Icma.az
close
up
RU
Sənət Allah üçündür Tanrıverdi Əliyev

Sənət Allah üçündür Tanrıverdi Əliyev

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Tanrıverdi Əliyevin yeni yazısını təqdim edir.

Ədəbiyyatda bir neçə mövzu var ki, yazıçılar o mövzulara fərqli aspektlərdən yanaşır. Bu mövzulardan ən önəmlisi Tanrıdır. İslam intibahında keçən Tanrı anlayışı daha çox qüdrətli, hər şeyin yaradıcısı olan ali varlıq kimi təsvir edilir. Eynilə teizm fəlsəfəsinin bizə təqdim etdiyi Tanrı anlayışı kimi. Bu anlayışda yeri, göyü yaradan, hər şeyin səbəbi olan ən uca varlıq Allahdır. Daha çox biz bu baxış bucağına intibah dövrünün romantiklərindən olan Nizami Gəncəvi, Əbülqasım Firdovsi kimi böyük şairlərin minacatlarında rast gəlirik.

Sən, ey bütün varlığa həyat verən, can verən!
Gildən yaranmışlara nəfəs verən, qan verən!
Fitrətin səkil göydə yaratsa əks-səda.
Səndən başqa kim deyər: "Allah, mənəm" dünyada.

(Sirlər Xəzinəsi)

Şərq intibahından sonra cərəyan edən irfan və təsəvvüf hərəkatları artıq Allaha rasional və fəlsəfi baxış bucağı deyil, irrasional və eşq aspekti ilə nəzər yetiriblər. Yəni təsəvvüf və irfandakı halü-qal, Allahın eşqində fəna-fillah olmaq şairləri daha hissi və irrasional şeirlər yazmağa sövq etmişdir. Eyni zamanda Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz" əsərindən təsirlənən ariflər artıq irfani və sufi məsələləri lokallaşdırmağa, bir sözlə hər təriqətin sufiyanə alleqoriyalarını yaratmağa səy göstəriblər. Həmçinin onu da söyləyə bilərik ki, o dövrün təsəvvüf əhli İbn Ərəbinin "Futuhatut-Məkkiyyə" əsərində irəli sürdüyü Vəhdətül-vücudun( Vacib vücudun vəhdəti) romantikasına qapılıblar.

Məsələn; Yəsəvilikdə eşq Allaha olan dərin sevgini, Səfəviyyədə Hz.Əlini (Eşq əleyhissəlam deyirlər ona), Mövləvilikdə Allah qatına gedilən yolu, müxtəlif təriqətlərdə zikr zamanı trans vəziyyətdə olmağı və ya Allah qatını ifadə edir.

Gər Əlinin mülki-insandır yeri,
Dər həqiqət ərşi-Rəhmandır yeri,
Ey Xətayi, kimdə varsa mehri-Əli,
Rəhməti həqq, baği-rizvandır yeri.

(Şah İsmayıl Xətayi)

Qeyd etdiyimiz kimi səfəviyyə təriqətində Allahın eşqinə (həqiqət mərtəbəsinə) çatmaq üçün Əhli-beyt imamları vəsilə olur. Şeirdən də görüldüyü kimi Xətayiyə görə Həzrət Əli Allah ərşinin həqiqət qapısıdır, yəni ilahi eşqə gedilən təriqət yolu Hz. Əlidir.

Təsəvvüf ədəbiyyatında can, canan, sevgili, yar kimi sözlər də Allaha nisbət verilən sifətlərdən biridir. Allaha olan eşq, irfani sevgi qeyd etdiyimiz alleqorik sözlərlə ifadə olunur.

Sevgilim bir köşədən özünü göstərmək ilə
Bu gecə ay nurilə tamam oldu, tamam.
Səcdə fərz oldu Onun ismini təkrar edərək
Bu gecə badə kimi yuxu haram oldu, haram

(Mövlanə Cəlaləddin Rumi- Məsnəvi)

Yar ilə barışacaq bu can.
Gözəl cəmalından ayrılmayıb.
Könlümlə onu sevəcəm mən
Sevəcəm mən, sevəcəm mən.

(Yunis Əmrə)

Yunis Əmrənin bu klassik təsəvvüf ədəbiyyatında yar-ayrılıq məsələsinə nümunədir. Belə ki, təsəvvüfdə ayrılıq mövzusu insanın Allah qatından ayrılıb, yerə gəlməsinə işarədir. Qovuşmaq isə öldükdən sonra ruhun Allah qatına yüksəlməsidir. Digər məsələ isə budur ki, irfana görə insan, əslində, Allaha qovuşduqda, yəni həqiqətə vaqe olduqdan sonra ayılacaqdır. İbn Ərəbinin dediyi kimi "insan mərifət mərtəbəsinə yüksəldikdə, dünyadakı vəziyyətinin bir növ yuxu olmasına inanar. Real dünyada, əslində, yuxulu olduğuna qənaət gətirər".

Allahın sifətlərinin hürufizmdəki tərifləri Nəimi, daha sonra isə Nəsimi vasitəsilə nəzmə çəkilib. Nəsiminin estetikasında həm fəlsəfə, həm hüruf elmi, həm də irfani dəyərləri müşahidə edirik. Məşhur "Sığmazam" şeirinə müraciət edək.

Ərşlə fərşu kafü-nun məndə bulundu cümlə çün,
Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam.

(İmadəddin Nəsimi )

Beytdə Ənəlhəqq, yəni haqq mənəm ideyası təbliğ edilir. Əslində, bu ideyaya görə, Allahdan başqa heç bir varlıq yoxdur və bütün maddi aləm onun surətlərinin təcəllisidir. Nəsimi də bu poeziya nümunəsində Allahın 1001 sifətindən olan Əkbər (böyüklük) və Vahid (təklik) surətlərini təsvir edib. Ərşdən (göydən) fərşə (xalça) qədər, kaf və nun cümlə kimi məndə sığır. Kövn və kun sözləri ilə paraleldir. Kövn varlıq, kun varolma mənalarını ifadə edir. Kainat da bu sözlərdən ərsəyə gəlir, yəni varlıq aləmi deməkdir. Lakin mən o qədər böyüyəm ki, şərhə, bəyana və izaha sığmazam. Bir sözlə, Nəsimi burda III şəxsin təki vasitəsilə (Allahın adından) fikirlərini çatdırıb. Bu fəlsəfə, əslində, Hz. Əlinin "Ey, o kəs ki, ondan başqa o yoxdur" hədisinə əsaslanır.

Məhəmməd Füzuli isə öz müasirlərindən həm estetik, həm də düşüncə baxımından biraz fərqlidir. O, poeziyada bədii təsvir və ifadə vasitələrini geniş şəkildə istifadə edərək xariqələr yaradıb. Onu da qeyd edək ki, Füzulinin hər-hansısa bir sufi təriqətinin üzvü olmasına dair konkret mənbəyə rast gəlmədik.

Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda!
Saliki-rahi-həqiqət eşqə eylər iqtida.

(Eşq aşiqlər üçün hidayət yolunu işıqlandırdı,
Əsl həqiqət aşiqləri eşqə iqtida edənlər yəni tabe olanlardır)

(Məhəmməd Füzuli)

XX əsrdə klassik ədəbiyyat artıq öz qüvvəsini modernist ədəbiyyata həvalə edərkən əksər mövzular da müasir ədəbiyyata sirayət olunmuşdur. Bu mövzulara baxış bucağı artıq dekadentçi, parnasist, sürrealist, magik realist, ekspressionist və postmodernist şəkildə özünü göstərib.

Antroposentrizm, yəni insanmərkəzçiliyin özünü göstərməsilə insanın Tanrı ilə olan münasibəti bir növ, səmimi və insani dostluğa çevrilib. Bəzən bu dekadans aspekt antropromorfizmlə qarışdırılır. Antropomorfizm, əslində, Tanrının insan vəziyyətinə düşməsidir, məsələn, qədim Misir tanrısı Ptahın bütünü nümunə vermək olar. Dekadans səmimiyyət isə Allahın böyüklüyünə və gözəgörünməzliyinə inanır, lakin insanlardan qoparaq Allahla insani zarafat edərək Tanrı-İnsan subordinasiyasının hüdudlarını sındırır. Bir növ, bunu Mövlanə Ruminin "Məsnəvi" əsərindəki Musa və Çobanın söhbəti mövzusuna bənzətmək olar. Belə ki, əsərdə Çoban Allaha dua edərək deyir ki, mən səni sevirəm, sənin saçlarını darayaram, ayaqqabılarını təmizləyərəm, sənə süd verərəm. Lakin bu mövzuda Çoban Allaha daxildən gələn şövqlə dua edir. Əslində, Çoban Allahın böyüklüyündən xəbərdar idi, lakin savadsız və avam olduğu üçün o şəkildə dualar edirdi. Modernist münasibətdə isə savadlıdır və Tanrı ilə bilərəkdən dostyana zarafat edir, burda daxildən gələn imandan söhbət getmir. Bu ədəbiyyata biz Vaqif Səmədoğlunun, Ramiz Rövşənin və Salam Sarvanın şeirlərindən misal verə bilərik.


İlahi, səndən də sındı ürəyim,
Məni küsdürənin yekəsi sənsən.
Dünyanın ən uzaq… ələ gəlməyən,
Boğazdan keçməyən tikəsi sənsən.

İlahi, küssəm də səninəm yenə,
Gözün axıracan üstümdə olsun.
Bu sonsuz dünyanın son nöqtəsinə,
Gedib çıxanacan üstümdə olsun...

Mən sənin yanına uça bilərdim.
Uçmuram, beləcə küsüb gedirəm.
Mən sənin sirrini aça bilərdim,
Açmıram, beləcə susub gedirəm.

(Ramiz Rövşən)

Məşhur türk şairi Nəcib Fazilin bir sözü var: "Sənət nə sənət, nə də cəmiyyət üçün, sənət yalnız Allah üçündür". Ramiz Rövşənin bu şeirindən eynilə "sənət Allah üçündür" estetik ideyasının ətri gəlir. Lakin bu şeirdə dekadans səmimiyyət, Allahla dostyana zarafatlaşma, Allaha naz etmə, küsüb-barışma kimi məsələlər özünü göstərir. Ancaq belə şeirlərdə estetikadan öncə etika ön plandadır. Tanrı ilə səmimiyyət qurmaqla yanaşı etikanı da qorumaq lazımdır.

Modernist poeziyanın həm quruluş, həm də ideya qanunlarına əməl edən Vaqif Səmədoğlunun da poeziyası intellektuallıq+teizm+modernizm düsturu ilə ərsəyə gəlib. Şair öz ölümünü Allaha qovuşmaqla ifadə edib və dostcasına səmimiyyət yaradıb. Sanki şair neçə ildir görmədiyi öz dostu ilə görüşməyə hazırlaşır.

Allah,
Nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq
neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?

(Vaqif Səmədoğlu)

Müasir Azərbaycan ədəbiyyatdında Tanrıya sürreal baxış bucağı Salam Sarvanın yaradıcılığında özünü göstərir. Sayıqlama, təzadlılıq, qarabasma, qorxulu röyalarla( kabus) Allaha xitab etmək sürrealizmin estetik görüşüdür.

Sac üstə qovrulan qar dənəsiyəm,
Bilmirəm yaydımı, ya qışmı indi.
Allah, mən içimi yedim, qutardım,
bu dəri süfrəni yığışdır indi.

(Salam Sarvan)

Şeirdən də göründüyü kimi şair sanki birinci və ikinci misralarda dərin sayıqlama içindədir. "Sac üstündə qovrulan qar dənəsiyəm" misrası isə absurdist təzadlılıq yaradır. Üçüncü və dördüncü misralar sürreal, yəni fövqəlgerçək fikirlər ilə zəngindir.

Ədəbiyyatda postmodernizmlə birgə ironiyanın gəlişi də Tanrıya kinayəli aspektdən nəzər etmək dəb halına çevrilib. Müasir ədəbiyyatımızda postmodern poeziyanın əsas nümayəndələrindən olan "biz ən böyük qorxumuzun adını Tanrı qoymuşuq", "mən sənsizliyin ateistiyəm" kimi dağıdıcı fikirlər irəli sürən Aqşin Yeniseyin estetikasında ateizm+intellektuallıq düsturunu müşahidə edirik.

İlahi, bəndələrin yerdədir,
sən göydə nə gəzirsən?!
Gəl bir insan ömrünü
yaşa görüm, dözürsən?!

(Aqşin Yenisey)

Şeirdə ritorik şəkildə Allaha ünvanlanan suallar daha çox diqqət cəlb edir.

Nəticə olaraq onu deyə bilərik ki, İslam intibahı dövründə Allaha rasional-fəlsəfi baxış bucağından yaranan xitab təsəvvüf dövründə irrasional irfani hisslərlə dəyişib. Daha sonra modernist və postmodernist axımların gəlişi ilə dekadans səmimiyyət, intellektuallıq, üsyankarlıq kimi məsələlər gündəmə gəlib. Müasir dövrün yeni yaranmış metamodernizm cərəyanında isə keçmiş həyat və gələcəyin sintezi ilə Allaha xitabedici əsərlər yaratmaq olar. Biz bu cərəyanda bir şeiri oxucularımıza təqdim edirik.

Allahdan gələn mesajı oxumamaqmı?
Yoxsa, həqiqəti bloklamaqmı?
Günahkarlıqdır?!
Bir vaxt ibadət etdiyim otaqda
indi mesajlaşıram.
Yaxınlarla uzaqlaşıb, uzaqlarla
yaxınlaşıram.
Deyəsən, dünyanı unuduram,
Rəqəmsal aləmin arasında.
Bir vaxtlar üzüm nurlu idi,
İndi ekran üzümü işıqlandırır.
Quranı vərəqləyən barmaqlarım,
İndi klaviyatura ilə oynaşır.
Boş otaqda heçnə etmirəm,
Nə pislik, nə yaxşılıq
Əməl dəftərimə qayıblar yazılır.
Arada Allahı xatırladır,
Whatsappda ilişib qalan
Bir vaxtlar canlı-canlı eşitdiyim ölülərin səsləri...

(Tanrıverdi)

Bu şeir haqqında düşüncələri artıq dəyərli oxucularımıza həvalə edirik.

Ermənilər üçün kitab imzalamaq istəyirəm Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - Səbəbini açıqladı Quduzluğa yoluxub vəfat edən yetim dahi - Qırmızı ölümün hökmranlığı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 Yanvar 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see644

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see449

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see420

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see395

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see230

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see225

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see220

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see215

“Mirzə Əsgərov bizim üçün əziz dost, dəyərli ziyalı və nümunəvi vətəndaş idi” VÜQAR RƏHİMZADƏ

07 İyul 2026 16:50see214

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see202

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see184

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see182

İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08 İyul 2026 03:58see168

YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu FOTO

07 İyul 2026 19:08see167

İyulun 7 8 də Günəş aktivliyi artacaq

07 İyul 2026 19:30see161

Prezident yeni cərimələri TƏSDİQLƏDİ

07 İyul 2026 16:05see161

Azərbaycan ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə edildi

07 İyul 2026 19:13see155

Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb

08 İyul 2026 05:04see154

Geosiyasi gərginlik fonunda neft qiymətləri yüksəldi

08 İyul 2026 06:27see150

Rusiya Azərbaycana izahat verməlidir

07 İyul 2026 08:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri