Icma.az
close
up
RU
Siyasi böhrandan geosiyasi yolayrıcına

Siyasi böhrandan geosiyasi yolayrıcına

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstan Qərblə məsafəli davranışa üstünlük verir

Bir vaxtlar Cənubi Qafqazda Avropaya inteqrasiyanın ən fəal tərəfdarlarından biri sayılan Gürcüstan hazırda Brüsselin narahatlıqla izlədiyi ölkələrdən birinə çevrilib. Sentyabrın 3-də Almaniyanın Veymar şəhərində “Veymar üçbucağı” formatında Almaniya, Fransa və Polşanın xarici işlər nazirlərinin görüşündə Gürcüstan məsələsinin gündəliyə salınması da diqqət çəkir. Ukraynaya dəstək, Rusiyanın təcavüzü, Yaxın Şərq, Avropanın təhlükəsizliyi və transatlantik münasibətlərlə yanaşı, Gürcüstandakı siyasi vəziyyət də müzakirə olunub. Məsələnin bu səviyyədə gündəmə gətirilməsi göstərir ki, Tbilisi ilə Brüssel arasındakı fikir ayrılığı artıq adi diplomatik narazılıq çərçivəsindən çıxaraq daha geniş siyasi və geosiyasi problemə çevrilib.

Böhranın əsas mərhələsi 2024-cü ildə başladı. Hakim “Gürcü arzusu” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsi Qərbin sərt reaksiyasına səbəb oldu. Ardınca seçkilərin legitimliyi, etirazlara münasibət, vətəndaş cəmiyyətinə qarşı məhdudiyyətlər və hökumətin Qərbə yönəlik sərtləşən ritorikası münasibətləri daha da gərginləşdirdi. Bu qarşıdurmada Brüsselin mövqeyi kifayət qədər aydındır. Avropa İttifaqına (Aİ) inteqrasiya demokratik institutların, hüququn aliliyinin, insan hüquqlarının və siyasi plüralizmin qorunmasını tələb edir. Tbilisi isə Qərbin bu tələblərini getdikcə daha çox daxili işlərə müdaxilə və ölkənin suverenliyinə təzyiq kimi qəbul edir. Bu yanaşma fərqi Avropanın mövqeyində də öz əksini tapır. “Əgər Gürcüstan kursunu dəyişməsə və islahatların həyata keçirilməsi, xüsusilə də Avropa dəyərləri və prinsiplərinə zidd olan, bu yaxınlarda qəbul edilmiş qanunların ləğvi istiqamətində konkret səylər göstərməsə, biz bu ölkənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasını dəstəkləyə bilməyəcəyik”, – kommünikedə deyilir. Bu mövqe göstərir ki, Brüssel üçün Gürcüstanın Avropa inteqrasiyası, ilk növbədə, siyasi və hüquqi islahatlarla əlaqələndirilir.

Lakin Qərbin Gürcüstanla bağlı narahatlığını yalnız demokratiya məsələsi ilə izah etmək düzgün olmaz. Ölkənin coğrafi mövqeyi onu Avropa üçün strateji əhəmiyyətli tərəfdaşa çevirir. Qara dəniz, enerji və nəqliyyat dəhlizləri, Mərkəzi Asiya ilə Avropa arasındakı bağlantılar, eləcə də Rusiyanın regiondakı hərbi-siyasi mövcudluğu Tbilisinin geosiyasi əhəmiyyətini artırır. Ukraynada müharibənin davam etdiyi bir vaxtda Gürcüstanın Qərbdən uzaqlaşması Brüssel üçün təkcə demokratik geriləmə deyil, həm də təhlükəsizlik və geosiyasi risk kimi qiymətləndirilir.

Bu səbəbdən Avropa Parlamentinin sənədlərində Gürcüstanın Rusiya ilə münasibətlərinin yaxınlaşması, Moskvanın tətbiq etdiyi sanksiyaların böyük hissəsinə qoşulmaması, Çinlə əlaqələrin genişlənməsi və Anaklia dərin dəniz limanı layihəsində Çin şirkətlərinin rolunun artması da narahatlıq doğuran amillər sırasında göstərilir. Beləliklə, məsələ artıq yalnız Gürcüstanın daxili siyasi sistemi ilə məhdudlaşmır. Əsas sual Tbilisinin gələcəkdə hansı siyasi və geosiyasi istiqaməti seçəcəyidir.

***

Tbilisinin Qərblə qarşıdurmasının daxili siyasi hesablamaları da var. “Gürcü arzusu” bu siyasəti öz elektoratına “müstəqil siyasətin müdafiəsi” kimi təqdim edir. Hakimiyyətin ritorikasında Brüssel getdikcə daha çox Gürcüstanın daxili siyasətinə müdaxilə edən tərəf kimi göstərilir. Bu yanaşma hakim elektoratın konsolidasiyasına xidmət etsə də, digər tərəfdən cəmiyyətdə siyasi qütbləşməni dərinləşdirir və xarici siyasəti daxili siyasi mübarizənin bir hissəsinə çevirir. Bu prosesin ictimai rəyə təsiri də diqqət çəkir. Aİ haqqında müsbət təsəvvürə malik gürcülərin payının 2024–2025-ci illərdə 60 faizdən 43 faizə düşdüyü barədə məlumat doğrudursa, bu, qarşıdurmanın artıq yalnız hökumətlə Brüssel arasındakı münasibətlərlə məhdudlaşmadığını göstərir. Avropa inteqrasiyası getdikcə Gürcüstan daxilində siyasi mübarizənin əsas mövzularından birinə çevrilir.

Azərbaycan üçün bu prosesin ayrıca əhəmiyyəti var. Azərbaycan və Gürcüstanı enerji, nəqliyyat və digər regional layihələr birləşdirir. Buna görə Tbilisi ilə Qərb arasındakı münasibətlərin kəskinləşməsi regiondakı layihələr üçün əlavə siyasi risklər yarada bilər. Bakı üçün əsas məsələ Gürcüstanın hansı geosiyasi blokda yer almasından daha çox, onun sabit, proqnozlaşdırılan və regional əməkdaşlığa açıq qalmasıdır. Digər tərəfdən, Gürcüstanın Rusiya və Çinlə münasibətlərini genişləndirməsi onun avtomatik olaraq Qərbdən tam imtina etdiyi anlamına gəlmir. Tbilisi, görünür, çoxvektorlu siyasət yürüdərək manevr imkanlarını qorumağa çalışır. Lakin böyük güclər arasında rəqabətin dərinləşməsi bu balansı saxlamağı getdikcə çətinləşdirir. Qərblə münasibətlərin pisləşməsi ölkənin Avropaya inteqrasiya perspektivini zəiflədə, Rusiya və Çinlə əlaqələrin həddindən artıq dərinləşməsi isə Tbilisinin strateji kursunu dəyişdirdiyi barədə Qərbdəki narahatlığı artıra bilər. Daxili siyasi qarşıdurmanın davam etməsi də Gürcüstanın xarici siyasətdə manevr imkanlarını məhdudlaşdıra bilər.

Bu mənzərədə çıxış yolu tərəflərdən birinin geri çəkilməsi deyil, siyasi dialoqun bərpası və qarşılıqlı qırmızı xətlərin müəyyənləşdirilməsidir. Gürcüstan Avropaya inteqrasiya yolunda demokratik və hüquqi standartları nəzərə almalı, Qərb isə ölkənin daxili siyasi reallıqlarını və suverenlik həssaslığını diqqətdə saxlamalıdır. Sentyabrın 3-də “Veymar üçbucağı”nın Gürcüstan məsələsini müzakirə etməsi göstərir ki, Avropa Tbilisi ilə əlaqələri tamamilə kəsmək niyyətində deyil.

Gürcüstanın gələcəyi yalnız “Qərb, yoxsa Rusiya?” dilemması ilə müəyyənləşməyəcək. Əsas məsələ Tbilisinin milli maraqlarını, suverenliyini və Avropa perspektivini uzlaşdıra bilməsidir. Bunun üçün həm xarici siyasətdə manevr imkanlarını qorumaq, həm də daxili siyasi qütbləşməni azaltmaq lazımdır.

Hələlik tərəflər geri dönməz nöqtəyə çatmayıblar. Lakin qarşıdurmanın uzanması siyasi fikir ayrılığını tədricən strateji istiqamət seçiminə çevirə bilər. Bunun nəticələri yalnız Gürcüstanla məhdudlaşmayaraq bütün Cənubi Qafqazın geosiyasi mənzərəsinə təsir göstərə bilər. Mövcud vəziyyəti qısa şəkildə belə ifadə etmək mümkündür: Qərb Tbilisini itirmək istəmir, Tbilisi isə Qərbin şərtləri ilə yaxınlaşmaq istəmir.

Gürcüstan parlamentinin sabiq deputatı İsak Novruzov XQ-yə bildirdi ki, Tbilisi ilə Qərb arasındakı gərginliyi yalnız demokratiya və seçki məsələləri ilə izah etmək düzgün olmaz. Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin mövqeyində ölkənin suverenliyini, daxili siyasi sabitliyini və təhlükəsizlik maraqlarını qorumaq, xüsusilə də yeni regional qarşıdurmadan yayınmaq istəyi mühüm yer tutur: “Gürcü arzusu”nun Qərbin bəzi tələblərinə müqaviməti Tbilisinin Avropadan tam imtinası kimi deyil, öz siyasi kursu üzərində nəzarəti saxlamaq cəhdi kimi də qiymətləndirilməlidir: “Bu siyasətin arxasında həm daxili siyasi maraqlar, həm təhlükəsizlik hesablamaları, həm də ölkənin müstəqil xarici siyasət kursunu qorumaq istəyi dayanır”.

Beləliklə, tərəflərin maraqları tamamilə zidd deyil. Gürcüstan üçün Avropa ilə əlaqələrin qorunması, Qərb üçün isə Tbilisinin Rusiyanın təsir dairəsinə tam keçməsinin qarşısının alınması ciddi əhəmiyyət daşıyır. Bu səbəbdən qarşıdurmanın tam qopmaya çevrilməsi heç bir tərəfin marağına uyğun deyil.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri