“Kəlbəcərin azad günlərini tərənnüm edəcəyəm” Nəsib Nəbioğlu ilə müsahibə
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Moskva, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi şair-publisist Nəsib Nəbioğlu uzun illərdir ki, yaradıcılığını və ictimai fəaliyyətini Moskvada davam etdirir. O, həm ədəbi fəaliyyəti, həm də publisistik yazıları ilə tanınır. Son illər müsahibələrində Kəlbəcərə qayıdışı, doğma torpaqlara olan bağlılığı geniş əks olunub. AZƏRTAC-ın müxbiri ilə söhbətində Nəsib müəllim ədəbi mühit, yaradıcılığı və arzularından danışıb.
-Siz həm şair, həm də publisistsiniz. Özünüzü hansı janrda daha sərbəst və azad hiss edirsiniz?
- Müsahibə üçün ayırdığınız vaxta və diqqətə görə təşəkkür edirəm. Bu gün sosial şəbəkələrdə yüzlərlə şairin olduğunu görəndə adam özünə şair deməyə bir az utanır. Bir-iki şeir kitabı oxuyub, bir-iki sözü yan-yana qoşub yazan adamın şair olmağına şübhəylə baxıram. Bilirsiniz, şair cəmiyyət üçün faydalı əsərlər yazmalıdır, həqiqəti söyləməlidir, haqqa-ədalətə söykənməlidir. Qələm adamı, hər şeydən əvvəl, istedadına, təfəkkürünə, dünyagörüşünə arxalanmalıdır. Yalnız belə olan halda şair həyat üçün, cəmiyyət üçün əhəmiyyətli, sanballı, ciddi poetik nümunələr yarada bilər. Şair anadan şair doğulmalıdır. Şairin qələmindən çıxan şeir insanın daxili-mənəvi ehtiyacını ifadə etməlidir, ruhunu oxşamalıdır, şairin qələmindən çıxan söz qüdrətli, təsirli söz olmalıdır.
Mən ədəbiyyata şeirlə gəlmişəm, baxmayaraq ki, bir şair kimi qələmimi isbat eləmək üçün çox çətinliklərdən çıxmışam. Şeir mənim həyatımdır, mən poeziya ruhunda köklənmiş adamam. Ona
görə də yaradıcılığımda daha çox şeirə üstünlük verirəm. Ədəbiyyata 70-ci illərdə gəlmişəm. Uzun illərdir ki, Moskvada ədəbiyyatımızın, bədii sözümüzün yükünü çiyinlərində şərəflə daşıyan, işğal
zamanı Qarabağ ağrı-acılarını, taleyüklü problərimizi qeyri millətlərə çatdıran şairlərdən biri də məhz mən olmuşam. Fəxr edirəm ki, həyatımın bütün mərhələlərində özümü şeirə, sənətə, ədəbiyyata həsr etmişəm. Ən çox bununla qürur duyuram ki, heç vaxt bədii yaradıcılığımdan bir addım da geri çəkilmədim, qürbətdə
yaşadığım məhrumiyyətlərlə, çətinliklərlə dolu illər ərzində minlərlə insanın qəlbinə yol açan şeirlər yazıb işıq üzünə çıxara bildim.
Çox sayda həm rus, həm də Azərbaycan dillərində məqalələr yazsam da, özümü poeziyada sərbəst və azad hiss edirəm. Bir ara nəsr əsərləri yazmaq fikrimdən keçdi, sonra gördüm ki, əgər nəsrə keçsəm, sonra şeirə qayıtmağım çətin olacaq. Fikrimdən daşındım.
-Moskva kimi böyük şəhərdə Azərbaycan ədəbiyyatının təbliği hansı çətinliklərlə üzləşir və bu işdə əsas rolu nəyə verirsiniz?
-Bəli, Moskva nəhəng şəhərdir və 13 milyondan artıq əhalisi olan bir şəhərdə qaynar, təlatümlü ədəbi mühitə qoşulmaq, bugünkü ədəbiyyatımıza xidmət eləmək asan məsələ deyil. Gücüm catan qədər ədəbiyyatımızı təbliq eləmişəm, Azərbaycan şeirini yüksəkliklərə qaldırmışam, ruslara və digər qeyri millətlərə sevdirmişəm. Bundan əlavə, müxtəlif illərdə Moskvada yaşayan yazarlarımızın əsərlərinin yerli mətbuatda çap olunmasına təmənnasız kömək eləmişəm.Vaxtilə mərhum yazıçılarımız - Çinqiz Hüseynovun, Əbdül Heseynovun, eləcə də Alla Axundovanın, Tofiq Məliklinin, İlham Bədəlbəylinin, Sultan Mərzilinin, Afaq Şıxlının, Könül Ordubadlının, Əliş Əvəzin və başqalarının şeirlərinin rus dilində çap olunmasına nail olmuşam. Moskvada yazıb yaradan yazarlarımızın əksəriyyəti mənim zəmanətimlə Rusiya Yazıcılar İttifaqlarının üzvü olublar. Hazırda Moskvanın özündə ədəbi mühit ən ağır, ən çətin günlərini yaşayır. SSRİ-nın süqutundan sonra sovet yazıçılarını bir təşkilat ətrafında birləşdirən Yazıçılar İttifaqının parçalanması ədəbi mühitin inkişafına mənfi təsirini göstərdi. Moskvada ədəbi mühit istedadlı insanların geniş miqyasda tanınmasına, formalaşmasına, parlamasına şarait yaratmır. Ədəbiyyatımızın təbliğini Rusiyada, eləcədə Azərbaycanda yaşayan yazıçılarımızın və şairlərimizin əsərlərini çap etməkdə görürəm. Azərbaycan ədəbiyyatının təbliği ilə bağlı nə iş görmüşəmsə, öz hesabıma olub, bütün etdiklərimin hamısını vətənimizi, millətimizi, milli dəyərlərimizi, ədəbiyyatımızı sevən bir şair, bir vətəndaş, bir
azərbaycanlı kimi borcum bilərək etmişəm.

-Doğma Kəlbəcərə 31 ildən sonra qayıtdınız. Sizcə, Kəlbəcərin gələcək obrazı necə olmalıdır- müasir şəhər kimi, yoxsa ənənəvi ruhunu qoruyan məkan?
-Bəli, 31 ildən sonra Kəlbəcərə qayıtdım. Kəlbəcərə gələndə elə bildim ki, başqa bir yerdəyəm, adam heyrətlənməyə bilmir. Yaxşı ki, dağlarımız, sıldırımlı əzəmətli qayalarımız, çaylarımız, şəlalərimiz yerindədir. Kəlbəcər də, bütün kəndlərimiz də erməni vandalları tərəfindən dağılıb xarabalığa çevrilib. Köhnə Kəlbəcərdən əsər-əlamət qalmayıb. Allah Məməd Aslana rəhmət eləsin. Necə də peyğəmbərcəsinə deyib: “O Kəlbəcər qayıtmaz, Qayıtsa yüz Kəlbəcər”. Doğulduğum, qoynunda boya-başa çatdığım, qəriblikdə yaşayaraq uzun illər şeirlərimdə vəsf elədiyim Kəlbəcər yoxdur. İşğal altında qalan torpaqlarımızın həsrəti ilə yaşamaq və sonra bu yerlərin xarabalığa çevrildiyini görmək çox çətindir. Ermənilər yalnız yurdlarımızı, ev-eşiklərimizi talan eləmədilər, mənəviyyatımız məhv oldu, özünün zəngin milli, əxlaqi və mənəvi dəyərləri, özünəməxsusluğu ilə həmişə fərqlənən kəlbəcərlilər çox şey itirdilər. Bizim camaatımız cəsur, qüdrətli, vətənpərvər, namuslu, qeyrətli, vətənini sevən, sədaqətli, mərd, ağsaqqala, ağbirçəyə hörmətlə yanaşan, ata-anaya ehtiram göstərən, qonaqpərvər insanlardırlar. Ömrümün ən gözəl, xoşbəxt illərini Kəlbəcərdə keçirmişəm. Kəlbəcər mənim uşaglıq və gənclik illərimin, ilk məhəbbətimin beşiyidir. Həyatımda ən ağır zərbəni Kəlbəcərin işğal olunduğu günlər almışam. Yaradıcılığımda Kəlbəcər mövzusu qırmızı xətt kimi keçir. Bu mövzuda çoxlu şeirlərim var. Şeirlərimdə qaçqın, köçkün taleyi yaşayan anamın timsalında bir qaçqın ana obrazı yaratmışam, şeirlərimlə insanlarımızı, ilk növbədə, gənclərimizi müqəddəs dağlarımızı, Allahın bizə bəxş elədiyi, ata-babalarımızın miras qoyub getdiyi yurdlarımızı unutmamağa səsləmişəm.
Bu gün işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də bərpa-quruculuq işləri aparılır və bütün infrastruktur layihələrinin icrası ölkə başçısının xüsusi nəzarətindədir. Təbiəti, meşələri, flora və fauna zənginliyi, tarix-mədəniyyət abidələri, bir neçə minillik yaşı olan qədim insan məskənləri, mağaralar, qalalar, qədim Qafqaz Albaniyası dövründən qalan məbədlər və kilsələr, Ağqoyunlular, Qaraqoyunlular dövlətləri zamanına aid olan qəbirüstü qoç heykəlləri Kəlbəcərin qədim tarix və mədəniyyətə malik olduğunu göstərir. Bu gün Kəlbəcərin inkişafı göz qabağındadır. Kəlbəcərin böyük gələcəyi var. Əminəm ki, doğma yurdum dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Sovet dönəmində Kəlbəcərə bircə yolumuz var idi. Tərtər rayonundan Ağdərədən keçməklə 116 kilometr məsafədə olan bir yol idi. Amma indi Kəlbəcərə Azərbaycanın hər tərəfindən gəlmək mümkün olacaq. İstisu kurortu Cənubi Qafqaz regionunda ən çox səfər edilən turizmi bölgəsinə çevriləcək. Bu sadaladıqlarım Kəlbəcər rayonunda turizmin inkişafını səciyyələndirən əsas amillərdir.
-Qarabağ, Kəlbəcər azad olunduqdan sonra şeirlərinizdə kədərdən çox sevinc motivlərinin olacağını qeyd etmisiniz. Sizcə, bu dönüş oxucular tərəfindən necə qarşılanacaq?
-Qarabağ işğal olunandan sonra mənim şeirlərimin əksəriyyətində dağlarımıza, yağılar əlində inləyən yurd-yuvamıza, taleyinə ağrı-acılar yazılan insanlarımıza həsr etdiyim şeirlərdə bir həsrət, bir nisgil vardı. Bu təbiidir. Yurd-yuvası talan olan, Vətəndən əziz heç nəyi olmayan şair necə yazmalıdır? Amma
qəlbimin dərinliyində vətənpərvərlik duyğusu ilə qələmə aldığım bütün şeirlərimdə bir inam vardı, bir ümidlə yaşayırdım. Torpaqlarımızın işğalının müvəqqət olduğunu hiss edirdim, inanırdım ki, gec-tez Azərbaycan haqq sözünü Qələbə ilə söyləyəcək.
“Bu gecə Şuşanı qaytarırdılar” adlı bir şeirimdə sanki Şuşanın azad olacağını görmüşdüm:
Dağılmış yurdlara baxıb deyirdim,-
Bilirəm Xankəndi olacaq abad.
Hamı can deyirdi, can eşidirdi,
Nə satqın var idi, nə də təxribat.
Bəy də silahlıydı, xan da, nökər də,
Hərənin əlində silah var idi.
Mələklər çox idi şeytanlarından,
O gecə mən deyən Allah var idi.
Hər yandan gəlirdi Cabbarın səsi,
Mən də ruhlanırdım Bülbül səsindən.
Ruhu sevinirdi Natəvanın da,
Yenə “Qarabağın şikəstəsindən”.
Şuşa dağlarına haray salırdı,
Qurbanın, Sadığın, Ramizin tarı.
O gecə sevincə qərq eləmişdi,
Doğma Qarabağdan ayrılanları.
Göydən nur yağırdı, yolumuz üstə,
Elə sevinirdi Kəlbəcər, Laçın.
Düşmənin əlinə əsir düşən qız,
Cırıb üzlərini yolmurdu saçın.
Əlində qılıncı Ağ atlı oğlan,
Şıqıyıb keçirdi Cıdır düzündən!
Sevinc tökülürdü, nur tökülürdü,
Dərdli anaların üzü-gözündən!
Mən bundan sonra Kəlbəcərin azad günlərini tərənnüm edəcəyəm. Amma bilirəm ki, gördüyüm, aldığım təəsüratlarım, fikirlərim şeirlərimdə özünü göstərəcək. Mən sizə söz verirəm ki, qəmli şeirlər yazmayacağam. İndən sonra yorulmadan Kəlbəcərin xoşbəxt günlərini vəsf edəcəyəm.
Torpaq canlanırdı doğma nəfəsdən,
Əsirdi dağlardan meh narın-narın,
Başına göylərdən daş ələnirdi,
Namərdin, nankorun, qurumsaqların.
Mən də dillənirdim Göçəgülümnən,
Qəlbim kövrək, incə , sarı simiydi.
Qalxırdı torpaqdan şəhidlərimiz,
Qanlı köynəkləri bayraq kimiydi.
Pənah xan torpağı bağrına basıb,
Ayrıla bilmirdi o gülüzardan.
Sultan bəy eşidib bu xoş xəbəri,
Boylanıb baxırdı qərib məzardan.
Bu zəfər gününü, el bayramını,
Sevinən yurdlarım alqışlayırdı.
Əsarətdən çıxan azad Qarabağ,
O gecə hamını bağışlayırdı.
Gəlmişdi o yurdun, elin sahibi,
O gecə dağ-dağa arxalanırdı.
Şuşa dağlarının zirvələrində,
Üç rəngli bayrağım dalğalanırdı.
-Müasir gənclik sosial şəbəkələrə daha çox meyil edir, kitab oxumağa maraq azalıb. Sizcə, bugünkü oxucunun ürəyinə necə yol tapmaq olar?
-Gənclərin kitab oxumamasının əsas səbəbi, məncə, sosial şəbəkələrdir. Amma kitab oxumaq vacibdir, insanın zövqünü gözəlləşdirir, ruhunu təzələyir. Kitaba sevgi insanın içindən gəlməlidir. Əgər kiminsə kitab oxumağa həvəsi yoxdursa, nə qədər etsən də, həvəsi olmayacaq. F.M.Dostoyevski deyirdi ki, kitab oxumağı tərgidən adam düşünmə qabiliyyətini itirir. Gəncləri kitab oxumağa cəlb etmək üçün onların maraqlarına uyğun janrları tapmaq, yeni əsərlər yaratmaq lazımdır. Bunun üçün yazıçılarımızın və şairlərimizin üzərinə böyük yük düşür.

- Növbəti yubileyinizi harada və necə qeyd etmək istərdiniz? Özünüzü daha çox Azərbaycan şairi, yoxsa Moskva yazıçısı kimi hiss edirsiniz?
-Mənim Moskvada yaradıcılıq gecələrim, 50, 55, 60 illik yubileylərim təntənəli keçirilib. Bakıda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 65 illiyim qeyd olunub. Əgər ömür vəfa etsə, Azərbaycana növbəti səfərimdə Kəlbəcərdə dalğalanan üçrəngli şanlı bayrağımızın kölgəsi altında qürurla dayanaraq bir yaradıcılıq gecəmi, yubileyimi keçirərdim. Mənə ruh verən, şair olmağıma köksünü açan dağlarımızın qoynunda doğma camaatımızla üzbəüz qalıb ürəyimi boşaldardım. Mən Kəlbəcərdə hər kəsin rifah içində yaşayacağına, xoşbəxt bir həyat qurulacağına inanıram. Mən fəxr edirəm ki, uzun illər öncə vəsf elədiyim üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Laçında, mənim Kəlbəcərimdə
dalğalanır.
Əsərlərim Rusiyada çox çap olunsa da, özümü Azərbaycan şairi sayıram. Mən milli kökə, milli şüura, milli təfəkkürə bağlı adamam. Öz milli adət-ənənəsinə sadiq qalan, klassik ədəbiyyatımıza səcdə edən Azərbaycan şairiyəm, yaradıcılığımda aşıq poeziyasına, folklora, divan ədəbiyyatına söykənən adamam.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

