Icma.az
close
up
RU
“Şeir deyən uşağ”ın söylədikləri...

“Şeir deyən uşağ”ın söylədikləri...

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türk ədəbiyyatının böyük nümayəndəsi, unudulmaz Xalq şairimiz Bəxtiyar Vahabzadənin 1 əsrlik yubileyi münasibətilə təkcə ölkəmizdə deyil, bütün Turan dünyasında çoxsaylı tədbirlər keçirilir. Məlum olduğu kimi, Prezident İlham Əliyev şairin yubileyinin qeyd edilməsi haqqında 21 fevral 2025-ci il tarixli Sərəncam imzalayıb. TÜRKSOY-un qərarı ilə isə bu il “Bəxtiyar Vahabzadənin Anım İli” elan olunub. Bütün bunlar istiqlal şairinin xatirəsinə yüksək qiymət verildiyinin təzahürüdür.

Bir neçə il bundan əvvəl Naxçıvanda sərhəd hərəkatı ilə bağlı yazı hazırlayırdım. Hərəkat iştirakçıları mənə bir şəkil göstərdilər. Culfada – Araz çayının kənarında çəkilmiş həmin fotoşəkildə iştirakçılarla bərabər, azyaşlı bir uşağın da olması diqqətimi çəkdi. Sonradan həmin uşağı soraqlayıb tapdım və haqqında da yazdım. Bu, Ramil Sadiqov idi. Hazırda Naxçıvanda dövlət qurumlarının birində çalışır. Kiçik yaşlarından ədəbiyyata olan böyük sevgisi ilə seçilib.

– Qeyd etdiyiniz fotoşəkil 1989-cu ildə çəkilib, – deyə o bildirir. – O zaman mənim 13 yaşım vardı. Sərhəd hərəkatı ilə bağlı mitinqlərdə iştirak edir, şüarlar səsləndirirdik. Arazın bu tayında quraşdırılmış səsgücləndiricilər vasitəsilə o taydakı soydaşlarımıza da çatırdı. Məni isə bu hərəkata bağlayan əsl səbəb həmin tədbirlərdə gözəl şeir deməyim idi. Ən çox səsləndirdiyim isə Bəxtiyar Vahabzadənin məşhur “Gülüstan” poeması idi. Bu poema məzmuna görə bir xalqın iki yerə bölünməsindən bəhs edir, buna görə də poemanı bədii qiraətlə, intonasiya ilə deməyim hər kəsin diqqətini cəlb edirdi. Həm bu taydan, həm də o taydan poemanı diqqətlə dinləyənlərin alqış sədaları hər tərəfə yayılırdı.

– “Gülüstan” poeması həcminə görə elə də kiçik deyil, axı. Necə yadda saxlamışdınız?

– Düzdür, “Gülüstan” 50 bənddir. Mən onu sevə-sevə əzbərləmişdim və həmişə sonacan səsləndirirdim. Məmməd Arazdan, Xəlil Rzadan da şeirlər deyirdim. Orada olan hər kəs məni “şeir deyən uşaq” kimi tanıyardı. Deməli, proseslərin getdiyi zaman poemanın müəllifi Bəxtiyar Vahabzadəyə bir məktub yazmışdım. Qeyd etmişdim ki, sizin “Gülüstan” poemanızı hər kəs sevir. Araz çayının sahilində bu poemanı səsləndirəndə hər kəs alqışlayır. Bəxtiyar Vahabzadə də bir az sonra cavab yazmışdı, məktubun da içərisində Bakıdakı ev ünvanını və telefon nömrəsini qeyd edərək bildirmişdi ki, nə vaxt Bakıya yolun düşsə, bizə gələrsən, səninlə görüşüm.

– Getdiniz və...

– Elə oldu ki, 1990-cı ildə atamın işi ilə əlaqədar birgə Bakıya getməli olduq. Və Bakıda atam Bəxtiyar müəllimə zəng vurdu, dedi ki, gəlmişik. O da bizi evinə dəvət elədi. Getdik, bizi çox xoş, gülərüzlə qarşıladı. İlk söhbətimiz sərhəddəki vəziyyətlə bağlı oldu. Həmin dövrdə informasiyalar indiki kimi əlçatan deyildi. Yəni televiziyadan, mətbuatdan hər xəbəri ala bilmirdin. Bəxtiyar müəllim ilk olaraq, sərhədin necə açılmasını xəbər aldı. Atam başladı bu haqda məlumat verməyə, orada səsləndirilən şüarlardan, çadırların qurulmasından, hər iki tərəfdən qohum-əqrəbalarını axtaranlardan danışdı.

Atam danışdıqca Bəxtiyar Vahabzadə çox kövrəlmişdi. Sonra birdən qayıtdı ki, orada şeir deyən bu uşaq idi, hə? Cavab verdim ki, bəli, mən idim. Dedi ki, “Gülüstan”dan bir-iki kuplet de, qulaq asım sənə. Atam da dedi ki, Bəxtiyar müəllim o qədər uzaq yolu əziyyət çəkib Naxçıvandan gəlmişik, deyirsə, qoy elə hamısını desin. Bəxtiyar Vahabzadə gülümsədi və əli ilə işarə etdi ki, başla. Deməli, ayağa qalxdım, çünki alışmışdım, oturduğum yerdə şeir deyə bilmirdim. Başladım poemanı yüksək səslə, əl hərəkətləri ilə deməyə. Bir də gördüm şeir dediyim yerdə Bəxtiyar müəllimin ailə üzvləri hamısı gəlib qapının astanasından mənə qulaq asırlar. Gözüm sataşdı ki, mən poemanı səsləndirdikcə Bəxtiyar Vahabzadənin gözləri dolur... Nə isə bunu dedim qurtardım. Bəxtiyar müəllim ayağa qalxdı, yaxınlaşıb üzümdən öpdü və əlini uzadıb rəfdən bir kitab götürdü – “Gəlin açıq danışaq” kitabı idi, o illərdə yeni çapdan çıxmışdı. Titul səhifəsini açıb belə bir cümlə yazdı: “Əziz Ramil Sadıqov üçün. Millətimizə layiq kişi olasan”. Aşağı hissədə də tarixini qeyd edərək avtoqrafı imzaladı.

Atam da ayağa qalxdı və dedi ki, Bəxtiyar müəllim, biz də sizə bir hədiyyə gətirmişik. Sonra götürdüyümüz çantanın içərisində taxtadan düzəldilmiş bir qutu çıxartdı. Qutunun da içərisində sərhəddən kəsib götürdüyümüz iki ədəd, təxminən, 15-20 santimetr uzunluğunda tikanlı məftili Bəxtiyar müəllimə uzatdı. Bəxtiyar müəllim bunu görəndə yenidən kövrəldi... Vallah, həmin anı təsvir edəcək sözləri tapmaqda çətinlik çəkirəm. Qayıtdı ki, mən həyatım boyu heç vaxt belə dəyərli hədiyyə almamışam... Nə isə sonra bir az da söhbətləşdik və sağollaşaraq ayrıldıq. Sonradan öyrəndim ki, böyük şairimiz mənim ona göndərdiyim məktubu və Araz sahilində şeir dediyim zaman çəkilən fotoşəklimi Ədəbiyyat Muzeyinə hədiyyə edib.

– Bir fotoşəkildə isə sizi Ulu öndər Heydər Əliyevlə yanaşı şeir deyərkən görürük.

– Mənim ümummilli liderimiz Heydər Əliyevlə ilk görüşüm rəhmətlik Xəlil Rza və Mikayıl Mirzə Naxçıvana gələndə olub. Həmin vaxt həm Şəhidlər xiyabanında şeir demişəm, həm də Naxçıvan Dövlət Dram Teatrının binasında bir görüş keçirilirdi, tam xatırlamıram nə ilə bağlı idi. Həm də o görüşdə şeir deməli olmuşdum. Sonda Ulu öndər adəti üzrə səhnə arxasına keçib hər kəslə görüşdü, məni çıxışıma görə təriflədi, sonra yanına çağıraraq əllərini arxadan çiynimə qoyaraq, başladı kollektivlə söhbət etməyə. Həmin kadrlar Naxçıvan Televiziyasının arxivində qalır. Yəni artıq Ulu öndər də məni şeir deyən uşaq kimi tanıyırdı.

Həmin görüşdə Mikayıl Mirzə də haqqımda xoş sözlər dedi, mənə uğurlar arzuladı. Yaxşı yadımdadır ki, həmin dövrdə Naxçıvanda keçirilən bir çox tədbirlərə məni dəvət edirdilər ki, şeirlər səsləndirim.

– Bəs nəyə görə sonra bu yolu davam etdirmədiniz?

– Sonradan mən fəaliyyətimi fərqli sahədə davam etdirdim. Amma bütün bunlarla yanaşı, şeirə, poeziyaya həvəsim mənim uşaqlıq dövrümdə bu cür maraqlı xatirələrin yaranmasına səbəb olmuşdu. Fəxr edirəm ki, bu il şəxsən görüşüb tanış olduğum böyük şairimiz Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Azərbaycanın istiqlal şairini böyük hörmətlə yad edir və bildirmək istəyirəm ki, bu unudulmaz insanın yaradıcılığı həmin dövrdə milli təfəkkürümüzün formalaşmasında böyük rol oynamışdır. İnanıram ki, Bəxtiyar Vahabzadə yaradıcılığı bundan sonra da gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynayacaqdır.

Söhbəti hazırladı:
Səbuhi HƏSƏNOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Avqust 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see255

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see245

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see238

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see235

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see223

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see222

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see220

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see216

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see212

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see208

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see207

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see202

Yaxın Şərqdə köhnə status kvoya qayıtmaq mümkün deyil

05 Sentyabr 2026 00:56see196

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see189

Zamiq Əliyev oynadı, Eqnatiya ya ardıcıl üçüncü qələbəsini qazandı

05 Sentyabr 2026 02:21see184

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see183

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see181

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see180

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see176

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri