Şimali kiprli nazir: Biz Türk dünyasının ailə dəyərlərinə söykənən birliyinə inanırıq
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 11 iyun, AZƏRTAC
Biz Türk dünyasının ailə dəyərlərinə söykənən birliyinə inanırıq. Ailə cəmiyyətimizin bünövrəsidir. Uşaq hüquqlarının qorunması, qadınların sosial-iqtisadi həyatda fəal iştirakı, ahıl və əlillərin cəmiyyətə inteqrasiyası istiqamətində ortaq proqramlar vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının əmək və sosial müdafiə naziri Sadık Qardiyanoğlu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində təşkil edilən “Orta dəhliz 360°: Geosiyasətdən rəqəmsal transformasiyaya, ailədən yaşıl inkişafa” adlı tədbirdə deyib.
O qeyd edib ki, yaşıl transformasiya bu günün və gələcəyin məsələsidir. Sosial siyasət iqlim dəyişikliyinə qarşı dayanıqlı olmalıdır. Ətraf mühitlə uyğun əmək bazarları və ekoloji məsuliyyətli sosial proqramlar bu baxımdan hər kəsin prioritetidir.
“Şimali Kipr Türk Respublikası olaraq biz də bu əməkdaşlıq ruhuna töhfə verməyə hazırıq. Biz ortaq dilə, mədəniyyətə və tarixi yaddaşa sahib bir ailəyik. Türk Dövlətləri Təşkilatı bizim üçün siyasi deyil, eyni zamanda, mənəvi bir bağdır”, - deyə nazir əlavə edib.


