bilər. Bu, layihəyə Avropa İttifaqı tərəfindən maliyyə dəstəyi cəlb etmək imkanlarını xeyli artıracaq. Biz başa düşürük ki, söhbət genişmiqyaslı və ambisiyalı bir təşəbbüsdən gedir və bu, Cənub Qaz Dəhlizində olduğu kimi ciddi maliyyə dəstəyi tələb edəcək. Bizim tərəfimizdən layihə tam siyasi və institusional dəstəyə malikdir. Biz əminik ki, bu təşəbbüs təkcə enerji təhlükəsizliyi üçün deyil, həm də Avropanın ekoloji gələcəyi üçün strateji əhəmiyyət daşıyır.

- Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində gələcək əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz?

- Əməkdaşlığımızın perspektivləri olduqca pozitiv və ümidvericidir. Qısa və orta müddətli dövrdə əsas istiqamət, şübhəsiz ki, təbii qaz olacaq. Təbii qaz enerji keçidi çərçivəsində keçid yanacağı kimi qiymətləndirilir və Azərbaycan bu sahədə mühüm ehtiyatlara malikdir. Eyni zamanda Avropa sabit və etibarlı təchizata hələ də kəskin şəkildə ehtiyac duyur. Bu kontekstdə əməkdaşlıq üçün böyük potensialın olduğu açıq şəkildə görünür. Eyni dərəcədə önəmli istiqamətlərdən biri yaşıl enerji sahəsinin inkişafıdır. “Yaşıl Enerji Dəhlizi” layihəsinin reallaşdırılması növbəti böyük addım olmalıdır. Bu, regionu davamlı enerji üzrə əsas mərkəzə çevirə biləcək iddialı təşəbbüsdür.

Bundan əlavə, biz yeni əməkdaşlıq formalarını araşdırmağa – istər dənizdə (offshore) külək enerjisi, istər akkumulyator texnologiyalarının inkişafı, hətta gələcəkdə – sülh məqsədli nüvə enerjisi sahəsində əməkdaşlığa açığıq. Texnoloji tərəqqi və birgə inkişaf iradəsi bizi haralara apara bilər – bunu öncədən demək çətindir. Əsas odur ki, biz artıq bütün bunları qurmaq üçün möhkəm bir təmələ sahibik. Qarşılıqlı etimad, strateji baxış və ümumi maraqlar Avropa İttifaqı ilə Azərbaycanı uzun illər üçün təbii və etibarlı tərəfdaşlara çevirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see249

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see238

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see200

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see199

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see195

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see187

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see177

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see168

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see161

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see141

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see134

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see134

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see134

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see133

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see130

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see125

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri