Sən Tovuza qayıt, mən Dəlidağa... Nəsib Nəbioğlu yazır
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Nəsib NƏBİOĞLU
Görkəmli şairimiz, Azərbaycan ədəbiyyatının və Türk dünyasının böyük söz adamı Məmməd İsmayılın 86 yaşında haqq dünyasına qovuşduğu xəbərini mətbuatdan aldım. Məmməd İsmayıl vəsiyyətinə görə, Tovuz rayonunda, öz doğma Əsrik kəndində dəfn edildi.
Məmməd İsmayıl 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali ədəbiyyat kursunu bitirmişdi. Onun burada tərcüməçiləri və dostları var idi. Mən Moskvada yaşadığımdan ümumi dostlarımız da çox idi. Rusiyanın müasir görkəmli şairləri, yazıçıları, ictimai xadimləri, söz-sənət adamları onunla dostluq edirdilər. Yuri Kuznetsov, Aleksandr Kuşner, Mixail Sinelnikov, Gennadi Kalaşnikov, Vladimir Boyarinov, Maksim Zamşev, Sergey Karatov, İnna Rostovseva, Leonid Zelyonıy, Viktor Qofman, Lola Zvonaryeva, Xurşidə Xanrakulova, Yevgeni Landin, Evgeni Taqan və başqaları Məmməd İsmayılın parlaq bir şəxsiyət, istedadlı şair olduğundan həmişə ürəkdolusu danışardılar. O, ədəbi mühitə gəldiyi ilk gündən şeirlərində xalqımızın sözünü, dərdini, ağrı-acısını dilə gətirib, şeirləriylə minlərlə insanın qəlbinə yol tapa bilmişdi.
Mən Məmməd İsmayılı 1977-ci ildən gənclik illərindən, hələ Bakıda M.F.Axundov adına Aərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda oxuyan vaxtlardan tanıyırdım. Mənin bir şeirimi də tərtib etdiyi "Azərbaycan" poeziya almanaxında çap eləmişdi. Şeirlərimi çox bəyənirdi. İkimiz də atasız böyümüşdük, sonra da hər ikimizin bəxtinə qürbətdə yaşamaq düşdü. Mən Moskvada, o, Çanaqqalada yaşayırdı. Sıx-sıx görüşməsək də, arabir məktublaşar, bir-birimizdən hal-əhval tutardıq. Bir dəfə növbəti dəfə Bakıya gəlişimdə məni baş redaktoru olduğu "Gənclik-Molodost" (1988-1992-ci il) jurnalının redaksiyasına dəvət elədi, yeni şeirlərimi gətirməyimi istədi. O dövrdə Məmməd İsmayılın rəhbərlik etdiyi jurnalın tirajı az qala rekord saya - 300 minə çatırdı. Mən redaksiyaya gəldim, Məmməd müəllimin otağında Məmməd Aslanın oturduğunu gördüm. Səmimi görüşdük. O, mənim redaksiyaya gələcəyimi Məmməd Aslana deyibmiş və birlikdə görüşməyimizi qərara alıbmış. Həmin dövrdə tələbə yoldaşım Səfər Alışarlı da "Gənclik" jurnalında çalışırdı. Məmməd müəllim qonşu otaqdan Səfər Alışarlını da dəvət elədi. Məmməd Aslan, Məmməd İsmayıl, Səfər Alışarlı və mən Məmməd müəllimin otağında qonaq elədiyi çaydan içib doyunca şirin-şirin söhbət elədik. Sonra Məmməd müəllim mənim gətirdiyim bir neçə şeirimi Səfər Alışarlıya verib, yaxın nömrələrin birinə salmağı tapşırdı. O şeirlərin biri - "Tütünçü qız" adlı şeir Məmməd müəllimi təsirləndirmişdi. Amma o şeirlər çap olunmadı. Sonralar Məmməd müəllim Moskvada mənə deyəndə ki, yadındamı sənin şeirlərini çap elədik? Mən Məmməd müəllimə şeirlərin çap olunmadığını bildirəndə, o təəcübləndi və çox məyus olduğunu gördüm. Bu günə kimi şeirlərin çap olunmamağının səbəbini bilmədim...

Həmin şeir beləydi:
Tütünçü qız
Çoxdan görüşmürdük, qarşılaşmışıq,
Məni salamladın həmin səslə sən.
Bilirəm sözün çox, sinən doludur,
Bilirəm köhlənmiş kaman üstəsən.
Əlinin qabarı qarsdı əlimi,
Qadınsan, qadında belə əl olmaz.
Mən sənə dağların gülü demişdim,
Belə çiçək olmaz, belə gül olmaz.
Sinif yoldaşına "müəllim" - deyib,
Yaman uzaq etdin özündən məni.
Qınaq atəşinə tut məni indi,
Haqqın var, güllələ gözündən məni.
Çəkdiyin şələlər belini əyib,
Odur boy-buxunun qısalı qalıb.
Tütün yarpaqları fata yerinə,
Şəvə tellərindən asılı qalıb.
Baxtın açılmayıb, yazan pis yazıb,
Axır bu taleylə barışmalısan.
Bu qara gününün səbəbin, ancaq
Üz tutub Tanrıdan soruşmalısan.
Necə şərik olum sənin dərdinə,
Nahaq qarşılaşdıq, sinif yoldaşım.
Mənim də getdiyim yollar uzaqdı,
Mənim öz işimə qarışıb başım.
Ürəyin qübarlı, əlin qabarlı,
Bu qismət payına düşüb əzəldən.
Xoş xəbər yerinə, sevinc yerinə,
Qəm, kədər görmüsən bu gözəl eldən.
Onsuz da kim sənə nə deyir desin,
Mənim gözlərimdə gülsən, çiçəksən.
Səni gözlərimdə aparacağam,
Sən mənim ruhuma çəkiləcəksən.

Məmməd müəllim hər dəfə Moskvaya gələndə vaxt ayırıb görüşərdik. 2012-ci ilin fevralında Məmməd İsmayıl Çanaqqaladan Moskvaya, dostu və tərcüməçisi Yuri Kuznetsovun xatirəsinə həsr olunmuş konfrasa gəlmişdi. Fürsətdən istifadə edib "Ocaq" cəmiyyətinin sədri və Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sabiq sədri Tofiq müəllimlə məsləhətləşib Məmməd İsmayılla görüş keçirməyi qərara aldıq. "Moskva Millətlər Ev"inin bir zalında tədbirimizi keçirə bildik. Unudulmaz, yaddaşımızda əbədiləşən bir görüş oldu. Bu görüşdə Rusiya ziyalıları ilə bərabər, Azərbaycan ziyalıları, diaspor təşkilatlarının nümayəndələri, Rusiyada yazıb-yaradan ədiblərimiz, şairlərimiz, teatr xadimlərimiz toplaşmışdı. Mənə söz veriləndə üzümü Məmməd İsmayıla tutub, ona həsr elədiyim şeiri dedim:
Sən Tovuza qayıt, mən Dəlidağa
Nə işimiz var ki qərib ölkədə,
Bizim ki qəlbimiz qəfəsə sığmaz.
Qərib şairlərin günü boran, qar,
Başına bir sevinc yağışı yağmaz.
Günü ayrı düşər, günəş nurundan,
Qəm-kədər ələnər yolları üstə.
Özü yola salar öz tabutunu,
Vətənə uzanan qolları üstə.
Səbrli yaradıb bizi yaradan,
Bizim yollarımız səbrdən çıxıb.
Bir gün o dağlara yollanasıyıq,
Qürbətdə qazılan qəbrdən çıxıb.
De, kimlərin ahı tutubdu bizi,
Kimin qarğışına keçmişik, Məmməd?
Ağlımızmı çaşıb qərib ölkəni,
Özümüzə vətən seçmişik, Məmməd?
O dağlar küsübdü, yaxına qoymaz,
Nankor övladından üz döndəribdi.
Hər gecə yuxuma girir o dağlar,
Oyanıb görürəm söz göndəribdi.
Tutub əllərindən ümidlərimin,
Həsrəti, nisgili qoparım dedim.
Özüm o dağlara gedən deyiləm,
Ruhumu dağlara aparım dedim.
Qapım yoxdu döyə ağacdələnlər,
O evi-eşiyi bada vermişəm.
Ana ocağını, ata yurdunu,
Özüm öz əlimlə yada vermişəm.
Həsrət içindəyən, dərd içindəyəm,
Döyür pəncərəmi qərib küləklər.
Bir quyuya düşmüş Məlik Məmmədəm,
Nə zümrüdquşu var, nə də lələklər.
Dağlar söyləməkdən dilim qabardı,
Dərdlərim Dəlidağ dağından betər.
Düz iyirmi ildir cığırlarımda,
Kəlbəcər həsrəti göyərər, bitər
Qəribin dərdini qərib anlayar,
Ataq bu mönətin daşını qardaş.
Dağlara yön alaq, bizi gözləyir,
Uca tut,uca tut başını qardaş.
Doğma yurd yenədə düşdü könlümə,
Bir səfərə çıxaq, duraq ayağa.
Götür-qoy zamanı gəlib yetişdi,
Sən Tovuza qayıt, mən Dəlidağa.
Şeirdən təsirlənən Məmməd İsmayıl ayağa qalxıb mənə:
- Nəsib, sən bu şeiri elə-belə yazmamısan, sən bu şeiri ürəyinin qanıyla yazmısan - deyib məmi qucaqladı. Sonra "Mən şair deyiləm, atam-qardaşım" şeiriylə mənə cavab verdi.
Məmməd İsmayıl ömrünü sözə, millətinə və türkçülük ideyasına həsr etmiş böyük şair, böyük şəxsiyyət idi. Onun adı, ideyaları və gözəl, bənzərsiz şeirləri xalqımızın yaddaşında əbədi yaşayacaq.
Yerin behişt olsun, əziz dost! Şeirimdə demişdim axı, sən Tovuza qayıtdın, buraxsalar, mən də Dəlidağa gedəcəyəm, özü də həmişəlik...
Bakı, 20 avqust


