Icma.az
close
up
RU
Səndəmi, Karvanbaşı? Cavid Zeynallı

Səndəmi, Karvanbaşı? Cavid Zeynallı

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

15-16 fevralda Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanı əsasında ayniadlı tamaşanın premyerası keçirilib.

Kulis.az Cavid Zeynallının roman haqqında yazısını təqdim edir.

- Əlvida... ağa...

Ruhun bu son sözlərini canını artıq tapşırmış Karvanbaşı eşitmədi.

- Əlvida, oğul! - Ruh dedi.

***

Cəllad Məmmədqulunun ruhu ona görə sehrbazlara "yaxa" vermirdi ki, gizlənməyə mübhəm yer tapmışdı. Allahdan gəlib Allaha dönməyə, Yaradanı dərk etməyə hansı dini-fəlsəfi yöndən baxsan, həmən-həməndir: nirvana, zöhd, batini nurlanma... İnsan İlahi ruhun bir zərrəsidirsə, demək, Karvanbaşı Səyyah Mir Həsən ağanı tapıb gətirməklə təkcə atasının əbədi rahatlığına qırıqlıq gətirməmişdi, həm də ilahi ruhi-rəvanlığı pozmuşdu. Ona görə də "Sehrbazlar dərəsi"nin annotasiyasında təsadüfən "Ruhla Karvanbaşının sirli görüşü faciəylə bitərkən..." yazılmır. Mütləq gizlilik, sirri-vacibat həyatın təməl qanunlarından biridirsə, demək, faciə qaçınılmazdır. Ağac ona görə böyüyür ki, kökləri yerin altındadır. Qaranlıqda. Uşaq da ana bətnində qaranlıqda böyüyür. Bu qaranlıq təkcə işıq düşməyən yer deyil, həm də sözün bütün mənalarında görünməzlikdir. Kamal Abdullanın təbirincə desək, sirriçindəlik. Deməli, Kamal Abdulla üçün sirr təbiət hadisəsi, mübhəmlik ilahi düzəndir. Karvanbaşı bu nizamı pozmadımı, pozdu!

"- Nə cürənə haramzadasan sən. Səni görüm həmişə "vay" içində olasan. Məni niyə bura çağırmısan, ay əbləh".

Axı, Səyyah sehrbaz da məqsədsiz, təsadüfən gəlməmişdi ora. Çevrə qapanmalı, Ağ dərvişin müridi ustadına xəyanət borcunu ödəməli idi. Elə ona görə də Karvanbaşının uşağını - Məmmədqulu nəslinin son yadigarını geniş əbasının içində gizlədib girir özünün təkcənəlik vaxtına. Sonra yuxusuna qısılmış uşağı öz taqətsiz əllərində Ağ dərvişə təslim edir. Gəlin, təsəvvüfdəki təşkilatlanma prinsiplərini xatırlayaq: "Mürid mürşidinin əlində ölü mürdəşirin əlindəki kimi olmalıdır". Hər şey aydındır, şərhə ehtiyac görmürəm. Səyyahın bu təslimatı baş tutmasaydı, qanun pozulacaqdı. Qanunun pozulması isə Göylərin qapısının bağlanması deməkdir.

***

...Ya sevgili Allah, sən özün kömək ol ki, çaylar yenə üzü yuxarıdan, üzü aşağıya axsınlar. Ağaclar, otlar, çiçəklər günəşə doğru can atsınlar, yağışlar göy üzündən yer üzünə tökülsünlər, həyatın gəlişi ölümün gəlişini qabaqlasın.

***

Sevgili Allahı Karvanbaşının duasını eşitmədi. Onun üçün çaylar üzü aşağıdan üzü yuxarıya axmadımı, axdı! Ağaclar, otlar, çiçəklər günəşə doğru can atmadılar. Və əlbəttə, Kamal Abdullanın bu zavallı, bu məzlum qəhrəmanı üçün ölümün gəlişi həyatın gəlişini qabaqladı. Taleyində olanlar həyatında olmadı. Heç adını da paltar kimi əyninə geyinə bilmədi. Bunun üçün İudaya xələflik edən (bəlkə, sələflik?!) Səyyah olmaq gərəkirdi. O Hacı Mir Həsən ağa ki, onu tanımaq üçün ən əvvəl Görükməz təpənin yolunu tutmalısan. Ləhliyə-ləhliyə gecənin səssizliyinə batan karvanla yol yolçuluğuna çıxmalısan. Karvan demişkən... Karvanbaşı, sənin sehrbazlar dərəsində nə itin azmışdı, ay Gicinəqulu? Bir yerdə ki ruhu alıb-satırlar, o bazardan nə mədəd umacaqsan? Ruhunu satan adamlardan ötəri ölümün gəlişi həyatın gəlişini qabaqlasa nə olacaq, qabaqlamasa nə?

Çevrə necə qapandı?

Mən bilirəm: sehrbazlar dərəsinə olan bu naqolay münasibətlə müəllif ürəyinin dərinliyində razı olmayacaq. Ki, İlan gədiyinin qurtaracağında Görükməz Təpənin yaşıl ətəyindən başlayıb gedən bu möcüzələr dərəsi həm də dərviş-sehrbazların təkcənəlik sığınacağı idi. Təkcənəlik ilahi bağdır, xəlvət-yasaq zamandır, ona toxunmaq Yaradanın işinə əl aparmaqdır. Necə ki, bir tamahkar tacir təkcənəlik vaxtı sehrbazın qızıl-gümüşünü oğurlayıb aparıb, di gəl, nə illah edir, getdiyi yol indiyənəcən onu bir yana çıxarmır. Hə, söz-sözü çəkib yola gətirdisə, deməli, atası cəllad Məmmədqulunun ruhunu çağırmaq üçün tale Karvanbaşının yolunu sehrbazlar dərəsindən salmalı idi. Bir də təkrar: çevrə qapanmalı idi.

Kamal Abdulla "Sehrbazlar dərəsi" romanında iki cəllad obrazı yaradıb. Məmmədqulu zahirdir, Karvanbaşı batin, Məmmədqulu baş kəsir, qan tökür, Karvanbaşı qisas-intiqam üçün alışıb-yanır. Məmmədqulunun bədbəxtliyi gözəl Pərnisənin eşqindən başlayır, Karvanbaşının biçarəliyi şaha xəyanətdən. Əl-əlbət, qisasla, xəyanətlə xoşbəxtliyə çatmaq müşkül. Onda ata, ruh, oğul cismi bədbəxtliyə düçar edir. Diqqət edin: birinin faciəsi eşqdən başlayır, o birinki qisasdan. İki əks qütb: biri xeyir, biri şər. Bu xeyir-şər nə gözlə görünür, nə əllə tutulur. Müəmmadır. Sirri-xudadır. Müəllif bu gedişlə həm də özünü "ələ vermir", yaratdığı xarakterlərin bütün cizgilərini yer-yerində oxucu üçün açıb-tökmür. Heç şəksiz, düz edir! Açıb töksəydi, onda oyun maraqsız, həyat məzmunsuz, ədəbiyyat rəngsiz-bulanıq olardı.

Görükməz təpə

Allahın təcəllası kimi

Hə, bu o demək ki, Kamal Abdulla "Sehrbazlar dərəsi"ndə özünü Allah kimi aparır. Deməli, onun "müəllif dərgahında" nə mütləq şər var, nə mütləq xeyir. Gəlin, başqa sözlə ifadə edək. Kamal Abdulla qəhrəmanlarına mütləq-sahib deyil, onları fikir inhisarına almır, onları damğalamır. Ki, Məmmədqulumu şərdir, Xacəmi ikiüzlü, Səyyahmı, Karvanbaşımı naqis. Kamal Abdulla məsələyə ənənəvi (həm də maraqsız) xeyir-şər kontekstindən yanaşmır. Və əl-əlbət, sənin, mənim - bizim hamımızın oxucu haqqımızı tanıyır. Və yenə əl-əlbət, qəhrəmanlarını doğması-əziz bilib də, onların hər naqisliyini oxucunun ayağına vermir, qəhrəmanlarının təəssübünü çəkir. Bax, bu təəssüb çəkmək ciddi məqamdır. Nə olsun, "müəllif dərgahı"nda yaranan qəhrəmanların biri xəyanətkar olanda, biri cəllad, biri ustad dönüyü...

Görükməz təpə Allahın təbiətdəki təcəllasıdır. Bir kimsə-kimsənə Görükməz təpə ilə üzüyuxarı qalxmağı bacarmayıb. Çünki "bir-iki addımdan sonra qıraqdan baxana elə gəlirdi ki, bu adam üzü yuxarı ayağını boşluğa basa-basa havanın üstü ilə qalxır". Dərviş Hüsnükərəm təpənin başına çatıb qayıdandan sonra ona yaxınlaşan olmamışdı. Hamı onunla ehtiyatlı keçinərdi, söhbətə, yaxınlığa can atmazdı. Deməli, Hüsnükərəm təkcə sirri-zəmanəyə yox, həm də sirri-xudaya vaqif olmuşdu. İlahi həqiqət mərtəbəsinə ucalanlar hali-qəribanəsi ilə hamını özündən kənar edər. Ayna misalı hamı onda özünü görər; əməlləri faş olar, naqisliyi aşkar. Romanı oxuyanlar yaxşı bilər, dərviş Hüsnükərəmin başına gələnlər sizə Xətamül-Ənbiyanın meracını xatırlatmadı ki? Mənə xatırlatdı. Bu cizgi aydın deyil, amma müəllifin mətnaltı göndərişlərini tutmağa nə var? Bu qəbil mistik-mübhəm işarətlər "Sehrbazlar dərəsi"nin sufiyanə mahiyyətində onlarladır. Görükməz Təpə Allahın təcəllası deyilsə, ruhaniyyət bilicisi tanumənd kişi Xacə İbrahimin sirri ağasına açması üçün niyə ona nəzər salıb razılıq verirdi? Daha başqa işarət: Xacə İbrahim sehrbaz çağırmaq işini qorxudan edir, sevgidən yox. Qorxu isə bədbəxtlik gətirər. Tutalım, Cəllad Məmmədqulunun Karvanbaşıya gətirdiyi bədbəxtlik kimi.

Kamal Abdullanın mənəvi söykənəcəkləri çoxalacaq

"Sehrbazlar dərəsi" təkcə əhvalatı, qəhrəmanları ilə yox, həm də yazılış texnikası, paralel süjet xətləri və sintaksisi ilə ənənəvilikdən uzaq, təkrarsızdır. Burada məsələ təkcə modernist-postmodernist cərəyanın relsləri üzərində hərəkətdə yox, həm də intertekstual mahiyyətdədir. Müəllifin təklif elədiyi fikrin-intellektin uçuş zolağında hər kəs (hər oxucu) cövlan edəmməz. Demirəm, qanadları qırılar, yox, başa düşər ki, həmin uçuş zolağı onu çox ucalıqlara aparır. Məhz ucalıqlara... Və həmin ucalıqlarda azmağın nigaranlığı əzab gətirməsin deyə, özü alçaqlıqlara könüllü enər. Çün o alçaqlıqda hər şey zahirdə-dayazdadır. Orda Hüsnükərəmin timsalında merac işarəti, Ağ dərvişin portretində Nəsimi laməkanlığının cizgiləri yoxdu. Orda heç şaman Səyyah Mir Həsən ağanın (İuda İskariot) şəxsində ustada (Məsihə) dönüklüyün peşmanlığı, Karvanbaşının şaha sui-qəsdçi timsalında "Səndəmi, Brut?" işarətini də görmək olmaz. "Sehrbazlar dərəsi" göyün yeddi qatı kimi sirlidir, hər işarətində min məna gizlənər. Amma Kamal Abdullanın müəllif landşaftına bələd oldunsa, itib-batmayacaqsan ziqzaqvari əhvalatların içində. Elə gözəllik də bundadır. Təkcə "Sehrbazlar dərəsi"nin yox, elə "Yarımçıq Əlyazma"nın, "Unutmağa kimsə yox"un da mənəvi-ruhani, tarixi-mifoloji qatlara işarətləri, ipucları adamı intellektual xəzinəyə çıxarar. Baxır, sən o xəzinədən nə "çırpışdıra" biləcəksən. Bunu bacarsan, nə xoş sənə! Deməli, sevgili oxucu, sənin timsalında Kamal Abdullanın mənəvi söykənəcəklərinin daha biri çoxalacaq. Bax, onda çaylar yenə üzü yuxarıdan, üzü aşağıya axacaqlar.

Qayıdaq yenə cəllad Məmmədquluya. Kamal Abdulla bu bədbəxti o mərtəbədə "xəlq" edib ki, onun faciəsini şərh etmək müşküldür. Məmmədqulunu ancaq hiss etmək lazımdır. Anasını və arvadını öldürən adam sonra gözəl Pərnisənin eşqinə mübtəla olub şah qulluğundan çıxmağa cəsarət tapır. Bu, katarsisdir. Vəzir Məşdəliyə minnətçi salıb təvəqqe rica etdirən bəlanın adı eşq idi. Həm eşqə könül vermək, həm də cəlladlıq edib Allahın verdiyi ömrü yarıda kəsmək insan təbiətinə ziddir. Amma şahın qəzəbinə düçar olmaq elə İlahi ruhi-rəvanlığı pozmağa tay deyilmi?

"- Bunun dərsi verilməlidi. Hamıya görk olmalıdı bunun dərsi. Yaxın gəl, qulaq ver. Nə dediyimə aç qulağını yaxşı-yaxşı qulaq ver.

Bunları deyib şahın gözlərinin dibinə qaranlıqda çovğun qoparan qış birdən-birə çökmədimi, çökdü. Şahın gözləri soyuqdan üşüdü, don vurdu şahın dibsiz gözlərini. Şahın vəzir Məşdəliyə dediyi sözlər də artıq ağzından yox, gözlərindən çıxırdı...".

Amma cəllad Məmmədqulunun katarsisi onu xilas eləmir. Mən əbəs yerə demirəm ki, Məmmədqulunu yalnız hiss etmək lazımdır. Bu seçməni də əbəs yerə vermirəm. Oxuyaq:

"Məmmədqulu bu düşüncələrlə gözünü elə hey bığ yeri təzəcə tərləmiş çılğın, amma ata önündə xeyli mərifət və ədəblə əyləşmiş bu növcavandan çəkə bilmir, döndərib-döndərib baxışlarını yenə gətirirdi onun doğma üzünə, gözünə. "Bığlar şəvə olacaq, gözlər qapqaradır, kürən saçları payız çəmənliyidi elə bil. O bir olan Allah bilir ki, sənə nə qədər məhəbbətim var qəlbimdə, səndən başqa məhəbbətim... bir də elə sənədi, bircə dənəm, həyatım mənim, bircəm, ömrüm-günüm, canım-ciyərim...".

Və bir gün kürən saçları payız çəmənliyi olan Şahverəni öldürüb torbada cəllad Məmmədqulunun qapısının ağzına atırlar. Cəllad olanda nolar, İlahi, bir ata üçün bundan böyük dərd, bundan böyük müsibət olarmı?!

"- Şahverən, vay..."

Şərəfli ölümdən uzaq qalan

Lad nədir? Səs sırasını qurma, səsləri yerləşdirmə üsulu. Məcaz işlətsək, "Sehrbazlar dərəsi"nin sufiyanə ladını aşkara çıxarmaq, onun Türk-İslam coğrafiyası ilə kommunikasiyasını incələmək ədəbiyyat nəzəriyyəçilərinin, tədqiqatçıların işidir. Coğrafi kommunikasiya ilə işimiz yox, amma təsəvvüf deyər ki, ruh Allahın zatından ayrılıbsa, deməli, ona da qovuşacaq. İndi mən bilmirəm Cəllad Məmmədqulunun, lap elə Ağ Dərvişin ruhu Fəna-fillah məqamına ucalıbmı, ucalmayıbmı. Bu iki zatın fərqi müəllif üçün vacibatdır, o üzdən səhvim yoxsa, Ağ dərvişin əzablarının təsvirində gizli təəssübkeşlik, həm də təəssüfkeşlik sezilir. (Mən "var" demirəm, "sezilir" deyirəm. Və əlbəttə, bunun özü də şübhəlidir). Doqquz gün keçirilən məhkəmədə Ağ dərvişi yolunu azmış din düşməni, fırıldaq sahibi kimi ifşa edirlər. Bəs onun Hacəb ətrafındakı Ala dağda yerini kim nişan vermişdi? İşarələr deyir ki, Səyyah sehrbaz. Həzrəti İsanı da həvari İuda satmışdı. Əgər Ağ dərvişin yerini Seyid Sarının adamlarına nişan verən ruhçağıran səyyah deyildisə, şəyirdlər ona intihar etmək şərəfini niyə verməmişdilər, onu niyə uzaq saxlamışdılar bu şərəfli ölümdən? Müəllifin üstüörtülü işarəti belə deyir:"Dağ başından üzü aşağı qaranlıq boşluğa əl-ələ verib iyirmi üç ağpaltarlı vücud durna qatarı kimi açılan zaman onların başları üstündəki nəhayətsizliyi və uçduqları boşluğu kənar qayalıqdan bir nəfər kifirləşmiş üzündə incik bir təbəssüm seyr edə-edə durmuş imiş...".

Hələ bunun davamı da var:

"- Gərəkdir ki, Ağ dərvişin ustadlığından Böyük Birlik qarşısında imtina edəsən. Edərsən?

- Onun ustadlığından imtina edərəm. Daha nə etməliyəm?".

***

Ruhçağırma mərasimində cəllad Məmmədqulu gözə görünmür. Karvanbaşını maraqlandıran sualların hamısına onun səsi cavab verir. Ortada isə bir sirr var. Karvanbaşı bu sirri məhz atasının simasını görərək öyrənmək istəyir. Deməli, səs sahibinin atası olmasına şübhə edir. Biz həqiqəti onun səsindən eşidirik. Sirr onun səsində öz mübhəmliyini itirir. Kamal Abdulla "Bir, iki, bizimki"də olduğu kimi "Sehrbazlar dərəsi"ndə də "səsimdən yapış" təklif-ideyasına sadiqdir. O səs Karvanbaşıya həqiqəti pıçıldayır və bu, ona bədbəxtlik gətirir. Şaha hazırladığı qansız qisasın - sui-qəsdin üstü açılır. Şah keşikçiləri qapını sındıranda Karvanbaşı xəncəri saplayır ürəyinin başına. Deməli, özü-özünü cəzalandırır. Çünki qisas, nifrət çıxış yolu deyil, onunla başqasının həyatını deyil, öz ömrünü zəhərləyə bilərsən. Bəs bu ölümü ona kim məsləhət görür: Məmmədqulunun səsi.

***

Və sizə bir sirr açım: əslində, mənim yazdıqlarımın heç biri olmaya da bilər. İnanmırsınızsa, romanı oxuyandan sonra özünüzü səhrada zənn edin. İntəhasız səhrada. Görəcəksiniz ki, Kamal Abdulla haradasa uzaqlarda - bəlkə, Görükməz təpənin ətəyində, bəlkə, Qarağacın altında dayanıb sənə göz vurur. Üzündə də sirli təbəssüm. O təbəssümün sirrini onun özündən xəbər almağa nə hacət? Orda yazılıb ki:

Bu da bir həyatdı, oynadıq onu,

Bu da bir oyundu, yaşadıq, bitdi.

***

- ...Ya sevgili Allah, həyatın gəlişi ölümün gəlişini qabaqlasın.

Vüqar Vanın yeni romanının təqdimatı oldu Quduzluğa yoluxub vəfat edən yetim dahi - Qırmızı ölümün hökmranlığı Elarizin kürəkəninə 945 min dollar verən hüquqşünas danışdı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Fevral 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see150

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see142

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see138

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see132

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see128

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see127

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see127

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see123

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see121

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see120

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see119

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see117

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see116

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see112

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see112

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see111

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see110

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri