Icma.az
close
up
RU
Şəhidlərin sorağı ilə Vaqif Yusifli yazır

Şəhidlərin sorağı ilə Vaqif Yusifli yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru

Sovet dövründə 22 aprel - Leninin doğum günü, 7 noyabr - Böyük Oktyabr Sosialist İnqilabının qələbəsi günü, 5 dekabr - SSRİ Konstitusiyası kimi hər il qeyd olunurdu və bu "bayramlar"  poeziyada da öz əksini tapırdı. Amma zaman dəyişdi, Azərbaycanda müstəqillik uğrunda mübarizə yeni bir dönəm aldı. Təbii ki, bu mübarizə qansız başa gəlmədi. 20 Yanvar müasir Azərbaycanın tarixində matəm günü kimi qeyd edildi. Azərbaycan poeziyasında 20 Yanvar - Şəhidlik mövzusu da həmin qanlı hadisənin elə ilk günləri meydana gəldi. Əlbəttə, bu elə bir mövzudur ki, 35 ildir hər şairin ürəyindəki sarı simi dilləndirir. 90-cı illərdə Bəxtiyar Vahabzadənin "Şəhidlər", Qabilin "Mərsiyə", Məmməd Aslanın "Ağla qərənfil, ağla" poetik çağırış-haraylarından sonra şəhidlik salnaməsinə yeni adlar, imzalar qoşuldu. Son 10 ildə bu salnamədə özünün çoxsaylı şeirləri və kitabları ilə Güləmail Murad da öz sözünü deməkdədir. Onun Azərbaycan şəhidlərinə həsr etdiyi iki kitabından söz açmaq istəyirəm.

Güləmail Muradın şəhidlərimizə həsr olunan kitablarından biri "Beş ulduz" adlanır. Bu kitabda müəllif antiterror əməliyyatları zamanı həyatını qurban vermiş beş şəhidin xatirəsini əbədiləşdirir. Şair, tərcüməçi, Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu kitaba yazdığı "Beş ulduz"lu qırxıncı qapı" ön sözündə qeyd edir ki: "Şair Güləmail Muradı haqqıyla, ürəklə çağdaş Azərbaycan "Vətəndaş şeiri"nin zərif öndərlərindən hesab eləmək olar. Xüsusən, son illərdə yazdığı əksər şeir və poemaları, publisist əsərləri məhz millətimizin uzaq və yaxın tarixindən bəhs edir, əsərləri xalqımızın saf düşüncə və arzuları, azadlıq duyğusu, ictimai problemlər, doğma yurda, elə-obaya sevgi ilə" dolub daşır".

Mən bu dolub daşan sevgini Güləmail xanımın beş şəhidimizə - beş qəhrəmana həsr etdiyi oçerklərdə izlədim. Tahir Əliyev, Eşqin Omarov, Seyfəddin Muradov. Elşad Həsənov, Orxan Novruzəlizadə - onlar Ağstafa rayonunun müxtəlif kəndlərində dünyaya göz açmışlar.

Şəhidlik zirvəsinə yüksələndə Eşqin Omarovun 19, Tahir Əliyevin 20, Orxan Novruzəlizadənin 25, Seyfəddin Muradovun və Elşad Həsənovun 29 yaşı vardı - gəncliyin  başlanğıcı və gənclik illəri... Yaşanılmayan illərin ağrısını isə onların doğmaları çəkir, bir də Güləmail xanım "Beş ulduz" poertretlər kitabında o şəhidlərin  ruhunu kövrək, adamın ürəyinə işləyən şeirləri isə şəhidlərimizə elegiya kimi səslənir. Amma hər bir şeirin yazılmasına müəyyən bir hadisənin səbəb olduğu da diqqətdən yayınmır. Məsələn, şəhid Tahir Əliyevdən söz açanda onun öz anasına olan məhəbbəti "Ana laylası" şeirində ifadə olunursa, Elşad Həsənovun anası Məlahət xanımın söylədiyi bayatılar nalədi, ahdı:

Qızıldanmı dan yeri?

Göyün qızaran yeri?

Ürəyimdə güllə var,

Köynəyimdə qan yeri.

Ümumiyyətlə, Güləmail Muradın  "Beş ulduz" kitabında anaların obrazları, onların qəmli ürəyindən axan kədər selləri bir silsilə təşkil edir.

Dağılır ölkələr, yurdlar, vətənlər

Saralır bağçalar, güllər, çəmənlər.

Neçin məhəl qoymur gəlib-gedənlər?

Bir ana ağlayır məzar başında.

Bu ah şəhidi də oda yaxacaq,

Qulaq ver, məzardan nalə çıxacaq.

İndicə içindən lalə çıxacaq,

Bir ana ağlayır məzar başında.

"Akula ləqəbli kəşfiyyatçı" kitabı isə 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşlərində öz hünər və şücaəti ilə hər iki döyüşdə bir kəşfiyyatçı kimi fərqlənən mayor Anar Novruzova həsr olunub. Məsələ burasındadır ki, o, mənim həmkəndlimdir, amma etiraf edim ki, onun ata-anasını, bacı və qardaşlarını az-çox tanıdığım halda, özünü görməmişəm. Amma Güləmail Muradın bu kitabında mən Anar Novruzovu - bu igid həmyerlimi tanıdım, sevdim, onunla qürur hissi keçirdim.

Bəxtiyar Vahabzadənin "Şəhidlər" poemasında şəhidlik qəhrəmanlıq kimi təqdir olunur. Hər bir şəhid həm də qəhrəmandır. Əslində, bu fikir dahi Füzulinin "Hədiqətüs-süəda" əsərində belə ifadə olunub:

İcz ilə dönmək ədudən səhldir, himmət tutub,

Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!

Güləmail Murad da Anar Novruzovu şəhid qəhrəman kimi təqdim edir. Anar Novruzov haqqında yazılan bu kitab bir də ona görə əhəmiyyətlidir ki, qəhrəmanının doğulduğu kəndi, onun keçmişini və indisini, ailəsinin hər bir üzvünü, onun döyüş yoldaşlarının xatirələrini də qələmə alır. Bu məqamda polkovnik-leytenant Güloğlan Bağırovun yazısından bir misal gətirmək istəyirəm: "Tovuz döyüşlərində əməliyyata general Polad Həşimov rəhbərlik edirdi. Anar və əsgərləri Qazaxda yerləşən hərbi hissədən Tovuz rayonuna təcili ezam olunaraq, bu əməliyyatda iştirak etməli idilər. Anar öz əsgərləri ilə təyin olunmuş bölgəyə gəlib, düşmən təxribatının qarşısını qəhrəmancasına ala bildi. Bununla da düşmən geri oturdularaq layiqli cavabını aldı. Azərbaycan-Ermənistan sərhədi bərpa olundu. Bu döyüş Anar və yoldaşları - general Polad Həşimov və polkovnik İlqar Mirzəyev üçün son döyüş oldu. Anar, Polad və İlqarla birgə əbədi olaraq bu dünyaya göz yumdular. Bu döyüş bizim 44 günlük qələbəmiz üçün zəmin yaratdı".

Güləmail Murad Anarı təkcə igid döyüşçü kimi deyil, həm də bütün gözəl insani keyfiyyətlərini öz mənəvi aləmində əks etdirən bir insan kimi təsvir edir. Qardaşları Sucəddinin, Hidayətin, bacıları Tünzalənin, Gülcahanın, Sabahətin, Sevanənin, həyat yoldaşı Nazilənin, ilk müəllimi Solmaz Bağırovanın Anarla bağlı xatirələri çox kövrək notlar, həm də qürur hissilə müşayiət olunur.

Güləmail Muradın bir şair kimi öz obrazını da bu kitabda görə bilirik. Belə ki, onun Anarın doğmaları ilə hər bir müsahibəsinin sonu şeirlə bitir. Məsələn, qardaşı Sucəddinin ürək döyüntülərini belə ifadə edir:

Tale verməyibdir aman, getmisən,

Sən gedəli donub zaman, getmisən.

Bircə təsəllim var, qurban getmisən

Vətənin torpağı, düzünə qardaş!

Belə şeirlərin sayı çoxdur və bu kitab həm də poetik tablonu xatırladır.

Güləmail Muradın hər iki kitabında toplanan şeirlər onun yaradıcılığında uğurlu poetik nümunələr kimi diqqəti cəlb edir. Dəxli yoxdur, bu şeirlərin əksəriyyəti kədərlidir, amma bu kədər hissləri həm də poeziyanın QƏMİdir və QƏMin poeziyasıdır. Amma bunu da qeyd edim ki,  Gülamail xanımın hər iki kitabında Qələbənin, İnamın poeziyası da öz əksini tapır və mən bu qeydlərimi Güləmailin "Azərbaycan ordusu" şeirindəki bu iki bəndlə bitirirəm:

Sən xalqımın aldığı nəfəsdən yaranmısan,

Azadlığa sevgidən, həvəsdən yaranmısan, 

Oddan-alovdan keçən bir səsdən yaranmısan,

Dilimizin nidası, sözümüzün vurğusu,

Azərbaycan Ordusu, Azərbaycan Ordusu!

Yurdun hər qarışını sən qorudun qanınla,

Torpaqlara can verdin nəfəsinlə, canınla.

İftixar mənbəyimsən öz adınla, sanınla!

Sarsıda bilməz səni heç bir düşmən qurğusu,

Azərbaycan Ordusu, Azərbaycan Ordusu!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Aprel 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri