Icma.az
close
up
RU
Səsində yaşayan xanəndə

Səsində yaşayan xanəndə

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Kənan Hacı

Bizim ailədə muğama böyük sevgi olub. Anam dil-ədəbiyyat müəlliməsi idi, muğam sənətinə son dərəcə bağlı insan idi. Elə bu səbəbdəndir ki, anamın qardaşı uşaqlarından bir neçəsi musiqi təhsili aldı, tar, kamança ifaçılığında böyük uğurlar qazandılar, yüksək fəxri adlara layiq görüldülər. Efirdə Muğam axşamı olanda biz ailəlikcə ekran qarşısına yığışardıq və veriliş bitəndən sonra valideynlərim xanəndənin ifasını müzakirə edərdilər. Muğama sevgi məndə o uşaqlıq çağlarından yaranıb. Dayım, müəllim-pedaqoq Murtuza Əsədullayevin qaynı ustad xanəndə Nəriman Əliyev tez-tez bizim evin qonağı olardı və o məclislərdə də söhbət yalnız sənətdən, musiqidən gedərdi. Nəriman müəllim çox istəyirdi ki, mən skripkaçı olum. Nazik barmaqlarıma baxıb heyfsilənirdi, mən kəndimizdəki Musiqi Məktəbinin qarmon sinfində təhsil alırdım, o, deyirdi ki, sən qarmon üçün yaranmamısan, skripka sinfinə getməliydin. Nədənsə skripka məni özünə çəkmədi və mən gələcək taleyimi musiqi sahəsinə bağlamasam da bu sahəni yaxşı bildiyim üçün ən çox minnətdar olduğum insanlardan birincisi elə Nəriman Əliyevdir.

Bir neçə gün bundan öncə Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsində ustad xanəndələrin ustadı olmuş böyük sənətkarın 95 illik yubileyi keçirildi. Bu yubiley gecəsini onun tələbələri, Xalq artistləri Səkinə İsmayılova, Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova, Əməkdar artist Teyyub Aslanov və digərləri öz ifaları ilə zinətləndirdilər. Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, professor Arif Əsədullayev öz dayısı haqqında geniş, əhatəli çıxış etdi. Bu çıxış Nəriman müəllimin həm insan kimi, həm də sənətkar kimi portretini cizdi. Arif müəllim Nəriman Əliyevi bütün tərəfləriylə tanıyan, onun sənətinə, şəxsiyyətinə bələd olan insanlardandır və onun yaddaşında Nəriman müəllimlə bağlı son dərəcə qiymətli xatirələr var.

O, muğam sənətinin sütunlarından olan Seyid Şuşinskinin tələbəsi olmuşdu. Bu barədə “Səsin səfiri” kitabında geniş yazdığım üçün təfərrüata lüzum görmürəm. Təəssüf ki, o kitab uzun illər bundan öncə yazılsa da, hələ də işıq üzü görməyib, kitabdan bəzi hissələr mətbuatda çap olunub. Səbəbini heç nəylə izah edə bilmirəm, izah etsəm, gərək xeyli giley-güzar edək. Amma bu yazı giley-güzar etmək üçün yazılmayıb. Ümid edirəm ki, gün gələcək, Nəriman müəllim haqqında yazdığım kitab çap olunacaq. O kitabda Nəriman müəllimin ömür və sənət yolunun müxtəlif istiqamətlərinə nəzər salınıb. Tələbələri üçün də, muğamsevərlər üçün də, elə ailəsi üçün də qiymətli bir kitab olacaq.

...Nəriman müəllimlə bağlı xatirələri ipə-sapa düzmək üçün yaddaşımı oyatmağa çalışıram. Çox-çox uzaq illərdə qalmış o günlərin dumanı içindən tanış, mehriban sima boylanır. Başında buxara papaq, üzündə qədim təbəssüm, təmkinli səslə aram-aram danışır:

-Hansı sahəni seçəcəksən, bilmirəm. Amma onu dəqiq bilirəm ki, sən yaradıcı adam olacaqsan. Səndə hissiyat çox güclüdür. Bu, hər adama qismət olan şey deyil.

Nəriman müəllim bu sözləri mənə deyəndə vur-tut 17 yaşım vardı. Orta məktəbi bitirmək üzrə idim. Bir az ipə-sapa yatmazlığım da vardı. Dərs hissə müdirinə sərt cavab qaytardığım üçün məktəbdən qovulmaq təhlükəsi ilə üz-üzə qalmışdım. Onda anam Arif Əsədullayevdən xahiş etdi ki, məktəb rəhbərliyi ilə danışsın, məsələni yoluna qoysun. Nəriman müəllimin mənə “ay qırışmal, yenə nə oyun çıxarmısan?” dediyini də xatırlayıram. Böyük dayım oğlu Cavid mənə qarşı olduqca sərt idi, mənim həyatda özümə bir mövqe qazanacağıma qətiyyən inanmırdı. Amma mənə inanan insanlar da vardı. Nəriman müəllim o insanlardan idi. Onun inamı mənə kifayət idi.

Zaman Nəriman müəllimin sezdiklərini təsdiqlədi. O vaxt bəlkə heç özüm də özümə inanmırdım. Qeyri-müəyyənlik içində vurnuxurdum. Amma daxilimdəki səs məni harasa çəkirdi, bilmirdim hara... O, insanda insanı görməyi bacaranlardan idi. Pedaqoq idi axı, müəllim idi axı. Görmək üçün təkcə göz kifayət eləmir axı. Necə ki, dinləmək üçün təkcə qulaq bəs etmir, gərək ürək də bu işdə iştirak eləsin.

Bu kimi incə mətləblər haqqında düşünəndə bu qənaətə gəlirəm ki, Nəriman müəllim kimi insanlar Tanrı tərəfindən seçilmişlərdir. Bu müstəsnalığı onların qismətinə Tanrı yazıb. Ustad sənətkar musiqi mədəniyyətimizdə böyük xidmətlər göstərmiş Məmmədbağır Bağırzadə, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Sahibə Əhmədova, Zümrüd Məmmədova, Qəndab Quliyeva, Qəzənfər Abbasov kimi xanəndələrin müəllimi olub. Onlar sənətə vəsiqəni məhz onun əlindən alıblar.

Nəriman Əliyev illərə meydan oxuyan səsiylə XXI əsrə adladı. Tələbələri onu unudulmağa qoymadı, öz səslərinin qanadında daşıdılar bu nadidə səsi. Xarakterinin cizgiləri var idi səsində - ağayanalıq, nəciblik, sadəlik və böyüklük. Mütəvazi insan idi. Efirlərdə ən az görünən xanəndələrdən idi, həmişə tələbələrini önə çəkirdi, onlarla fəxr edirdi. Seyid Şuşinskinin əmanətini onlara ötürə bildiyi üçün özünü bəxtiyar hesab edirdi.

Gənclik illərində ustadının xidmətində durmuşdu, Buzovnadakı həyətlərində Seyid üçün ayrıca bir guşə ayırmışdı. Seyid Şuşinski xeyli müddət Buzovnada Nəriman Əliyevin evində yaşadı. Təqaüdə çıxanda da Asəf Zeynallı adına Musiqi Məktəbindəki yerini də Nərimana həvalə etdi. Nəriman Əliyev də ömrünün sonuna qədər ustadının varislik etimadını ləyaqətlə daşıdı.

Seyid Şuşinski ömrünün son illərinə qədər Nəriman müəllimin atası Mövsüm kişinin evində qonaq olub. 1965-ci ilin qorabişirən avqust ayında Seyidin ürəyi birdən-birə doğulub boya-başa çatdığı Qarabağ torpağı üçün möhkəm darıxmağa başlayır. Bəlkə də ömürdən çox az möhlət qaldığını sövq-təbii hiss etdiyindən doğulduğu torpağa qayıdır və cəmi ikicə aydan sonra cismini bu torpağa əmanət edir...
Amma getməmişdən əvvəl bir axşam Mövsüm kişiylə halallaşmağı qərara alır. Bu iki dostun arasında dünyanın ən məhrəm, ən səmimi, ən isti söhbəti başlayır və bu söhbət əsnasında Seyid dostunu Nəriman sarıdan da arxayın edir: “Günü sabah gedib Azər müəllimə (o zaman A. Zeynallı adına texnikumun direktoru idi,- K.H) deyəcəyəm, mənim sinfimə dərs deməyə Nərimanı götürsün. Bu, həm də mənim vəsiyyətimdir. Ondan yaxşı müəllim olacaq.”

Nəriman Əliyevin ifasında çoxlu lent yazıları Azərbaycan Televiziyası və Radiosunun Qızıl Fondunda saxlanılır.Moskvada "Melodiya" firması tərəfindən 7 valı buraxılıb. Onun muğamata sevgisi o qədər böyük, intəhasız idi ki, qızlarının adını da muğam şöbələrindən götürmüşdü – Dilkəş, Dilruba. Nəriman müəllim haqqında Dövlət televiziyası son dərəcə qiymətli sənədli film çəkib. Haqqında dəfələrlə ayrıca verilişlər hazırlanıb. O lent yazıları internet resurslarında yerləşdirilib. Hər kəs arayıb baxa bilər.

Xalq artisti Möhlət Müslümov yubiley gecəsində çıxış edərkən maraqlı bir məqama toxundu. Dedi ki, mən uzun illər onun sinfində konsertmeyster kimi çalışmışam, Nəriman müəllim çalışırdı ki, muğamlarda yeni qəzəllər oxunsun, çünki qəzəllər yeniləndikcə muğam da təravətini qoruyub-saxlayır. Xanəndə hansı muğamda, hansı şöbədə hansı qəzəli oxuyacağını bilməlidir. Bunun üçün də əruzu bilmək lazım gəlir. O, çalışırdı ki, tələbə oxuduğu qəzəlin mahiyyətini anlasın, onu düzgün tələffüz etsin.

Xalq artisti Gülyanaq Məmmədova dedi ki, Nəriman müəllim bizə dərs deyəndə xəstə idi, təqaüdə çıxmaq istəyirdi. Hər gün Buzovnadan uzaq yol qət edib şəhərə gəlmək onun üçün çətinlik törədirdi. Biz nə qədər dərsə tez gəlsək də, sinif otağına girib görürdük ki, Nəriman müəllim artıq otaqdadır. O, mənə görə iki il də qalıb işlədi.

Nəriman Əliyevin səsində Bakı bağlarının şanısının ətri vardı, qumsallığın narın lətafəti, qədimliyin nişanələri vardı. Mənim atamın toyunu Nəriman müəllim oxumuşdu. 1969-cu ildə. Dayım oğlu Cavidin qızı Sevdanın toyunda oxuduğu “Mahur-hindi”ni mən lentə almışdım. 1989-ci il idi. Şirin avazı ilə hamını sehrləmişdi. Aradan otuz ilə yaxın vaxt keçəndən sonra Nəriman müəllimin ömür-gün yoldaşı Xalidə xanımla görüşəndə mənə dedi ki, yadımdadır sən Sevdanın toyunda Nəriman müəllimin səsini lentə alırdın. Xalidə xanımın yaddaşına heyrət etdim. Bu xırda nüansı necə yadında saxlamışdı? Bəlkə də bu, onun üçün xırda nüans deyil, əhəmiyyətli bir fakt idi. Nəriman müəllimin səsi lentə yazılırdı və bu məqamları yaddaşa yazmağa dəyərdi. Axı o səs adi bir səs deyildi, gələcək nəsillər üçün ziqiymət bir xəzinə idi. O, sevimli ömür-gün yoldaşının səs xəzinəsinə necə biganə qala bilərdi?! Xalidə xanımla o son görüşümüzü kövrək hislərlə xatırlayıram. Nəriman müəllimdən qalmış yadigarları necə ehtiyatla qoruyub saxlamışdı. Böyük xanəndənin yadigarları idi onlar... Otaqda Nəriman müəllimin iri portretinə boylanıram. Həmin tanış, köhnə kişilərə xas olan müdrik təbəssümlə qarşılayır məni.

Mən o yubiley gecəsindən həzin, nostalji hislərlə ayrıldım. Uşaqlığıma, gəncliyimə qayıtdım. O illərin atmosferinə düşdüm. Cavid dayıoğlu ilə Nəriman müəllimin muğamla bağlı söhbətləri, mübahisələri gözlərim önündə canlandı. Bakı toylarında Nəriman müəllimin unudulmaz ifalarını xatırladım. Xiridarların ona necə yüksək qiymət verdiklərini görmüşdüm. Xüsusən Nardaranda Hacı Hidayət əminin ona böyük sayğısı, hörməti vardı. Onlar dəfələrlə mağar toylarında birlikdə oxumuşdular, bu əfsunlu səslər yay gecələrində kənd sakinlərinin yuxusunu qaçırmışdı. Yazılası o qədər nəsnələr, xatirələr var ki!

Allah sənə rəhmət eləsin, səsi körpüyə çevrilən kişi! 100 yaşında yenidən görüşmək ümidilə bu yazının nöqtəsini qoyuram.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 İyun 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər bir birinə inanmır

13 May 2026 23:19see220

Rövşən Nəcəf “düyünü”

13 May 2026 21:15see212

Rubio Çini ABŞ ın əsas geosiyasi rəqibi adlandırıb

14 May 2026 04:54see194

Tacikistanlı ekspert: Bakı Düşənbənin bütün su təşəbbüslərinə ardıcıl dəstək göstərib

13 May 2026 18:34see187

İstəyirəm ki, ruhum bayram etsin Mətanət İsgəndərli

15 May 2026 00:27see186

Vaşinqtonun İran planı məlum oldu

13 May 2026 17:35see177

Bakının ən kriminal rayonları

15 May 2026 02:20see176

Kələm dolmasının inanılmaz faydası üzə çıxdı

14 May 2026 08:03see175

“Mançester Siti” “Liverpul”un müdafiəçisi ilə maraqlanır

14 May 2026 05:11see174

Aranda yağmursuz, dağlarda yağış və dolu...

14 May 2026 04:54see172

Məktəb direktoru Facebook dakı paylaşımlarına görə cəzalandırılıb?

13 May 2026 22:46see168

Toyun səhəri günü sağdişini öldürdü FOTO

14 May 2026 06:01see161

Netflix ə qarşı ittiham: Siz ona baxarkən, o da sizi izləyir!

13 May 2026 20:54see159

“Trampın siyirməsində Vensə məktub var”

14 May 2026 05:01see157

Azərbaycan mədəniyyətinin iqtisadiyyatda payı artır Adil Kərimli

14 May 2026 21:58see151

Məşqə başladı, tamamilə fərqli bir insan oldu FOTO

14 May 2026 21:08see149

Renduliç xorvatlara “Zirə”dən danışdı

14 May 2026 01:33see147

Xarıbülbül Festivalında dolu yağdı Video

14 May 2026 00:11see147

İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib

14 May 2026 06:22see146

Şiddətli yağış və fırtına oldu, ölənlər var

14 May 2026 02:43see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri