Seçki məğlubiyyətindən sonra Trampın qarşısında İran dilemması
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
ABŞ-da keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının ağır məğlubiyyəti Prezident Donald Tramp administrasiyasını yeni siyasi sınaq qarşısında qoyub. Konqresdə Demokratların üstünlüyü ələ keçirməsi Vaşinqtonun daxili siyasətində olduğu kimi, Yaxın Şərqdəki hərbi-siyasi strategiyasında da dəyişiklik ehtimalını gündəmə gətirib. Seçkilərin nəticələrindən sonra əsas müzakirə mövzularından biri isə Trampın İranla davam edən müharibə ilə bağlı hansı qərarı verəcəyidir.
Associated Press agentliyinin yaydığı məlumata görə, ABŞ prezidentini qarşıda çətin seçim gözləyir. Səkkiz aydır davam edən İran müharibəsi təkcə regionda hərbi gərginliyi artırmayıb, həm də ABŞ-da iqtisadi narazılıqların güclənməsinə səbəb olub. Enerji daşıyıcılarının qiymətinin yüksəlməsi, yanacaq xərclərinin artması və bunun ailələrin gündəlik büdcəsinə təsiri seçicilərin münasibətinə ciddi şəkildə təsir göstərib.
Donald Tramp seçkilərdən sonra verdiyi açıqlamada İranla müharibənin Respublikaçıların məğlubiyyətində rol oynadığını qismən etiraf edib. O, münaqişənin yanacağın qiymətinə təsir göstərdiyini bildirsə də, hərbi əməliyyatlara başlamaq qərarından peşman olmadığını vurğulayıb. Prezident hətta eyni vəziyyət təkrar yaransaydı, yenə də bu addımı atacağını bildirib.
Seçkilərin nəticələrinə münasibət bildirən vitse-prezident Cey Di Vens isə Respublikaçıların məğlubiyyətinin əsas səbəbi kimi İran müharibəsini göstərib. Onun bu mövqeyi Ağ Ev rəhbərliyi daxilində münaqişənin siyasi nəticələri ilə bağlı fikir ayrılıqlarının mövcudluğunu da üzə çıxarıb.
AP-nin məlumatında qeyd olunur ki, Tramp administrasiyasının qarşısında bir neçə mümkün ssenari var. Vaşinqton mövcud hərbi mövqelərini qoruyaraq İranla bağlı təzyiq siyasətini davam etdirə, ölkənin nüvə proqramı ilə əlaqələndirilən yeraltı obyektlərə zərbələr endirə və ya daha genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər. Sonuncu variantın enerji bazarlarında yeni dalğalanmalara və regional gərginliyin daha da dərinləşməsinə səbəb ola biləcəyi bildirilir.
Münaqişənin coğrafiyası da mürəkkəbləşməkdədir. Hörmüz boğazında beynəlxalq tanker daşımalarının ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə bərpa olunmasına baxmayaraq, qarşıdurmanın Qırmızı dənizə yayılması təhlükəsi qalmaqdadır. İranla əlaqəli husilərin hücumları Yəməndə humanitar vəziyyəti ağırlaşdırır, Səudiyyə Ərəbistanının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.
AP-nin 100 mindən çox seçicinin iştirak etdiyi sorğusuna əsasən, respondentlərin təxminən 60 faizi ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlamasını yanlış qərar hesab edib. Bununla belə, sorğu göstərir ki, müharibə seçicilərin səsvermə qərarına təsir edən yeganə və ya əsas amil olmayıb. Yaşayış xərcləri və hökumətdə korrupsiya ilə bağlı narahatlıqlar daha geniş seçici kütləsi üçün ön planda dayanıb.
Seçkilərdən sonra neft bazarında da müəyyən dəyişiklik müşahidə olunub. Brent markalı neftin bir barelinin qiyməti 95 dollardan aşağı düşərək son iki ayın ən aşağı səviyyəsinə enib. Bu göstərici bazar iştirakçılarının yaxın perspektivdə genişmiqyaslı yeni zərbələrin baş verəcəyini gözləmədiklərinə dair siqnal kimi qiymətləndirilir.
Maraqlı məqamlardan biri də İsrailin Baş naziri Benyamin Netanyahunun Trampı İrana qarşı yeni zərbələr endirməyə təşviq etməsidir. Bununla yanaşı, region ölkələrinin rəsmiləri ABŞ administrasiyasının növbəti addımlarını ehtiyatla izləyirlər. Bəzi diplomatik mənbələr seçkilərin nəticələrinin münaqişənin həlli istiqamətində danışıqlar üçün yeni imkanlar yarada biləcəyini də istisna etmirlər.
Nurəngiz Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 05 Noyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















