Icma.az
close
up
RU
Səni sevməkdən də vacib işlərim var... Qulu Ağsəs

Səni sevməkdən də vacib işlərim var... Qulu Ağsəs

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Bu gün şair, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəsin doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və şeirlərini təqdim edir.

***
Hava haqda proqnozu -
buluddan öyrən,
ayının ağız dadını -
armuddan öyrən.
Ustanın əl işi -
şəyirddi,
davadan gələn xəbər -
şəhiddi.
Külü ancaq göz yaşı -
təzədən alov eləyər,
oxa bələdçiliyi -
ov eləyər.
Cənnətin qapısını döyən -
demək, orda deyil,
arxada qalan göz -
düz yolda deyil.
Ba-ax, ikisi də tərs keçidi:
biri -
gündüzdü,
biri -
gecədi.
Gecə -
səhəri su kimi üzünə çəkər,
Gündüz -
gecənin çiynindən ulduzları sökər.
***

Bir də baş qoşan deyiləm
gecə ulduza, Aya,
Aldığım son xəbəri də
verdim getsin yuxuya.
Yatmamış instaqramdakı
hekayə nəydi - baxdım,
Bu arada votsapa da
barmağım dəydi - baxdım.
Baxmaqdan ağı qarışdı
gözümün qarasına
Tez uzandım... siqnal girdi
yuxumun arasına.
Düşündüm, görən O neynir,
hardan tapır dincliyi?
Gecə Ona,
gündüz Ona,
saat Ona işləyir!
Pəncərəmdə Günəş doğdu -
üzünə töküb telin,
Olan-qalan ağlımı da
qarışdırdı sübh yeli.
Uzaqda göy guruldadı
qəfil, yağış çilədi
Qalxıb fərman imzaladım,
hamını əfv elədim...

***
...Və bir gün qərq olarsan sulara
burulğan çəkər aşağı,
arxanca hürüb ağlaşar
suiti uşağı...
Burda köməyə kimi çağırasan -
qalarsan gözünü döyə-döyə,
başını balıq ağzından çıxararsan
dişin dişinə dəyə-dəyə.
Saçların quruyar qorxudan
yolarsan, bir ocaq catasan,
əlin gedər alışqan
qoyduğun cibə...
"Sənə lazımıydı,
siqareti atasan?!"

***
Dirəşmisən ki:
sevgi nədi,
mənə anlat!
Döyüşdə
son patronunu
beyninə sıxacaq qədər
cəsur əsgərə,
sülh zamanı
göyərçin xanıma
"patron" dedirəcək qədər
məsumdu həyat...
Görürsən,
səni sevməkdən də vacib
işlərim var əlimdə,
amma yenə səni sevirəm...
tənbələm dəəə!

***
Güzgü qabağında
ağlayar gözəllik -
boyası qarışmasın deyə;
Qapısını əlcəklə
bağlayar yalan -
birdən tüpürən olar dəstəyə;
Gecələr sürətini
azaldar dünya -
əyləcin işığı düşər göyə;
Və çox şeyi görər əhli-hal -
amma qarışmaz çox şeyə...

***
Hər gözünü sıxanda şəhid anası
əri dişini sıxar:
"Olmadı,
bu ki olmadı!".
...Dörd şəhid atasının
dişlərini saydım
otuz iki olmadı...

***
Çətirim səma,
"Yaxşı qalmısan!"
nə tez oxşadı
"Yaxşı ki, qalmısan"a?!
Səma çətirim,
bir inandığına
bir də inanmaqdı,
bir sevdiyini
biryolluq sevməkdi -
ən çətini...
Çətirim,
səmam,
üzünə baxdım,
halım qarışdı,
əynini qalın elə,
sənin də üst-başın yaşdı...

***
Əkinçinin
havaya atdığı
bir ovuc toxumdu ulduzlar -
bar vermədiyindən qızarar.
...Şeir sirdi, Adam,
sirri bağırmazlar -
ulduzlardan utan...

***
Günəş
meşənin üstündən
çəkdi duman-pərdəni
öz şöləsiylə,
quşlar səhnəyə çıxdı
yarpaqların alqış səsiylə...
***
Dönüb baxırsan ki:
sevgidə üçüncü yox,
ikinci adam artıqmış...
Unudun rəvayəti,
yalandı "Leyli və Məcnun" məhəbbəti,
var Məcnun sevgisi:
- hansı Məcnun?
- Leyli Məcnun!
var Leyli sevgisi:
- hansı Leyli?
- Məcnun Leyli!..
Şeirdə artıq sözü
kəsib atırdım bir vaxtlar,
indi baxıram,
şeirdə bütün sözlər artıqmış -
sevgidəki ikinci adam kimi.
...Gəl, təzədən yaşayaq şeiri,
Gəl, təzədən yazaq sevgini...

***
Gül uzadır
başdaşındakı şəklə
üç yaşında uşaq:
- Ata, ata,
anam almır,
gedək, sən mənə velosiped al da!..
Minaaxtaran
İyirmi ildi
ayağının ağrısından
gecələr yuxu getmir gözünə,
son vaxtlar
maraqlı türkəçarə tapıb özünə:
arvad-uşağı
şənbə-bazar bir yanda azdırır
çəkilir şəhər kənarına -
evdən gətirdiyi bir balon sidiyi
ocaqda qızdırır...
Sonra baxır havalı kimi,
sidiyi iki əskiyə süzür
dədə malı kimi.
Birin sağ qıçına bükür
(bükdükcə ödü ağzına gəlir),
o biriynən
sol qıçını kəsdiyi bıçağın
tiyəsini silir...

***
Ümidimi ütüləmişdim
barmağımı cütləmişdim
subay vaxtı:
iki oğlum olasıdı
birinin adı Tezol,
birinin adı Təkər.
Tezol -
zamandan iti,
Təkər -
maşından yekə.
...Qayğılar basdı başımdan
özümü güclə atdım
zaman - maşından.
Baxdım ki,
aləm qarışıb,
ümidimin ütüsü cəhənnəm
barmağımın cütü qırışıb!
Baxdım ki,
ömür yarıda...
...qızımın adın Su qoydum
ciyərim yanırdı övlad sarıdan...

***
Bu dünyada
heç kəsə demədim...
O dünyada soruşsalar:
sən kimsən?
- Gözümü yumub,
ağzımı açacam!
Deyəcəm ki:
altındakı skamyada
bir yol özü oturmayan
yorğun ağacam...

***
Çox da salıb dünyanı eynəyim gözdən - noolar
Ağız suyuyla bitir dodaqda söz də - noolar...

Ölüm nə çətin işdi, gör nə gözəl cəzan var,
Dörd tərəfin köpəksə, demək, mühafizən var...

Yer tərpənir - tərpənsin, sallanarsan budaqdan
Bir də gördün əl edir kimsə sənə uzaqdan...

Nə lazım, uzaqbaşı bircə otağın ola
Gecənin bir yarısı qəfil qonağın ola...

Sevəsən bu gəlişi başdan-ayağa kimi
Küsdürəndə ağlaya qoynunda çağa kimi...

Gedəndə könlünü də yalvar-yapış apara
Gün görməmiş dərisin gün çıxmamış apara...

...Gedə, bir də qapından əcəl girəndə gələ
Günəş xəstə dünyaya şüa verəndə gələ...

Russel Brand haqqında ittiham Virtual qara dəlik, insel və sevgisizlik - Uşaqlar qatilə necə çevrilir? "Molla Nəsrəddin" necə Allahsızlar İttifaqının orqanına çevrildi?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Aprel 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri