“Siyasət və din insanla sevişəndə onu geyindirir...”
Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bizim bədənimiz və onu məhrəmləşdirən geyimimiz, əslində, kimə məxsusdur, biz kim(lər)ə görə geyinir və kim(lər)ə görə soyunuruq? Bizim əynimizin və onun altında gizlədiklərimizin əsl sahibi kim(lər)dir?Siyasətin və dinin (oxu; maddi və mənəvi kratiyanın) insanı öz maraqlarına uyğun geyindirməsi və soyundurması tarixi gerçəklikdir”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
O, bildirib ki, bizdən fərqli olaraq, siyasət və din insanla sevişəndə onu geyindirir, nifrət edəndə soyundurur:
“Mani peyğəmbərin, daha sonra sufilərin geyiminə çevriləcək xirqəsi, Hammurapinin “çadrası”, yunanlardan və misirlilərdən gələn ingilis və fransız aristokratiyasının pariki, Atatürkün “şapkası”, Stalinin bizim aşıqlara geyindirdiyi “hərbi forma” və s. Mişel Fukonun təbirincə desək, "bioiqtidarların" öz qövmlərinə “paltarbiçdi” faktlarıdır. Dinin və siyasətin dərziliyinin, yaxud modelyerliyinin məqsədi eynidir; özünə oxşayanı özünə oxşamayandan ayırmaq, dostları və düşmənləri sorğu-sualsız bir-birindən seçmək. Dində və siyasətdə “Sənə” oxşamamaq düşmənçilik üçün kifayətdir. Düşmənsiz din və siyasət hakimiyyət əldə edə bilməz. Ümumiyyətlə, düşmənin yoxdursa, din ola bilməzsən, siyasətçisənsə, öz düşmənini yaratmalısan”.
Yazıçı bəşəriyyətin lüt dövrlərində bu ayrıseçkiliyin necə aparıldığını belə izah edib:
“Yenə qədim dünya tarixinə qayıdırıq; lüt dünyada icma üzvlərinin bədənlərində cərrahi izlər qoyulur, döymələr işlənir, yaxud xüsusi aksessuarlar taxılırdı. Məsələn, qədim Moraviyada qaraçıları yerli kütlədən fərqləndirmək üçün sol qulaqlarını, Bohemiyada isə sağ qulaqlarını kəsirdilər. Bədən üzvündəki xəsarətə görə fərqləndirmənin ən yayğın forması sünnətdir. Bu qədim adəti yəhudilər Misirdən gətirmişdilər. Türk professor Muazzez İlmiye Çığa görə, Şumerlərdən fərqli olaraq, Misirdə dişi deyil, erkək cinsi orqanı bərəkət simvolu sayılırdı və onun ucunu kəsib tanrılara hədiyyə edirdilər. Çox güman yəhudilər bu Misir adətini yeni topraqlarda başqalarından seçilmək üçün istifadə edirdilər. Qəbilə gözəlləri yad qəbilələrin kişilərini son anda tanıyıb, onlarla cinsi əlaqəyə girərək qan qarışıqlığına səbəb olmasınlar deyə öz oğlan uşaqlarını sünnət edirdilər. Sünnət olmayan bizdən deyil. Bizdən deyilsə, düşməndir. Sünnətə haqq qazandıran digər səbəblər uydurma və məqsədlidir. Daha sonralar bu seçdirmələrə geyim də əlavə olundu. Bütün mənəvi-əxlaqi dəyərlər kimi geyim də başlanğıcda fiziki ehtiyac olsa da, sonradan nəinki əxlaqi, hətta dini, siyasi status qazandı. Bədənimizi gizləsə də, bizim milli, dini, sinfi, şəxsi tariximizi, genefondumuzu, instinktlərimizi nümayiş etdirdi.Geyim bir növ, şüurdur, bədən onu yönləndirən alt şüurdur. Cəmiyyətdə daha çox müzakirə olunan da geyimin bu özəlliyidir; bədən haqqında göstərgə olması. 629-cu ildə keşişlər xristian qadınlarının parik qoymasını qadağan etdi. Niyə? Çünki bazarda satılan ən bahalı saçlar sarı german saçları idi və kilsə Romanı dağıdan german tayfalarından xoşlanmırdı, ona görə də parikləri “şeytanın əməllərinin gizləndikləri yer” adlandırdı. Xristianların ruhu allaha, vücudu kilsəyə məxsus idi, özlərinin deyildi. Kilsənin haqqı vardı ki, ona tapınanın həm ruhuna, həm bədəninə nəzarət etsin.Şüurda alt şüurda olmayan bir şey var – oyun.Geyim həm də oyundur”.
A.Yenisey bildirib ki, müasir dünya zahiri qatda geyimin daha çox oyun funksiyasından yararlanır:
“Məsələn, varlıların ailə psixologiyasına görə zahiri zənginlik aclardan özünümüdafiə funksiyası daşıyır; bahalı avtomobil, bahalı geyim şəhərin mərkəzində meymunluq edən istənilən “gül balanı” kütlənin yumruqlarından qoruyur. Çünki onun bahalı pencəyi insanların dilini onun özündən daha yaxşı bilir; bu pencək ətrafdakı qəzəbli kütləyə deyir: “Mənim sahibim toxunulmazdır, onun arxası, adamı var”.Biz geyimə baxıb sevir, qorxur, dost olur, əhəmiyyət vermirik.1558-ci ildə taxta çıxan I Yelizaveta yenidən İngiltərədə parik qoyulmasına icazə verdi. Səbəb, deyilənə görə, kraliçanın keçəl olmasıydı. Və kraliçanın parikinin Avropaya təsiri o qədər güclü oldu ki, hətta fransız zadəganları xidmətçilərin saçını kəsdirib pişiklərinə belə parik qoydurmağa başladılar. Parik (geyim) uzun illər bütöv bir qitəyə nəzarət etdi.İnsan anlamalıdır ki, o fransız pişiyi deyil. Ruhu da, bədəni də özünə məxsusdur. Ən gözəl insan da ruhu da, bədəni də və bu ruhu, bu bədəni ifadə edən geyimi də özünə məxsus olan insandır”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 27 Oktyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















