Icma.az
close
up
RU
Gəncliyə və teatra məhəbbətlə Cavid Zeynallı

Gəncliyə və teatra məhəbbətlə Cavid Zeynallı

Georgi Tovstonoqov müəllifi olduğu məşhur "Səhnə güzgüsü" kitabının Ön sözündə belə yazır: "Kitabın gənc oxucuların marağına səbəb olduğunu eşitmək məni çox sevindirərdi: axı sabah tamaşaları gənc rejissorlar hazırlayacaq, o tamaşalarda gənc aktyorlar iştirak edəcək, elə tamaşaçılar da gənclər olacaq. Təvazökarlıq etməyək - onlar böyüklərin təcrübəsinə üz tutmadan keçinə bilməzlər. Ancaq qoy özləri irəliyə doğru addım atsınlar: ömür qısa, incəsənət isə əbədidir".

1956-cı ildən 1989-cu ilə qədər Leninqrad Böyük Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Tovstonoqov haqqında fikirlər birmənalı deyildi. Sonralar yazırdılar ki, 33 il baş rejissor vəzifəsində çalışan sənətkar özündən sonra maraqlı rejissorlar yetişdirsə də, öldürə bilmədiyi eqosu, əsirinə çevrildiyi qısqanclığı ona imkan vermədi ki, rəhbərlik etdiyi bu böyük teatrda tələbələri üçün lazım olan şəraiti yaratsın. Nəinki tələbələrinə, hətta oğluna da şərait yaratmadı. Hər halda, yalan-doğru bu deyilənlər Georgi Tovstonoqovun teatr sənətindəki nəhəng yerini dar eləməz. Hazırda bu teatr onun adını daşıyır. Böyük rejissorun quruluş verdiyi tamaşalar Lenin (1958), Stalin (1950-1952) və Dövlət (1968, 1978, 1986) mükafatlarına layiq görülüb.

Onun müəllifi olduğu bu kitab hələ uzun illər sonra da teatr adlı çırağın işığında taleyinin yolunu tapan, teatr adlı ocağın istisində ömrünün rahatlığına qovuşan gənc rejissorlar və aktyorlar üçün minnətdarlıq yeri olacaq.

Minnətdarlıq demişkən, mən də, öz növbəmdə, bu vacib və böyük kitabın ərsəyə gəlməsində zəhməti olanlara minnətdaram. Bəhlul Abbasovun tərcüməsi, Nəriman Əbdülrəhmanlının redaktəsi ilə gözəl bir kitab bizə ərməğan olunub.

Təmənnam budur ki, xüsusən, gənc rejissorlar və aktyorlar bu kitabı oxusunlar. Yox, əgər oxumağa ərinmək mərəzindən hələ də sağalmayıblarsa, heç olmasa, altından xətt çəkdiyim bu hissələrə diqqət eləsinlər.

Gəncliyə, teatra və sənətə məhəbbətlə!

Kulis.az Georgi Tovstonoqovun "Səhnə güzgüsü" kitabından hissələri təqdim edir.

Aktyoru altıncı sinif şagirdinə çevirmək lazım deyil. Əksər ifaçılar təzədən başlarına ağıl qoyulmasını xoşlamırlar. Təcrübə göstərir ki, artisti başqa yolla da - ləyaqətinə xələl yetirmədən, yoldaşları arasında alçaltmadan da məqsədə çatdırmaq olar. Rejissorlar bəzən nəzakət qaydalarını gözləmir. Aktyorun üstünə "hücum çəkirlər". Aktyoru öz ideyası ilə "xəstələndirən" rejissor onu özünü fasiləsiz imtahan şəraitində hiss etmək və rejissor yozumuna məsuliyyətlə yanaşmaq üçün səfərbər etməlidir.

***

Teatr quruculuğunun təməlində kollektivin etik tərbiyəsi dayanmalıdır.

***

Artistdə qorxu hissi tərbiyə etmək olmaz. Guya tamaşa haqqında söylədiyi tənqidin onu teatr rəhbərliyinin gözündə bir müxalifə çevirəcəyi kimi yanlış fikirləri ifaçıya təlqin etmək yolverilməzdir. Əksinə, o, nöqsanları, çatışmazlıqları açıq şəkildə, qərəzsiz deməyə haqqı olduğunu daim hiss etməlidir. Cəsarət, şəffaflıq, prinsipiallıq heç vaxt yaradıcı kollektivi dağıda bilməz. Hərçənd, bəzi rəhbərlər bunun əksini düşünürlər. Əksinə, bu, üzvlərin daha da sıx birləşməsinə səbəb olacaq. Kollektiv üzvlərində hər bir tamaşaya görə məsuliyyət hissi tərbiyə etmək lazımdır. Biz çox vaxt tamaşa ilə bağlı sırf eqoistcəsinə narahatlıq keçiririk, ümumilikdə kollektivin marağı barədə düşünmürük. Tamaşada iştirak etməyən, yaxud "özünün" saydığı rolu ala bilməyən aktyor ən yaxşı halda, "neytral" vəziyyətinə düşür, ən pis halda isə, bədxah insana çevrilir. Bu, kollektivi daxildən parçalayır. Teatrda yalnız ümumi işin uğrunda kollektivin hər bir üzvünün könüllü marağı olduğu təqdirdə əsl yaradıcılıq mühiti yaratmaq mümkündür.

***

Bizdə hələ də nüfuz anlayışı yanlış başa düşülür. Rejissora elə gəlir ki, aktyorların təklifini qəbul etsə, kollektivin nəzərində nüfuzdan düşəcək.

***

Pyes tamaşasız mövcud ola bilər, amma pyessiz tamaşa mümkün deyil. Buna görə də biz dramaturqu teatrda birinci şəxs hesab edirik.

***

Məlumdur ki, teatr öz heyətini yeniləndirmədən yaşaya bilməz. Halbuki teatrda işləyənlərin bir çoxu incəsənət sahəsinin onlar üçün olmadığını çoxdan başa düşməliydi. Bunu isə təqaüdə çıxmalarına xeyli qalanda, peşələrini dəyişmək isə artıq gec olanda başa düşürlər. Məsələnin həllinin çətinliyi də bundadır. Bu məsələ dövlət səviyyəsində çox müdrikcəsinə, həssaslıqla, az miqdarda "insan itkisinə" yol verilməklə həll edilməlidir.

***

Başqa heç bir peşədə diletantlığın əl-qol açması üçün rejissor peşəsindəki qədər geniş meydan yoxdur.

***

Tamaşanın dəyərinin yeganə meyarı tamaşaçıya göstərdiyi təsirlə ölçülür.

***

Rejissor kollektivi cəlb edə bilirsə, kollektiv də rejissorun hökmünü yox, onunla birgə və onun ardınca getməyə özündə daxili tələbat duyursa, yalnız bu halda rejissor rəhbər olur.

***

Qətiyyən belə mövqedə dayanmayın: "Mən hər şeyi bilir və başa düşürəm, qabaqcıl metodla işləmək istədim, amma aktyorlar məni anlamır və heç nə bacarmırlar". İfaçıları günahlandırmaq, əlbəttə, çox asandır, ancaq bu, rejissora bəraət qazandıra bilməz. Unutmamalısınız ki, hələ heç özünüz də hər şeyi bilmirsiniz. Hər bir aktyor uğursuzluğuna görə rəhbər həmişə özünü günahkar saymağa borcludur.

***

Dramaturji əsərlə ilk tanışlıq məqamını mən çox məhrəm sayıram. Bilirəm ki, bəzi rejissorlar əsərlə tramvayda gedərkən, yaxud Mədəniyyət Nazirliyinin dəhlizlərində tanış olur. Mən heç vaxt belə hərəkət etməmişəm. Səhvə yol verməkdən qorxuram. İlk təəssürat anı çox vacibdir və çox zaman da bunu itiririk.

***

Dramaturqlar həmişə az olub. Dramaturji istedadlara çox nadir hallarda təsadüf edilir. Təəssüf ki, yaxşı pyes sarıdan həmişə korluq çəkirik. Dramaturqların bir-birinin səhvlərini təkrarlamasından, seçdikləri süjetlərin, qəhrəmanların, xarakterlərin bir-birinə çox oxşamasından isə heç danışmağa dəyməz. Başqa teatrları deyə bilmərəm, ancaq bizdə qalaq-qalaq pyeslər yığılıb qalır, ədəbi hissəyə sığmır. Hamı yazır. Əlbəttə, aralarında az-çox istedadla qələmə alınmış mətnlərə də rast gəlmək olur. Ancaq o pyeslərin əksəriyyəti sənətdən uzaq qələm təcrübəsidir. Sadəcə olaraq, bir çoxları dramaturgiyaya asan və gəlirli iş kimi baxır.

***

Böyük Dram Teatrında rol bölgüsü zamanı, demək olar, heç kəsin inciməməsinə nail olduq. İnciklik baş verəndə də çox uzun sürmür. Bunu necə yoluna qoyduq? Mən teatra gəlməzdən qabaq qəhrəman rollarının ifası ilə şöhrət qazanmış, "cəngavər" pyeslərində saysız-hesabsız rol almış artist uzun illər ərzində səhnə alçaqlığının sinonimi kimi tanınırdı. Həmin dövrdə o ən yaxşı rollarda çıxış etmişdi və faktik olaraq, necə deyərlər, qılıncının dalı da kəsirdi, qabağı da. Növbəti tamaşada həmin aktyor qüruruna toxunan üç dəqiqəlik epizodik rol aldı. Bu addımı düşünərək atdıq: məsələ ilə bağlı onun müraciət etməsini gözləyirdik. Amma gəlmədi. Niyə? Çünki məsələ qəliz idi, həmin dövrdə teatrdan 38 nəfər işdən çıxarılırdı. Görünür, o, sakitcə həmin kiçik rolu oynamaq və öz imkanlarını maksimum dərəcədə aşkara çıxarmaq qərarına gəlmişdi.

Başqa bir misal. Rus, Qərb, klassik və müasir repertuarlarda bütün baş qəhrəman rollarını oynayan qadın aktrisa rejissora qarşı kobudluğa yol vermişdi. Onu çağırıb düz iş görmədiyini, məşq zamanı rejissorun davranışını müzakirə etməli, onun işinə qiymət verməli yox, tapşırıqlarına qeyd-şərtsiz boyun əyməli olduğunu dedim. Aramızda belə bir söhbət olmuşdu:

- Başqa cür bacarmıram, - aktrisa dedi.

- Onda bir yerdə işləyə bilməyəcəyik, - cavab verdim.

- Mən də işdən çıxmaq barədə ərizə yazacağam! - o dedi və direktorun yanına getdi.

Amma mən imkan tapıb direktora zəng vurdum, xahiş etdim ki, ondan heç nə soruşmasın və mübahisəyə girişməsin, ərizəsinə qol çəksin. Belə də oldu, aktrisanın ərizəsi qəbul edildi. Bir saat keçməmiş o gəlib ərizəsini geri götürdü. O dövrdə qərara aldıq ki, bütün kollektivin xilası naminə, bəlkə də, yaradıcılıq baxımından lazımlı olan, amma kollektivin etik tərbiyəsi prinsiplərinin həyata keçirilməsinə maneə törədən ayrı-ayrı aktyorlarsız keçinə bilərik.

***

Sənətdə artıq adam olmaq istəmiriksə, onda gözəl keçmiş əyyamlardan bərk-bərk yapışmaqdan əl çəkməli, onu bu günümüzə zorla qəbul etdirməməli və sənəti geri aparmamalıyıq.

***

Təsəvvür edin ki, həkimlərin konsiliumunda iştirak edirsiniz, orada danışılanların çoxunu başa düşməyəcəksiniz. Teatrın bədii şurasının yığıncaqlarına gələn həkimlərsə tamaşanı bizimlə çox rahat şəkildə rahat müzakirə elə bilərlər. Niyə belə olur? Çünki ümumi söhbətlər aparırıq, müzakirələrimiz adi konfrans və disputlar çərçivəsindən kənara çıxmır. Biz konkret peşə söhbətləri əvəzinə pyesi şərh etməyi üstün tuturuq. Yəni burada da diletantlıqdan uzaqlaşa bilmirik.

***

Aktyorlarla işin xarakteri haqqında düşünərkən bu qənaətə gəlirəm ki, rejissorlar məşqlərdə həddən artıq çox danışırlar. Zənnimcə, məşq prosesində aktyor rejissorun söhbət etdiyini duymamalıdır. Kollektiv axtarış gedir, bu zaman müəyyənedici və istiqamətləndirici rol rejissora məxsusdur. Aktyoru təsirləndirmək, ona təbii yaşantıların mahiyyətini anlatmaq üçün isə heç də bu duyğuları oyadan bütün elementləri sadalamağa ehtiyac yoxdur. Başlıcası, onun təxəyyülünü oyatmaq, fikrini lazımi istiqamətə yönəltməkdir. Bəzən rejissorun aktyora düzgün fiziki hərəkəti monoloq əvəzinə ikicə sözlə başa salması daha faydalıdır. Uzun-uzadı şərhlər çox vaxt yaradıcılıq prosesinin pozulmasına səbəb olur.

Mən tez-tez məşqlərin qənaətbəxş, ya qeyri-qənaətbəxş olmağını nə qədər danışmağımla əlaqələndirirəm. Çox danışmışamsa, deməli, pisdir, deməli, o səhnədən istədiyimi ala bilmədiyimi sözlərlə ört-basdır edirdim. Rejissor səhnəni, tamaşanı, obrazı, xarakteri nə qədər dərindən görür, ritmi və gələcək tamaşanın bütün plastik tərəfini nə qədər dəqiq duyursa, bir o qədər az sözdən istifadə edir. Minimum söz bizim üçün qanuna çevrilməlidir. Əlbəttə, natiqlik məharətinə malik olmaq və erudisiyanı göstərmək çox xoş bir şeydir, ancaq bunun işin mahiyyətinə birbaşa aidiyyatı yoxdur.

***

Tamaşaların şərti formaları nə qədər gözlənilməz, dekorasiya və kostyumlar nə qədər cəsarətli və ya ənənəvi olsa da, artistin əsl həyəcan yaşaması, obraza girməsi yalnız bir şərtlə - onun təbiətə sadiq qalması ilə baş verir. Təbiət özünə qarşı xəyanəti heç vaxt bağışlamır.

***

Stanislavski işinə elə aludə olurdu ki, nəinki aktyorlara, hətta səhnəyə çıxardıqları canlı ata da arıları necə qovmaq lazım olduğunu göstərməyə başlayırdı. Stanislavski həm də qeyri-adi insan idi. Bəli, insan müqəddəs deyil. Hamı kimi onun da zəif cəhətləri var idi. Hətta ədalətsizliyə yol verdiyi vaxtlar da az olmayıb. Bəzən səbəbsiz-filansız çığırıb özündən çıxır, haqsızı qoyub haqlını danlayırdı.

***

Hər yeni tamaşa qarşıya yeni vəzifələr, yeni problemlər, yeni təşəbbüslər qoyur. Sənətdə daimi dühalar və əbədi gerçəklər yoxdu. Lakin əbədi dəyərlər və mütləq anlayışlar var. Burada dəyişməz meyarlar yoxdur, lakin dəyişməyən tələblər mövcuddur.

***

İncə, mükəmməl texnikan, hətta istedadın ola bilər, amma sənətkar olmaya bilərsən. Çünki insan həyatın ürək çırpıntılarını ən həssas barometr kimi duymursa, zamanın nəbzini tuta bilmirsə, onun yaratdıqları yalnız ağlının, təxəyyülünün məhsulu olacaq.

***

İdeyanın emosional yükü olmalıdır. O, sənətkarın duyğularını coşdurmalıdır. Tolstoy ona görə yazırdı ki, yazmaya bilməzdi. Bizdə isə çatışmayan, Tolstoy kimi öz ideyamızın dəlisi ola bilməməyimizdir. Sənət əsərinin gələcəkdə tamaşaçını heyrətləndirməsinin, sarsıtmasının səbəbi də elə budur. Biz - tamaşanı yaradanlar - ideyaya soyuq, mücərrəd yanaşırıqsa, onda hansı heyrətdən danışmaq olar?

***

Pyesin mənasının nədən ibarət olduğunu, nəyə görə məhz bu gün səhnəyə qoyulduğunu aydınlaşdırmadan, rejissor - hətta həddindən artıq istedadlı olsa belə - aktyorlarla və deməli, tamaşaçı ilə söhbət etmək üçün yetərincə məlumatlı olmayacaq. Bütün bunlar həqiqi yaradıcılığın ilkin şərtləridir. Rejissorun hazırlıqlı fəaliyyətinin qeyri-tipik, sırf peşəkarlıqla bağlı cəhətləri də həmin şərtlərlə müəyyənləşdirilir.

***

Yeni kostyumlar, səhnədə televizorun olması, bu günün hadisələrinin xatırlanması pyesi heç də müasirləşdirmir. Pyes yalnız o zaman müasir olur ki, əsərdə yeni dövrün insanlarından bəhs edilir; onlar keçmişdə olduğu kimi deyil, yeni əxlaq normalarına uyğun hərəkət edirlər; müasirlərinin dilində danışır, onlar kimi düşünür, eyni hissləri keçirirlər.

***

"Kütlə sarsaqlar yığınıdır" kimi təhqiramiz nəzəriyyəni, habelə "tamaşaçı mürəkkəb əsərləri başa düşmək iqtidarında deyil, ona bəsit, sadə tamaşalar lazımdır" kimi mənasız mülahizələri tamamilə kənara atmaq gərəkdir. Tamaşaçıya inamsızlıq - geniş yayılmış və ən qorxulu səhvdir.

***

Pis pyes və müasir olmayan pyes tamamilə fərqli şeylərdir. Müasir olmayan pyes istedadla yazıla bilər. Bu isə daha pis, daha təhlükəlidir.Yanlış ideya ideyasızlıqdan da təhlükəlidir. Yaxşı pyes qıtlığı həmişə var, teatrın isə çox böyük fəallıq göstərib belə əsərlərin yaradılmasına yardım göstərməli olduğunu hamımız gözəl başa düşürük.

***

Teatr rejissorsuz yaşaya bilməz. Teatra məhz rejissor rəhbərlik edir, onun yaradıcılıq yolunu müəyyənləşdirir. Teatr sənətinin bütün məsələləri istisnasız olaraq rejissordan asılıdır.

***

Əlbəttə, sıravi, peşəkar olmayan rejissor da bəzi şeyləri bilməlidir. Lakin o, istedadsızlığını enerjisi, yaxud həyasızlığı, üzlülüyü ilə, həqiqi biliklərdən məhrumluğunu isə iddiası, təşəxxüsü ilə pərdələyir. Beləsinin yaradıcı təxəyyülü yoxdursa da, əvəzində yaxşı yaddaşı var. Onu bəzən yeni başlayanlar arasında özünü bilici kimi qələmə vermək müyəssər olur. Ancaq belə rəhbərin nüfuzu tezliklə sabun köpüyütək partlayır, uğurlarının isə uydurma olduğu üzə çıxır. Rejissorluğu öyrətmək olmaz. Qabiliyyətli rejissora öz istedadını açmaqda yardım göstərmək, onu tamaşanın maraqlı həllinə yönəltmək, təhlükəli yanlışlıqlara yol verməkdən çəkindirmək olar. Müşahidə etmək, fantaziya qurmaq qabiliyyəti, təxəyyülü olmayan, yumor hissindən, temperamentdən məhrum, ritmi tuta bilməyən insandan heç vaxt rejissor olmayacaq. Bugünkü və gələcək teatrın taleyi daha çox rejissorlardan asılıdır, çünki teatrı yaşadan bütün elementlərin bünövrəsini bərkidən məhz odur. Yaxşı rejissor və yaxşı aktyorlar arasında konflikt yoxdur. İstedadsız, fərsiz rejissorla canlı, yaradıcı kollektiv arasında isə konflikt var.

***

Təəssüf ki, şəxsi qərarlarımıza vurğunluq, yozumumuza heyranlıq, işimizi tamaşaçıya tez-tələsik təqdim etmək bizə xas olan cəhətlərdir. Biz işimizdə başlıca fiqurun müəllif olduğunu unuduruq. O, iti gözə, həssas qulağa malikdir, pyesin məzmununu və formasını müəyyənləşdirən də odur. Bizim vəzifəmiz isə müəllifin fərdi düzənini, həmin pyesin xüsusi, təkrarolunmaz nizamını axtarıb-tapmaq, eşitmək, görmək, hiss etmək və bütün bunları səhnə dilinə çevirməkdir. Rejissor müəlliflə yalnız onunla eyni mövqedə durduğu zaman mübahisə edə bilər. Daha dəqiq desək, o, şəxsi mövqeyini - bu, müəllifin mövqeyi ilə üst-üstə düşürsə, müdafiə etməlidir.

***

Elə incəsənət sahələri var ki, orada qeyri-peşəkarlığı dərhal görmək mümkündür; məsələn, təsviri sənət, pianoçunun ifası, yaxud həyat üçün təhlükəli olan akrobatlıq sənətini götürək. Bizim peşəmizdə isə lap yüz il də işləsən, hətta fəxri adlar da alsan, həqiqi sənətkar olmaya bilərsən.

***

Teatrın işıqlarını dramaturq və rejissor birgə yandırmalıdır.

***

Müəllifin ideyasını və rejissorun fikirlərini əxz etmiş aktyorlar tamaşanın iştirakçıları deyil, yaradıcılarıdır.

***

Teatr insanlara dünyanı başa düşmək sevinci bəxş etməlidir.

***

İstedadlı adam həm də vicdanlı olmalıdır. Ancaq təkcə vicdanlı olmaq hələ istedad əlaməti deyil.

***

Həyatı elə olduğu kimi göstərməyi indi çoxları bacarır. Bu, asan işdir. Bəziləri incəsənətin vəzifəsini bunda görür. Bu, həddən artıq miskin roldur! Həyatın naturalistcəsinə, fotoqrafik inikası, həqiqətin bəsit şəkildə əks etdirilməsi üçün o qədər də istedad, ilham tələb olunmur. İncəsənəti bu yolla irəliyə aparmaq istəyənlər, ya bəsit, ya da qorxaq sənətkardır. Çünki ancaq qorxaqlar öz nöqteyi-nəzərlərini ifadə etməkdən çəkinirlər.

***

Teatr sənətində yeniliyin düşmənləri aktyor ifasındakı arxaiklik və rejissuradakı saxta novatorluqdur. Biz novator aktyorları çox az-az görür, psevdonovatorluq pərdəsi altında qoyulmuş tamaşalara isə tez-tez rast gəlirik.

***

Düşünürəm ki, çox vaxt gənc rejissorların əsas bəlası ifadə vasitələrinin amorf, formasız olmasına, əsərin mahiyyətinə uyğun gəlməyən rejissor priyomuna kor-koranə sitayiş etməyə həddən artıq aludəlik göstərməsidir.

***

Biz teatrı insan mənəviyyatının həyat laboratoriyasına çevirməyə çalışmalıyıq.

***

Müasir tamaşaçı "kinematoqraf" kimi düşünür. Müasir teatr müəllifləri, rejissorları, aktyorları da bu cür düşünməyə borcludurlar, amma öz fikirlərini də spesifik teatr vasitələri ilə ifadə etməlidirlər.

***

Məlum olduğu kimi, həm kino, həm də teatr eyni ədəbi mənbədən qaynaqlanır. Mövzu və süjet, ideya və xarakter seçimi incəsənətin istənilən növünün xüsusiyyətləri ilə məhdudlaşmır. Əlbəttə, pyes və ssenari ayrı-ayrı şeylərdir. Ancaq mahiyyət etibarilə ikisi də dramatik əsərdir. Müasir pyeslə müasir ssenari arasındakı fərq tədricən azalır.

***

F.M.Dostoyevskini teatr yazarı hesab etmək olar. Onun romanları heyrətamiz dərəcədə dramaturjidir. Lakin romanlarını səhnələşdirmək cəhdlərinin əleyhinə çıxıb. O hesab edirdi ki, romanın pyesə çevrilməsi üçün gərək süjeti, kompozisiyası, yaxud qəhrəmanların xarakterləri əməlli-başlı dəyişdirilsin.

***

Son illər teatrımızın inkişafında səhnə ilə ədəbiyyatın xüsusi əlaqələri aydın nəzərə çarpır. Teatrlar müasir və klassik nəsr əsərləri əsasında getdikcə daha tez-tez cəsarətli tamaşalar hazırlayır. Qədim səhnə sənətinin gələcəkdə ideya-bədii cəhətdən zənginləşməsi yalnız ədəbiyyatla teatrın qarşılıqlı əlaqələri sayəsində mümkündür.

***

Teatr öz təbiəti etibarilə müasirdir. Səhnəyə qoyulan əsərlər bu gün tamaşaçını narahat edən bu və ya digər məsələyə aydınlıq gətirməlidir. İnsanları düşündürən bir çox suallara müasir dramaturqlar hələ ki, cavab verə bilməyiblər. Biz o suallara klassik pyeslərlə cavab verə bilərik və bəzən bu, ortabab müasir pyesdən daha yaxşı effekt verir.

***

Teatr insanların məsləhət almağa gəldikləri hüquq məsləhətxanası, yaxud məlumat bürosu deyil. Teatr insanları maraqlandıran suallara cavab vermir. Teatr yalnız tamaşaçıya bu suallara özünün cavab tapması üçün yardım göstərir. Teatr bu və ya digər vəziyyətlərdə necə hərəkət etməyi deyil, necə yaşamağı öyrədir. Ənənə çox yaxşı şeydir, bir şərtlə ki, onu tarixən formalaşmış müdriklik kimi başa düşəsən. Ənənə qanunların, priyomların, qərarların toplusutək başa düşüləndə isə çox zərərli olur. Ənənə asanlıqla ştampa, keçmişə hörmət isə bu günə etinasız münasibətə çevrilir.

***

Teatr gündəlik olaraq öz təqvimini tamaşaçıların təqvimi ilə tutuşdurursa, teatrın zamanının yaşadığımız zamandan geri qalmamasını izləyirsə, hətta pyeslər çox keçmiş əyyamlarda yaranmış olsa belə, o teatrın tamaşaları qocalmayacaq.

***

Bir vaxtlar Ostrovski tamaşa zamanı səhnə arxasında gəzinir, Malıy Teatr artistlərinin əla nitqini dinləyirdi. Hələ bu yaxınlaracan düşünürdüm: teatr gör necə inkişaf edib, filan mövqe necə də köhnəlib, yəni hər şey qulaq üçün nəzərdə tutulub, gözlər üçünsə heç nə yoxdur. İndi isə başa düşürəm ki, Ostrovski çox haqlı imiş. Tamaşada plastik tərəf səhnədə cərəyan edən hadisələrin sadəcə anlaşılacağı həddə olmalıdır. Bundan artıq bir şeyə isə ehtiyac yoxdur.

***

Klassikanı müasirliklə heç bir əlaqə axtarmadan səhnəyə qoymaq daha rahat deyilmi? Klassikaya muzey münasibəti həm klassikanın özünə, həm də teatrlara böyük ziyan vurub, biganələşmiş tamaşaçıları öz məktəbli dürüstlüyü ilə ürküdüb.

***

Mən Stanislavskinin kəşf elədiyi aktyorluq sənəti qanunlarının sarsılmazlığına inanıram. Bu mənada ənənə məndən ötrü müqəddəsdir. Lakin Stanislavski bu gün yaşasaydı, bir çox məsələləri başqa cür həll edər, qüvvə və bacarığımız daxilində etdiyimiz kimi, o da axtarar, eksperiment aparardı.

***

İlham pərisi tənbəl adamlara qonaq gəlmir. Təxəyyülün işləməsi üçün səylə çalışmaq, daha çox "yanacaq" tədarük etmək lazımdır. Yalnız o zaman ilham qapınızı döyəcək. Rejissor gələcək əsəri dərhal görə bilməsə, ümidsizliyə qapılmamalıdır. Öz təxəyyülündən inciməyinə, onu əzişdirməyə, zorlamağa dəyməz. İşləmək lazımdır. Rejissorun və onun artistlərinin yaradıcı qabiliyyəti, tükənməz həvəsi varsa, ilham mütləq gələcək.

***

Müasir teatr rejissoru kino, televiziya, rəssamlıq, ədəbiyyat, musiqi sahələrində yeni yaranan ifadə vasitələrini nəzərə almadan fəaliyyət göstərə bilməz.

***

Mənə elə gəlir ki, yozum yalnız gözləri görən kar da, qulağı eşidən kor da onu başa düşdüyü vaxt yozum olur.

***

Əlbəttə, səhnədə başlıcası sözdür, çünki əsərin məna tərəfini söz vasitəsilə başa düşürük. Amma söhbət səhnə ifadəliliyindən gedəndə yalnız sözə bel bağlamaq olmaz. Emosional - obrazlı quruluş verilmiş tamaşada söz ifadə komponentlərindən yalnız biridir. Vacib, birinci dərəcəli olsa da, yeganə ifadə vasitəsi deyil. Buna məhəl qoymamaqla teatrın tamaşa təbiətini öldürərik.

***

Rejissorluq praktik sənətdir. Onu öz təcrübən əsasında mənimsəmək daha yaxşıdır. Bu, asan məsələ deyil, çünki sənətkar öz yaratdığı haqqında obyektiv fikir söyləyə bilməz.

***

Rejissor üçün təxəyyülünün aktyorlara da sirayət etdiyi, tamaşanın bütün iştirakçıları ilə quruluşçusu arasında gözəgörünməz körpülərin yarandığı səmərəli məşqdən daha böyük sevinc yoxdur.

***

Şəxsən mən bu fikirdəyəm ki, dırnaqarası rejissor eksplikasiyaları kökündən ziyanlıdır: qətiyyən hazırlığı olmayan, hələ əsərin ruhuna və mahiyyətinə varmayan yaradıcı kollektivə gələcək tamaşanın nəticəsi hazır şəkildə təklif edilir. Bununla da canlı yaradıcılıq prosesində kollektivin iştirakı istisna olunur. Kollektivdə belə bir təsəvvür yaranır ki, artıq rejissorda hər şey hazırdır, buna görə də onlar hər hansı axtarışlardan özlərini azad sayırlar.

***

Rejissor heç bir vəzifəsini aktyorun fikrini nəzərə almadan gerçəkləşdirə bilməz.

***

Səhnə oyununun hər dəqiqəsi, hər saniyəsi fasiləsiz döyüş deməkdir. Rejissor yadda saxlamalıdır ki, ümumiyyətlə konfliktsiz səhnə həyatı yoxdur.

***

Ümumiyyətlə, "Mən əməli təhlil metodu ilə işləyirəm" deməyə özündə cəsarət tapan rejissorun üzərinə çox böyük məsuliyyət düşür. Məncə, bunu söyləmək də elə "mən Stanislavski sistemi ilə işləyirəm" iddiası qədər risklidir. Şəxsən mən, məsələn, "əməli təhlil metodu ilə işləyirəm" deməyə risk etmir, yalnız gündəlik məşq təcrübəmdə həmin metoda yaxınlaşmağa çalışıram.

***

Rəssam bu və ya digər pyes mövzusunda rəsm yaradırsa, bu həmişə tərtibatın mənzərəli, ikiölçülü həllinə gətirib çıxarır. Səhnə isə üçölçülüdür, rəssam da tərtibat verərkən səhnənin məlum xüsusiyyətlərini mütləq nəzərə almalıdır. Bu çatışmazlıqların kökləri rəssamların tədris sistemində axtarılmalıdır. Bizdə səhnə texnologiyaları ilə yaxşı tanış olan, quruluş işçiləri hazırlayan tədris müəssisələri var. Bəzi ali məktəblərdə teatr rəssamlarının tədris spesifikası rəssamların da həmin peyzajları çəkmələrindən, amma həmin əsərlərin bu və ya digər pyesin mövzusu əsasında olmasından ibarətdir. Nəticədə institutdan sənətimizin təbiətini başa düşən teatr rəssamı deyil, adi rəssam, mənzərə çəkən sənətkarlar çıxır.

***

Şəxsən mən müstəqil bədii dəyərə malik, hazır, bitkin eskizlərdən qorxuram. Onlar elə müstəqilliklərinə və dəyişilmə perspektivi olmadığına görə təhlükəlidir.

***

Mənə elə gəlir ki, hələ məşq prosesimizdən əvvəl rəssamın tərtibat yaratmağa başlaması tamaşanın düzgün plastik obrazının tapılmasına heç də həmişə yardım etmir. Yalnız tamaşa üzərində iş prosesində nəinki bütövlükdə tamaşanın, həmçinin ayrıca epizodların yozum işartıları görünməyə başladığı təqdirdə mühiti dəqiq müəyyənləşdirmək və rəssam qarşısında düzgün vəzifələr qoymaq olar. Bu halda rəssam rejissordan tapşırıq almamalı, özü bilavasitə məşq prosesində iştirak etməlidir.

***

Mənə elə gəlir ki, teatrın əyləncə müəssisəsi olmasına son qoymaqdan, teatrın canlı bədii orqanizmə çevrilməsindən ötrü bütün imkanlardan yararlanmaq lazımdır. Qəbul edilmiş tipik normalar rəhbər orqanların işini yüngülləşdirir, belə "yüngülləşdirmə" isə bəzən teatr sənətinin çox cansıxıcı və perspektivsiz fəaliyyətinə gətirib çıxarır.

***

Teatr studiya, məktəb, institut deyil. Burada əsas məşq prosesidir. Elə etmək lazımdır ki, hər bir məşq yüksək tələbkarlıqla keçsin, qarşıya qoyduğun məqsədə hələ çata bilmədiyini hər an hiss edəsən.

***

Kollektivin uğurlardan qürrələnmək ruhunda tərbiyə edilməsi çox pis nəticələrə gətirib çıxara bilər. Rəhbərin vəzifəsi kollektivdə narazılıq hissini oyatmaqdan ibarət olmalıdır. Çalışmaq lazımdır ki, tamaşanın uğur qazandığına baxmayaraq, hələ çox şeyin lazımi səviyyədə alınmadığını, görüləsi çox iş olduğunu kollektiv özü hiss etsin, başa düşsün. Bunun üçün isə rəhbərin özü də içindəki arxayınlıq hissinə üstün gəlməli, ifaçıların tənqidi qeydlərini özünə qarşı güllə yağışı kimi qəbul etməməlidir.

***

Bəzən rejissorlar hər hansı rol ilə bağlı onlarla konfliktə girməyə hazır olan insanlara iş verməklə kollektivdə özləri üçün yetərincə sakit həyat təmin edirlər. Bunu tamamilə yanlış hesab edirəm. Onsuz da hamını eyni vaxtda susdurmaq mümkün deyil, belə rejissor gözünü açmağa macal tapmamış onu didib-parçalayarlar. Artistlər rejissorun müəyyən bir pyesi kiməsə "yarınmaq üçün" seçdiyini hiss edən kimi, o, dərhal özünün yolverilməz prinsipsizliyinin qurbanına çevriləcək.

İşıq və qaranlığın rəqsi: Kamal Abdullanın "Bir-iki bizimki" pyesinin sirri “Mədəni irsini qoru” layihəsi “Zərgərpalan” hamam kompleksində Növbəti “Peşəkar teatr dərsləri” Qazaxda təşkil olunacaq
seeBaxış sayı:69
embedMənbə:https://kulis.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri