Icma.az
close
up
RU
Səmimiyyət və cəsarət

Səmimiyyət və cəsarət

525.az saytına istinadən Icma.az xəbər verir.

Yusif İLDIRIMZADƏ

Bizim malik olduğumuz ən qiymətli şey bizim həyatımızdır. Doğrudan da belədir. Həyatdan qiymətli nə ola bilər? Onu mənalı, məhsuldar, zəngin yaşamaq isə bizim hər birimizin borcudur. Bəzən biz fərqinə varmadan yaşayır, ötən günlərin hesabını çəkmir, qayğısına qalmır, onun hər dəqiqəsini özümüzün və cəmiyyətin inkişafı naminə sərf etmirik. Beləcə, havayı yaşayır, ömrün qiymətli anlarını yelə veririk. Lakin elə nadir insanlar da var ki, yaşadığı ömrün hər anını mənalı edə bilir, bir gününü belə, fota vermir, comərd və məhsuldar ömür sürür. Bunlar elə də çox deyil. Amma belə nadir insanlar bizimlə çiyin-çiyinə, göz-gözə, nəfəs-nəfəsə yaşayır. Onlar bizim vətəndaşlarımızdır, dostumuz, qohumumuz, həmkarlarımızdır. Biz, bəzən, fərqinə varmadan, adi həyat faktı kimi qəbul etdiyimiz bu halı görməzdən gəlirik, yaxud adi fakt kimi qəbul edirik. Lakin bu fenomenləri hiss etməli, möcüzələri qiymətləndirməli, belə nadir insanları qorumalıyıq. Çünki onlar cəmiyyətin əsas ağır yükünü öz çiyinlərində daşıyır, insanlıq naminə fədakarlıq nümayiş etdirirlər, özlərini şam kimi əridib başqalarının, hər kəsin ömür yolunu işıqlandırırlar. Belələri seçkin insanlardır, insanlıq naminə böyük insani dəyərləri yaşadan varlıqlardır. Özündən daha çox xalq üçün, vətən üçün zəhmət təri axıdan vətəndaşlardır. Belə insanlar haqqında düşünəndə gözüm önünə ilk gələnlərdən biri ictimai-siyasi həyatı, mənəviyyatı, əxlaqi ilə daim xalqın qulluğunda durmuş, öz titanik fəaliyyəti, qiymətli əməllərilə möcüzələr yaratmış və bu gün də yaradan Həsən Əziz oğlu Həsənov gəlir. Bu böyük şəxsiyyət Azərbaycan xalqına Allahın bir qənimət payıdır. Uzun ömrünün bir anını fəna yaşamamış, hər dəqiqəsini qiymətli, məhsuldar, faydalı əməyə çevirmiş Həsən müəllim öz zəhməti, əməyi, istedadı ilə seçkin bir mərtəbəyə yüksəlmiş, cəmiyyətin ruporuna çevrilən bir şəxsiyyət kimi Azərbaycanın yaxın tarixində öz imzasını, izini qoymuşdur.

Allah insanı faili-muxtar yaratmışdır. İnsandan başqa heç bir canlıya verilməyən bu azadlıq, sərbəst hüquq və fəaliyyət özəlliyi ilahi lütf kimi bəşəriyyətin gələcəyini təyin edən seçimdir. Təbii, insanın ilahi təyinatı da, qəzavü-qədər anlayışı da yox deyildir. Lakin həyatını qurmaq, ömrünü zənginləşdirmək, hissi-emosional, intellektual səviyyəsini artırmaq, bir sözlə, insanda insan oyatmaq missiyası hər kəsin öz ixtiyarına verilir. İnsanın daxilən zənginləşməsi, cəmiyyətin layiqli nümayəndəsinə çevrilməsi, yaşaması, yaratması, bəşəriyyət naminə çarpışmaları özünüyaratmadan, özünüformalaşdırmadan keçir. Kamil insanı insanın özü yetişdirir. Həsən Həsənovun ömür yolu buna bariz nümunədir. Bu zəngin, mənalı həyat insan nəsli içərisində nümunəvi faktorlardan biridir. O, ömrü boyu özünü yaratmaqla, öz səviyyəsini artırmaqla, şəxsiyyətini formalaşdırmaqla, ağlın, intellektin işığında öz gələcək həyatını qurmaqla məşğul olmuşdur.

...Bizim ilk şəxsi tanışlığımız o vaxt Kirovabad adlanan indiki Gəncə şəhərindən başlamışdır. Mən onda Kirovabad şəhər prokurorluğunda böyük müstəntiq vəzifəsində çalışırdım. Həsən müəllimin Kirovabad şəhər Partiya Komitəsinin birinci katibi kimi ilk gəlişindən şəhərdə böyük canlanma yaşanmağa başladı. Şəhərin durğunluğu və sükunəti pozuldu. Onun gəlişi Kirovabad şəhərinə əsl Gəncə ab-havası gətirmişdi. İxtisasca inşaatçı olan Həsən müəllimin ilk işi qədim binalarda, tikililərdə pozulmuş Gəncə izini, qədimliyi, keçmişi bərpa eləməkdən başladı. Binaların fasadında kobud boyalar altında gizlədilmiş, kölgələndirilmiş tarix, Azərbaycanın qədim mədəniyyətini yaşadan memarlıq ünsürləri, arxitektura detalları üzə çıxarılır və şəhərin simasına yenilik kimi (əslində qədimliyin bərpası kimi) əlavə edilirdi. Binaların üzə çıxarılmış qədim bişmiş qırmızı kərpicli hörgüləri, sanki dil açıb insanlarla söhbət edirdi, qədim tarixdən danışırdı.

Bu arxitektura bumuyla yanaşı, Həsən müəllim dövlət idarəçiliyində də yeniliklər etməyə başladı. Partiya-siyasi işə, ideoloji sahəyə açıqlıq, aşkarlıq və o dövr üçün hələ qəbul edilməyən, yaxud heç kəsə məlum olmayan demokratik prinsiplər gətirdi. İşçilərinə, partiya-sovet nomenkulaturasına fəaliyyət sərbəstliyi, təşəbbüskarlıq, ifadə və iradə azadlığı tanıyan birinci katib az müddətdə rəhbər partiya aparatı sırasında işlək və məhsuldar bir kollektiv formalaşdıra bildi. Mən özüm bu demokratik ab-havanın şahidi olmuşam. O vaxtlar prokurorluq orqanı işçilərinin partiya sıralarına qəbulu nadir hadisə idi. Odur ki, mənim partiyaya qəbul prosedurum büroda böyük həyəcanla gözlənilirdi. Həsən müəllimin büronun gedişində yaratdığı son dərəcə normal demokratik ab-hava bu həyəcandan əsər-əlamət qoymadı. Həsən müəllim, işgüzar, məhsuldar, çevik, hətta yeri gələndə, sərt idarəçilik üsulu tətbiq edirdi. Amma idarəçilikdə onun demokratik üslubu da hər an öz sözünü deyirdi.

Gəncədə işlədiyi az müddət ərzində illərin yaddaşına hopmuş işlərə imza atdı. Coşqun, sürəkli, yaradıcı fəaliyyəti məhdud zaman kəsiyində həm şəhərin simasında, həm də idarəçilik və ictimai-siyasi sferada öz sözünü dedi. Ondan sonrakı rəhbərlər qoyulmuş bu qayda-qanunları, bu ənənəni dəyişə bilmədilər. Əksinə, inersiya ilə bu qaydalar idarəçilikdə davam etdirildi. Həsən müəllimin idarəçilik üslubu Gəncənin qədim ənənələri ilə mayalanmış yeni baxış kimi öz simasını uzun müddət yaşatdı.

Həsən müəllim partiya orqanlarında işlədiyi müxtəlif ali vəzifələrdə həmişə təşəbbüskarlığı ilə seçilmiş, rəhbərlik etdiyi sahələrə yeniliklərlə imza atmışdır. Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi, Nazirlər Kabinetinin sədri, BMT-nin Azərbaycan üzrə nümayəndəsi, müstəqil Azərbaycanın xarici işlər naziri və s. vəzifələrdə işlədiyi dövrdə həmişə təşəbbüskar, yenilikçi, işgüzar keyfiyyətləri ilə yadda qalmışdır.

Tale belə gətirdi ki, biz Mərkəzi Komitədə də bir müddət eyni iş prosesini bölüşməli olduq. Həmin Həsən müəllim idi. Təşəbbüskar, işgüzar, qaynar, bir an belə, sakit dayanmayan dinamik insan. Mərkəzi Komitənin standart tələbləri çərçivəsində belə, o, öz orijinal fəaliyyətini davam etdirir, yeniliklərlə partiyanın donuq və statik tələblərinə də yeniliklər qatırdı.

Həsən müəllim sovet dövrünün yetişdirməsidir. Bu dövrdə də daim partiya işində yüksək vəzifələrdə işləmişdir. Onun birdən-birə xarici işlər naziri kimi yüksək posta gətirilərək gənc dövlətin mühüm strukturunun, xarici siyasət sahəsinin ona tapşırılması gözlənilməz olsa da, az müddət keçəndən sonra təsadüfi olmadığı üzə çıxdı. O, ilk gündən professional diplomat, xarici siyasəti layiqincə idarə edən səriştəli siyasətçi kimi özünü göstərdi. Bu vəzifədə Həsən müəllim daim polemikaya hazır, diskussiyaya açıq tendesiyası ilə həmkarları və opponentləri arasında çox böyük nüfuz qazandı. Siyasətdə səmimiyyət olmur, - deyirlər. Məsələ burasındadır ki, Həsən müəllimin diplomatiyası, siyasəti də səmimiyyət üzərində qurulmuşdu. Hamıya açıq olan bu adam elə açıqlığı və səmimiyyətilə də udurdu. Həsən müəllimin xarici siyasətdəki fəaliyyəti Ulu öndərimiz Heydər Əliyevin kəşfi idi. Uzun müddət Ulu öndərimizin rəhbərliyi altında fəaliyyət göstərmiş Həsən Həsənov bütün yaradıcı keyfiyyətləri ilə böyük rəhbərə yaxşı tanış idi. Məhz, Həsən Həsənovun diplomatik səriştəsi də Ulu öndərin nəzər-diqqətini təsadüfən çəkməmişdi.

Həsən müəllim uzun illər ayrı-ayrı ölkələrdə səfir işləyərkən də bu səmimiyyətlə siyasətdə udmuşdur. Onun siyasi qələbələri coşqun ruhi vəziyyətindən, kəskin əqli yetkinliyindən süzülüb gəlirdi. Bu iki tandem onun siyasi qələbələrinin kökündə dayanırdı.

Filosoflardan biri deyib ki, ali hakimiyyətə yalnız o şəxs nail olur ki, bütün canlılarda özünü və bütün canlıları özündə görür. Bu vəhdət Həsən Həsənova çox yaraşır. O, işlədiyi bütün vəzifələrdə xalq adamı olub, özünü camaatdan, eldən-obadan, sadə insanlardan ayrı tutmayıb. İnsancanlılığı, ünsiyyətcilliyi, yanımlılığı onu həmişə xalqa, insanlara yaxın edib. Açıqlığı, ünsiyyət mədəniyyəti, mühasibliyə meyilliyi onu daim kütlənin sevimlisinə çevirib.

Həsən Əziz oğlu bu gün təqaüddədir. Amma bu təqaüd sözü çox şərtidir. Həsən müəllim yaşının bu çağında gənclik həvəsindən də çox çalışır desək, yanılmarıq. Onun gecə-gündüz fasiləsiz, permanent fəaliyyəti, tarix elmləri doktoru kimi tədqiqatları haqqında düşünəndə bu enerjiyə, bu qarşısıalınmaz potensiala heyran olmaya bilmirsən. Azərbaycan və dünya tarixinin açılmamış səhifələri bu gün Həsən müəllimin tədqiqat obyekti kimi ictimaiyyətin halal malına çevrilir. Azərbaycan tarixinin uzaq keçmişlərin kölgəsində unudulub qalmış mübahisəli məqamları Həsən müəllimin yaradıcı tədqiqatlarında həqiqi akademik qiymətini almaqdadır. Atropatenadan tutmuş Suraxanı od məbədinə qədər polemika doğuran bir sıra tarixi faktlar onun intellekti işığında yeni, orijinal təhlilini tapır, doğru-düzgün fokuslanır.

Böyük rus yazıçısı K.Paustovskinin qəhrəmanlarından biri deyir ki, adam gərək özü üçün təzə daxma kimi yaxşı, işıqlı həyat qursun. Həsən Əziz oğlu öz əməlləri, ləyaqəti, şəxsiyyəti, ömür payı ilə belə bir işıqlı həyatı qurub. Bu həyatın simptomplarını formulə eləsək, əsas bu sözlərin üzərində dayanmış olarıq: səmimiyyət və cəsarət. O, öz səmimiyyəti ilə işıqlı həyatını qurub, cəsarətilə bu işığa doğru daim, durmadan irəliləyib. Yolun, ömrün daim işıqlı olsun, Həsən müəllim!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://525.az
archiveBu xəbər 11 İyul 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri