Separatçıların məhkəməsi davam etdirilir: Ermənistanın hərbi cinayətlərindən danışdılar FOTO
Icma.az bildirir, Yenicag portalına istinadən.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 17-də davam etdirilib.
Yenicag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Budəfəki məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyana dövlət ittihamını müdafiə edən prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçiləri tərəfindən suallar verilib.
Təqsirləndirilən şəxs ona cinayətkar birliyin tərkibində funksiya və vəzifələr, Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində hakimiyyətin zorla ələ keçirilməsi, o cümlədən Ermənistanın rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərmiş qondarma rejimdə hərbi birləşmələr və “ordu”nun fəaliyyəti, hərbi xidmətkeçmə qaydaları, işğal altındakı ərazilərə silahların danışması və yerləşdirilməsi, qondarma rejimin “ordusu”nda “rütbələr”in verilməsi, “vəzifələr”ə təyinatların aparılması və “vəzifə”dən çıxarma, “ştat vahidləri”nin təsdiqi, maliyyənin ayrılması, Qarabağdakı hərbi qulluqçulara “əməkhaqqı”nın ödənilməsi, hərbi təlimlərin və toplanışların keçirilməsi, hərbi qulluqçuların məsuliyyət məsələlərinin həlli, həmin proseslərdə Ermənistan dövlətinin, onun dövlət qurumlarının, silahlı qüvvələrinin, yüksəkvəzifəli şəxslərinin rolu və iştirakına dair suallar ünvanlanıb.
Təqsirləndirilən şəxs Levon Mnatsakanyan Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavab verərkən Qarabağda hərbi xidmətə 1992-ci ildə başladığını və həmin il oktyabrın 2-də döyüşlərdə yaralandığını, 1993-cü ildən 2012-ci ilədək qondarma qurumun “ordusu”nda hərbi xidmətini müxtəlif vəzifələrdə davam etdirdiyini, sonra isə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini təyin olunduğunu bildirib. 2015-ci ildə həmin vəzifədə çalışan təqsirləndirilən şəxs vaxtilə işğal edilmiş ərazilərdə mövcud olmuş qondarma rejimin “müdafiə naziri” – “ordu komandanı” “vəzifəsi”nə təyin olunduğunu deyib. Bildirib ki, sonradan Ermənistanın müdafiə naziri təyin olunan Seyran Ohanyan da əvvəlcə qondarma rejimdə müxtəlif “vəzifələr” tutub. “Qarabağdakı “vəzifələr”dən əvvəl isə o, 366-cı alayda tabor komandiri olub”, – deyə Levon Mnatsakanyan əlavə edib.
O etiraf edib ki, qondarma rejimin “ordusu”nda yüksək vəzifələrə təyinatlarla bağlı qərarlar Ermənistanda verilib. Polkovnik-leytenant və daha yuxarı rütbələr üzrə vəzifələrin təyinatını Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, müdafiə naziri və prezidenti edib. “Mən isə “ordu”nun “komandiri” kimi mayor daxil olmaqla, ondan aşağı vəzifələrə təyin edə, mayora qədər rütbə verə bilərdim”, – deyə o bildirib.
Təqsirləndirilən şəxs əlavə edib ki, qondarma rejimin “ordusu”nun maliyyə məsələləri Ermənistanın Müdafiə Nazirliyi, silah-sursat isə tam olaraq Ermənistan silahlı qüvvələri tərəfindən təmin edilirdi. O, daha sonra deyib: “Bizdə təchizat xidməti var idi. Təchizat xidməti qəbul edirdi, sonra hər bölməyə təqdim olunurdu. Yəni, silah-sursat təminatı Ermənistanın Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi”.
Levon Mnatsakanyan Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında bildirib ki, 2015-ci ilin iyun ayında onu qondarma rejimin “müdafiə naziri” – “ordu”nun “komandanı” vəzifəsinə Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyan təyin edib.




Təqsirləndirilən şəxs bildirib ki, əvvəlcə Ermənistanın müdafiə naziri Seyran Ohanyan onun bu “vəzifə”yə “təyin olunması” barədə təqdimat verib, S.Sarkisyan isə onu təsdiqləyib.
Mnatsakanyanın sözlərinə görə, S.Sarkisyan təyinatla bağlı onu qəbul edib. “Görüş zamanı mənə dedi ki, bu, çox önəmli vəzifədir”, – deyə təqsirləndirilən şəxs əlavə edib.
Xatırladaq ki, 2015-ci ildə qondarma rejimin yaydığı “rəsmi məlumat”a görə, Levon Mnatsakanyanı “müdafiə naziri” “vəzifəsi”nə guya ovaxtkı “prezident” Bako Sahakyan təyin edib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən təqsirləndirilən şəxs Levon Mnatsakanyan bildirib ki, işğal olunmuş ərazilərdə hərbi xidmət etmiş erməni sakinlər və Ermənistan Respublikasının vətəndaşlarının törətdikləri hərbi cinayətlərin təhqiqatını Ermənistanın Hərbi Polisi, ibtidai istintaqını isə Ermənistanın Hərbi Prokurorluğu aparıb.
O, işğal edilmiş ərazilərdə “Ermənistan Respublikasının Xankəndi hərbi polis bölməsi” adlı qurumun fəaliyyət göstərməsinə isə “Eyni ordunun bölməsi olduğuna görə belə bir qurum var idi” cavabını verib.
Mnatsakanyan daha sonra cinayət işlərinə Ermənistan ərazisində yerləşən Sünik hərbi məhkəməsində baxıldığını deyib.
Dövlət ittihamçısı Fuad Musayevin də suallarını cavablandıran təqsirləndirilən şəxs vurğulayıb ki, hərbi struktur eyni olduğundan hərbi qulluqçular tərəfindən xidmət etdikləri müddət ərzində törətdikləri hərbi cinayətlər işğal altındakı ərazilərdə erməni sakin, yaxud Ermənistan vətəndaşı olmasından asılı olmayaraq, Ermənistandakı analoji cinayətlər kimi eyni statusla araşdırılıb və qərar verilib.
Levon Mnatsakanyan bildirib ki, hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal olunmuş ərazilərində müddətli hərbi xidmətə göndərilib.
O, ildə iki dəfə hərbi çağırış olduğunu, hər çağırış zamanı 3500-4000 Ermənistan vətəndaşının işğal edilmiş ərazilərə gətirildiyini deyib.
Onun sözlərinə görə, qondarma rejimin “ordusu”nda xidmət edənlərin təxminən 70 faizi Ermənistan vətəndaşları, digər 30 faizi isə işğal edilmiş ərazilərdə yaşayan erməni sakinlər olub.
Təqsirləndirilən şəxs daha sonra qeyd edib: “Xidmət zamanı onların arasında fərq qoyulmurdu, onlar eyni komandanlığa tabe olurdular və hərbi geyimləri də eyni idi”.
O, işğal edilmiş ərazilərdəki və Ermənistandakı Ermənistan hərbçilərin eyni nizamnamə ilə işlədiklərini də bildirib.




Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən Levon Mnatsakanyan bir dəfə onlara xaricdən binokl gətirilmsindən də danışıb: “2015-ci il, yaxud ondan əvvəl idi, dəqiq bilmirəm, Ermənistana Amerikadan və ya haradansa binokllar və digər ləvazimatlar gətirmişdilər. Onu da sonradan birbaşa gətirməyi qadağan etdilər. Həmin yardımlar gəlib Ermənistan Müdafiə Nazirliyinin bazasına yığılırdı, ondan sonra paylanırdı”.
Levon Mnatsakanyan deyib ki, Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb.
Bundan başqa, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavab verən Mnatsakanyan qondarma rejimin “müdafiə naziri” olduğu vaxt, ondan əvvəl və sonra işğal altındakı ərazilərdə bu silahları görmədiyini bildirib.
O, Gəncə, Bərdə və digər ərazilərdə dinc əhalinin raket atəşinə tutulması barədə əmrin kim tərəfindən verilməsi barədə də prokurorların suallarını cavablandırıb və deyib ki, bu cür atəşlərin açılması üçün əmri Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi verə bilərdi. “Baş qərargah rəisi əgər əmr verə bilirsə, əmri verməzdən əvvəl ölkə rəhbərliyində kiminlə razılaşdırmalı idi?” sualına isə L.Mnatsakanyan “Müharibə zamanı baş qərargah rəisi bir nəfərə tabe olur, ölkənin rəhbərinə”.
“Ölkənin rəhbəri deyəndə Ermənistanda kim nəzərdə tutulur?” sualına isə təqsirləndirilən şəxs “Ermənistanda Baş nazirdir. Həmin vaxt baş qərargah rəisi Onik Qadparyan, baş nazir isə Nikol Paşinyan idi” cavabını verib.
O, həmin raketlərin hədəfdən yayınma ehtimalının təxminən 5-10 metr olduğunu deyib. Prokurorun “Sizcə, 44 günlük müharibə zamanı Gəncə, Bərdə və digər ərazilərdə mülki insanların öldürülməsi raketlərin hədəfdən yayınması nəticəsində olub, yoxsa hədəflər qəsdən seçilib?” sualına isə belə cavab verib: “Bir neçə dəfə olubsa, aydın məsələdir ki, nədir. Bir dəfədirsə, təsadüfdür, bir neçə dəfədirsə, təsadüf deyil… Bilmirəm”.
L.Mnatsakanyan deyib ki, qondarma rejimdə “müdafiə naziri” “vəzifəsi”ndə olduğu müddətdə hansısa dəyişiklik, islahat, hadisə barədə rejimin “prezident”inə məruzə etməyib. “Ümumi təmaslar ola bilərdi, başqa heç nə. Mən Ermənistan silahlı qüvvələrinin baş qərargahına məruzə edirdim”, – deyə o bildirib.
Təqsirləndirilən şəxs 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı da Ermənistan silahlı qüvvələrinin baş qərargahına məruzə etdiyini, Qarabağdakı qondarma rejimin “rəhbərliyi”nə isə heç bir məlumat vermədiyini bildirib.
L.Mnatsakanyan qeyd edib ki, qondarma rejimdə “ordu”nun inkişaf planını və digər sənədlərini Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi təqdim edir, Ermənistan rəhbəri isə təsdiqləyirdi, qondarma rejimin “prezident”inin bu məsələ ilə bağlı heç bir səlahiyyəti olmayıb.
Təqsirləndirilən şəxs ifadəsində 2020-ci ildə 44 günlük müharibə zamanı Arayik Harutyunyanın tapşırığı ilə Talış kəndi və cənub istiqamətində döyüş bölgəsində artilleriya bölməsində olduğunu da etiraf edib. “Gəlib dedim ki, orada qanunsuzluq hökm sürür, bardaqdır”, – deyə o əlavə edib.
O, Qarabağa minaların Ermənistandan gətirildiyini də etiraf edib və bildirib: “Ermənistanda piyada əleyhinə mina istehsal olunurdu”.
Daha sonra Levon Mnatsakanyana aid sənədlər tədqiq olunub. Dövlət ittihamçısı bildirib ki, erməni dilində sənədlərin tədqiqi ilə Levon Mnatsakanyanın məhkəmədə verdiyi ifadə təsdiqlənib.
O, suallara cavabında Ruben Vardanyanı təxminən 2005-2008-ci illərdən tanıdığını da bildirib.
Məhkəmə prosesi aprelin 3-də davam etdiriləcək. Növbəti prosesdə təqsirləndirilən şəxslərə suallar veriləcək.
www.yenicag.az
