Icma.az
close
up
RU
Səfir: Hava əlaqəsi barədə Azərbaycanın razılaşma sənədini tez zamanda Braziliyaya göndərəcəyəm MÜSAHİBƏ VİDEO

Səfir: Hava əlaqəsi barədə Azərbaycanın razılaşma sənədini tez zamanda Braziliyaya göndərəcəyəm MÜSAHİBƏ VİDEO

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Monteneqronun APA-ya müsahibəsi

Siyasi məsləhətləşmələr artıq illərdir təqvimimizin bir hissəsinə çevrilib

- Cənab səfir, bu yaxınlarda Azərbaycandan nazir müavinlərinin Braziliyaya səfəri zamanı iki ölkə arasında iqtisadi, enerji, təhsil və digər sahələrdə əməkdaşlıq mövzuları geniş müzakirə olundu. Bu səfərin perspektivləri haqqında nə deyə bilərsiniz?

- Azərbaycan xarici işlər nazirinin müavini cənab Elnur Məmmədov Braziliyaya iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti raunduna qatılmaq üçün səfər etmişdi. Bu, siyasi məsləhətləşmələrin beşinci raundu idi. Eyni zamanda, iqtisadiyyat nazirinin birinci müavini cənab Elnur Əliyevin rəhbərliyi ilə təxminən 10 nəfərlik nümayəndə heyəti Braziliyaya səfər etdi və ticarət, investisiya sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupunun görüşü keçirildi.

Bu təmaslar çox önəmli idi. Siyasi məsləhətləşmələr artıq illərdir təqvimimizin bir hissəsinə çevrilib. Yüksək səviyyədə, xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə siyasi məsləhətləşmələr üzrə mütəmadi görüşlər keçirilir.

Ümumilikdə, Azərbaycan nümayəndə heyətinin Braziliyaya səfəri çox məhsuldar keçib, nəticələr çox ümidvericidir. Çünki artıq təhsil, enerji, kənd təsərrüfatı, turizm və kosmos sahələrini əhatə edən bir yol xəritəsi mövcuddur. Mən çox şadam ki, növbəti bir neçə il ərzində bu yol xəritəsi uğurla həyata keçiriləcək.

Onu da qeyd etməliyəm ki, həm Elnur Məmmədovu, həm də Elnur Əliyevi Braziliyanın vitse-prezidenti cənab Jeraldu Alkmin qəbul edib. Xatırladım ki, cənab Jeraldu Alkmin Bakıda keçirilən COP29-a Braziliya nümayəndə heyətinin rəhbəri kimi qatılmışdı. 2024-cü ilin noyabr ayında Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakıdakı görüşdə Braziliyanın vitse-prezidentimiz ilə görüşmüşdü.

Təhsil sahəsində əməkdaşlıq digər sahələr üçün də qapılar açır

- Azərbaycan və Braziliya arasında təhsil sahəsində imzalanan əməkdaşlıq sazişinin hansı töhfələri olacaq?

- Bilirsiniz, əslində, təhsil mənim ən sevdiyim mövzulardan biridir. Digər bir mövzu isə kapoeyradır, Azərbaycanda bu idman növü çox yaxşı inkişaf edib. Amma təhsil sahəsində əməkdaşlıq uzunmüddətli layihədir, çünki təhsil etimad yaradır, icmaları birləşdirir.

Başqa ölkədə təhsil alan insanlar həmin ölkə, onun cəmiyyət haqqında öyrənirlər, həm də real həyat təcrübəsi qazanırlar. Yəni bu yalnız peşəkar hazırlıq deyil, həm də mədəniyyət, cəmiyyət və yaşam təcrübəsi ilə bağlıdır. Elə buna görə də bu, mənim ən sevdiyim mövzulardan biridir.

Təhsil sahəsində əməkdaşlıq uzunmüddətli icma hissi yaradır və digər sahələr üçün də qapılar açır.

Təhsildə inkişaf zamanı həm texnologiya mübadiləsi baş verir, həm texnologiyanın ötürülməsi olur, yeni elmi sahələr açılır, inkişaf etmiş təlim verilir və ideyalar mübadilə olunur. Bu, bacarıqların artırılması, sosial kapital və münasibətləri gücləndirən hər şey deməkdir. Yəni bu yalnız ticarət və ya mənfəət məsələsi deyil, təhsil çox güclü münasibətlərin əsasını təşkil edir.

Braziliya ilə Azərbaycanın texnoloji çağırışları eynidir

- Enerji, kənd təsərrüfatı, turizm və texnologiya sahələrində əməkdaşlıq imkanlarını necə qiymətləndirirsiniz?

- Əlbəttə ki, bütün sahələr texnologiya ilə bağlıdır. Texnologiya hər yerdədir. Davamlı turizm, kənd təsərrüfatı, enerji sahəsində də çalışmaq üçün texnologiya lazımdır. Kənd təsərrüfatına gəldikdə, Azərbaycanın maraq dairəsində xüsusi sahələr var və bunlar texnologiyanın ötürülməsini tələb edir. Məhsuldarlıq isə əsas göstəricidir.

Yüksək məhsuldarlığa nail olmaq lazımdır, eyni zamanda, məhsuldarlığın davamlı olması vacibdir. Bugünkü kənd təsərrüfatı sahəsinin davamlılığı üçün çoxlu texnologiya və elm tələb olunur.

Hesab edirəm ki, həm əkinçilik, həm də heyvandarlıq üzrə yaxşı təcrübə mübadiləsi apara bilərik.

Enerji məsələsinə gəldikdə isə, Braziliya və Azərbaycan fosil yanacaqların, neft və qazın istehsalçısıdır. Biz böyük və əhəmiyyətli istehsalçıyıq. Həm də OPEC+ üzvüyük. Buna görə maraqlarımız oxşardır. Texnoloji çağırışlarımız da eynidir.

Xəzər dənizi dünya üçün böyük enerji mənbəyidir. İstehsalımızınn böyük hissəsi dənizdən, dərin sulardan həyata keçirilir. Hər iki ölkə bu çağırışa cavab vermək üçün texnologiyalarını inkişaf etdirib.

Bundan sonra yaşıl enerji keçidinə necə nail olmaq da ortaq maraqımızdadır və çox vacibdir. Bizim prioritetlərimiz eynidir. Braziliya elektrik enerjisinin böyük hissəsini bərpaolunan mənbələrdən istehsal edir. Azərbaycan isə 2030-cu ilədək elektrik enerjisinin 40%-ni bərpaolunan mənbələrdən istehsal etməyi planlaşdırır.

Beləliklə, ortaq maraq sahələri çoxdur. Nəhayət, texnologiyanın özü, kosmik texnologiya da ortaq maraqlarımız sırasındadır.

Braziliyalı oyunçuların Azərbaycan futbolunun inkişafına verdiyi töhfələri görməkdən çox şadam

- Azərbaycan və Braziliya arasında idman əlaqələrinin gücləndirilməsi üçün hansı innovativ yanaşmalar mümkündür?

- Azərbaycan və Braziliya arasında olan ilk razılaşmalardan biri idman sahəsində idi. İki il əvvəl Braziliyanın idman naziri Bakıya səfər etdi və sizin gənclər və idman naziri ilə razılaşma imzaladı.

Bu razılaşma bir çox sahələri əhatə edir. Təbii ki, mən artıq qeyd etdiyim kapoeyra da burada önə çıxır. Bu Braziliya döyüş sənətidir və Azərbaycanda yaxşı inkişaf edib, hətta Azərbaycan Kapoeyra Federasiyası var. Mən çox şadam və qürurluyam ki, Braziliyanın idman növlərini azərbaycanlı gənclərin çoxu sevir.

Təbii ki, futbol haqqında danışmalıyam. Sizin “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında yaxşı nəticələr göstərir. Məncə, bunun səbəbi braziliyalı futbolçulardır. Əlbəttə, hər kəs yaxşı oynayır, amma braziliyalı futbolçular lazım olan anda lazımi qolları vurublar. Braziliyalı oyunçuların Azərbaycan futbolunun inkişafına verdiyi töhfələri görməkdən çox şadam.

Bir neçə il öncə Braziliya Futbol Konfederasiyasının ideyası olaraq mən təklif etmişdim ki, gənc azərbaycanlıları bizim futbol məktəblərinə qəbul edək. Bu ideya inkişaf etdirilə bilər.

Təbii ki, peşəkar futbol klublarının öz işə götürmə praktikaları var. Eyni zamanda, Braziliya futbolçuları Azərbaycanda oynamaqdan çox məmnundurlar. Futbolçularla danışmışam, onlar Azərbaycana uyğunlaşdıqlarını və burada çox xoş qarşılandıqlarını söyləyirlər.

Bəzən Braziliyaya çatmaq bir günümü alır

- Azərbaycan və Braziliya arasında birbaşa aviareyslərin açılması üçün hansısa planlar varmı və ya danışıqlar aparılırmı?

- Mən də arzulayıram ki, birbaşa aviareyslər olsun, çünki bəzən evimə çatmaq bir günümü alır. Əslində, biz artıq bu barədə danışıqlar aparırıq. İlk növbədə, hava xidmətləri haqqında razılaşma üzərində danışıqlar gedir. Qeyd edim ki, razılaşma barədə sənədi Azərbaycan tərəfdən aldım və onu çox tez bir zamanda Braziliyaya göndərəcəyəm. Ümid edirəm ki, danışıqları yekunlaşdıraraq razılaşmanı imzalaya biləcəyik. Bu, ilk addımdır.

Bundan sonra aviaşirkətlər bir araya gələrək birbaşa uçuşların kommersiya aspektlərini müzakirə edə biləcəklər. Təbii ki, bu artıq ayrı bir məsələdir. Amma digər aviaşirkətlər oxşar xidmətləri təklif edir və mənfəətlidirsə, niyə Bakıya birbaşa uçuş olmasın? Bakı regional bir mərkəz kimi çıxış edə bilər və digər istiqamətlərə davamlı uçuşlar həyata keçirilə bilər. Eyni zamanda, AZAL Braziliyaya və Braziliyadan digər Cənubi Amerika istiqamətlərinə uçuşlar təşkil edə bilər.

COP30 COP29-dan sonra Azərbaycanla çox yaxın əməkdaşlıq çərçivəsində baş tutacaq

- Braziliya COP30 vasitəsilə dünyaya hansı mesajı vermək istəyir? Bildiyimiz qədər tədbirin Belem şəhərində keçirilməsi heç də təsadüfi deyil.

- Biz COP30-a sədrlik edəcəyik. Əlbəttə ki, bu, Bakıdakı COP29-dan sonra Azərbaycanla çox yaxın əməkdaşlıq çərçivəsində baş tutacaq.

Braziliya və Azərbaycanın COP məsələləri üzrə birgə fəaliyyət göstərdiyi ən önəmli sahə 1,3 trilyon dollar hədəf üçün yol xəritəsidir. İqlim maliyyələşdirməsində bu töhfə əsasdır, amma Braziliyanın çatdırmaq istədiyi digər mesajlar da var. Konfransın Belem şəhərində keçirilməsi həm ətraf mühitin, həm də yerli icmaların biliklərinin əhəmiyyətini vurğulayır.

Mesajlarımızdan biri mürəkkəbliyi qəbul etməkdir. Bizə idarəetmə, yerli icmaların və onların biliklərinin töhfəsi lazımdır. Bəzən bu, elmi bilik deyil, bəzən icma təcrübələridir ki, onlar ətraf mühiti qorumaqda uğurlu olublar.

Amazon böyük ölçüdə insanların burada yaşaması sayəsində mövcuddur. Amazonun yerli xalqları burada əsrlərdir yaşayır və meşəni məhv etməyiblər. Bu, mesajlarımızdan biridir.

Digər mesaj isə ondan ibarətdir ki, COP29-da Paris Sazişinin altıncı fəsli - karbon bazarları, uzun müddət həll olunmamış məsələ Bakıda uğurla razılaşdırıldı. COP29-da töhfələri də üç dəfə artırdıq: 100 milyard dollardan 300 milyard dollara. İndi isə 1,6 trilyon dollara çatmalıyıq. Braziliya istəyir ki, danışıqlar əməli işlərə keçirilsin. Bunlar əsas mesajlarımızdan ikisidir.

Əlbəttə, formal danışıqlardan əlavə, çoxsaylı sahələri əhatə edən fəaliyyət planına da keçməliyik. Bunlardan biri də dayanıqlılıqdır, xüsusilə şəhər dayanıqlılığı. Bir neçə il ərzində dünyanın 70%-i şəhərlərdə yaşayacaq. Şəhərlərin istiləşmə zonaları və sənaye fəaliyyətləri iqlimə daha çox təsir edir. Buna görə şəhər dayanıqlılığı hər hansı fəaliyyət planı üçün çox önəmlidir.

Bunu qeyd edirəm, çünki bizim Şəhərlər Nazirliyi ilə sizin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında çox yaxın əməkdaşlıq var. Gələn il Bakı Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək və orada şəhərlərin davamlılığı barədə çox önəmli, maraqlı müzakirələr aparılacaq. Bu da çatdırmaq istədiyimiz digər mesajdır.

- Azərbaycan bərpaolunan enerji sahəsində böyük layihələr həyata keçirir. Braziliya bu sahədə hansı təcrübələrə malikdir?

- Suala görə təşəkkür edirəm. Bu, Braziliyanın güclü tərəflərindən biridir. Biz elektrik enerjisi istehsal edirik. Braziliya elektrik enerjisinin ən böyük altıncı istehsalçısıdır. Biz iqtisadiyyat baxımından onuncu böyük ölkə olsaq da, enerji bazarında altıncı yerdəyik və elektrik enerjisinin 90%-i bərpaolunan mənbələrdən əldə olunur.

Əslində, biz artıq hədəfimizdən irəlidəyik, çünki 2030-cu il üçün hədəfimiz 84% istehsal etmək idi, amma artıq 90%-i əldə etmişik. Son 10 il ərzində külək və günəş enerjisinin payı 2%-dən 24%-ə yüksəlib. Buna 56% hidroenerjini əlavə etsək, həqiqətən təmiz bir enerji mənzərəsi əldə edirik.

Bundan əlavə, biz bioyanacaqlarla da işləyirik. Biz şəkər qamışı etanolundan istifadə sahəsi üzrə pionerlərdənik. Benzinimiz etanol ilə qarışdırılır və ya etanolun qiymətindən asılı olaraq, insanlar sadəcə etanol da ala bilərlər. Çünki Braziliyada bütün mühərriklər hər iki yanacağı istifadə edə bilir. Təbii ki, elektriklə işləyən nəqliyyat vasitələrimiz də var.

Böyük və sürətlə böyüyən bir bazar var. Məncə, ən yaxşı təcrübələri Azərbaycana da ötürə bilərik. Azərbaycanla birgə müəssisələr qurmaq çox faydalı olar, çünki biz eyni hədəfləri güdürük və texnologiyamız var.

Biz bu imkanları sürətlə genişləndiririk. Buna görə də hesab edirəm ki, bu da əməkdaşlıq edə biləcəyimiz sahələrdən biridir, çünki Braziliya, xüsusilə külək və günəş texnologiyaları sahəsində böyük inkişaf əldə edib.

Aygün Carçıyeva

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see289

Namiq Qaraçuxurludan səmimi status FOTO

06 Oktyabr 2025 17:58see214

Adnanın həbsindən sonra onların da başı dərddə Böyük əməliyyat başlayır?

06 Oktyabr 2025 20:34see158

Azərbaycan bu toplantıdan ən çox faydalananlardan biri olacaq

07 Oktyabr 2025 10:36see155

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see154

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see148

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see147

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see145

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see135

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see134

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see133

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see133

Şəmkirdə 40 yaşlı qadın öldü Əri saxlanıldı

06 Oktyabr 2025 21:11see132

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see130

Azərbaycan şahmatçılarının 2025 ci il şahmat üzrə Dünya Kubokundakı rəqibləri bəlli olub

07 Oktyabr 2025 02:31see129

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see129

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see126

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

06 Oktyabr 2025 17:46see126

Mavi İşığ ın 600 min vergi borcu var

06 Oktyabr 2025 23:50see125

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

07 Oktyabr 2025 02:00see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri